Məhkəmə qərarları › İş №e-2-1(112)-6817/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6817/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6817/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığı idarə heyətinin xx.xx.1996-cı il tarixli protokol qərarına əsasən ayrılmış və Bakı şəhəri Suraxanı rayonu Hövsan bağlar massivində yerləşən, 27 saylı bağın 0,05 ha. torpaq sahəsinə hüququ olmuş vəfat etmiş X2 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçının nümayəndəsinin ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi ““Azərelektroterm” EİB Bağçılıq yoldaşlığı idarə heyətinin xx.xx.1996-cı il tarixli protokol qərarına əsasən ayrılmış və Bakı şəhəri Suraxanı rayonu Hövsan bağlar massivində yerləşən Z27 nömrəli bağın 0,496 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.

3. Məhkəmənin qərardadı ilə iş üzrə X9 inzibati məhkəmə icraatına üçüncü şəxs (zəruri cəlbetmə) qismində cəlb edilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, “Azərelektroterm” EİB Bağşılıq yoldaşlığı idarə heyətinin xx.xx.1996-cı il tarixli protokol qərarına əsasən həmin Bağçılığın Hövsan bağlar massivində yerləşən, ümumi sahəsi 500 kv.m olan bağ torpaq sahəsi mərhum anası X2 verilmiş, bununla bağlı adına 27 saylı üzvlük kitabçası tərtib edilmişdir. Onu da qeyd edir ki, 27 saylı bağ sahəsi ilkin olaraq X8 məxsus olmuş, həmin şəxs ərizə ilə bağçılıq idarəsinə müraciət edərək, ona məxsus bağın Fatmaxanım Zeynalovanın adına keçirilməsinə etiraz etmədiyini bildirmiş, bununla əlaqədar Rafiq Dadaşov üzvlükdən azad edilməklə, Fatmaxanım Zeynalova həmin şəxsin əvəzinə üzvlüyə qəbul edilmiş, 27 saylı bağ bütün tikililəri ilə birlikdə Fatmaxanım Zeynalovaya verilmişdir. Həmin dövrdən hazırki vaxtadək torpaq sahəsi ilə bağlı ödənişlər, eləcə də, həmin torpaqda inşa edilmiş yaşayış evinin kommunal xidmət haqqları Fatmaxanım Zeynalova, sonuncunun xx.xx.2020-ci ildə vəfatından sonrakı müddətdə isə İddiaçı tərəfindən vaxtı vaxtında ödənilmişdir (ödənişlərin surəti əlavə olunur). İddiaçı bağ torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müraciət etmiş, ona ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirlmişdir ki, idarənin arxivində olan “Azərelektroterm” EİB Bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında hüquq sahibinin adı aşkar edilməmişdir. Eyni zamanda, 27 saylı torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Vəkil sorğusuna verilən cavabda isə 27 saylı bağ evinin xx.xx.2018-ci ildə X5 adına qeydiyyata alınması bildirlmişdir. Ola bilər ki, bağların nömrəsində uyğunsuzluq yaransın. Çünki, 27 saylı bağ 1996-cı ildən İddiaçı və ailə üzvlərinin istifadəsində və sahibliyində olmaqla, hazırki vaxtadək yaşayış ilə təmin edilmişdir. Hazırda isə mərhumun vərəsəsinin həmin bağ sahəsində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün, bağ sahəsinə müvafiq arayışın verilməsinə zərurət yaranmışdır. Bu barədə xx.xx.2023-cü ildə rəsmi qaydada poçt vasitəsilə cavabdehə müraciət edilmiş, lakin müraciətə hazırki vaxtadək cavab verilməmiş, qanunla müəyyən edilmiş 35 gün müddət keçmişdir. Hesab edir ki, cavabdehin hərəkətsizliyi əsassız və qanunsuz olmaqla hüquqlarını məhdudlaşdırır. “Azərelektroterm” EİB Bağşılıq yoldaşlığı idarə heyətinin xx.xx.1996-cı il tarixli protokol qərarı da hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan isə ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan formal mülahizələrlə ərizəni təmin etməmişdir. Göründüyü kimi, iddiaçı zəruri olan sənədlərə malik olduğu halda cavabdeh «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sadalanan halların heç birinin olmamasına baxmayaraq əsassız olaraq müraciətimi təmin etməmiş, ona məxsus bağ torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan tələblərdən heç biri müəyyən olunmamışdır.

5. İddiaçının hüquqlarının qeydə alınmasından imtina onunla əsaslandırılmışdır ki, idarənin arxivində olan «Azərelektroterm», bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında hüquq sahibinin adı aşkar edilməmişdir. Bundan başqa, eyni bağçılıq yoldaşlıq təsərrüfatının nəzdində “27” nömrəli torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 500,0 kv.metr qeyd edilsə də, faktiki sahə 477,0 kv.metr təşkil edir.

6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, idarənin arxivində olan “Azərelektroterm“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X1 və təqdim edilmiş protokoldan çıxarışda qeyd olunan X6 adı aşkar edilməmişdir. Bundan başqa, eyni bağçılıq yoldaşlıq təsərrüfatının nəzdində “27” nömrəsi ilə torpaq sahəsi digər fiziki şəxsin adına X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 500,0 kv.metr qeyd edilsə də, faktiki sahə 477,0 kv.metr təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.

7. «Azərelektroterm EİB» bağçılıq yoldaşlığın idarə heyətinin xx.xx.1996-cı il tarixli iclasının protokolundan görünür ki, X3 bağçılıq yoldaşlığa üzv qəbul edilmişdir.

8. «Azərelektroterm EİB» BakETAZ üzrə yoldaşlı-bağçılıq üzvlərinin siyahısından görünür ki, mərhum F.Ə. Zeynalova siyahıda 119-cu olmaqla Z 27 sahəsi ona təhkim olunmuşdur.

9. Bakı şəhəri Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ seriyalı 098257 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2020ci il tarixdə vəfat etmişdir.

10. 12 saylı Notariat Ofisinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2020-ci il tarixli 454 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 adına vərəsəlik işi açılmışdır. Təqdim edilmiş əmlaka mərhum X1 adına çıxarış və torpaq sahəsinin plan-ölçüsü verilməsini təmin etməyi sorğu təqdim etmiş şəxs vasitəsilə notariat ofisinə göndərilməsi xahiş edilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının arxiv qovluğunda mövcud olan siyahısının, ayrıc və müayinə aktının təsdiq edilmiş surəti, eləcə də ortofoto və torpaq sahəsinin koordinatları məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarxili müayinə (baxış) aktında qeyd olunmuşdur: Torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 500.0 kv.m, faktiki 477.0 kv.m təşkil edir; Bağ sahəsinin sərhədləri hər tərəfdən m.daşı ilə hasarlanmışdır və hasarla iki hissəyə ayrılmışdır; Bağ sahəsindı iki ədəd 1 mərtəbəli y/evi və bir köməkçi tikilisi var; Arxiv qeydində göstərilən 27 saylı bağ sahəsi, elektron baza koordinatlarına əsasən bu bağla üst-üstə düşmür. Daşınmaz əmlakın koordinatlarını əks etdirən sənəddə qeyd olunmuşdur: Hövsan Bağ № 27 "Azərelektroterm" b/y. Sahəsi sənədlə 500.0 kv.m, faktiki 496.0 kv.m təşkil edir.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.

II. İddianın növü və mümkünküyü

14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

16. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivində yerləşən “27” saylı torpaq sahəsi “Azərelektroterm” Bağçılıq yoldaşlığı idarə heyətinin xx.xx.1996-cı il tarixli iclas protokolundan çıxarış əsasında mərhum X2 ayrılmışdır, həmin şəxs xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, 12 saylı Notariat Ofisinin cavabdehə ünvanlanmış 01 sentyabr 2020-ci il tarixli məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

21. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsindən: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

24. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

25. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

26. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

27. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

29. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

30. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, idarənin arxivində olan «Azərelektroterm» bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında hüquq sahibinin adı aşkar edilməmişdir. Bundan başqa, eyni bağçılıq yoldaşlıq təsərrüfatının nəzdində “27” nömrəli torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsini müəyyən etmək də mümkün olmamışdır. Həmçinin sənəd üzrə torpaq sahəsinin ölçüsü 500,0 kv.metr qeyd edilsə də, faktiki sahəsi 477,0 kv.metr təşkil edir.

31. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivində yerləşən “Z27” saylı torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Belə ki, “Azərelektroterm” bağçılıq yoldaşlığının üzvlərinin siyahısı yenilənmiş və təsdiq edilmiş, iddiaçının mərhum anasına Z27 №li sahə ayrılmış, iddiaçının mərhum anasının adı 119-cu sırada Zeynalova F.Ə. olaraq qeyd edilmişdir. Həmin bağ məhz “Azərelektroterm” bağçılıq-yoldaşlıq cəmiyyətinin nəzdindədir. “Z27” saylı torpaqla bağlı hər hansı mübahisə yoxdur.

32. Həmçinin, iş materiallarına əlavə edilən torpaq sahəsinin koordinatlarından görünür ki, sənəd üzrə ölçüsü 500 kv.m, faktiki isə 496.0 kv.m təşkil edir. İddiaçı iddia tələbini dəqiqləşdirərək Z 27 nömrəli bağın 496,0 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olmasına dair arayışın verilməsini xahiş etmişdir.

33. Bununla yanaşı cavabdehin təqdim etdiyi xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktında qeyd dilmişdir ki, bağ sahəsinin sərhədləri hər tərəfdən m.daş ilə hasarlanmış, arxiv qeydində göstərilən 27 saylı bağ sahəsi, elektron baza koordinatlarına əsasən bu bağla üst-üstə düşmür.

34. Məhkəmə qeyd edir ki, üzvlər arasında bölgü sxemi olmaması əsası ilə hüququnun qeydə alınmasından imtina qanunun güddüyü məqsədə uyğun hesab edilə bilməz. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında bağçılıq-yoldaşlıq cəmiyyətinin ona ayrılmış hüdudları çərçivəsində üzvlərinin şərti bölgü sxemi əsasında (məsələn, siyahıya əsasən üzvlərinin sıra ardıcıllığına uyğun) şəxslərin hüquqlarını təmin edə bilər.

35. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum anasının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

36. Beləliklə məhkəmə hesab edir ki, inzibati orqan iddiaçının Z27 saylı bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

37. Bundan başqa qeyd edilməlidir ki, qanunvericiliklə dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1.-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

38. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

39. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia təmin edilməlidir.

40. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmAğa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığı idarə heyətinin xx.xx.1996-cı il tarixli protokol qərarına əsasən ayrılmış, Bakı şəhəri Suraxanı rayonu Hövsan bağlar massivində yerləşən Z27 nömrəli bağın 0,496 ha torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olmasına dair arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar