Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6829/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində xx.xx.2007-ci il tarixdən xüsusi mülkiyyətində olan 0,06 hektar torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2007-ci il tarixdən xüsusi mülkiyyətində olan 0,06 hektar torpaq sahəsində inşa edilmişdir. Qeyd edilən fərdi yaşayış evini inşa edərkən evin darvazasını və küçə tərəfdən hasarını torpaq sahəsinin küçə tərəfdən sərhəddində deyil, təxminən 40 sm torpaq sahəsinin içəri tərəfindən qoyub, çəkdirmişdir. Beləliklə, torpaq sahəsinin 42 kv.m ölçüsündə bir hissəsi darvazanın və hasarın küçə tərəfdən olan hissəsində qalmışdır. Həmin hissəyə isə şam ağacları əkmişdir. Bu cür hərəkət etməkdə məqsədi küçənin, Bakı şəhərinin adətən bir çox yaşayış məntəqələrində olduğu kimi, darısqal deyil, daha geniş olmasını təmin etmək idi. Beləliklə, torpaq sahəsinin 558 kv.m hissəsini hasarın içərisində, 42 kv.m hissəsini isə küçə tərəfindən hasarın çölündə saxlayaraq, torpaq sahəsindən bu qaydada istifadə etməyə başlamışdır. xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək xüsusi mülkiyyətində olan qeyd edilən torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. İmtinanın əsasları ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbi ilə bağlı cavabdehə müraciət etmiş və xx.xx.2025-ci il tarixli, **********90 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, cavabdehin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən torpaq sahəsinin sənəd üzrə 600 kv.m, faktiki isə 558 kv.m olduğu müəyyən edilmişdir. Odur ki, torpaq sahəsinin azalmasına dair notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi məqsədəuyğundur. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, onun mülkiyyətində olan torpaq sahəsi 600 kv.metrdir. O, küçənin geniş olması üçün hasarı bir qədər geri çəkmişdir. Ev onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Evin inşası 2007-ci ildə başa çatmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Qala qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin 24 fevral 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubuna əsasən Xəzər RİH-də vətəndaş İddiaçı tərəfindən heç bir (layihə, tikiliyə yazılı münasibət və s.) müraciət qeydə alınmadığından məlumatların təqdim edilməsi mümkün olmamışdır. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən mübahisəli torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 600,0 kv.metr, faktiki 558 kv.metr təşkil edir. Torpaq sahəsinin bir tərəfi yol, üç tərəfi qonşudur. Təqdim olunmuş sənədlər toplusunda layihə olmadığından eskiz faktiki vəziyyətə uyğun tərtib olunmuşdur. Yaşayış evi 2 mərtəbəli, 5 yaşayış otağından ibarətdir. Yaşayış evi tam təmirlidir. Torpaq sahəsi 42,0 kv.metr azdır. Torpaq sahəsinin plan və ölçüsü olmadığından faktiki koordinatlar işə əlavə olunmuşdur. Vətəndaşla təkrar əlaqə saxlanılmış, lakin o, azalma ərizəsi təqdim etməkdən imtina etmişdir. ünvan 2 ünvanda yerləşən "xxxx" MMC tərəfindən 2007-ci il tarixdə tərtib edilmiş evin eskiz layihəsi məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş abonent kartından görünür ki, iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2007-ci il tarixində ünvan 3 ünvanı ilə bağlı su təchizatı haqqında müqavilə bağlanmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (139-1.1.9.), Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd (139-1.1.10.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Oxşar normalar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda da göstərilmişdir. Həmin Qanuna əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı (8.0.9.) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd (8.0.10.) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilən hüquq normalarının məzmunundan görünür ki, xx.xx.2013-cü ilə kimi inşa edilmiş və məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. İddiaçı ona məxsus olan fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, torpaq sahəsinin sənəd üzrə 600 kv.m, faktiki isə 558 kv.m olduğu müəyyən edilmişdir. Odur ki, torpaq sahəsinin azalmasına dair notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi məqsədəuyğundur. Məhkəmə cavabdehin hazırkı dəlilinə münasibətdə qeyd edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Qala qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının hasarı həmin torpaq sahəsinin çərçivəsində çəkilmiş və hər hansı şəxsin hüquqlarını pozmamışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin istədiyi hissəsindən hasar çəkməkdə sərbəstdir, bu onun mülkiyyətində olan torpaq sahəsinin azalması anlamına gəlmir. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin digər, hasardan kənar hissəsində ağac əkmiş, oranı abadlaşdırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, ev 2007-ci il tarixdə inşa edilmiş və hündürlüyü 12 metrədək olmuşdur. Belə ki, bununla bağlı məhkəməyə "xxxx" MMC tərəfindən 2007-ci il tarixdə tərtib edilmiş evin eskiz layihəsi təqdim edilmişdir. Həmçinin, Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına əsasən yaşayış evi 2 mərtəbəli, 5 yaşayış otağından ibarətdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş abonent kitabçasından görünür ki, həmin evin su təchizatı ilə bağlı müqavilə 2007-ci ildə bağlanmışdır. Yəni, həmin fərdi yaşayış evi xx.xx.2013-cü ilə kimi inşa edilmişdir. Cavabdeh tərəfindən evin inşa edildiyi tarix və onun hündürlüyü mübahisələndirilməmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin halları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilərək göstərilmişdir. Həmin maddəyə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən iddia təmin edilməli, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ünvanında yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0,06 hektar torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bununla bağlı ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 0,06 hektar torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin üzərində İddiaçı xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6829/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6829/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver