Məhkəmə qərarları › İş №e-2-1(112)-6832/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6832/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6832/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “hesablanmış pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işin ərazi aidiyyəti məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək İqtisadiyyat yanında Dövlət Vergi Xidmətinin rəisinin xx.xx.2023-cü il tarixli **********302700 saylı əmrinə dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli **********349100 saylı əmrinin 15-ci bəndinin icrasının təmin olunması, ona hesablanmış 2994.44 manat (iki min doqquz yüz doxsan dörd manat qırx dörd qəpik) pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra hazırki iddianın məhkəmə aidiyyatının müəyyən edilməsi üçün məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Cavabdehin nümayəndəsi işin aidiyyatı üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilib müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 2.2.3-cü maddəsinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi hesablanmış pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı cavabdeh qismində isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi göstərmişdir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 16 dekabr 2024-cü il tarixli 3-21/3-1- F-157/2024 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi qanunvericiliklə müəyyən edilmiş qaydada vergi nəzarəti (kameral vergi yoxlaması istisna olmaqla), vergidən, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarından yayınmaya qarşı preventiv tədbirlərin görülməsi, vergi, məcburi dövlət sosial sığorta ,işsizlikdən sığorta və ya icbari tibbi sığorta hüquqpozmaları və cinayətkarlığa qarşı mübarizə ilə bağlı ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyəti sahəsində bu Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən, hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini, o cümlədən Abşeron rayonunu əhatə edir. İddiaçı ərizəsindən və AZEMİS elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iddiaçının yaşayı yeri ünvan 1 ünvanıdır. Belə olan halda hazırkı işə hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Belə olan halda, İPM-in 8.1.2-ci maddəsinin tələbini hazırkı işə tətbiq etdikdə aydın olur ki, hazırkı işə baxmağa Sumqayıt İnzibati Məhkəməsi səlahiyyətlidir. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərarın 17.1-ci bəndinə əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, qanunvericinin ərazi aidiyyəti üzrə bu qaydanı müəyyən edərkən əsas məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağlabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsindən ibarət olmuşdur. Məhz qeyd olunanları, həmçinin yuxarıda istinad olunan normaların tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə həmin Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə hazırkı mübahisəyə baxmaq səlahiyyəti olan məhkəmənin Sumqayıt İnzibati Məhkəməsi olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən formal xətaların aradan qaldırılması, uyğun iddia növününü seçilməsi, cavabdehin əsl cavabdehlə əvəz edilməsi və s. digər məsələlər üzrə iddiaçıya hüquqi yardımın edilməsini işə baxmağa səlahiyyətli olan Sumqayıt İnzibati Məhkəməsi etməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “hesablanmış pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar