Məhkəmə qərarları › İş №e-2-1(112)-6758/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6758/2025

11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6758/2025 11.03.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı üçüncü şəxs Binəqədi rayon Binəqədi bələdiyyəsi “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 mart 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 nömrəli Sərəncamı ilə Binəqədi rayonu üzrə 295,73 ha torpaq sahəsinin Binəqədi Bələdiyyəsinə ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 393 nömrəli Sərəncamı ilə ayrılmış torpağın sahəsinə dəyiliklik edilərək 292,71 ha müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 560 saylı, 29 dekabr 2006-cı il tarixli qərarına əsasən Binəqədi rayonu, 6-cı mkr.-nun qərb hissəsində 840 kv.m. torpaq sahəsinin vət. İddiaçı (bundan sonra – iddiaçı) tərəfindən uzun müddət istifadə edildiyi nəzərə alınaraq, göstərilən sahə fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq, (hər kv.m. üçün YAN ilə 4 man. 16 qəp. ödəmək şərti ilə) onun mülkiyyətinə ayrılması qərara alınmışdır. Bələdiyyə ilə iddiaçı arasında torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 375 saylı, 29 dekabr 2006-cı il tarixli müqavilə bağlanmışdır. İddiaçı tərəfindən Bələdiyyənin hesabına, 034631 nömrəli qəbzlə 3494 manat ödəniş edilmişdir. Bələdiyyə tərəfindən torpaq sahəsinin situasiya planı hazırlanaraq təsdiq edilmişdir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş və xx.xx.2025-ci il tarixli məktubda bildirmişdir ki, “... ərizəyə əlavə olunmuş sənədlər surətdir. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz sənədlər toplusunda olan torpaqların alqısatqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Məlumat üçün bildiririk ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Torpaq sahəsi xx.xx.2006-cı il tarixli, 560 nömrəli qərarla ayrılsa da, alqı-satqı aktında xx.xx.2006-cı il tarixli, 560 nömrəli qərara istinad olunmuşdur. Bundan əlavə torpaq sahəsi qanun üzrə nəzərdə tutulan normadan artıq ayrılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanununun 8.0.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr.-nun qərb hissəsində yerləşən 840 kv.m. torpaq sahəsinə adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin “Plan və Ölüsünün” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi mübahisəsiz olaraq təyinatı üzrə iddiaçı tərəfindən istifadə edilir, vergi və digər ödənişlər vaxtı vaxtın ödənilməklə hal-hazırda da mübahisəsiz olaraq iddiaçının qanuni mülkiyyətindədir. Sözügedən torpaq sahəsinə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Plan-ölçünün verilməsi ilə bağlı qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərlə rəsmi qaydada xx.xx.2024-cü il tarixdə ərizə ilə inzibati orqana müraciət edilmişdir. Ona ünvanlanmış xx.xx.2025-ci il tarixli, imtina məktubunda “sözügedən torpaq sahəsinin alqı-satqısına dair aktın keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmədiyi, torpaq sahəsinin xx.xx.2006-cı il tarixli, 560 saylı qərarla satılsa da, alqı-satqı aktında xx.xx.2006cı il tarixli, 560 saylı qərara istinad edildiyi və torpaq sahəsinin nəzərdə tutulan normadan artıq ayrıldığını əsas gətirilərək ərizənin icrasından imtina edilmişdir. Hesab edir ki, inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, müvafiq torpaq sahəsi bələdiyyəyə ayrılmış torpaq sahəsi olduğu üçün həmin torpaq sahəsi bələdiyyə qərarı əsasında fərdi yaşayış evinin inşası üçün ona ayrılmışdır və Bələdiyyələr bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq müvafiq orqandır. Həmin sənədlərdə qeyd olunmuş məlumatların həqiqiliyinin və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aid edilməlidir. Yəni, həmin sənədlərdə olan hər hansı texniki səhvə və s. uyğunsuzluğa görə vətəndaş məsuliyyət daşımamalıdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid “Bələdiyyə tərəfindən verilmiş sənədlərin” hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi ilə bağlı hər hansı akt yoxdur. Yəni müvafiq Bələdiyyə sənədləri öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Həmçinin inzibati orqan tərəfindən etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanununauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməli idi. Həmçinin“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da qeyd olunan maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməli idi. İnzibati orqanın mövqeyi özü-özlüyündə belə tam qanunsuzdur və sözügedən mövqeyi qanunamüvafiq qaydada düzgün əsaslandırılmamışdır. Belə ki, mövcud qanunvericilikdə, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sözügedən əsasla hüquqların dövlət qeydiyyatından imtina edilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, cavabdehin imtinası qanuna uyğun əsaslandırılmamış, yalnız məsələyə aidiyyəti olmayan formal mülahizə ilə kifayətlənilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh idarənin verdiyi cavab qanunsuz olduğundan konstitusion hüquqlarını pozur. İnzibati orqanın imtina məktubunda Qanunun 15-ci maddədə göstərilən imtina əsaslarından hər hansı biri yoxdur. Bu səbəbdən də, cavabdeh inzibati orqanın imtinası (hərəkəti və hərəkətsizliyi) qanunsuz hesab edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan bütün danılmaz faktlardan da görünür ki, inzibati orqanın bu hərəkəti (imtinası) tamamilə qanunsuz olmaqla iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən əmlak və mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən də, hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mkr.-nun qərb hissəsində yerləşən 840 kv.m. torpaq sahəsi iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Torpaq sahəsinin “Planı və Ölçüsü”nun verilməsi vəzifəsi inzibati orqana həvalə edilməlidir. Cavabdehin etirazları: Cavabdeh Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan başqa, torpaq sahəsi xx.xx.2006-cı il tarixli, 560 nömrəli qərarla ayrılsa da, alqı-satqı aktında xx.xx.2006-cı il tarixli, 560 nömrəli qərara istinad olunmuşdur. Əlavə olaraq, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisində) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında protokol qərardadı ilə, hazırki iş üzrə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi hüquqi varislik qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış 2025-ci il 01 dekabr tarixli, 3-21-3-02/2-12569/2025 saylı məktuba əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra –DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, bu halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-nin özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, bələdiyyənin 29 dekabr 2006-cı il tarixli 560 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində 840 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, hüquqmüəyyənedici və texniki sənədlərin verilməsinə yönəlmişdir. İddiaçı eyni tələblə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmədiyinə, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmadığına, cizginin səlahiyyətli şəxs tərəfindən imzalanmadığına, torpaq sahəsi xx.xx.2006-cı il tarixli, 560 nömrəli qərarla ayrılsa da, alqı-satqı aktında xx.xx.2006-cı il tarixli, 560 nömrəli qərara istinad olunduğuna, torpaq sahəsinin qanun üzrə nəzərdə tutulan normadan artıq ayrılmasına istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı tərəfindən cavabdehin mütəxəssislərinə yerli baxış üçün şərait yaradılmadığından məhkəmə tərəfindən iddia edilən torpaq sahəsinə yerli baxışın keçirilməsi üçün göstəriş verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli məktubda bildirilmşdir ki, göstərilən torpaq sahəsi mişar daş hasar və üzərindəki mövcud tikililərin çöl divarları ilə sərhədlənmişdir. Sahə üzərində tikililər inşa olunmuşdur (tikinti işləri davam etdirilir). Faktiki sahə 756.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş torpaq sahəsi keçmiş Zeytunçuluq sovxozunun ərazisidir. Hasarboyu 50 mm-lik orta təzyiqli açıq qaz xetti keçir. Eyni zamanda sözügedən ərazinin ətrafı yaşıllıq (zeytun) ağaclarıdır. Məhkəmə iddia tələbini əsassız, cavabdehin imtinasını isə əsaslı hesab edir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsində sadalanmışdır. Həmin sənədlər aşağıdakılardır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar... Qeyd edilən normanın dispozitiv şərtlərinin mövcud olması üçün aşağıdakıların olması zəruridir: 1) Ayrılması nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyəyə məxsus olmalıdır; 2) Torpaq sahəsinin ayrılmasına dair akt qanunla müəyyən edilmiş qaydada qəbul edilməlidir. İddia tələbinin və cavabdehin imtinasının əsaslı olub-olmamasının müəyyən edilməsi yuxarıda göstərilən dispozitiv şərtlərin yoxlanılmasından asılıdır. Ayrılması nəzərdə tutulmuş torpaq sahəsi Bələdiyyəyə məxsus olması ilə bağlı; Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ hissəsinə görə, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər İddiaçıya ayrılmış torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmaması işin mübahisələndirilməyən halıdır. Nə iddiaçı, nədəki üçüncü şəxs bələdiyyə bunun əksini sübut edəcək dəlili məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Bakı şəhərində yerləşən Bələdiyyələrə torpaq sahəsinin ayrılmasının tam başa çatdırılmaması, bələdiyyələrə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinə bələdiyyələrin mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmaması işin mübahisələndirilməyən halları olmaqla, hamıya bəlli olan faktdır və sübuta ehtiyacı yoxdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaqkadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına (Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) təqdim edilməsi məcburidir. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin Qanunun 7-ci maddəsinə görə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Göründüyü kimi, torpaqların hüquqi statusu dövlət torpaq kadastrına daxil edilən məlumatlardan biridir və həmin məlumatlar cavabdehin tabe olduğu təşkilat tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli, 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”nın 7-ci hissəsinə əsasən Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 936-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”nin 3.4.5-ci bəndinə əsasən bələdiyyələrin hüdudlarındakı torpaqların torpaq sahəsi kimi dövlət torpaq kadastrı məlumatlarının dürüstləşdirilməsi (dəqiqləşdirilməsi) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır (bənd 7.1). Bələdiyyələrin Dövlət reyestrinə daxil edilmiş bələdiyyələrin xəritələrində onların ərazisi (o cümlədən, sərhədləri, döngə nöqtələri və onların koordinatları) barədə məlumatlar dövlət torpaq kadastrının aparılması üçün əsas götürülür (bənd 7.2). Qeyd edilənlərə əsasən bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin bələdiyyənin deyil, dövlətin mülkiyyətində olması işin mübahisələndirilməyən halıdır. Lakin qeyd edilməlidir ki, məsələyə bu cür yanaşma Bakı şəhərində bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmış torpaq sahələrinin sənədləşdirilməsinin mümkünsüz olmasına gətirib çıxarmaqla yanaşı, vətəndaşların inzibati orqan olan bələdiyyələrin praktikasına etimad hüququnun pozulması, həmçinin mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxarmaqla, inzibati orqanların fəaliyyətinin əsas məqsədi olan ictimai marağın pozulması ilə nəticələnə bilər. Belə ki, bələdiyyə torpaqlarının mülkiyyət hüquqlarının reyestrinin aparılmaması, vaxtı ilə bələdiyyələrdən torpaq sahəsi əldə edən vətəndaşların məsuliyyət sferasına aid deyil və onların ziyanın şərh edilməməlidir. Bunun üçün ilk növbədə araşdırılmalı məsələ ondan ibarət olmalıdır ki, bələdiyyə tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsi həqiqətən də, Bakı şəhər İcra Hakimiyyəti başçısı tərəfindən bələdiyyəyə ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin hüdudları daxilində yerləşirmi? Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 nömrəli Sərəncamı ilə Binəqədi rayonu üzrə 295,73 ha torpaq sahəsinin bələdiyyəyə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin hüdudlarını müəyyən etməyə imkan verən və Bakı şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş xəritə məhkəməyə və ekspertizaya təqdim edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 nömrəli Sərəncamında əlavədə torpaq sahələri sahələr üzrə göstərilmiş (İ-X sahələr), hər sahə üzrə ayrılmış torpaq sahəsinin ölçüsü və sahənin konturları müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 5 yanvar 2026-cı il tarixli 10/6791 №-li Ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin koordinatları GPS aləti vasitəsilə aşağıdakı kimi müəyyən edilmişdir: - 400848.8860, 4476288.5027, - 400821.8406, 4476292.9098, - 400826.3705, 4476320.2468, -400853.9696, 4476314.7311. Azərbaycan Respublikasının Torpaq Məcəlləsini, “Bələdiyyənin Statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli qanununda qeyd olunanları, “Torpaq islahatı haqqında” qanununun 6-cı və 7-ci maddəsində qeyd olunanları, eləcə də “Bələdiyyələrin torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələblərini Bakı şəhəri, Вinəqədi rayonu, Binəqədi bələdiyyəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin eskiz cizgisini, torpaq sahəsinin yaxınlığında dövlət reyestrindən qeydiyyatdan keçən torpaq sahələrinin olduğunu, bu torpaq sahələrinin qeydiyyatdan keçməsinə əsas olan sənədin Binəqədi bələdiyyəsinin alqı-satqı aktı olduğunu nəzərə alaraq, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin, Bakı şəhər Binəqədi Bələdiyyəsinin ərazisinin hüdudları daxilində yerləşməklə, bələdiyə mülkiyyətində olduğu müəyyən edilmişdir. Göründüyü kimi, bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 809 nömrəli Sərəncamı ilə Binəqədi Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudlarında yerləşdiyi müəyyən edilir. Məhkəmə qeyd edir ki, bələdiyyəyə ayrılmış torpaq sahələrinin kadastr baza məlumatlarına işlənməsə də, məhkəməyə təqdim edilmiş sərəncam, xəritə və ekspert rəyi ilə ən azından torpaq sahəsinin üçüncü şəxsə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilir Lakin məhkəmə qeyd edir ki, torpaq sahəsinin bələdiyyəyə ayrılması nəzərdə tutulmuş torpaq sahələrində yerləşməsi özü-özlüyündə iddia tələbinin təmin olunması əsas təşkil etmir. Bunun üçün Qanunun yuxarıda istinad olunan normasının (8.0.1) dispozisiyasında qeyd edilmiş 2-ci şərtin, yəni torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada ayrılması zəruridir. 2) Torpaq sahəsinin ayrılmasına dair aktın qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi ilə bağlı: Azərbaycan Respublikasının Qanunvericiliyində bələdiyyə torpaqların ayrılması ilə bağlı bir sıra tələblər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İ və İİ hissə). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 6.6. Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Maddə 6.7. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət aktı tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Maddə 4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə 6. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Bələdiyyə torpaqları

1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin malqarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya müvəqqəti (qısamüddətli və uzunmüddətli) istifadəsində, eləcə də idarəsində istifadəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

2. Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Bu Qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir. ... 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. ... 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. ... 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri ...

2. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. “Yaşıllıqların mühafizəsi haqqında” AR Qanunu 1.0.1. yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur; 1.0.3. yaşıllıqların mühafizəsi – ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlər; 1.0.8. yaşıllıqların məhv edilməsi – bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət (hərəkətsizlik); 1.0.12. yaşıllıqların götürülməsi – bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir. 6.1. Təyinatından və istifadə qaydasından (rejimindən) asılı olaraq, şəhərlərdə və digər yaşayış məntəqələrində, infrastruktur obyektlərinin hüdudlarında yaşıllıqların aşağıdakı növləri vardır: 6.1.1. ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); 6.1.2. məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar);[2] 6.1.3. xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). 6.2. Xüsusi təyinatlı yaşıllıqların mühafizəsi bu Qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir. 6.3. Bu Qanunun 6.1-ci maddəsində göstərilən yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydasını, təyinatını və onlardan istifadə qaydasını (rejimini) müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllıqların müfəssəl siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilir.

Maddə 24. Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Sadalanan normalardan göründüyü kimi: 1) Torpaq sahəsinin ayrılması ilə bağlı ərizə ilə bələdiyyəyə müraciət olunur; 2) Bələdiyyə torpağının mülkiyyətə verilməsi bələdiyyə üzvlərinin iştirakı ilə keçirilmiş iclasda qəbul edilmiş bələdiyyənin qərarına əsasən həyata keçirilir: 3) Torpaq sahəsinin ayrılmasına dair qərar müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9.08.2001-ci il tarixli, 548 № li Fərmanın 2.5-ci maddəsinə əsasən Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 4) Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. 5) Qərar qəbul edildikdən sonra torpaq sahəsinin ayrılmasına dair alqı-satqı müqaviləsi bağlanır; 6) Torpaq sahəsinin ayrılmasında dair alqı-satqı aktı torpaq şöbəsinin müdiri tərəfindən imzalanmalıdır. 7) mühafizə zolağında, ümumi istifadədə və yaşıllıqların yerləşdiyi torpaq sahələri fiziki şəxsin xüsusi mülkiyyətinə verilə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı işdə torpaq sahəsinin ayrılması ilə bağlı prosedur qaydalarının pozulması, yəni bələdiyyə tərəfindən qərar qəbul edilmədən öncə alqı-satqı müqaviləsinin bağlanması, sonra qərarın qəbul edilməsi, alqı-satqı aktında bələdiyyə qərarına istina edilməməsi, eyni zamanda qəbul edilmiş qərarın X1 göndərilməməsi, torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq qurumdan rəylərin və razılaşmaların alınmaması, alqı-satqı aktının torpaq şöbəsinin müdiri tərəfindən imzalanmaması iddiaçının məsuliyyət sferasına aid olan məsələlər deyil. Belə ki, “...X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “...torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur”. Lakin cavabdehin dəlillərindən və məhkəməyə təqdim edilən ortofoto görüntüsündən göründüyü kimi, iddia edilən torpaq sahəsi keçmiş Zeytunçuluq sovxozunun ərazisidir və hazırda sözügedən ərazinin ətrafı yaşıllıq (zeytun) ağaclarıdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş qeyd olunan torpaq sahəsinin ortofoto görüntüsündən müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsi yaşıllıq ərazidə yerləşir. Belə olan halda, bələdiyyə qanunun tələblərinə zidd olaraq Zeytunçuluq soxvozunun və zeytun ağaclarının olduğu sahədən torpaq sahəsini iddiaçıya ayırmışdır. Eyni zamanda bu halın müəyyən edilməsi xüsusi bilik tələb etməməklə, iş materiallarında olan ortofoto görüntüsü və ərazinin fotoşəkilləri ilə müəyyən etmək mümkündür. Beləliklə, hazırki iş üzrə torpaq sahəsinin ayrılmasına dair aktın qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlətinə qeydiyyatına alınması üçün normanın bütün dispozitiv şərtləri ödənilmiş hesab olunmur. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi müdafiə vasitəsi də tükənmir və qanunsuz inzibati aktın qəbulu nəticəsində ona vurulmuş ziyana görə kompensasiya tələbi ilə üçüncü şəxsə müraciət edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxs Binəqədi rayon Binəqədi bələdiyyəsi) “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması, çıxarışın, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar