Məhkəmə qərarları › İş №e-2-1(112)-6820/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6820/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6820/2024 02.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Bakı şəhər X2 rayonlararası bölməsi” MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “şəxsi vərəqəyə düzəlişlərin edilməsi və öhdəliklərin icrasına möhlət verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı “Bakı şəhər X2 rayonlararası bölməsi” MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2018ci il tarixinə silinməli olan borc məbləği 283.177,34 manat olmaqla, silinmədən sonra həmin tarixə ödənilməli olan qalıq borcun məbləğinin 445.14 manat təşkil etməsini nəzərə alaraq xx.xx.2018 - xx.xx.2023-cü il tarixinə ödənilmiş vəsaitlərin müvafiq (ödəniş tapşırığındakı təyinatına uyğun) cari borcların ödənilməsinə tətbiq edilməklə şəxsi vərəqədə müvafiq düzəlişin aparılması və MMC-nin borcunun yenidən hesablanması və xx.xx.2023-cü il tarixinə qalan borc məbləğinin əsas və pensiya məbləğlərinin müəyyən edilməsi, həmin məbləğin 60 aya bölünməklə hissəvi ödənişinə icazə verilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli 189 saylı sərəncamına əsasən “Səbail rayon profilaktik dezinfeksiya şöbəsi” (VÖEN **********), “Qaradağ rayon profilaktik dezinfeksiya şöbəsi” (VÖEN **********), “Yasamal rayon profilaktik dezinfeksiya şöbəsi” (VÖEN **********), “Su nəqliyyatında ixtisaslaşdırılmış profilaktik dezinfeksiya şöbəsi” (VÖEN **********) və “Həşaratlara qarşı xüsusi mübarizə şöbəsi” (VÖEN ********** ) yenidən təşkilin birləşmə yolu ilə ləğv edilərək onların bazasında hüquq varisliyi şəklində “Bakı şəhər X2 rayonlararası bölməsi” MMC (VÖEN**********) yaradılmışdır. Ləğv edilmiş hüquqi şəxslərin “Bakı şəhər X2 rayonlararası bölməsi” MMC-nin şəxsi hesab vərəqələri üzrə xx.xx.2018-ci il tarixinə ödənilməmiş qalan borc məbləğləri 764471.53 manat araşdırılmış və bu borc məbləğlərinin böyük hissəsinin xx.xx.2010-cu il tarixindən əvvəldən ödənilməmiş qaldığı və qanunvericiliyə uyğun olaraq silinməli olduğu müəyyən edilmişdir. “Bakı şəhər X2 rayonlararası bölməsi” MMC-nin şəxsi hesab vərəqəsindən: 6 iyun 2018-ci il tarixində 1 yanvar 2006-ci il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 480849.05 manat məcburi dövlət sosial sığorta haqqı; 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixədək ödənilməmiş 13150.34 manat məcburi dövlət sosial sığorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya məbləği) 1 aprel 2018-ci il tarixinədək yaranmış və ödənilməmiş 10249.34 manat (qismən 90%) məcburi dövlət sosial sıgorta maliyyə sanksiyaları (hesablanmış peniya) silinmişdir. Məcburi Dövlət Sosial Sığorta sahəsində borcların tənzimlənməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 142 VQ saylı qanunun tələbinə əsasən yuxarıda qeyd edilən silinmədən sonra şəxsi vərəqədə 283622.48 manat borc məbləği qalmışdır. Baki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-73/2023 saylı qərarı ilə nəticələnən məhkəmə araşdırması və onun nəticəsində müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 142 VQ saylı Qanunun və həmin qanunla tənzimlənən digər qanunvericilik aktlarının tələblərinə əsasən MMC-nin üzərindən xx.xx.2018-ci il tarixinə silinməli olan borc məbləği 283 177.34 manat olmaqla, silinmədən sonra həmin tarixə ödənilməli olan qalıq borcun məbləği 445.14 manat təşkil etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)- 73/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Hal-hazırda müəssisənin inzibati quruma olan müraciəti bununla əlaqədardır ki, Şəxsi vərəqənin xx.xx.2023-cü il tarixinə olan vəziyyətinə görə müəssisə tərəfindən aşkarlanmışdır ki, Dövlət Vergi Xidməti tərəfindən müəssisənin 1 aprel 2018-ci il tarixinə olan sosial sığorta borcları silinsə də həmin borclardan qaynaqlanan maliyyə sanksiyaları və peniyalar silinməmişdir. Belə çıxır ki, müəssisənin üzərinə hesablanmış borc məbləğlərinin silinməsi zamanı yuxarıda adı çəkilən məhkəmə qərarları düzgün tətbiq edilməmişdir. Belə ki, şəxsi vərəqənin təhlilində belə nəticəyə gəlirik ki, inzibati qurum silinmə məbləğini məhkəmə qətnamələri ilə müəyyən edildiyi kimi 445 AZN borc məbləğindən deyil, 283 622 AZN olan borc məbləğindən hesablamışdır. Halbuki, müəssisəyə hesablanan 415 445.12 AZN borc məbləği real məbləğ olmamış, 283 622 AZN-ə dair bütün bu illər ərzində məhkəmə mübahisəsi davam etdiyi müddət boyunca süni şəkildə şişərək əmələ gələn borc olmuşdur. Lakin, nəzərə alınmalı idi ki, borc məbləğini təşkil edən 415 455.12 AZN borc məbləğinin əsas hissəsini 283 177.34 təşkil etmişdir. Belə hesab edirik ki, 01 aprel 2018-ci ildən 26 oktyabr 2023-cü il tarixinə kimi Şəxsi vərəqədə aparılan silinmə yenidən hesablanma yolu ilə 283 622 AZN borc məbləğindən deyil, qətnamələrlə müəyyən olunmuş 445 AZN-dən hesablanmalı idi. Lakin, görünən bu olmuşdur ki, müəssisə tərəfindən sosial sığorta borcları vaxtında ödənsə də, 2018, 2019 və 2020-ci illərin ödənişi öz təyinatı üçün deyil, keçmiş borclara silinmişdir. Ona görə də hesab edirik ki, müəssisəyə dair silinmələr tətbiq edilərkən borcun 445 AZN-dən nəzərə alınmaqla yenidən hesablanması zərurəti meydana gəlir. Belə olan halda əgər müvafiq ödəniş tapşırıqlarına nəzər salınarsa bu zaman müəssisə tərəfindən hər ilin dövriyyəsi öz yerində oturacaq və maliyyə sanksiyaları və peniya məbləğlərinin yaranmadığı aşkara çıxacaqdır. Beləliklə, hal-hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsinə səbəb cavabdeh qurum olan Dövlət Vergi Xidməti tərəfindən iddiaçının müraciətinin cavablandırılmaması və hələ də cəmiyyətin şəxsi vərəqəsindən silinmələrin qanunla müəyyən edilmiş qaydada deyil, öz mülahizələrinə uyğun aparılmasıdır. Halbuki, iddiaçının müraciəti borc öhdəliklərinin cəmiyyətin üzərindən silinməsinin məhz məhkəmə qərarı ilə müəyyən edilmiş nəticələrə uyğun aparılmasının təmin edilməsidir. Cəmiyyət tərəfindən 15 yanvar 2024-cü il tarixində 2 saylı müraciət məktubu ilə müvafiq müraciət ərizəsi ilə inzibati quruma müraciət ediləsə də hazırda cavabdeh qismində çıxış edən inzibati qurum həmin müraciəti belə cavablandırmışdır ki, sözügedən borclar 2019-cu il tarixinədək yarandığı üçün cəmiyyət DSMF-yə müraciət etməlidir. Halbuki, sözügedən idarələrin birləşməsi nəticəsində bütün arxivlər və müvafiq sənədlər vergi xidmətinə təhvil verilmişdir. Ona görə də iddiaçı hesab edir ki, cari müraciətin yerinə yetirilməsi birbaşa Dövlət Vergi Xidmətinin öhdəliyidir. Ona görə də iddiaçının müvafiq müraciətinin cavabdeh tərəfindən həyata keçirilməsini təmin etmək üçün məhkəməyə müraciət edilməsi zərurəti meydana gəlir.

3. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək qeyd edir ki, iddia ərizəsində göstərilən, cavabdeh tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının təyinatı üzrə deyil, keçmiş dövrlər üzrə borclara aid edilməsi barədə bildiririk ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta məqsədləri üçün müvafiq fəaliyyət növlərinin kodları birləşdirilməklə şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 2187/2023 nömrəli qərarı ilə “Bakı şəhər X2 Rayonlararası Bölməsi” MMC-nin 283.177,34 manat borcu xx.xx.2023-cü il tarixində silinmişdir. Qeyd edilən borc məbləği şəxsi hesab vərəqəsində xx.xx.2018-ci il ödəmə tarixi ilə silinmiş və nəticədə hesablanmış faiz məbləği avtomatik olaraq azaldılmışdır. Hesab edir ki, iddia ərizəsində göstərilən tələb bu hissədə təmin olunduğundan, iş üzrə icraata xitam verilməlidir. İddia tələbinin “borc məbləğinin 60 aya bölünməklə, hissəvi ödənişinə icazə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində bildiririk ki, Vergi Məcəlləsində vergi öhdəliklərinin icrası müddətinin dəyişdirilməsi ilə bağlı konkret hallar nəzərdə tutulmuşdur. Əvvəla, vergi öhdəliyini yerinə yetirməsinə görə iddiaçıya möhlət verilməsi barədə 85.6-cı maddədə nəzərdə tutulan hər hansı əsaslar mövcud deyildir. Həmçinin, vergi orqanına bu halları təsdiq edən, 85.9-cu maddədə nəzərdə tutulmuş qaydada yazılı müraciət də daxil olmamışdır. Bundan əlavə bildiririk ki, bütün bu şərtlər ödənilmiş olsa idi belə, vergi öhdəliyinin hissə-hissə ödənilməsi üçün 1 ildən çox olmayan müddət təyin edilə bilərdi. Lakin vergi ödəyicisi barəsində yuxarıda qeyd olunan şərtlərin mövcudluğu barədə hər hansı məlumat və ya təsdiqedici sənəd mövcud deyildir.

4. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli 2-1(112)-53/2020 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçının üzərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042 VQ saylı Qanununun tələbi əsasında 283.622,48 manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 73/2023 nömrəli qərarına əsasən cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-53/2020 nömrəli 29 sentyabr 2020-ci il tarixli qərarının qismən 445,14 manat məbləğində borcun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, qərarın qalan “Bakı şəhər X2 Rayonlararası Bölməsi” MMC-nin 283.177,34 manat məbləğində borcunun silinməsinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi hissəsində dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

6. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-2187/2023 nömrəli qərarına ilə cavabdehin və üçüncü şəxsin kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-73/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar.

12. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

13. Məhkəmə iddiaçının iddia tələbinin “xx.xx.2018-ci il tarixinə silinməli olan borc məbləği 283.177,34 manat olmaqla, silinmədən sonra həmin tarixə ödənilməli olan qalıq borcun məbləğinin 445.14 manat təşkil etməsini nəzərə alaraq xx.xx.2018 - xx.xx.2023-cü il tarixinə ödənilmiş vəsaitlərin müvafiq (ödəniş tapşırığındakı təyinatına uyğun) cari borcların ödənilməsinə tətbiq edilməklə şəxsi vərəqədə müvafiq düzəlişin aparılması və MMC-nin borcunun yenidən hesablanması” hissəsinə münasibət bildirmək məqsədi ilə iş materiallarına əlavə edilmiş iddiaçıya vergi ödəyicisi kimi aid şəxsi hesab vərəqəsindən olan məlumatları nəzərdən keçirərkən “Bakı şəhər X2 Rayonlararası Bölməsi” MMC-nin 283.177,34 manat məbləğində borcun xx.xx.2023-cü il tarixdə silindiyini müəyyən etmişdir.

14. Məhkəmə iddiaçının iddia tələbinin “xx.xx.2023-cü il tarixinə qalan borc məbləğinin əsas və pensiya məbləğlərinin müəyyən edilməsi, həmin məbləğin 60 aya bölünməklə hissəvi ödənişinə icazə verilməsi”nə dair hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliklə vergi öhdəliyinin hissə-hissə ödənilməsi üçün 1 ildən çox olmayan müddət təyin edilə bilər.

15. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.6-cı maddəsinə əsasən bu Məcəllənin 85.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri təbii fəlakət, təhlükə potensiallı obyektlərdə baş verən qəzalar və ya digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə (85.6.1), vergi borcunu birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda və ya vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyəti olmadıqda. Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir (85.6.2.), “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş dövlət sifarişi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş sifarişçinin borclu olduğunu təsdiq edən arayış təqdim edildikdə (85.6.3.) vergi ödəyicisi tərəfindən yalnız mövsümi xarakterli malların təqdim edilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi həyata keçirildikdə (85.6.4.) göstərilən halların biri olduqda bu Məcəllə ilə müəyyən edilmiş müddətdən daha gec müddətə dəyişdirilə bilər.

16. Həmin Məcəllənin 85.6-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 85.6.2 - 85.6.4-cü maddələri məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə tətbiq edilmir.

17. X8 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X7rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X6rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X3rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

18. Hazırkı mərhələdə məhkəmə müəyyən edir ki, iş üzrə “real” mübahisə mövcud deyil, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı müəyyən olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinə baxılması zərurəti yaranmır, iddia mümkün sayılmamalıdır.

19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar