Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6822/2024 18.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsindən 15000 manat məbləğində maddi və 85.000 manat məbləğində mənəvi ziyanın kompensasiyasının iddiaçının xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixində hərbi xidmətə çağırılmış, hərbi xidmətə çağırılarkən müvafiq komissiya tərəfindən hərbi xidmətə yararlı qeyd edilərək xidmət keçmək üçün Müdafiə Nazirliyinin ön xətdə yerləşən hərbi hissələrindən birinə göndərilmişdir. xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra müvafiq əmrlə ehtiyata buraxılmış (yəni tərxis olunmuşdur). Həmçinin 2020-ci ilin 27 sentyabr tarixində başlamış Vətən müharibəsi zamanı qismən səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və xx.xx.2020-ci il tarixindən hərbi əməliyyatlarda iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə isə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuş, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Sonradan böyrəyində ağrılar hiss etdiyi üçün İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “X4” X5inə müraciət edərək orada tibbi müayinə olunmuş və müayinə zamanı sol böyrəyin lojasında aşkarlanmadığı, sağ böyrəyin kompensator olaraq bir qədər böyüməsi müəyyən edilmişdir. Hər hansı cərrahi əməliyyat keçirməmiş, yəni sol böyrəyi anadangəlmə olmamışdır. Bu hal əvvəllər ona məlum olmamış, yalnız “X4” X5ində müayinə olunan zaman sol böyrəyinin olmamasını bilmişədir. Tibbi müayinə zamanı “sol böyrəyinin lojasında aşkar olunmaması”nın müəyyən edilməsi onu deməyə əsas verir ki, o, “Xəstəliklər cədvəlinin”nin 83a maddəsinin İİ qarafasına və ƏTC-yə (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır.Qeyd olunanlardan da göründüyü kimi, həm ilkin hərbi qeydiyyata alınma zamanı həm də hərbi xidmətə çağırış zamanı Sabunçu İdarəsi qanunvericiliklə müəyyən edilmiş öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün hərbi xidmətə göndərilmiş və hərbi xidmət keçmiş, yararsız olmağına baxmayaraq xidmətə yararlı şəxs üçün nəzərdə tutulmuş hərbi xidmət üzrə vəzifələri icra etmişdir. Həmçinin Vətən müharibəsi zamanı iştirak etdiyi hərbi əməliyyatlarda dəfələrlə həyatı təhlükəli hallarla rastlaşmış, halbuki ümumiyyətlə hərbi xidmətə getməli deyildi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya xx.xx.2024-cü il tarixli yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı tibbi şəhadətləndirmə zamanı xx.xx.2013-cü il tarixdə Sabunçu rayon çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, xidmət müddəti bitdikdən sonra Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 104 saylı əmri ilə tərxis olunaraq ehtiyata buraxılmışdır. İddiaçı 2013-cü ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Bakı şəhəri Sabunçu rayon idarəsi tərəfindən zəruri tibbi müayinələrdən keçirilmiş, rayon çağırış komissiyasına cəlb olunmuş həkim-mütəxəssislər tərəfindən müayinə olunmuş, həmçinin onun dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün Bakı şəhəri Sabunçu rayon çağırış komissiyasının qərarı ilə hərbi xidmətə yararlı hesab edilərək ümumi əsaslarla hərbi xidmətə göndərilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 13.1ci maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1.komissiyanın sədri - müvafiq icra hakimiyyəti orqanının rəhbəri (burada- Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri nəzərdə tutulur); 13.1.2. komissiya sədrinin müavini - müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi (burada - yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları nəzərdə tutulur); 13.1.3. komissiyanın üzvləri müvafiq icra hakimiyyəti orqanının (burada - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi nəzərdə tutulur) nümayəndələri, hərbi həkim komissiyasının sədri. Qanunun 13.2-ci maddəsinə əsasən, çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato- veneroloq, psixoloq) iştirak etməlidirlər. Qanunun 13.3-cü maddəsinə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı (burada - yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları nəzərdə tutulur) müvafiq icra hakimiyyəti orqanı (burada -Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) ilə razılaşdırmaqla təsdiq edir. Qanunun 14.1 -ci maddəsinə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3.xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. Qanunun 14.3-cü maddəsinə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. Qanunun 15.2-ci maddəsinə əsasən, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir; 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5.həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. Göründüyü kimi, iddiaçı çağırışçı kimi bütün zəruri tibbi müayinələrdən keçirilmiş, rayon çağırış komissiyasının qərarı ilə hərbi xidmətə yararlı hesab edilərək müddətli həqiqi hərbi xidmətə göndərilmiş və müəyyən müddət xidmət keçdikdən sonra hərbi vəzifəli kimi ehtiyata buraxılmışdır. Bununla da Xidmətin Bakı şəhəri Sabunçu rayon idarəsi çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş və bu səbəbdən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların hərbi xidmətə yararı olub-olmaması Azərbaycan Respubikası Nazirlər Kabinetinin 28 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə aparılır. Xidmətin nəzdində fəaliyyət göstərən ştatlı və ştatdan kənar hərbi-həkim komissiyaları hərbi qulluqçuları, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşları tibbi şəhadətləndirərkən bu Əsasnaməni rəhbər tuturlar. “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 2.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. Həmin Əsasnamənin 1.11-ci bəndinin 3-cü abzasına əsasən, Təşkilati-hüquqi formasından asılı olmayaraq, tibbi təşkilatlar və tibb müəssisələri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrin, qanunvericiliklə hərbi xidmətkeçmə (orqanlarda xidmətkeçmə) nəzərdə tutulmuş orqanların kadr bölmələrinin, ştatlı hərbi-həkim komissiyalarının sorğuları əsasında 2 həftə müddətində psixi pozuntulara, narkomaniyaya, alkoqolizmə, toksikomaniyaya, insanın immunçatışmazlığı virusu ilə yoluxmaya görə uçotda (nəzarətdə) olan vətəndaşlar, diaqnozu və uçota götürülmə tarixi göstərilməklə, digər xəstəliklərə görə dispanser nəzarətində olan vətəndaşlar barədə məlumat verməli, eləcə də ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan, hərbi liseylərə, Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan, hərbi xidmətə könüllü daxil olan və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların sağlamlıq vəziyyətini xarakterizə edən ambulator xəstələrin tibbi kartını, zəruri hallarda digər tibbi sənədləri (xəstəlik tarixini, stasionar xəstələrin tibbi kartını, rentgenoqramları, xüsusi müayinələrin protokollarını və s.) təqdim etməlidirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın 62-ci bəndinə əsasən, ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq, aşağıdakı müayinələr aparılır: -döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi; - qanın ümumi analizi (EÇS-nin, hemocflobinin, leykositlərin təyini);-sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal). Şəhadətləndirilmə günündə isə - bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara isə bundan əlavə, elektrokardioqrafiya müayinəsi keçirilir, zərurət olduqda, planlı profilaktiki peyvəndlər aparılır. Həmçinin çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərməkdən əvvəl ruhi-əsəb, narkoloji, vərəm, dərizöhrəvi, cüzəm, QİÇS-lə mübarizə, Respublika Talassemiya Mərkəzindən və digər dispanserlərdən qeydiyyatda olan, digər tibb müəssisələrindən dispanser qeydiyyatında olan və son 12 ay müddətində yoluxucu və parazitar xəstəliklər keçirmiş çağırışçıların siyahılarını, ambulator xəstələrin tibbi vərəqələrini, stasionar xəstələrin tibbi vərəqələrindən çıxarışları və vətəndaşların səhhətini xarakterizə edən digər tibbi sənədlər və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən (ƏSMM) əliliyə görə təqaüd alan və tibbi-sosial ekspert komissiyasından (TSEK) əlillik dərəcəsi verilmiş çağırışçıların siyahıları alınması üçün hərbi komissarlıqlar tərəfindən sorğu edilirdi. Çağırışçıların tibbi müayinəsi keçirdikdən əvvəl dispanserlər, tibb müəssisələrdən, Əhalinin Sosial Müdafiəsi Mərkəzindən və tibbi-sosial ekspert komissiyasından alınan cavablar rayon hərbi həkim komissiyaları tərəfindən öyrənilir, şəxsi işlərində qeydlər aparılır və tibbi müayinələr zamanı nəzərə alınırdı. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Qeyd etmək istəyirlər ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara keçirilən məcburi diaqnostik müayinələr sırasında qarın boşluğunun ultrasəs müayinəsi nəzərdə tutulmamışdır. Bundan başqa, Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlı olub-olmamalarının yoxlanılması üçün təkrar tibbi müayinədən keçirilirlər. Səhhətlərində hər hansı problem aşkar olunduqda çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələrinə geri qaytarılırlar. Xidmət etdiyi dövrdə müddətli hərbi qulluqçular mütəmadi olaraq tibbi müayinələrdən keçirlər, onlarda hərbi xidmətə yararsız diaqnozlar aşkar edildikdə Mərkəzi hərbi həkim komissiyalarının qərarlarına əsasən ehtiyata buraxılırlar. İddiaçı axıra qədər müddətli həqiqi hərbi xidmətini çəkmişdir. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin məsuliyyətinin yaranmamasını göstərir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair hər hansı sübut təqdim etməmişdir, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, hazırki iş üzrə vurulmuş maddi ziyana görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut olmadığından mövcud olmamış ziyana görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasını nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmalıdır. Adıçəkilən Plenumun qərarından görünür ki, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir, lakin hazırki iş üzrə Xidmətin Bakı şəhəri Sabunçu rayon idarəsi çağırış zamanı iddiaçıya qarşı öz üzərinə düşən vəzifələrini lazımi həcmdə icra etmiş, heç bir qanunsuzluğa yol verməmiş və bu səbəbdən maddi və mənəvi ziyana görə kompensasiya ödəmək öhdəliyi daşımır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1995-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş SX ******* nömrəi hərbi biletin qeydiyyat kartasının surətinə əsasən xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri Sabunçu rayon çağırış komissiyası tərəfindən xx.xx.2013-cü il tarixdə hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qismən səfərbərliklə əlaqədar hərbi xidmətdə olmuşdur. Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında iştirak edib. İş materiallarına əlavə edilmiş İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “X4” X5ində İddiaçı xx.xx.2022-ci il tarixdə keçdiyi Qarın boşluğunun nativ KT müayinəsini zamanı müəyyən edilmişdir ki, sol böyrəyin lojasında aşkarlanmadı, sağ böyrək kompensator olaraq bir qədər böyümüşdür. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin xx.xx.2024-cü il tarixli 655 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 2013- 2015-ci illərdə və 2020-ci il tarixdə Müdafiə Nazirliyinin Hərbi hospitallarında stasionar (ambulator) müayinə və müalicədə olması barədə Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivində saxlanılan arxiv sənədləri bazasında məlumat aşkar edilmədi. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-43-70/2-2365/2024 nöməli məktubunda bildirilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı barədə: Müddətli həqiqi hərbi xidmət - N saylı hərbi hissə xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 25 iyul 2014-cü il tarixli 65 nömrəli əmri ilə təsdiq olunmuş Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında «Müvəqqəti Təlimata» görə, həqiqi hərbi xidmətə çağırılaraq hərbi hissələrə göndərilmiş çağırışçıların şəxsi işlərinin saxlanılması müddəti - 2 ildir. Təlimatın tələblərinə görə, ərizəçi İddiaçı oktyabr 2013-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmasına əsas verən müayinə sənədləri, çağırışçının şəxsi işi ilə birlikdə saxlanılma müddəti keçdiyi üçün ləğv edilmişdir. Qismən səfərbərlik dövrü hərbi xidmət - N saylı hərbi hissə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək. Bildirirlər ki, qismən səfərbərlik dövrü hərbi xidmətə cəlb olunmuş vətəndaşlar idarə nəzdindəki hərbi-həkim komissiyasında sağlamlıq vəziyyətləri ilə bağlı şikayət etmədikləri halda (müddəli həqiqi hərbi xidmətə yararlılığı çağırış dövrü təyin olunduğuna və xidmət müddətini tam keçdiyi nəzərə alınaraq) əlavə müayinələrə göndərilməmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon İdarəsinin iddiaçının müraciətinə cavab olaraq təqdim etdiyi məktubunda qeyd olunmuşdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon İdarəsi tərəfindən hər hansı bir təzminatların ödənilməsi nəzərdə tutulmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1- ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçı zərərin ödənilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2013- xx.xx.2015-ci il tarixlərdə müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə qismən səfərbərliklə əlaqədar hərbi xidməə cəlb edilmiş, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında iştirak etmişdir. Hazırkı iddiasında iddiaçının zərərlə bağlı tələbi iki hissədən-15000 manat məbləğində maddi və 85.000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi hüquq pozuntusundan irəli gəlmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Məhkəmə qeyd edir ki, inzibati orqanların ən mühüm vəzifələri qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi zamanı vətəndaşların maraqlarının qorunmasıdır. Bu məqsədlə İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, maddədə qeyd edilmiş “ziyan” anlayışı həm maddi və həm də mənəvi ziyanı nəzərdə tutur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan redaksiyasına əsasən: -2.0.2-ci maddəsinə görə hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. -2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. -12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. -12.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1.müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; (...). -12.3-cü maddəsinə görə vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1- dən 30-dək çağırılırlar. -12.4-cü maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. -13.1-ci maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda müvafiq tərkibdə çağırış komissiyaları yaradılır. -14.1-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1.çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2.çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3.xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4.müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5.bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. -15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. -15.2-ci maddəsinə görə tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1.müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2.sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3.sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4.dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5.həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. -18.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1.ailə vəziyyətinə görə; 18.1.2.sağlamlıq vəziyyətinə görə; 18.1.3.təhsili davam etdirmək üçün; (....). -18.2-ci maddəsinə əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. -20.1-ci maddəsinə əsasən tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. -20.2-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. -20.3-cü maddəsinə görə dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan redaksiyasında aşağıdakı bəndlərinə əsasən: -1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: c) ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına, hərbi qeydiyyatda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət. -1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. -2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. -2.5. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. -2.8. İlkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət tibb müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. -2.10. Dövlət tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. -2.11. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur. Hazırkı işdən görünür ki, iddiaçının nə xx.xx.2013- xx.xx.2015-ci il tarixlərdə həqiqi hərbi xidmət zamanı, nə də ki xx.xx.2020- xx.xx.2021-ci il tarixlərdə qismən səfərbərliklə bağlı hərbi xidmət zamanı Müdafiə Nazirliyinin Hərbi hospitallarında stasionar (ambulator) müayinə və müalicədə olması sübut olunmur. O cümlədən, iddiaçı hər iki dövrdə hərbi xidmətdən dərhal sonra sağlamlığı ilə əlaqədar hər hansı tibb müəssisəsinə müraciət etməsi və müalicə almasına dair sübut təqdim etməmişdir. İddiaçı ilkin hərbi xidmətini başa çatdırdığı 2015-ci ildən 7 ildən çox, qismən səfərbərlik zamanı isə 2 ilə yaxın müddət keçdikdən sonra yalnız xx.xx.2022-ci il tarixdə tibb müəssisəsinə müraciət emiş və yalnız 2022-ci ildə səhhətində yaranmış şikayətləri ilə bağlı həkim müayinəsinə müraciət edərkən qarın boşluğunun nativ KT müayinəsinin keçirilməsi zərurəti yaranmış və yalnız bu zaman sol böyrəyinin lojasında olmadığı aşkar olunmuşdur. Göründüyü kimi, iddiaçının səhhəti il bağlı şikayəti onun xx.xx.2013-cü il tarixdə həqiqi hərbi xidmətə çağırıldıqdan uzun müddət keçdikdən sonra yaranmış və bununla əlaqədar iddiaçı müvafiq tibb müəssisəsinə müraciət etmişdir. İddiaçının həqiqi hərbi xidmətə çağırılması və hərbi xidmət keçməsi nəticəsində onun səhhətində hər hansı dəyişiklik olması və bunun nəticəsi olaraq iddiaçıya zərər dəyməsi müəyyən olunmur. Başqa sözlə, hazırkı iş üzrə kompensasiya tələbinə əsas verən hüquq pozuntusunun elementləri mövcud deyildir: - həqiqi hərbi xidmətə və ya qismən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılması nəticəsində iddiaçıya zərər vurulması; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Səbəbli əlaqə ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı hərbi xidmət zamanı (xx.xx.2013xx.xx.2015-ci il tarixlərdə və xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə) sağlamlığında hər hansı nasazlığın yaranması şikayəti ilə xidmət keçdiyi Müdafiə Nazirliyinin hərbi hissələrindəki tibb xidmətinə müraciət etməmiş, ambulator və ya stasionar müalicə olunması üçün Müdafiə Nazirliyinin Hərbi hospitallarına göndərilməmiş, barəsində “hərbi xidmətə yararlıdır” qeydi aparılmaqla hərbi xidmətini tam sağlam şəkildə başa vurmuş, nəticə etibarı ilə hərbi mükəlləfiyyətli olmuş, eyni zamanda qismən səfərbərlik dövründə Vətən müharibəsi iştirakçısı ollaraq müxtəlif medallarla təltif olunmuşdur. İddiaçının zərərin vurulması dəlilinə əks arqument- hazırda hərbi mükəlləfiyyətli olması ilə bağlı məhkəmə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 25-ci maddəsinə görə hərbi xidmətin üstünlüyü hərbi qulluqçulara və onların ailə üzvlərinə dövlət qayğısının göstərilməsi, bu şəxslərə layiqli həyat şəraitinin yaradılması məqsədilə müvafiq hüquqi aktların qəbul edilməsi və bununla bağlı zəruri tədbirlərin görülməsi, eləcə də təşkilatların üzərinə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin qoyulmasından ibarətdir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 9 (Əmək hüququ), 10 (Pul təminatı və maddi təminat hüququ), 12 (Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ), 13 (Sağlamlığın mühafizəsi və sağlamlığa vurulmuş zərərin ödənilməsi hüququ), 15 (Pensiya təminatı hüququ), 16 (Hərbi rütbə verilmək hüququ, mükafatlandırmaq hüququ), 20 (Müavinətlər və başqa güzəştlər almaq hüququ), 21 (Hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququ) və s. kimi hüquqlar və güzəştlər nəzərdə tutulmuşdur. Hərbi xidmətin üstünlüyü təkcə hərbi xidmət keçmiş hərbi qulluqçuya hərbi qanunvericiliklə nəzərdə tutulmuş imtiyazlarla məhdudlaşmır. Şəxsin həqiqi hərbi xidmət keçməsi ona sahəvi qanunvericiliklərdə də nəzərdə tutulmuş üstünlüklərdən yararlanmağa da əsas verir, bəzi hallarda isə müvafiq imkan bilavasitə həqiqi hərbi xidmət keçmə ilə birbaşa şərtləndirilir. Məsələn, “Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168- İİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 11-ci bəndinə görə daxili işlər orqanlarında xidmətə könüllük əsasında, şəxsi keyfiyyətlərinə, fiziki və peşə hazırlığına sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə bu orqanlarda xidmətə yararlı olan, habelə hərbi xidmət keçmiş və hərbi mükəlləfiyyəti (qadınlar istisna olmaqla). Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, yaşı 20-dən aşağı və bir qayda olaraq yaşı 30dan yuxarı olmayan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4.12-ci maddəsinə görə qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş vətəndaşlar, habelə, bir qayda olaraq, yaşı otuzu keçmiş şəxslər fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər. Qeyd edilməlidir ki, sadalanan sahəvi qanunvericilik aktları qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanları və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənləri istisna da etməmişdir. Başqa sözlə, müəyyən qanunla verilmiş imkanlardan istifadə etmədə həqiqi hərbi xidmət keçmənin mütləq şərt olduğu hallar mövcuddur və möhlət hüququ və xidmətə çağırışdan azad etmə qanuni əsaslarla verilmiş olsa belə bu imkanlardan şəxsi məhrum edə bilir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmənin qənaətinə görə müddətli həqiqi hərbi xidmət keçmə vəzifədirsə, eyni zamanda hərbi xidmət keçmə özü qanunla şəxsə vəzifədən savayı həm də bir sıra üstünlüklər, imkanlar da tanıyır. Hazırkı işdən göründüyü kimi iddiaçının həqiqi hərbi xidmətə çağırılması nəticəsində onun sağlamlıq vəziyyətinin pisləşməsi, ağırlaşması, hərbi xidmətinin davam etdirməsinin mümkün olmaması və ya bununla bağlı vaxtından əvvəl xidmətdən tərxis olunması halı baş verməmişdir. İddiaçı hərbi xidmətini başa vurmuş, xidmətini başa çatdırmaqla hərbi mükəlləfiyyətli statusundadır və hərbi xidmət keçmənin verdiyi müvafiq üstünlüklərdən yararlanmaq imkanları da qanunla istisna edilmir. Dolayısı ilə, xidmət keçmənin iddiaçı üçün bilavasitə mənfi nəticələnəcək əsasları da hazırkı halda müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarında göstərilmişdir ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.” Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Beləliklə, cavabdehin İddiaçı hərbi xidmətə çağırması nəticəsində zərərin dəyməsi və səbəbli əlaqə sübuta yetirilmədiyindən iddia tələbi həm maddi, həm də mənəvi zərərin tələb edilməsi hissələrində əsassızdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aygün Əhədova