Məhkəmə qərarları › İş №e-2-1(112)-6798/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6798/2022

10.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6798/2022 10.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “X12 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə qarşı “təhqiqat aktının ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “X12 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə qarşı “təhqiqat aktının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı “X12 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X8 15 dekabr 2021-ci il tarixində saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexinin (bundan sonra- QƏYTS) 2 saylı briqadasının qazmaçı köməkçisi X16 15 dekabr 2021-ci il tarixdə saat 07:00 radələrində 1-ci növbədə işləyən işçilərlə birlikdə 2 saylı NQÇS-nin 138 saylı quyusuna, iş yerinə gəlmişdir. O, xüsusi iş geyimlərini geyindikdən və iş yerində 2 saylı briqadanın ustası Əliyev Mübariz tərəfindən digər işçilərlə birlikdə şifahi təlimatlanıdırıldıqdan sonra əmək funksiyalarının icrasına başlamışdır. Həmin gün verilmiş iş tapşırığına uyğun olaraq N. Nağıyev saat 10:00 radələrinədək 138 saylı quyuda boruların endirilməsi işlərini yerinə yetirmişdir. 15 dekabr 2021-ci il tarixdə Şirkətin 2061 saylı quyusunda boruları quyudan qaldıraraq boru stellajının üzərinə yığılması əməliyyatı planlaşdırılmış və bu işin icrası QƏYTS-in 4 saylı briqadasına həvalə olunmuşdur. Həmin gün 4 saylı briqadanın işçisi, qazmaçı köməkçisi X17 üzrlü səbəbdən işə çıxmadığı üçün QƏYTS-in böyük ustası Əhəd Mustafayev 15 dekabr 2021-ci il, 246 saylı sərəncama əsasən 5 saylı briqadanın qazmaçı köməkçisi X2 və 2 saylı briqadanın qazmaçı köməkçisi X10 4 saylı briqadaya köməklik göstərmələri məqsədilə 2061 saylı quyuda işlərin yerinə yetirilməsinə göndərmişdir. 4 saylı briqadanın ustası Bəhmən Abdullayev tərəfindən X11 və X3 iş yerində birdəfəlik (iş öncəsi) təlimat keçirilmiş və bununla bağlı müvafiq jurnalda qeydiyyat aparılmışdır. Təlimatlandırma başa çatdıqdan sonra quyuda boruların qaldırılması işinə başlanmış və nahar fasiləsinə yəni, saat 12:00-dək briqada üzvləri həmin işin icrası ilə məşğul olmuşlar. Nahar fasiləsindən sonra briqada üzvləri tərəfindən boruların qaldırılması işlərinin yerinə yetirilməsi davam etmiş və işlərin icrasına 4 saylı briqadanın ustası Bəhmən Abdullayev nəzarət etmişdir. Təxminən saat 14:00 radələrində 2061 saylı quyunun qazmaçısı Elman Nəsibov quyudan çıxarılan növbəti borunu açarla açdıqdan sonra qülləli qurğunun köməkliyi ilə qəbul etmiş, qazmaçı kəməkçiləri N.Nağıyev və A.Babalıyev isə borunu borular üçün müəyyən edilmiş meydançada yerləşdirmişlər. Borunun meydançaya yerləşdirilməsi işi başa çatdıqdan sonra N. Nağıyev işçi meydançadan qəbul körpüsü ilə pilləkənə tərəf hərəkət etdiyi vaxt sağ ayağı sürüşdüyü üçün müvazinətini itirmiş və qəbul körpüsü ilə borular yığılan meydança arasında olan boş sahədən yer səthinə yıxılmışdır. N. Nağıyev izahatında hadisənin həmin gün hava şəraitinin yağmurlu və ayağına geyindiyi xüsusi iş çəkməsinin altının palçıqlı olması və bu səbəbdən ayağının sürüşməsi ilə bağlı olduğunu bildirmişdir. N.Nağıyev yıxıldıqdan sonra yerdən qalxmış, lakin sağ ayağında ağrı hiss etdiyi üçün yaxınlıqda quyuda işləyən qazmaçı köməkçisi Qəmbər Hüseynovun köməkliyi ilə quyudan təxminən 30-40 metr məsafədə yerləşən məişət otağına getmişdir. Usta B.Abdullayev zərərçəkən N. Nağıyevin yanına gələrkən ilkin tibbi yardım göstərmiş və hadisə barədə böyük usta Əhəd Mustafayevə zəng edərək məlumat vermişdir. Böyük usta Ə.Mustafayev baş vermiş bədbəxt hadisə barədə sex rəisinin müavini Rizvan Səttərovu, o isə sex rəisi P.Aslanovu məlumatlandırmşdır. Sex rəhbərliyinin göstərişinə əsasən böyük usta Ə.Mustafayev xidməti maşını ilə bədbəxt hadisə baş vermiş 2061 saylı quyunun yaxınlığında yerləşən məişət otağında olan N.Nağıyevi Şirkətin tibb məntəqəsinə aparmışdır. Məntəqədə həkimlər tərəfindən N. Nağıyevə ilkin tibbi yardım göstərilmiş, sonra isə Şirvan şəhər Mərkəzi Xəstəxənasına aparılması təmin edilmişdir. Xəstəxanada N. Nağıyevə tibbi yardım göstərildiksən sonra təxminən saat 18:30 radələrində evə buraxılmışdır. N. Nağıyevə “Sağ diz oynağının hemoartrozu” diaqnozu qoyulmuş və ambulator şəritdə müalicə olunmuşdur. Mübahisələndirilən Təhqiat aktında Cavabdehin 23 dekabr 2021-ci il tarixli, **********2 nömrəli əmri ilə təyin edilmiş komissiyanın sədri, X13 Xidmətinin Salyan Regional Ərazi Şöbəsinin məsləhətçisi - əmək müfəttişi X18 hadisəinin baş vermə səbəbini (i) zərərçəkmiş tərəfindən “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının prezidenti tərəfindən təsdiq edilmiş “Quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçilərinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə peşə təlimatı”nın 2.1.1. bəndinin (xüsusi geyimləri, ayaqqabıları və başqa fərdi mühafizə vasitələrini yoxlamalı və səhmana salmalı, iş zamanı onlardan istifadə etməlidir) tələblərinə riayət olunmaması və (ii) QƏYTS-in ustası X7 tərəfindən vəzifə təlimatının “Vəzifə borcu” bölməsinin 21-ci abzasının (əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət edilməsinə nəzarət edir) tələblərinə riayət edilməməsi kimi qiymətləndirmişdir. Bədbəxt hadisə ilə bağlı Cavabdehin 23 dekabr 2021-ci il tarixli, **********2 nömrəli əmri ilə təyin edilmiş komissiyanın digər üzvləri “İddiaçı” Şirkətində Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi söbəsinin rəisi İbrahim Mollaçiyev və Həmkarlar İttifaqı Komitəsinin sədri X14 sədri tərəfindən tərtib edilmiş Təhqiqat Aktı layihəsi ilə razılaşmayaraq xüsusi rəyi Komissiya sədrinə təqdim etmişlər. Cavabdeh, X13 Xidmətinin rəisi cənab Fuad Heydərov tərəfindən yazılmış 02 fevral 2022-ci il tarixli, **********9 nömrəli məktubda Komissiya üzvlərinin xüsusi rəyinin nəzərə alınmadığı və Komissiyanın sədrinin tərtib etdiyi Təhqiqat aktının əsas götürülərək İZ formalı aktın tərtib edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na (bundan sonra-Qaydalar) əsasən Filialın işçisi X8 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə X13 Xidmətinin (bundan sonra-Xidmət) müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən təhqiq edilmişdir. Qaydalara əsasən Təhqiqat aktının 3-cü (Bədbəxt hadisənin şəraiti) bölməsində bədbəxt hadisədən qabaq nə olduğu əmək prosesinin necə getdiyi, həmin prosesə kimin rəhbərlik etmiş olduğu göstərilməli, zərərçəkənin (zərərçəkənlərin) və bədbəxt hadisə ilə əlaqədar olan digər şəxslərin hərəkətləri təsvir edilməli, hadisələr ardıcıllıqla ifadə edilməli, zədə yetirmiş olan təhlükəli (zərərli) istehsal amili, maşın, alət yaxud avadanlıq göstərilməlidir. Qaydalara əsasən Təhqiqat aktının 4-cü (Bədbəxt hadisənin səbəbləri) bölməsində bədbəxt hadisənin əsas texniki və təşkilati səbəbləri göstərilməli, əməyin mühafizəsi üzrə təlimatların, işlərin təhlükəsiz aparılması üzrə təlimat və normaların hansı tələblərinin pozulması (müvafiq maddələrə, paraqraflara, bəndlərə istinad edilməli, eləcə də dövlət standartlarının pozulması konkret ifadə edilməli, hansı təhlükəli və zərərli istehsal amillərinin yol verilən normadan, yaxud səviyyədən artıq olduğu) göstərilməlidir. Qaydalara əsasən Təhqiqat aktının 6-cı bölməsində bədbəxt hadisəyə (bədbəxt hadisə ilə nəticələnmiş qəzaya) gətirib çıxarmış hərəkətlərinə, yaxud fəaliyyətsizliklərinə görə cavabdeh olan şəxslərin adları çəkilməli, əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə üzrə təlimatların, dövlət nəzarəti orqanlarının təsdiq etmiş olduğu digər normativ sənədlərin onlar tərəfindən hansı dərəcədə pozulması (faiz nisbətində), riayət olunmamış maddələri, paraqrafları, bəndləri göstərilməlidir. Qaydalara uyğun olaraq Təhqiqat aktının 3-cü bölməsində hadisənin şəraiti göstərilmiş və X8 xəsarət almasına səbəb həmin gün hava şəraitinin yağmurlu və ayağına geyindiyi xüsusi iş çəkməsinin altının palçıqlı olmasına görə ayağının sürüşməsi olmuşdur. Qaydalara uyğun olaraq Təhqiqat aktının 4-cü bölməsinin 4 1-ci bəndində Filialın rəhbərliyi tərəfindən təsdiq edilmiş “Quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçilərinin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə peşə təlimatı”nın 2.1.1-ci bəndinin (xüsusi geyimləri, ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrini yoxlamalı və səhmana salmalıdır, iş zamanı onlardan istifadə etməlidir.) tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Qaydalara uyğun olaraq Təhqiqat aktının 4-cü bölməsinin 4.2-ci bəndində Filialın rəhbərliyi tərəfindən təsdiq edilmiş "Quyuların əsaslı və yeraltı təmiri üzrə ustanın vəzifə təlimatı”nın “vəzifə borcu” bölməsinin 21-ci abzasının (əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görmək, həmçinin onlara riayət edilməsinə nəzarət edir) tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Təhqiqat komissiyasının sədri alınmış izahatlara və toplanmış materiallara əsasən bədbəxt hadisənin baş verməsində Filialın Quyuların əsaslı və yeraltı təmiri sexinin qazmaçı köməkçisi X8 ehtiyatsızlığını və usta X4 nəzarətsizliyini müəyyən edərək akt tərtib etmişdir. Lakın, komissiyanın Filialdan olan üzvləri təhqiqat aktı ilə razılaşmayaraq xüsusi rəy təqdim etmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci (Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri) maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 222-ci (Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi) maddəsinin tələblərinə əsasən işəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verir. Filialın rəhbərliyi tərəfindən təsdiq edilmiş “Quyuların əsaslı və yeraltı təmiri üzrə ustanın vəzifə təlimat”ının “vəzifə borcu” bölməsinin 21-ci abzasına əsasən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görmək, həmçinin onlara riayət edilməsinə nəzarət etmək funksiyası ustaya həvalə edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, komissiya üzvləri tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli xüsusi rəy əsassız hesab edilmişdir. Bununla yanaşı, Filial rəhbərliyi tərəfindən tərtib və təsdiq edilmiş İZ formalı akta baxış keçirilərkən aktın 11.1-ci (Bədbəxt hadisənin səbəbləri) və 12-ci (Əmək qanunvericiliyi pozuntusuna yol vermiş şəxslər) bəndlərində təhqiqat aktına uyğun məlumatların daxil olunmadığı müəyyən edilmişdir Qaydaların 1.8-ci bəndinə əsasən İZ formalı aktın düzgün tərtib edilməsinə işəgötürənin cavabdeh olduğu nəzərə alınaraq, İZ formalı aktın yenidən tərtib edilərək (Təhqiqat aktına uyğun olaraq) Xidmətə təqdim edilməsi barədə Filiala xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktub göndərilmişdir. Filialdan təqdim edilmiş cavab məktubunda məsələnin məhkəmə qaydasında mübahisələndiriləcəyi və İZ formalı aktın məhkəmə qərarına uyğun olaraq tərtib ediləcəyi bildirilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçıya məxsus ******* nömrəli Əmək kitabçasının surəti. - Əmək müqaviləsinin surəti. - “X12 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2021-ci il tarixli Baxış Aktının surəti. - İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında Məlumatın surəti. - izahatların surəti. - X13 Xidmətinin xx.xx.2021-ci il tarixli **********2 nömrəli Əmrinin surəti. - Komissiya üzvlərinin xx.xx.2022-ci il tarixli xüsusi rəyinin surəti. - X13 Xidmətinin xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubun surəti. - Təhqiqat aktının surəti. - İstehsalatda baş vermş bədbəxt hadisə haqqında 16/2021 saylı Aktın (İZ forması) surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə iddia növünə aiddir. Göründüyü kimi, təhqiqat komissyasının qəbul etdiyi təhqiqat aktı İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinin tələblərinə cavab verdiyindən inzibati akt sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.2- ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Belə ki, İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının hüquqi ünvanını nəzərə alaraq işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu qeyd edir. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki hallarından müəyyən edilir ki, ******* nömrəli Əmək kitabçasına və xx.xx.2020-ci il tarixli Əmək Müqaviləsinə əsasən N.Q.Nağıyev xx.xx.2020-ci il tarixdən “X12 LTD” şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların Əsaslı və Yeraltı təmiri sexinə quyuların əsaslı təmiri üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsində işləyir. Filialın işçisi X8 xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Həmin bədbəxt hadisə X13 Xidmətinin müvafiq əmri ilə yaradılmış komissiya tərəfindən təhqiq edilmişdir. Nəticədə hazırkı iddia tələbi ilə mübahisələndirilən Təhqiqat aktı qəbul edilmişdir. Bədbəxt hadisə ilə bağlı cavabdehin 23 dekabr 2021-ci il tarixli, **********2 nömrəli əmri ilə təyin edilmiş komissiyanın digər üzvləri “İddiaçı” Şirkətində Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi söbəsinin rəisi İbrahim Mollaçiyev və Həmkarlar İttifaqı Komitəsinin sədri X14 sədri tərəfindən tərtib edilmiş Təhqiqat Aktı layihəsi ilə razılaşmayaraq xüsusi rəyi Komissiya sədrinə təqdim etmişlər. Cavabdeh, X13 Xidmətinin rəisi cənab Fuad Heydərov tərəfindən yazılmış 02 fevral 2022-ci il tarixli, **********9 nömrəli məktubda Komissiya üzvlərinin xüsusi rəyinin nəzərə alınmadığı və Komissiyanın sədrinin tərtib etdiyi Təhqiqat aktının əsas götürülərək İZ formalı aktın tərtib edilməsi tələb edilmişdir. İddiaçı Təhqiqat aktı ilə razılaşmayarq hazırkı iddia tələbi ilə həmin Aktın ləğv edilməsini tələb edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, mübahisələndirilən “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X8 15 dekabr 2021-ci il tarixində saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı ləğv edilməlidir. Belə ki, İş materiallarında olan “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X8 15 dekabr 2021-ci il tarixində saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının 4-cü bəndində göstərilmişdir ki, 4.1. “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının prezidenti tərəfindən təsdiq edilmiş “Quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçilərinin Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə peşə təlimatı”nın 2.1.1-ci bəndinin (xüsusi geyimləri, ayaqqabılarını və başqa fərdi mühafizə vasitələrini yoxlamalı və səhmana salmalıdır, iş zamanı onlardan istifadə etməlidir) tələblərinə riayət olunmaması. 4.2. “İddiaçı” Şirkətinin “Azərbaycan Respublikasındakı Filialının prezidenti tərəfindən təsdiq edilmiş “Ustanın vəzifə təlimatı”nın “Vəzifə borcu” bölməsinin 21-ci abzasının (əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət edilməsinə nəzarət edir) tələblərinə əməl edilməməsi. X20 6-cı bəndində “Əməyin mühafizəsi üzrə qanunvericilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyi” bədində göstərilmişdir: “Komissiya təhqiqat aktının 4.1-ci bəndinə əsasən bədbəxt hadisənin baş verməsində “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexinin qazmaçı köməkçisi X8 ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexinin ustası X4 nəzarətsizliyini müəyyən etmişdir. X16 ilə baş vermiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq istehsalatda baş vermiş bədbəxt hadisə kimi İZ formalı aktla rəsmiləşdirilməli və “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında uçota alınmalıdır.” Təhqiqat aktının "Bədbəxt hadisənin şəraiti" adlı 3-cü bölməsində qeyd edilmişdir: - "4 saylı briqadanın ustası Bəhmən Abdullayev tərəfindən X16 və X5 15 dekabr 2021-ci il tarixdə iş yerində birdəfəlik təlimat keçirilmişdir və müvafiq jurnalda qeydiyyatı aparılmışdır". -"Bəhmən Abdullayevin verdiyi izahata əsasən işlərin yerinə yetirilməsinə şəxsən nəzarət etmişdir". - "Nağıyev Namiq işçi meydançadan qəbul körpüsü ilə pilləkənə tərəf gedəndə həmin gün yağış yağdığına görə, çəkməsinin altı palçıqlı olduğu üçün sağ ayağı sürüşərək müvazinətini itirmiş və qəbul körpüsü ilə borular yığılan meydança arasında olan boş sahədən yer səthinə yıxılmışdır". - "X21 Namiqin yanına gələrək ilkin tibbi yardım göstərmişdir”. Məhkəmə ilk növbədə qeyd edir ki, təhqiqat aktının tərtib edilməsi zamanı bir sıra maddi hüquq normalarının tələbləri pozulmuşdur. «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.10-cu maddəsinə əsasən istehsalatda bədbəxt hadisə – əmək funksiyalarını yerinə yetirərkən xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxsin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 1 iyul 1997-ci il tarixli ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında Əsasnamə”nin 2.1-ci bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı: - yüngül bədən xəsarətləri (zədələnmələri), az ağır dərəcəli bədən xəsarətləri ilə bağlı təhqiqatlar müəssisədə yaranmış komissiya tərəfindən aparılır; - ağır bədən xəsarətləri, qrup halında xəsarət alma halları və ölümlə nəticələnən bədbəxt hadisələrlə bağlı təhqiqatlar isə bu əsasnamənin 3.1-ci 3.2-ci və 3.3-cü bəndlərində göstərilən komissiyalar tərəfindən aparılır. Əsasnamənin 2.3-cü bəndinə əsasən müəssisə rəhbəri bədbəxt hadisə baş verdikdən dərhal sonra öz əmri ilə hadisəni təhqiq edən komissiya yaradır. Tərkibi sex rəisindən (müəssisənin baş mütəxəssisindən), müəssisənin (sexin) əməyin mühafizəsi xidmətinin rəisindən (onun vəzifələrini icra edən mühəndisdən, mütəxəssisdən), sexin (bölmənin) əməyin mühafizəsi komissiyasının, ictimai müvəkkillərin nümayəndəsindən ibarət olan komissiya bədbəxt hadisənin şəraitini və səbəblərini üç gün ərzində təhqiq etməyə, şahidləri və əmək mühafizəsi üzrə qaydaların, əmək təhlükəsizliyi standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar etməyə və dindirməyə, imkan dairəsində zərərçəkəndən izahat almağa, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə, aşağısı beş nüsxədən ibarət İZ formalı akt tərtib etməyə və təsdiq edilmək üçün müəssisənin rəhbərinə göndərməyə borcludur. İZ formalı akta şahidlərin, zərərçəkənin izahatları, iş yerinin (maşının, avadanlığın, qurğunun) vəziyyətini, təhlükə və zərərli istehsalat amillərini xarakterizə edən planlar, sxemlər və başqa sənədlər, tibbi rəy və sairə əlavə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları»nın 1.2-ci bəndinə əsasən əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyəti göstərərkən, müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən, müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində, keçirildiyi yerdən asılı olmayaraq müəssisə tərəfindən iməcilik tədbirləri keçirildiyi müddətdə, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə, istehsal avadanlıqları və obyektlərində qəza zamanı, növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt, işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə, işəgötürənin yazılı sərəncamına əsasən əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt, əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə, əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı işçilərin səhhətinin pozulması halları təhqiq edilməlidir. Qaydaların 1.3-cü bəndinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Həmin bəndinin 2-ci hissəsinə əsasən istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, işçinin xəsarətin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün müvafiq rəy alınmamış və rəyin alınmama səbəbi təhqiqat aktında əsaslandırılmamışdır. Qaydaların 3.1-ci bəndinə əsasən təhqiqat komissiyası əmək qanunvericiliyinə və bu Qaydaya əsasən bədbəxt hadisənin təhqiqatının aparılması müddətinə, müvəqqəti olaraq yaradılır. Təhqiqat komissiyası heyətinin ezamiyyə xərcləri hər bir komissiya üzvünün mənsub olduğu təşkilat tərəfindən (verilmiş əmrə əsasən) ödənilir, təhqiqat işinin gedişi dövründə onun aparılması ilə əlaqədar ortaya çıxan digər əlavə xərclər isə hadisə baş vermiş müəssisə və ya onun tabeçiliyi üzrə yuxarı orqanı tərəfindən ödənilir. Təhqiqat komissiyasının yekun sənədi (akt) komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Akt tərtib edilən zaman komissiyanın hər bir üzvü öz rəyini yazılı şəkildə komissiyanın sədrinə təqdim edir. Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir (əlavə 4). Zəruri hallarda, Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılmalı və xüsusi təhqiqat aktı tərtib edilməli olduğu halda, hazırda mübahisələndirilən Təhqiqat Aktı 32 gün müddətində aparılmış təhqiqatın nəticəsində qəbul edilmişdir. Bu müddətin komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırılmasını təsdiq edən hər hansı sübutun olması məhkəməyə təqdim edilmiş təhqiqat materiallarından öz təsdiqini tapmamışdır. Qaydaların 3.4-bəndinin 2-ci və 3-cü hissəsinə əsasən təhqiqat komissiyasının sədri zərərçəkənin aldığı xəsarətin xarakteri ilə ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında müalicə-profilaktika idarəsinin, məhkəmə-tibb ekspertizasının rəyini almaq hüququna malikdir. Təhqiqat zamanı, zəruri hallarda Təhqiqat komissiyası sədrinin sərəncamı ilə ekspert dəvət olunur və yaxud ekspert komissiyası yaradılır. Ekspert və ya ekspert komissiyası aparılan ekspertizanın nəticəsi barədə rəsmi rəy verməlidir. Qaydaların 3.5-ci bəndinə əsasən Təhqiqat aktına aşağıdakı sənədlər əlavə olunmalıdır: hər bir zərərçəkən üçün İZ formalı aktın surəti; hadisə yerinin planı, sxemləri (eskizləri), müşahidə protokolları və fotoşəkilləri; sorğu protokolları; bədbəxt hadisənin şahidlərinin və digər aidiyyəti şəxslərin, eləcə də dövlət standartlarının, əməyin təhlükəsizliyi standartlarının, əməyin mühafizəsi üzrə qayda və normaların tələblərinə riayət edilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları; ekspert komissiyasının yaradılması barədə sərəncam (qərar, əmr); zərərçəkənin təlim keçməsi və təlimatlandırılması haqqında sənədlərdən çıxarış; zərərçəkənin aldığı xəsarətin xarakteri və ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında tibbi rəy; bədbəxt hadisənin səbəbləri haqqında ekspert komissiyasının rəyi (lazım gəldikdə), laboratoriya təhqiqatlarının və başqa təhqiqatların, təcrübələrin, analizlərin və s. nəticələri; qəza ilə əlaqədar olaraq dəymiş maddi ziyan haqqında arayış; istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin surəti; təhqiqat komissiyasının yaradılması haqqında əmrin (sərəncamın) surəti; təhlükəsiz əmək şəraitinin təmin edilməsi üzrə tədbirlər və bunun üçün məsul şəxsləri müəyyən edən təlimatlardan, əsasnamələrdən, əmrlərdən, digər aktlardan çıxarışlar və Fövqəladə Hallar Nazirliyinin texniki təhqiqat aktının surəti. Siyahıya Təhqiqat komissiyası üzvlərinin xüsusi rəylərinin surətləri (belə hal olduqda) əlavə olunur. Qaydaların 4.1-ci bəndinə əsasən Təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib Təhqiqat aktında göstərməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, mövcud qanunvericilikdə Təhqiqat aktına əlavə edilən sənədlərin siyahısı konkret göstərilmişdir. Məhkəməyə təqdim edilmiş təhqiqat materiallarından görünür ki, hazırkı halda nəzərdə tutulan sənədlərdən “ekspert komissiyasının yaradılması barədə sərəncam (qərar, əmr)” və “laboratoriya təhqiqatlarının və başqa təhqiqatların, təcrübələrin, analizlərin və s. nəticələri” təhqiqat materiallarında mövcud deyildir. Həmçinin mövcud qanunvericiliyin tələblərinə əsasən Təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib Təhqiqat aktında göstərməli olduğu halda bunu etməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, müvafiq şəraitdə işçinin ayağının altının palçılqlı və sürüşkən olması, həmçinin hava şəraitinin yağışlı olması müəssisə tərəfindən təhlükəsizlik qaydalarına və işçi tərəfindən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarına riayət edilməmə kimi qiymətləndirilməsi əsaslı hesab oluna bilməz. Belə ki, iş materiallarından da müəyyən olunur ki, işçi Nağıyev Namiq öz izahatında da özünün ehtiyatsızlığı və ayağının altını təmizləməməsi ucbatında sürüşkən olması nəticəsində yıxıldığını bildirmişdir. O izahatında Ağamir adlı işçinin də həmin ondan əvvəl həmin quyudan keçdiyini bildirimişdir. İş materialları ilə eyni sahədən az öncə keçən Ağamir adlı işçiyə münasibətdə analoji hadisənin baş verməməsi onu qeyd etməyə əsas verir ki, işəgötürən tərəfindən əməyin mühafizə qaydalarına tam və dürüst riayət edilibedilməməsi hər tərəfli və tam araşdırılmamışdır. Lakin bütün bunlara baxmayaraq, Təhqiqat aktının “Bədbəxt hadisənin səbəbləri" adlanan 4-cü bölməsində 4.2-ci bənddə hadisənin səbəblərindən biri kimi "İddiaçı" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının prezidenti tərəfindən təsdiq edilmiş "Ustanın vəzifə təlimatı"nın "Vəzifə borcu" bölməsinin 21-ci abzasının (əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası, ətraf mühitin mühafizəsi qaydalarının yerinə yetirilməsi üzrə tədbirlər görür, həmçinin onlara riayət edilməsinə nəzarət edir) tələblərinə əməl edilməməsi" qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan təhqiqat materiallarından görünür ki, zərərçəkənə əməyin mühafizəsi qaydalarına uyğun təlimat keçirilmiş, zərərçəkən fərdi mühafizə vasitələri ilə təmin edilmiş, fərdi mühafizə vasitələri tam yararlı olmuş, usta tərəfindən işlərin gedişinə bilavasitə nəzarət edilmiş, usta tərəfindən ilkin tibbi yardım göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarına istinad etməklə belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqanın yaratdığı təhqiqat komissiyası tərəfindən tərtib edilmiş mübahisələndirilən Təhqiqat aktı yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri pozulmaqla qəbul edilmişdir və qeyd edilənlər işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. - 70.1-ci maddəsinə əsasən İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə, istinad olunan hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X8 15 dekabr 2021-ci il tarixində saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı ləğv edilməlidir.

NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “İddiaçı” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının işçisi X8 15 dekabr 2021-ci il tarixində saat 14:00-da radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar