Məhkəmə qərarları › İş №e-2-1(112)-6769/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6769/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6769/2024 31.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 31 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) vergi orqanlarında fərdi sahibkar kimi ********** “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyyət ünvanı ünvan 1erlərinin və vaxtının satılmasının və ya alıb-satılmasının təşkil edilməsi üzrə kütləvi informasiya vasitələrinin fəaliyyəti” olan vergi ödəyicisidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin (hazırkı adı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsi) (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli, **********799800 № li qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. Cavabdehin kameral vergi yoxlaması nəticəsində xx.xx.2024-cü il tarixli, **********710200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı əsasında iddiaçıya 2022-ci il üçün 21.690,63 manat əlavə gəlir vergisi hesablanmışdır. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli, **********710200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, tərəfindən xidmət zamanı istifadə olunmuş mallar pərakəndə qaydada bazardan alındığına görə onlar tərəfindən malın alışına dair hər hansı sənəd təqdim olunmur. Bu səbəbdən də, cavabdeh tərəfindən sənədsiz mal satdığına görə o, riskli vergi ödəyicilər siyahısına əlavə edilmiş və 2022-ci il üzrə dövriyyəyə Vergi Məcəlləsi ilə mikro sahibkarlara nəzərdə tutulmuş güzəşt və xərc sənədləri olmadığı halda Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinad edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilən şərti rentabellik norması tətbiq edilərək, gəlir vergisi hesablanmalı olduğu halda, birbaşa olaraq 20% vergi dərəcəsi tətbiq edilərək, xx.xx.2024-cü il tarixli **********710200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə qanunsuz olaraq 2022-ci il üzrə 21690,63 manat məbləğində gəlir vergisi hesablanmışdır. Hesablanmış vergilər və onun vergi orqanı tərəfindən riskli vergi ödəyicisi hesab edilməsi tam əsassızdır. Riskli vergi ödəyicisi olması belə, vergi ödəyicisinin vergi qanunvericliyi ilə nəzərdə tutulmuş bütün güzəşt və hüquqlardan məhrum olunması anlamına gəlməz. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicilərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 75 faiz güzəşt hüququnun məhdudlaşdırılmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun qeyd edilməsi kənarlaşmanın yaranmasına səbəb olması müəyyən edilmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 16,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Arxa divar 600x300sm (dəmir karkas, baner), arxa divar 800x300sm (dəmir karkas, baner), pol (teksturalı LDSP) hündürlüyü 10sm, resepşn masası və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Bubunla əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********536300 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarf’nın 2.1.1.-ci və 3.1.1.-ci bəndlərinə əsasən iddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********799800 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. İddiaçı mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəşt hüququndan istifadə etmiş, lakin bu zaman özünün riskli vergi ödəyicisi olmasını nəzərə almamışdır. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Yaranmış kənarlaşmalar barədə vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********454000 nömrəli məktub göndərilərək dəqiqləşdirilmiş bəyannaməni, ətraflı izahat məktubunu və müvafiq təsdiqedici sənədlərini təqdim etməklə kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə gəlir vergisi bəyannaməsi üçün 2022-ci il üzrə 21690,63 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə tərəfimizdən 19.01,2024cü il tarixli **********710200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD Ns-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş və alınmış mallar Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədlərlə rəsmiləşdirilmədikdə, habelə faktiki çəkilmiş xərclər vergi orqanına təqdim edilmiş vergi hesabatlarında əks olunmasına baxmayaraq həmin xərclərin Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədləri olmadığı hallarda vergi güzəşti tətbiq olunmur. Odur ki, vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduğundan Vergi Məcəllləsinin 106.1.20-ci maddəsində nəzərdə tutulan 75 faiz güzəşt hüququ onun barəsində tətbiq oluna bilməz. Göründüyü kimi, iddiaçının həm riskli vergi ödəyiciləri siyahısına salınması, həm də barəsində aparılmış kameral hesablama qanunamüvafiq qaydada həyata keçirilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi qərarın ləğv edilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçı barəsində qəbul edilməklə onun üçün əlavə vergi öhdəliyi yaratdığından onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı xx.xx.2024-cü ildə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli qərarın mübahisələndirilməsi qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddətdə iddianı qaldırmışdır (İPM, maddə 38.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Hazırkı iş üzrə iddiaçının tələbi xx.xx.2024-cü il tarixli vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi barədədir. İşin hallarına görə, cavabdeh mübahisələndirilən qərarla iddiaçıya kameral vergi yoxlaması tətbiq etmiş və 2022-ci il üçün 21.690,63 manat əlavə gəlir vergisi hesablanmışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur. İddiaçı vergi orqanına təqdim etdiyi bəyannamədə 5.819,04 manat gəlir vergisi hesablamışdır. İddiaçı vergini hesablayarkən mirko sahibkar kimi 75% güzəşt tədbiq etmişdir. Cavabdeh isə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsinə əsaslanaraq mikro sahibkar kimi 75% güzəşti tətbiq etmədən gəlir vergisi hesablamış, həmçinin iddiaçının 21,167.64 manat xərcini nəzərə almayaraq nəticədə 21690,63 manat əlavə vergi məbləği hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Həmin Meyarlar”ın: Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Baxılan işdə cavabdeh iddiaçının riskli vergi ödəyicisi hesab edərkən qaydaların yuxarıda istinad edilən bəndlərinə istinad edərək hesab etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 16,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Arxa divar 600x300sm (dəmir karkas, baner), arxa divar 800x300sm (dəmir karkas, baner), pol (teksturalı LDSP) hündürlüyü 10sm, resepşn masası və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir. Belə ki, qaydaların 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının faəliyyət növü “reklam yerlərinin və vaxtının satılmasının və ya alıb-satılmasının təşkil edilməsi üzrə kütləvi informasiya vasitələrinin fəaliyyəti”dir. Yəni iddiaçı mal satmır, xidmət göstərir və ya iş təqdim edir. Yəni iddiaçı mülki hüquq normalarına uyğun olaraq podrat və ya tapşırıq müqaviləsi əsasında fəaliyyət göstərir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Qeyd edilən müqavilələrin şifahi qaydada bağlanması mülki hüquq normalarına görə mümkündür. Yəni iddiaçı tərəfindən hər hansı yazılı müqavilənin təqdim edilməsi şərt deyil. İddiaçının təqdim etdiyi gəlir vergisi bəynannaməsində də, i işlərin görülməsi, xidmətlərin göstərilməsindən gəlir kimi – 141,945,70 manat göstərilmişdir (1200.2 sətir). Digər tərəfdən hazırkı işdə qaydaların istinad edilən normasında qeyd edilən hallar müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda satışında “Arxa divar 600x300sm (dəmir karkas, baner), arxa divar 800x300sm (dəmir karkas, baner), pol (teksturalı LDSP) hündürlüyü 10sm, resepşn masası və s göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar həmin mallar deyil, başqa mal olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. İddiaçı isə bunu, həmin məhsulları hazırlamaq üçün istifadə etdiyi malları aldığı satıcıların elektron qaimə ilə mal satmadıqlarını əsas gətirirərək izah edir. Vergi Məcəlləsinin: Maddə 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: - 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi; Normadan göründüyü kimi gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti 75 faiz gəlir vergisindən azaddır. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi hal, iddiaçının mikrosahibkar kimi güzəştdən istifadə etməkı hüququndan məhrum edilməsinə əsas vermir. Belə ki, iddiaçı gəlirini və xərclərini cavabdeh vergi orqanına təqdim etmişdir. Göstərdiyi xidmətə görə təqdim edilən işlərin (xidmətlərin) iddiaçının alışında idxalında olmaması iddiaçının həmin güzəşt hüququndan məhrum edilməsinə əsas vermir. Çünki yuxaırda qeyd edildiyi kimi, iddiaçı podrat və ya tapşırıq müqaviləsi ilə iş görür və ya xidmət göstərirsə, işin və ya xidmətin nəticəsində təqdim edilən məhsulun iddiaçının alışından (idxalında) olması mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, Mülk Məcəllənin normalarına əsasən podratçı həmçinin sifarişçinin təqdim etdiyi mallar əsasında da məhsul haırlaya bilər. Mülki Məcəllənin 752.2-ci maddəsinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Digər tərəfdən işdən görünür ki, cavabdeh iddiaçının alışında (idxalında) mal qeyd etmədiyini əsas gətirərək onun gəlirlərinə münasibətdə xərclərini ümumiyyətlə nəzərə almayaraq gəlir vergisi dərəcəsi 20% tətbiq edilməklə hesablanmışdır. Göründüyü kimi, hesablamanın əsası kimi yalnız 75% güzəşt hüququnun tətbiq edilməməsi olmamış, həmçinin cavabdeh vergi hesablayarkən iddiaçının xərclərini tam şəkildə nəzərə almamışdır. Lakin iddiaçı alınmış malların alış sənədlərini təqdim edə bilməsə də, faktiki olaraq həmin malların alınması üçün xərc çəkilmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi gəlirini nəzərə alır, lakin həmin gəlirin çəkilməsinə xərci nəzərə almır. İddiaçı tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsinin iddiaçının gəlirləri və xərcləri aşağıdakı kimi olmuşdur: 1200.2 işlərin görülməsi, xidmətlərin göstərilməsindən gəlir kimi – 141,945,70 manat; 1226. malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə xərclər – 4397,36 manat; 1226.2. sosial sığorta haqları 1044,00 manat; 1226.13. bank xidmətləri üzrə 3053,36 manat; 1226.14. reklam xərcləri 300,00 manat; 1236. digər xərclər 21,167.64 manat; 1240. ümumi gəlirdən çıxılan xərclər 25,565.00 manat; 1241. vergiyə cəlb olunan gəlir 116,380.70 (141,945,70 manat gəlir - 25,565.00 manat xərc); 1242. Vergiyə cəlb olunan gəlirə güzəştlər - 87,285,52 manat (75%); 1245. vergiyə cəlb olunan gəlirlər üzrə güzəştlər və keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan gəlir – 29,095.18 manat; 1246. gəlir vergisi 5.819,04 manat (20%). Göründüyü kimi, cavabdehin ümumi gəliri 141,945,70 manat, ümumi xərcləri 25,565.00 manat olmuş, xərcləri çıxıldıqdan sonra vergiyə cəlb olunan gəlirə (116,380.70 manat) mikrosahibkarlar üçün nəzərdə tutulmuş 75% güzəşt (87,285,52 manat) tədbiq edərək qalan məbləğə (29,095.18 manat) 20% vergi hesablayaraq 5819,04 manat gəılir vergisi bəyan etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş bəyannamədən isə görünür ki, cavabdeh iddiaçıya vergi hesablayarakən iddiaçının riskli vergi ödəyicisi olduğundan həm mikrosahibkarlar üçün nəzərdə tutulmuş 75% güzəşt tədbiq etməmiş, həmçinin iddiaçının 21,167.64 manat digər xərclərini nəzərə almamış, nəticədən 141,945,70 manat gəlirdən 4397,36 manat xərci çıxaraq qalan bütün məbləğə (137548,34 manat) 20 % (27509,67 manat) vergi hesablamışdır. Göründüyü kimi, cavabdeh həm iddiaçıya mikro sahibkar kimi güzəşti nəzərdə tutan 75 % tədbiq etmir. Həmçinin iddiaçının göstətdiyi xidmətləri qəbul edərək gəlirin nəzərə aldığı halda, həmin xidmətin (işlərin) göstərilməsinə çəkilmiş xərclərini nəzərə almayaraq düzgün olmayan qərar qəbul etmişdir. Məhkəmə qeyd edir ki, hesabat dövrü 2022-ci il olduğundan Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olan normaları hazırkı mübahisəyə tədbiq edilməlidir. Bu hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)-943/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında ifadə edilmişdir. Belə ki, həmin qərarda məhkəmə kollegiyası qeyd etmişdir ki, “...hazırkı mübahisəyə münasibətdə həmçinin Vergi Məcəlləsinin 67-ci maddəsinin (67.1-67.4-cü maddələrinin) tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli vergi məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən və şərti rentabellik institutunun birbaşa tətbiqini zəruri edən əsaslar cavabdeh tərəfindən açıqlanmamışdır. Məhkəmə kollegiyasının bu hüquqi mövqeyi şərti rentabellik normasının tətbiqi qaydasında vergilərin hesablanmasını nəzərdə tutan Vergi Məcəlləsinin 67.14-cü maddəsinin 2024-cü il tarixdən ləğv edilməsi ilə də təsdiq olunur.Bu qərarın 32-42-ci bəndlərində ifadə olunan hüquqi mövqedən çıxış edən məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin analoji iş üzrə, 2-1(102)-2258/2023 nömrəli qərarında ifadə olunmuş yanaşmaya (40-43-cü bəndlər) görə, Vergi Məcəlləsinin 67-ci maddəsi prosessual (prosedur) hüquq norması olduğundan, həmin normanın inzibati aktın qəbul edildiyi zaman qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Yəni həmin yanaşmaya əsasən vergi öhdəliyi barədə 2022-ci il tarixindən sonra qəbul olunan qərarlar vergi ödəyicisinin həmin tarixdən əvvəlki fəaliyyətinə aid olsa belə, Məcəllənin 67.17-ci maddəsi 2022-ci ildən qüvvəyə mindiyindən və qərarın qəbulu zamanı həmin norma artıq qüvvədə olduğundan, şərti rentabellik norması birbaşa tətbiq edilə bilər. Bununla bağlı nəzərə almaq lazımdır ki, maddi hüquq normaları hüquq münasibəti subyektlərinin hüquq və vəzifələrinin məzmununu müəyyən edir, prosessual hüquq normaları isə maddi hüquq normalarının realizasiyası prosedurunu və qaydasını tənzimləyir. Beləliklə, maddi və prosessual hüquq hüquqi tənzimləmənin forma və məzmununun dialektik vəhdətini əks etdirən hüquqi kateqoriyalar kimi nəzərdən keçirilməli və fərqləndirmə bunun üzərindən aparılmalıdır. Fərqləndirmə zamanı həmçinin prosessual normaların qərarın (hazırkı mübahisəyə münasibətdə vergi öhdəliyi barədə qərarın) məzmununa deyil, onun qəbulu kontekstinə təsir etdiyi də nəzərə alınmalıdır. Bu baxımdan Vergi Məcəlləsinin 67-ci maddəsinin vergi öhdəliyinin müəyyən olunması barədə qərarın qəbulu prosedurunu tənzimləyən norma qismində deyil, həmin öhdəliyin müəyyən olunmasına dair qərarın maddi hüquqi əsası qismində, yəni vergi ödəyicisinə münasibətdə vəzifə yaradan norma qismində çıxış etdiyi nəzərə alınmalı və ona görə də birmənalı olaraq maddi hüquq norması kimi qiymətləndirilməlidir. Vergi orqanı tərəfindən vergitutma obyektinin (o cümlədən gəlirin/mənfəətin) müəyyən olunmasının əsas qismində isə Vergi Məcəlləsinin 67-ci maddəsi çıxış edir. Başqa sözlə, qeyd olunan norma şəxsə münasibətdə vergi öhdəliyinin müəyyənləşdirilməsi ilə bağlı dispozisiya şərtlərini təsbit edir. Bu qənaətə gəlmək üçün həmin normanın adına nəzər yetirmək kifayətdir: Vergitutma obyektinin ayrıayrı hallarda müəyyən edilməsi qaydaları. Burada istifadə olunan “qaydalar” ifadəsi vergi öhdəliyinin müəyyənləşdirilməsinin prosedur qaydalarını deyil, şəxsin vergi öhdəliyini, yəni vergi hüquq münasibəti subyektinin vəzifəsinin məzmununu müəyyən edən hüquqi tənzimləməni nəzərdə tutur. Bu səbəbdən həmin normanın prosessual norma kimi təfsir edilməsi yolverilməzdir. Xüsusilə nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin şərti rentabellik normasının tətbiqini tənzimləyən 67.14-cü və 83.9-cu maddələrinin 2024-cü il tarixdən qüvvədən düşməsinə (Məcəllədən çıxarılmasına) rəğmən, vergi orqanları tərəfindən 2020- 2023-cü illər üzrə vergi yoxlamaları keçirilərkən qeyd olunan normalar vergi öhdəliyinin müəyyən olunmasının maddi hüquqi əsası qismində tətbiq edilir. Yəni analoji işlər üzrə praktikadan görünür ki, vergi orqanları da Məcəllənin 67-ci maddəsini maddi hüquq norması kimi qiymətləndirir və vergi münasibətlərinin yarandığı dövrə həmin dövrdə qüvvədə olmuş müvafiq normanı tətbiq edir. Bu hal da məhkəmə kollegiyasının bu qərarda ifadə olunmuş hüquqi mövqeyində haqlı olduğunu bir daha təsdiq edir. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən (mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Məcəllənin Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən ((mübahisələndirilən qərar qəbul edilən zaman qüvvədə olan norma) vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının” 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən, çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir. Baxılan işdə cavabdeh iddiaçının gəlirlərini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normalarının tələblərinə əməl etməmiş, nəticədə əsassız olaraq iddiaçını iddiaçıya mikro sahibkar kimi 75% güzəşt tətbiq etməmiş, həmçinin 21167,64 manat xərcini nəzərə almayaraq əlavə vergi məbləği hesablamışdır. Vergi Məcəlləsinin: Maddə 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X4ni keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Maddə 24.0.1-ci və 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilənlərə əsasən, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin (hazırkı adı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş İdarəsinin) xx.xx.2024-cü il tarixli, **********710200 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar