Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6823/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsindən ibarət 604 nömrəli bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, həmçinin 220 (iki yüz iyirmi) manat məbləğində prosessual xərclərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası X5 xx.xx.1967-ci il tarixində Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti ilə "Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında" müqavilə bağlayaraq Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsindən ibarət 604 nömrəli bağ sahəsini icarəyə götürmüşdür. Həmin bağ sahəsi mərhumun vəfat etdiyi tarixədək onun istifadəsində olmuşdur. Atasının ölümündən sonra, iddiaçı vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək atasının həmin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin İdarədən iddiaçıya xx.xx.2024-cü il tarixli bir məktub ünvanlanmış və həmin məktubda göstərilmişdir ki, “... idarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı torpaq sahəsində hasarlanma işlərinin və mövcud olan kililərin digər şəxs tərəfindən inşa edildiyi müəyyən olunmuşdur (torpaq sahəsi isfadənizdə deyil)”. Bu məktubda İdarə “Daşınmaz əmlakın dövlət reyestri haqqında”Qanunun 15-ci maddəsinə istinad edərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunduğunu qeyd etmişdir. Hesab edilir ki, cavabdeh DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası tamamilə əsassız və qanunaziddir. İlk növbədə İdarənin məktubunda istinad etdiyi halları, yəni torpaq sahəsində hasarlanma işlərinin və köhnə tikililərin digər şəxs tərəfindən inşa edildiyini təsdiq edən hər hansı sənəd yaxud sübut növü təqdim edilməmişdir. İddiaçı qeyd edir ki, İdarənin mütəxəssisini həmin torpaq sahəsinə texniki baxış keçirilməsi üçün özü aparmışdır. Texniki baxış keçirilən zaman həmin ərazidə mütəxəssisdən başqa yalnız iddiaçı və onun yaxın bir dostu olmuş, başqa şəxs olmamışdır. Belə olan halda “keçirilmiş texniki baxış zamanı torpaq sahəsində hasarlanma işlərinin və mövcud olan tikililərin digər şəxs tərəfindən inşa edildiyi” nəyə əsasən müəyyən olunduğu məlum deyil. Cavabdehin imtina haqqında məktubunun məzmunundan görünür ki, o, istinad etdiyi bu halı ümumiyyətlə əsaslandırmamış və hər hansı müşayiətedici sübut təqdim etməmişdir. Bağ sahələrinə münasibətdə hüquqmüəyyənedici sənədlər sırasında müvafiq icarə müqavilələri də nəzərdə tutulmuşdur. Bununla bağlı Mülki Məcəllənin 139-1.1.7 və“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddələrində xüsusi olaraq vurğulanır:“2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyə6 orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri ...”. Göründüyü kimi, qanunvericilikdə icarə müqaviləsi bağ sahəsinin vətəndaşın qanuni istifadəsində olmasını təsdiq edən sənəd kimi nəzərdə tutulmaqla həmin torpaq sahəsi üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Vətəndaşdan müvafiq bağ sahəsinin onun qanuni istifadəsində olmasını qanunla nəzərdə tutulmayan əlavə sənədlərlə sübuta yetirməsi tələb oluna bilməz. Cavabdeh DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi imtina haqqında məktubunda“ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinin hansı bəndini rəhbər tutduğunu göstərməmişdir. Halbuki həmin maddədə hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilən 6 fərqli hal nəzərdə tutulmuşdur ki, onlardan heç biri cavabdehin istinad etdiyi imtina səbəbini özündə ehtiva etmir. Göstərilənlərə əsasən tələbin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsindən ibarət 604 nömrəli bağ sahəsinə dair hüququn X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi, həmçinin 220 (iki yüz iyirmi) manat məbləğində prosessual xərclərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə tələbin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı torpaq sahəsində hasarlanma işlərinin və mövcud olan tikililərin digər şəxs tərəfindən inşa edildiyi müəyyən olunmuşdur (torpaq sahəsi istifadədə deyil). Həmçinin iddiaçı əvvəlki müraciəti zamanı fərqli konfiqurasiyalı torpaq sahəsini göstərmişdir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında iddianın dəqiqləşdirilməsinə dair ərizədə göstərilənləri müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Yardımlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür. -Yardımlı rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə doğulmuşdur. X1r. -Xətai Rayon Məhkəməsinin 2(005)-4296/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı ərizəsi qismən təmin edilmiş və ləğv olunmuş Bakı Soveti İcraiyyə Komitəsinin Bağ təsərrüfatı Tresti ilə bağlanmış “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” xx.xx.1967-ci il tarixli, 14318 nömrəli müqavilənin X3 məxsus olmasına diar hüquqi fakt müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddi olunan 604 nömrəli bağ sahəsinin arxiv qovluğiunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə əlavə edilmiş: -Bakı Soveti İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı Tresti ilə bağlanmış “Bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında” xx.xx.1967-ci il tarixli, 14318 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Nardaran qəsəbəsindən 0,25 ha sahəsi olan 604 (153a) nömrəli bağ sahəsi X6 icarəyə verilmişdir. -Bakı şəhər İcraiyyə Komitəsinin aidiyyəti qurumu tərəfindən (БТИ) və Bağ təsərrüfatı Tresti tərəfindən 14318 saylıə müqavilə üzrə 604 nömrəli bağ sahəsinin yerləşmə cizgisi tərtib və təsdiq edilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçının mərhum atası Əhmədulla Mirzəyevə Bakı Soveti İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı Tresti ilə bağlanmış xx.xx.1967-ci il tarixli, 14318 nömrəli müqavilə əsasında Nardaran qəsəbəsindən 0,25 ha sahəsi olan 604 nömrəli bağ sahəsi icarəyə verilmiş, bağın yerləşmə cizgisi tərtib edilmişdir. İddiaçı qeyd olunan sənədlərlə sözügedən bağ sahəsi üzərində hüquqların ölmüş Əhmədulla Mirzəyevə məxsus olması barədə arayış verilməsi üçün cavabdeh inzibati orqana müraciə etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdehin dəlili odur ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı torpaq sahəsində hasarlanma işlərinin və mövcud olan tikililərin digər şəxs tərəfindən inşa edildiyi müəyyən olunmuşdur və torpaq sahəsi istifadədə deyil. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının istinad etdiyi Bağlar təsərrüfatı Tresti ilə iddiaçının vərəsəsi olduğu Əhmədulla Mirzəyev arasında bağlanmış xx.xx.1967-ci il tarixli, 14318 nömrəli müqavilə yuxarıda göstərilən Qanunun 8.0.7-ci maddəsinə uyğun gəlir. Qeyd olunan müqavilənin arxiv əsasları mövcuddur, həmin müqavilə qüvvədədir, müqavilənin ləğv edilməsi, etibarsız hesab edilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə cavabdehin imtina dəlilləri ilə razılaşmayaraq bildirir ki, Naradaran qəsəbəsində yerləşən 604 saylı bağ sahəsinin digər şəxs tərəfindən hasarlanması, tiklilərin inşa edilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı mötəbər dəlil təqdim edilməmiş, ümumiyyətlə bu qənaətin səbəbləri əsaslandırılmamışdır. Bundan başqa, göstərilən sahəyə müraciəti qeydə alınmış şəxsə cavabdeh tərəfindən verilmiş məktubdan görünür ki, həmin şəxs 604 saylı sahəyə deyil, 602 nömrəli bağ sahəsinə iddia edir və ona cavabdeh tərəfindən verilmiş cavab məktubunda naturada göstərdiyi sahənin bağların bölgü sxeminə əsasən 602 saylı bağ sahəsinin ərazisinə uyğun gəlmədiyi bildirilərək müraciətinin təmin edilməsindən imtina edilmişdir. Digər tərəfdən, iş materiallarında olan və cavabdehin arxivində saxlanılan səlahiyyətli qurumlar tərəfindən təsdiq edilmiş yerləşmə cizgisindən görünür ki, 604 nömrəli bağ sahəsi dörd tərəfdən 586, 597, 603 və 609 nömrəli bağ sahələri ilə həmsərhəddir və həmin bağın 602 nömrəli bağ sahəsi ilə bitişik olması müəyyən edilmir. Həmçinin qeyd edilməlidir ki, iddia olunan bağ sahələri arasında uyğunsuzluq varsa belə, bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətinə aid edilmiş məsələdir. İddia olunan bağ sahəsinin iddiaçının istifadəsində olmaması məsələsi ilə bağlı qeyd olunur ki, mülki qanunvericiliyə görə fiziki və hüquqi şəxslərin özlərinə mənsub mülki hüquqlardan istifadə etməməsi, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqlara xitam verilməsinə səbəb olmur. Başqa sözlə şəxs özünə məxsus hər hansı bir əmlakdan istifadə edib-etməməsi onun şəxsi iradəsinin ifadəsidir və bu hal hüquqların qeydiyyatından imtinanın əsasını təşkil edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qeyd olunmalıdır ki, bu prosesi tənzimləyən qanunvericiliyə görə əvvəllər vətəndaşların daimi istifadəsinə verilmiş torpaq sahələrinin onların xüsusi mülkiyyətinə verilməsi məhdudlaşdırılmamış, bir şərtlə ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsi onların qanuni istifadəsində olsun. Mövcud halda isə qeyd olunan torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması işin halları ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Mübahisənin məhkəmə məsrəfinə aid hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, İPM-in 108.1-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 108.2-ci maddəsinə görə dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İş materiallarında olan "xxxx" ASC-nin Əhmədli filialının xx.xx.2024-cü il tarixli kassa mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 13 saylı vəkil bürosunun vəkili Samir Hüseynazadəyə hüquqi yardıma görə 220 manat ödəniş edilmişdir. Məhkəmə həmin məbləği mübahisənin həlli üzrə məhkəmə xərci kimi ağlabatan qiymətləndirir və iddianı əsaslı saydığından, həmin məbləğin iddiaçının xeyrinə cavabdehdən tutulmasını məqsədəuyğun bilir. Beləliklə, göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsindən ibarət 604 nömrəli bağ sahəsinə dair hüquqların mərhum X3 məxsus olması barədə arayışın verilməsi və 220 (iki yüz iyirmi) manat məbləğində prosessual xərclərin iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 0,25 hektar torpaq sahəsindən ibarət 604 nömrəli bağ sahəsinə dair hüquqların mərhum X3 məxsus olması barədə arayışın İddiaçı verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Hüquqi yardıma görə vəkilə ödənilmiş 220 manat vəsait cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq İddiaçı ödənilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-6823/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6823/2024
25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver