Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6755/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti aparatının X1 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli qərarına əsasən, Ləhiş Bağlar sahəsində 172 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 3270 “b” saylı bağ sahəsinin üzərində mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrdən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti aparatının X1 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli qərarına əsasən, iddiaçıya məxsus Ləhiş Bağlar sahəsində 172 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi olan 3270 “b” saylı bağ sahəsinin üzərində yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən toplanaraq cavabdehə təqdim edilmişdir. Cavabdeh əsasız olaraq formal mülahizələrə istinad edərək, heç bir sənəd sübut təqdim etmədən iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli xx.xx.2023-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli **********11 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 5857 saylı bağ və bölünənlərinin ərazisinə uyğun gəlir. Həmçinin, torpaq sahəsi Bilgəh-Kürdəxanı dairəvi yolundan 7.6-7.2 metr aralı yerləşir və 13 metr məsafədən 530 mm.-lik qaz xətti keçir. Həmçinin, torpaq sahəsinin sənəd üzrə sahəsi 1200 kv.metr göstərilsə də, faktiki 1004 kv.metr təşkil edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1978-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyinin xx.xx.1990-cı il tarixli, 01 saylı orderinə əsasən X8 Bakı şəhər İcrayyə komitəsinin 19 aprel 1990-cı il tarixli, 3/78 saylı qərarına əsasən Ləhiş bağlar sahəsində 172 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3270 “b” saylı bağ ayrılmışdır. Bakı şəhər XDS İK-nın xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarından çıxarışdan görünür ki, X5 adı 172 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin Siyahısında göstərilmişdir. Bakı şəhər İcra Hakimiyyəti aparatının X1 və istismarı Birliyin xx.xx.2005-ci il tarixli orderinə əsasən Ləhiş bağlar sahəsində 172 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3270 “b” saylı bağ sahəsi İddiaçı ayrılmışdır. İşdə olan Sabunçu Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli qiyabi qətnaməsinə əsasən İddiaçı cavabdeh X3 qarşı “qanunsuz tikililərin sökülməsi və zəbt edilmiş torpaq sahəsindən çıxarılma” barədə iddiasının təmin edilməsi, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar sahəsində yerləşən və İddiaçı istifadəsinə verilmiş 0,12 hektar torpaq sahəsi olan 3270B saylı bağda cavabdeh X6 tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, cavabdeh X2 həmin bağdan çıxarılması, bağın İddiaçı qaytarılması qət edilmişdir. X9 və Ekspertiza Mərkəzi MMC-nin 72 saylı, 19 mart 2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, mütəxəssis qarşısında qoyulmuş suallar iddiaçının nümayəndəsinin iştirakı ilə yerində araşdırılmışdır. Naturada mübahisələndirilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə və ərazinin bağ torpaq sahələrinin sxeminə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, iddia olunan torpaq sahəsi 3270 “b” saylı bağın ərazisindən kənarda yerləşir. İddiaçının iddia etdiyi torpaq sahəsi ona ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 172 saylı BTKnın nəzdində yerləşən ümumi sahəsi 0,12 kv.metr olan 3270 “b” saylı bağ sahəsi ilə üstüstə düşmür, kənarda yerləşir. İddia olunan bağ sahəsi digər bağ sahəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən verilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, mübahisəli bağ sahəsi sənəd üzrə 1200 m2 olsa da, faktiki olaraq 1004,0 m2 təşkil edir. Göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə köməkçi tikili var. Göstərilən sahə Kürdəxanı-Bilgəh yolundan 7.6-7.2 metr aralı məsafədə yerləşir. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Cavabdehin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1004,0 kv.metr təşkil edir. Torpaq sahəsinin üzərində tikili mövcuddur. Faktiki olaraq göstərilən 1004,0 kv.metr torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Bilgəh-Kürdəxanı dairəvi yolunun kənarında yerləşir. Yolun mühafizəsinə düşüb-düşməməsi barədə məlumat yoxdur. Göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sahə 5857 saylı bağ sahəsinin indekslərinin əraziləridir. Cavabdeh tərəfindən 5857 saylı bağ sahəsinə dair təqdim edilmiş sənədlərin təsdiq edilmiş surətinə əsasən hal-hazırda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 241 saylı BTK-nın 5857 saylı bağ sahəsinin bir hissəsi X4, digər hissəsi X7 mülkiyyətindədir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin X1 və İstismarı Birliyinin xx.xx.1990-cı il tarixli, 01 saylı orderinə əsasən X8 Bakı şəhər İcrayyə komitəsinin 19 aprel 1990-cı il tarixli, 3/78 saylı qərarı ilə Ləhiş bağlar sahəsində 172 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 3270 “b” saylı bağ ayrılmışdır. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti aparatının X1 və istismarı Birliyin xx.xx.2005-ci il tarixli orderinə əsasən həmin bağ sahəsi X5 oğlu olan iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair çıxarış alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tələbdən imtina etmiş və imtinaya əsas kimi iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin 5857 saylı bağ və bölünənlərinin ərazisinə uyğun gəldiyini göstərmişdir. Bununla bağlı məhkəmə tərəfindən cavabdehə sorğu verilərək 5857 saylı bağla bağlı arxiv qovluğu tələb edilmişdir. Həmin arxiv qovluğundan görünür ki, 5857 saylı bağ sahəsinin bir hissəsi X4, digər hissəsi X7 mülkiyyətindədir. Göründüyü kimi iddiaçının faktiki istifadəsində olan bağ sahəsi 5857 saylı bağ sahəsinin ərazisinə uyğun gəlsə də, əslində 5857 nömrəsi ilə digər bağ sahəsi mövcuddur ki, həmin sahə 2 şəxsin mülkiyyətindədir. Belə olan halda iddiaçının faktiki istifadəsində olan bağ sahəsinə hər hansı digər şəxsin iddiasının mövcud olmadığı və hər hansı şəxsə ayrılmış bağ sahəsi ilə üst-üstə düşmədiyi nəzərə alınmaqla iddia təmin edilməlidir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Bakı şəhər İcra Hakimiyyəti aparatının X1 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli qərarına əsasən ayrılmış Ləhiş Bağlar sahəsində yerləşən 172 saylı BTK-nın nəzdində olan 0,12 hektar sahəsi olan 3270 “b” saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti aparatının X1 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli qərarına əsasən ayrılmış Ləhiş Bağlar sahəsində yerləşən 172 saylı BTK-nın nəzdində olan 0,12 hektar sahəsi olan 3270 “b” saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6755/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6755/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver