Məhkəmə qərarları › İş №e-2-1(112)-6819/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6819/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6819/2024 19.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxsin vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki olaraq 1998-ci ildən fasiləsiz olaraq iddiaçının istifadəsində olan, “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığının İdarə Heyətinin xx.xx.1998-ci il tarixli iclasının Protokoluna əsasən, Bağçının üzvlük kitabçasına əsasən, Bağ sahəsinin planına əsasən və “Azərelektroterm” EİB BakETAZ üzrə yoldaşlı-bağçılıq üzvlər arasında olmuş bölgü sxeminə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 500 kv.m sahəsi olan, Z-77 nömrəli bağ sahəsinin və torpaq sahəsində inşa edilmiş köməkçi tikilinin, bağ evinin dövlət qeydiyyatına alınması, mülkiyyət hüququna dair dövlət reyestrindən Çıxarışın və Texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti inzibati məhkəmə icraatına üçüncü şəxs (zəruri cəlbetmə) qismində cəlb edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığının İdarə Heyətinin xx.xx.1998-ci il tarixli iclasının Protokoluna əsasən İddiaçı “Azərelektroterm” bağçılıq yoldaşlığına üzv qəbul edilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən Z-77 nömrəli bağ sahəsi bütün tikintilərilə birlikdə ona verilməsinə razılıq verilmişdir. İddiaçıya “Azərelektroterm” EİB Bağçılıq cəmiyyətinə üzv qəbul ediləndən dərhal sonra, 500 kv.m sahəsi olan, Z-77 nömrəli bağa aid Bağçının üzvlük kitabçası təqdim edilmişdir. Həmin Bağçının üzvlük kitabçasını alandan sonra üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, üzvlük haqqını vaxtı-vaxtında ödəmişdir. Heç bir borcu olmamışdır. Ona təsdiqlənərək təqdim edilmiş “Azərelektroterm” EİB BakETAZ üzrə yoldaşlıq-bağçılıq üzvlərinin siyahısının 5-ci səhifəsində Z sahəsi üzrə 150 nömrəli siyahıda adı İddiaçı Z-77 nömrəli bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında vardır. “Azərelektroterm” EİB Bağçılıq birliyinin sədri tərəfindən təsdiqlənib ona təqdim edilmiş Bağ sahəsinin planında Z-77 nömrəli sahənin, bağın sahibi olaraq iddiaçının adı İddiaçı qeyd edilmişdir. Təsdiqlənərək təqdim edilmiş, “Azərelektroterm” EİB BakETAZ üzrə yoldaşlı-bağçılıq üzvlər arasında bölgü sxemində Z-77 nömrəli sahə İddiaçı ayrılmışdır. Ona təqdim edilmiş arayışdan da görünür ki, İddiaçı həqiqətən “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığının üzvüdür. O, 1998-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 500 kv.m sahəsi olan, Z-77 nömrəli bağ sahəsini fasiləsiz olaraq istifadə edir. Hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 2.Z-77 nömrəli bağ sahəsində, torpaq sahəsində 2 otaqlı bağ evi və köməkçi tikililər inşa edilmişdir, evdə yaşayış var, qaz, su, işıq sayğacları var. Hazırda faktiki olaraq 1998-ci ildən fasiləsiz istifadəsində olan, “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığının İdarə Heyətinin xx.xx.1998-ci il tarixli iclasının Protokoluna əsasən, Bağçının üzvlük kitabçasına əsasən, Bağ sahəsinin planına əsasən və “Azərelektroterm” EİB BakETAZ üzrə yoldaşlıq bağçılıq üzvlər arasında olmuş bölgü sxeminə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən Z-77 nömrəli bağ sahəsinə və torpaq sahəsində inşa edilmiş köməkçi tikiliyə, bağ evinə və evinin yerləşdiyi torpaq sahəsinə reyestrdən çıxarışın və texniki pasportun alınması zərurəti yaranmışdır. O, 1998-ci ildən fasiləsiz olaraq istifadəsində olan bağ sahəsindəki torpaq sahəsində inşa edilmiş köməkçi tikiliyə, bağ evinə və evinin yerləşdiyi torpaq sahəsinə reyesterdən çıxarışın və texniki pasportun verilməsi üçün ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti, 1 saylı Bakı Ərazi İdarəsinərizə ilə müraciətlər etmişdir. Cavabdeh tərəfindən imtina haqqında **********27 nömrəli, xx.xx.2018-ci il tarixli, 3-213300/2-A05xx-xx/2023, **********65 nömrəli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli, **********86 nömrəli cavab məktubları göndərilmişdir.

4. Cavabdeh tərəfindən ona ünvanlanmış Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə **********27 nömrəli, xx.xx.2018-ci il tarixli Bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, sizin adınız və protokoldan çıxarışda qeyd olunan şəxsin X2 adı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşının təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır. Bundan əlavə göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Hazırda iddia ərizəsinə əlavə elədiyi, ona təsdiqlənərək təqdim edilmiş, “Azərelektroterm” EİB BakETAZ üzrə yoldaşlı-bağçılıq üzvlərinin siyahısının 5-ci səhifəsində Z sahəsi üzrə 150 nömrəli siyahıda adı İddiaçı Z-77 nömrəli bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında vardır. Göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi ilə faktiki olaraq 1998-ci ildən istifadəsində olan, “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığının İdarə Heyətinin xx.xx.1998-ci il tarixli iclasının Protokoluna əsasən, Bağçının üzvlük kitabçasına əsasən, Bağ sahəsinin planına əsasən və “Azərelektroterm” EİB BakETAZ üzrə yoldaşlı-bağçılıq üzvlər arasında olmuş bölgü sxeminə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən Z-77 nömrəli bağ sahəsinin yerləşdiyi ərazidə sağ-sol, arxa və ön tərəfdəki bütün qonşu bağ sahələrində yaşayışlar var. Həmin ərazidə heç bir boş sahə, Neft quyusu və ya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə aid avadanlıq və.s yoxdur. Bütün qonşulardakı bağ sahələrinin torpaqları Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmışdır. Çıxarışları var. Cavabdeh tərəfindən ünvanlanmış bildirişdə qeyd edilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin təqdim edilmiş bağçılıq-yoldaşlığın üzvlük kitabçasında qeyd olunan bağın nömrəsi və sahəsi göstərilməmişdir.

5. İddiaçının hüquqlarının qeydə alınmasından xx.xx.2018-ci il tarixli imtina məktubu onunla əsaslandırılmışdır ki, İddiaçı adı və protokoldan çıxarışda qeyd olunan X4 adı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır. Bundan əlavə göstərilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.

6. İddiaçının hüquqlarının qeydə alınmasından xx.xx.2023-cü il tarixli imtina məktubu onunla əsaslandırılmışdır ki, idarənin arxiv məlumatlarına əsasən “Azərelektroterm” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin təqdim edilmiş bağçılıq-yoldaşlığın üzvlük kitabçasında qeyd olunan bağın nömrəsi və sahəsi göstərilməmişdir.

7. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, idarənin arxivində olan “Azərelektroterm“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Həmçinin təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş bağın nömrəsi və sahəsi göstərilməmişdir. Bundan əlavə, bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır.

8. Üçüncü şəxsin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, təqdim edilən sənədlərdə qeyd edilən koordinatlarda yerləşən torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X5 Limited” Əməliyyat Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Əlavədə xəritədən çıxarış təqdim olunur. Yuxarıda göstərilənləri əsas gətirərək, İddiaçı cavabdeh AR İN ƏMDX DƏDKR 1 saylı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti olmaqla) “çıxarışın verilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməməsi xahiş edilir.

9. «Azərelektroterm» EİB bağçılıq yoldaşlığın idarə heyətinin xx.xx.1998-cı il tarixli iclasının protokolu ilə qərara alınmışdır:

1. İddiaçı bağçılıq yoldaşlığa üzv qəbul edilmişdir.

2. Z-77 nömrəli bağ sahəsi bütün tikintililəri ilə birlikdə ona verilməsinə razılıq verilmişdir.

3. Həsənov T.Ç. bağçılıq yoldaşlığı üzvlüyündən azad edilmişdir.

10. “Azərelektroterm” İstehsalat Birliyinin bağçılıq yoldaşlıq cəmiyyətinin İddiaçı adına olan üzvlük kitabçasından görünür ki, xx.xx.1998-cı il tarixli protokoluna əsasən İddiaçı bağçılıq cəmiyyəti bağından sahəsi 500 kv.m olan Z-77 nömrəli bağ sahəsi daimi istifadə etməsi üçün verilmişdir. Onun üzvlük borcu yoxdur.

11. «Azərelektroterm» EİB BakETAZ üzrə yoldaşlı-bağçılıq üzvlərinin siyahısından görünür ki, İddiaçı siyahıda 150-ci olmaqla Z 77 sahəsi ona təhkim olunmuşdur.

12. “Azərelektroterm” İstehsalat Birliyinin həmkarlar Komitəsinin arayışından görünür ki, İddiaçı, həqiqətən, «Azərelektroterm» EİB bağçılıq yoldaşlığın üzvüdür. Z-77 nömrəli bağ sahəsi.

13. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktı, koordinatlar qeyd olunmuş sxemi, ortofoto görüntüsü təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarxili müayinə (baxış) aktında qeyd olunmuşdur: Torpaq sahəsinin faktiki sahəsi 562.0 kv.m təşkil edir; Göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə bir mərtəbəli ev hovuz və həyət tikilisi var. Vətəndaş tərəfindən əvvəlki müraciətində təqdim olunmuş sənəd sürətlərində bağın sahəsi göstərilməyib. Sahənin koordinatları əlavə olundu.

14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

15. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. II. İddianın növü və mümkünküyü

17. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

18. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

21. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

22. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

23. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

24. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

26. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

29. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, idarənin arxivində olan “Azərelektroterm“ bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Həmçinin təqdim edilmiş üzvlük kitabçasında ayrılması nəzərdə tutulmuş bağın nömrəsi və sahəsi göstərilməmişdir. Bundan əlavə, bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından sənəd üzrə torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır.

30. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağlar massivində yerləşən “Z 77” saylı torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Belə ki, “Azərelektroterm” bağçılıq yoldaşlığının üzvlərinin siyahısı yenilənmiş və təsdiq edilmiş, iddiaçıya Z 77 №li sahə ayrılmış, iddiaçının adı 150ci sırada İddiaçı olaraq qeyd edilmişdir. Həmin bağ məhz “Azərelektroterm” bağçılıqyoldaşlıq cəmiyyətinin nəzdindədir. “Z 77” saylı torpaqla bağlı hər hansı mübahisə yoxdur.

31. Həmçinin «Azərelektroterm» EİB bağçılıq yoldaşlığın idarə heyətinin xx.xx.1998-cı il tarixli iclasının protokolundan görünür ki, bağçılıq yoldaşlığa üzv qəbul edilmiş İddiaçı Z-77 nömrəli bağ sahəsi ilə yanaşı bütün tikintililər də verilmişdir.

32. Odur ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında sahəsi olan 500 kv.m Z-77 nömrəli bağ sahəsinin və torpaq sahəsində inşa edilmiş köməkçi tikilinin, bağ evinin dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın və texniki pasportun verilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, torpaq sahəsi məhz üzərindəki tikililər ilə birlikdə ayrıldığından fərdi yaşayış evinin inşa olunması üçün əlavə olaraq məlumatlandırma icraatına riayət edilməsi zərurəti olmamışdır.

33. Cavabdehin təqdim etdiyi xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətlərini əks etdirən müayinə (baxış) aktında da qeyd edilmişdir ki, bağ sahəsi hasarlanmış, sahədə bir mərtəbəli ev və həyət tikilisi var.

34. Məhkəmə qeyd edir ki, yoldaşlıq-bağçılıq üzvləri arasında bölgü sxeminin mövcudluğu iş materialları ilə təsdiq olunsa da, üzvlər arasında bölgü sxemi olmaması əsası ilə hüququnun qeydə alınmasından imtina qanunun güddüyü məqsədə uyğun hesab edilə bilməz. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında bağçılıq-yoldaşlıq cəmiyyətinin ona ayrılmış hüdudları çərçivəsində üzvlərinin şərti bölgü sxemi əsasında (məsələn, siyahıya əsasən üzvlərinin sıra ardıcıllığına uyğun) şəxslərin hüquqlarını təmin edə bilər.

35. Bununla yanaşı torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahlərinin daxilində yerləşməsinə dair üçüncü şəxsin və cavabdehin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir.

36. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, qeyd edilən torpaq sahəsi Dövlət Neft Şirkətinin torpağı olsa da, qonşuluqda yerləşən torpaq sahələri yaşayış məntəqə torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair çıxarışlar verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir

37. Belə ki, iddiaçı ilə bərabər yaxınlığında yerləşən bağ sahəsi X3 müraciəti əsasında xx.xx.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.

38. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

39. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.

40. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

41. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.

42. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır

43. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair çıxarışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

44. Beləliklə məhkəmə hesab edir ki, inzibati orqan iddiaçının Z-77 saylı bağ sahəsinə və həmin sahədə inşa edilmiş köməkçi tikilinin, bağ evinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.

45. Bundan başqa qeyd edilməlidir ki, qanunvericiliklə dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1.-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

46. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;

47. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia təmin edilməlidir.

48. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmAğa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

49. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. “Azərelektroterm” EİB Bağçılıq yoldaşlığının İdarə Heyətinin xx.xx.1998-ci il tarixli iclasının Protokoluna əsasən ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivi ünvanında yerləşən 500 kv.m sahəsi olan Z-77 nömrəli bağ sahəsinin və üzərində inşa edilmiş bağ evinin və köməkçi tikilinin dövlət qeydiyyatına alınaraq İddiaçı mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar