Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6750/2025 05.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barədə çıxarılmış xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-380377/2024 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi 15.12.199-5ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. Birliyin Azərbaycan Respublikasının xəzinadarlığında büdcə hesabı var. MMCd-ə 1995-ci ildən hal-hazırki dövrə qədər bir neçə dəfə vergi yoxlaması aparılmış, müəssisənin sahibkarlıq fəaliyyəti dövründə heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə vaxtlı-vaxtında aparılmışdır. Müəssisə eyni analoji iş və xidmətləri aparılması ilə məşğul olmuş və müəssisənin fəaliyyətində heç bir vergilərin azaldılması faktı aşkarlanmamışdır. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli № 3-21-2-3/2-380377/2024 saylı qərarla 2024-cü ilin oktyabr ayı üçün 29.400,30 (iyirmi doqquz min dörd yüz, 30 q.) AZN ƏDV hesablanmışdır və şəxsi hesab vərəqəsinə işlənmişdir. Müəssisə tərəfindən xx.xx.2022-ci il tarixdə "xxxx" MMC (VÖEN: **********) ilə müqavilə bağlanılmış və müvafiq olaraq müqaviləyə aid bütün yarımstansiyalarda quraşdırılmış generatorlara texniki xidmət və əlavə xidmət göstərilərək "xxxx" ASC-yə müvafiq qaydada təhvil verilmişdir.Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibat sənədlərinə tam riayət edilərək həyata keçirilmişdir.Müəssisəyə hesablanmış ƏDV-nin əsasında yuxarıda göstərilən MMC-nin əməliyyat apardığı tarixdən sonra, yəni xx.xx.2024- cü il, tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. Əlbəttə ki, bizim müəssisə tərəfindən həmin MMC ilə əməliyyatlar aparılarkən, yəni onlar tərəfindən elektron qaimə faktura təqdim edilərkən və müvafiq mallar alınarkən həmin MMC-nin riskli vergi ödəyicisi olması barədə bizim məlumatımız olmamışdır, həmçinin həmin müəssisənin riskli vergi ödəyicisi olması barədə heç bir inzibati qərar çıxarılmamışdır. Vergi Məcəlləsinin 13.2.82 maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qəbul edilir. Halbuki biz həmin MMC ilə əməliyyat apararkən onlar riskli vergi ödəyicisi siyahısında olmamışdır. 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarda isə vergi ödəyicisinin hansı hallarda riskli vergi ödəyicisi hesab edilməsi meyarları müəyyən edilmişdir. Vergi orqanının qəbul etdiyi qərarı qanunsuz və əsassız hesab edirik. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" MMCninriskli vergi ödəyicisi olmayan müəssisə kimi aparmışdır. İddiaçı həmin müəssisələrin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş (əməliyat aparılarkən elektron xəbardarlığın verilməməsi və riskli vergi ödəyicilərinin reystrinə daxil edilməməsi), müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, bu tip işlər üzrə artıq Ali Məhkəmənin İnzibati Kollegiyasının ümumiləşmiş mövqeyi də mövcuddur, kifayət qədər oxşar məhkəmə qərarları qəbul edilmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, cavabdeh iddiaçının irəli sürdüyü iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara, hüquq normalarına və Mülki Prosessual Məcəllənin 47.2-ci və İnzibati Prosessual Məcəllənin 47.2 və 48.2-ci maddəsinə əsaslanaraq etiraz edir. Belə ki, Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqanıdır. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1 -ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4cü maddəsinə uyğun olaraq, vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Həmçinin bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6 -cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uço tu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Vergi Məcəlləsinin 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə əsasən Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Yuxarıda qeyd edilən Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2024-cü ilin oktyabr ayı ƏDV vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Belə ki təqdim edilmiş 2024-cü ilin oktyabr ƏDV vergi bəyannaməsi əlaqədar iddiaçıya xx.xx.2024-cü il tarixli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlarin (malumatların) tələb edilməsi haqqında uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2024-cü ilin oktyabr ƏDV vergisi bəyannaməsi üzrə 29400,30 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-380377/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qarar göndərilmişdir. Məlum olduğu kimi Vergi Məcəllsinin 175.11-ci maddəsinə əsasən əmtəəsiz və (və ya) riskli əməliyyatlarının rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Vergi orqanı tərəfindən aşkar edilmiş əmtəəsiz əməliyyat aparılması faktına əsasən vergi orqanının müvafiq qərarı ilə riskli hesab edilən e-qaimə fakturaların əlavə edilmiş siyahıda göstərilən dövrlər üzrə ƏDV bəyannamələrində əvəzləşdirildiyi və həmin dövrlərdən sonrakı dövr ƏDV bəyannamələrinin 324-cü ("Əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği”) sətrində bu növ e-qaimə fakturalar üzrə əvəzləşməsi bərpa edilən ƏDV məbləği nəzərə alınmaqla, 29400,30 manat ƏDV məbləğinin büdcəyə bərpa edilmədiyi müəyyən edilmiş və yaranmış kənarlaşma üzrə hesablama aparılmışdır. Həmçinin məlum olduğu kimi elektron qaimə-fakturlar üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-fakturaları təqdim edən vergi ödəyicisi "ORBİS GROUP” MMC-nin (VÖEN:**********) həyata keçirdiyi əməliyyatların riskli olmasına dair şübhə yaranmışdır. Bununla bağlı vergi ödəyicisinə aid obyektdə vergi nəzarəti tədbiri həyata keçirilmişdir. X4 Xidmətinin uçot-baza məlumatlarında qeydiyyatda olan obyektində fəaliyyət göstərmədiyi müəyyən edilmişdir.xx.xx.2022-xx.xx.2023-cü il tarixdə olan dövr ərzində "xxxx" MMC tərəfindən elektron qaimə-faktura məlumatlarına əsasən cəmi ******* manat dəyərində "Kompensasiya qurğusu, boru və s." mallar təqdim edilmişdir. Həmin mallar alışında müəyyən olunmuşdur. Lakin vergi ödəyicisinin fəaliyyəti üzrə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı həmin əməliyyatların əmtəəsiz olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 3.1.1 -ci bəndinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə əməliyyat riskli hesab edilir. Həmçinin xüsusi olaraq qeyd etmək istərdik ki, vergi orqanının bundan əvvəl çıxış etdiyi məhkəmə mübahisələrində mövcud olmuş oxşar predmetli inzibati iş vergi orqanının xeyrinə yekunlaşmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli 2-1(102)-1212/2023 saylı qərarında sözügedən məsələyə göstərilən münasibəti nəzərinizə çatdırırıq: "**********702300 nömrəli qərardan görünür ki, "Faborlik Tikinti” MMC xx.xx.2021 -ci il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş və müvafiq siyahıya daxil edilmişdir. İddiaçı ilə "Faborlik Tikinti” MMC arasında olan əməliyyatlar isə 2021-ci ilin iyun-avqust aylarını əhatə etmiş və sonuncu əməliyyat xx.xx.2021-ci il tarixdə həyata keçirilmişdir. Yəni "Faborlik Tikinti” MMC ilə iddiaçı arasında əməliyyatlar həyata keçirildiyi vaxt (alğı-satqı əməliyyatları) "Faborlik Tikinti” MMC riskli vergi ödəyicisi olmamışdır. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının istinad etdiyi "Faborlik Tikinti” MMCnin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2021 -ci il tarixli qərar mübahisələndirilməmiş, hər hansı orqan tərəfindən ləğv edilməmişdir. Beləliklə, həmin qərarın əsası kimi çıxış edən faktlar da təkzib olunmamışdır. Başqa sözlə, həmin hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmədiyi halda belə, bu, vergi orqanının iddiaçıya münasibətdə ödənilməli vergilərin azaldılmasına səbəb olan həmin fakta və ya faktlara (əmtəəsiz əməliyyatların aparıldığına və həmin əməliyyatlara əsaslanan xərc sənədlərinin tərtib edildiyinə) istinadla qərar qəbul etmək imkanına təsir etmir. Həmin faktlar isə, mübahisələndirilən qərar qəbul edilənədək mövcud olmuşdur.” Həmin məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və yoxlama nəticəsində qəbul edilmiş qərarların ləğv edilməsi üçün hər hansı əsas yoxdur.
4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli 3-21-2-3/2-380377/2024 nömrəli Qərara əsasən: Bəyannamə və hesabat növü: Əlavə dəyər vergisi Bəyənnamə və hesabat dövrü: Oktyabr 2024 Təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı: 7.245,61 manat, Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığrta haqqı: 36.645,91 manat, Kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği: - 29.400,30 manat.
5. İddiaçı MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, xx/xx/2022 №-li Texniki Xidmət haqqında Müqavilə; xx.xx.2022-ci il tarixli, xx/xx/2022 saylı Müqaviləyə Əlavə - X1; “xx.xx.2019-cu il tarixli 2063S/2019 saylı xidmət müqaviləsinə əsasən göstərilən xidmətin icrası ilə bağlı” xx.xx.2022-ci il tarixli Akt; xx.xx.2022-ci il tarixli EBCM 341421 seriya nömrəli Elektron Qaimə iş materiallarına əlavə edilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********354100 nömrəli Qərarı ilə vergi ödəyicisi "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
7. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
8. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
11. İddiaçı xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
12. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
13. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
14. İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-380377/2024 nömrəli Qərarı mübahisələndirilmişdir.
15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-380377/2024 nömrəli Qərarına əsasən kameral yoxlama nəticəsində 29.400,30 manat əlavə vergi hesablanmışdır.
16. Mübahisənin yaranmasının səbəbi "xxxx" MMC (VÖEN: **********) ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin dəyərinin nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
17. Həmin əməliyyatlar "xxxx" MMC ilə aparılmış əməliyyatlar) Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək nəzərə alınmamışdır.
18. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********354100 nömrəli Qərarı ilə vergi ödəyicisi "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
19. Cavabdeh tərəfindən riskli hesab edilən vergi ödəyicisi "xxxx" MMC riskli əməliyyat apardığı tarix aralıqlarında məhz İddiaçı Məhud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş mallar (iş, xidmət) üzrə elektron qaimə-fakturalarda qeyd olunan malların e-qaimə üzrə alışında müəyyən edilməməsi, yəni vergi ödəyicisinin təsdiqedici sənədlərlə almadığı halının konkret olaraq iddiaçıya münasibətdə müəyyən edilməsinə dair sübutlar təqdim edilməmişdir.
20. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
22. Məhkəmə müəyyən edir ki, İddiaçı MMC xx.xx.2022-ci il tarixli EBCM 351421 seriya nömrəli elektron qaimə əsasında "xxxx" MMC-dən əldə etdiyi məhsullar əsasında Azərişıq ASC-yə məxsus obyektlərdə istismarda olan generatorlara texniki xidmət və təmir işləri həyata keçirmişdir. İddiaçı MMC tərəfindən elektron qaimə-faktura əldə olunarkən "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısında olmadığı, yalnız vergi orqanı tərəfindən bildiriş daxil olduqdan sonra iddiaçının bu fakt barədə məlumatlandığı müəyyən edilmişdir.
23. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edilməmiş, yəni iddiaçının riskli əməliyyat aparması müəyyən edilməmişdir. İddiaçının əmtəəsiz dövriyyəsi kimi riskli vergi ödəyicisi ilə aparılmış qarşılıqlı əməliyyatları (həmin riskli vergi ödəyicilərinin konkret olaraq iddiaçı ilə aparılmış qarşılıqlı əməliyyatlarının əmtəəsiz olduğu və ya Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən risk meyarlarına cavab verməsi müəyyənləşdirilmədən) qiymətləndirilmişdir. Lakin nəzərə alınmalıdır ki, qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında qarşılıqlı əməliyyatlar vergi orqanı tərəfindən "xxxx" MMC (VÖEN: **********) riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicisinin - "xxxx" MMC (VÖEN: **********) digər şəxslərlə riskli əməliyyatlar aparmış olması və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunması iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl İddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmaqla iddiaçının üzərinə həddən artıq yük qoymuş və iddiaçıya münasibətdə mütənasib olmamışdır.
24. Təqdim edilmiş elektron qaimə-fakturadan görünür ki, "xxxx" MMC tərəfindən göstərilən xidmət "xxxx" ASC-yə məxsus obyektlərdə istismarda olan generatorlara texniki xidmət göstərilməsi və təmir işləri ilə bağlı olmuşdur. İddiaçı tərəfindən məhkəməyə "xxxx" MMCnin gördüyü iş və xidmətlərin daha sonra "xxxx" ASC-yə təhvil edilməsnə dair sübutlar (xidmətin icrası ilə bağlı akt) təqdim edilmişdir. Odur ki, məhkəmə qeyd edir ki, qeyd edilən halda cavabdeh qurum əməliyyatın əmtəəsiz olub-olmamasını araşdırmadan "xxxx" MMCnin riskli hesab olunması faktına əsaslanmaqla hazırda mübahisələndirilən qərarı qəbul etmişdir.
25. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
26. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
27. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
28. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
29. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
30. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-380377/2024 nömrəli nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva