Məhkəmə qərarları › İş №e-2-1(112)-6824/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6824/2024

25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6824/2024 25.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İN-nin yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri punlik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********37 nömrəli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildirişinin əsassız hesab edilməsi, iddiaçı X1 Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli 2027 saylı Sərəncamına əsasən, Qala qəsəbəsində Q-160 saylı sahədə fərdi ev tikmək üçün ayrılmış 1200 kvadrat metr torpaq sahəsinə dair plan və ölçünün tərtib olunaraq, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli 2027 saylı Sərəncamına əsasən, İddiaçı Qala qəsəbəsində Q-160 saylı sahədə fərdi ev tikmək üçün 1200 kvadrat metr torpaq sahəsi ayrılaraq iddiaçının sahibliyinə verilmişdir. Həmin torpaq sahəsinin yerləşmə sxemində (koordinatları göstərilməklə) rəsmi olaraq Xəzər rayon İcra Hakimiyyəti Təsərrüfat şöbəsinin memarı və Xəzər RİHB-nın Qala İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Artıq 24 ildir ki, sözügedən torpaq sahəsi iddiaçının qanuni sahibliyində və istifadəsindədir. Həmin torpaq sahəsini özəlləşdirmək isə hazırda iddiaçının gözlənilən hüququdur. Bildirilir ki, həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün iddiaçı tərəfindən edilmiş müraciət cavabdeh orqan tərəfindən icra edilməmişdir. Belə ki, cavabdeh orqanın iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına almaqdan imtina etməsinə dair iddiaçıya göndərdiyi rəsmi 17 yanvar 2024-cü il tarixli Bildirişdə əsaslar kimi göstərilmişdir: “Elektron kadastr məlumata əsasən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir və torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki sahə 1168 kv. m təşkil edir. Bundan başqa etibarnamə üzrə nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd təqdim olunmuş sənədlər toplusuna əlavə olunmamışdır”. İddiaçı hesab ki, cavabdeh orqanın iddiaçının müraciətinin bu əsaslarla icra edilməsindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbinin xahiş etdi hissəsində torpaq sahəsinin 1200 kv.m əvəzinə 1.168 kv.m kimi götürülməsini, iddia tələbinin həmin kv.m üzrə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlarla bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********37 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Belə ki, həmin zaman göstərilən torpaq sahəsinin ayrılması Bakı şəhər Xəzər (Əzizbəyov) Rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olmuşdur. İdarənin mutəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m qeyd olunsa da, faktiki olaraq 1168 kv.m təşkil edir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barəsində hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 06 dekabr 2023-cü il tarixli məktubla təqdim edilmiş Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1999-cu il tarixli, 2027 nömrəli sərəncamına əsasən İddiaçı Xəzər rayonu, Qala qəsəbəsi ünvanında fərdi yaşayış evinin tikintisi üçün 1200 m2 həyətyanı torpaq sahəsi ayrılmışdır.

9. Xəzər rayon İcra Hakimiyyəti Rayon Təsərrüfat Şöbəsi tərəfindən Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1999-cu il tarixli, 2027 nömrəli sərəncamına əsasən İddiaçı Xəzər rayonu, Qala qəsəbəsi ünvanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200 kv.m torpaq sahəsinin yerləşmə sxemi təsdiq edilmişdir.

10. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, torpaq sahəsi Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir və torpaq sahəsi sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki sahə 1.168 kv.m təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd)

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

16. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

17. Belə ki, işin hallarınının məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Əzizbəyov RİH-nin (indiki Xəzər RİH) xx.xx.1999-cu il tarixli, 2027 nömrəli sərəncamına əsasən İddiaçı Xəzər rayonu, Qala qəsəbəsi ünvanında fərdi yaşayış evinin tikintisi üçün 1200 m2 həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün ərizə ilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən elektron kadastr məlumatlarına əsasən faktiki göstərilən torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməsinə və torpaq sahəsinin ölçüsünün az olmasına istinad edilməklə imtina edilmişdir.

18. Məhkəmə cavabdehin dəlillərinə müasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

19. İlk öncə cavabdeh tərəfindən torpaq sahəsinin Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunun Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2866 saylı sərəncamında göstərilmişdir ki, Bakı şəhərinin inzibati ərazi hüdudlarında Abşeron rayon icra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən Abşeron rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983.31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılsın.

20. Göründüyü kimi, əvvəllər Bakı şəhərinin inzibati ərazi hüdudlarında Əzizbəyov rayon İcra Hakimiyyətinin istifadəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən torpaqlar sonradan Bakı şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış və hazırda inzibati ərazi hüdudları baxımından Bakı şəhər Xəzər rayonuna aid edildiyi müvafiq qurum tərəfindən təsdiq edilir. Eləcə də, iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilərək təsdiq edilmişdir. Bundan başqa, cavabdeh etirazda iddiaçının istifadəsində faktiki istifadəsində 1.168 kv.m torpaq sahəsi olmasına istinad etsə də, iddia tələbindən göründüyü kimi, iddiaçı iddia tələbini dəqiqləşdirərək, mülkiyyət hüquqlarının məhz həmin hissəyə münasibətdə qeydiyyatını həyata keçirmək istəyir.

21. Göründüyü kimi, iddiaçıya sözügedən ünvanda yerləşən torpaq sahəsi üzərində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş ( qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar) hüquqmüəyyənedici sənədləri mövcud olmuşdur.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

23. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

24. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

25. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

26. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğun təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhər Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli 2027 saylı Sərəncamına əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 1.168 kvadtar metr torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaqla çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar