Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6833/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı (hal-hazırda Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hal-hazırda Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi, bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli Qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli qərara əsasən 2022-ci ilin Gəlir vergisi üzrə 12 962,50 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı xərclərə dair təsdiqedici sənədi olmadığından 2022-ci il üzrə gəlir vergisini məcbur qalaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və iddiaçının 2022-ci il üzrə gəlirlərini 78 401,39 manat, xərclərini 522 manat, vergiyə cəlb olunan gəliri 77 879,39 manat, gəlir vergisini isə 15 575,88 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı iddiaçının xidmətlərin göstərilməsinə dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, iddiaçının xərclərə dair sənədi olmadığından 2022-ci il üzrə Gəlir vergisi Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Odur ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Vergi ödəyicisinin xərclərə dair təsdiqedici sənədi olmadığına görə, onun ödəməli olduğu gəlir vergisi müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun göstərdiyi xidmətlərə hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının xidmətlərin göstərilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Beləliklə, iddiaçının ödəməli olduğu gəlir vergisi 2022-ci il üzrə 2613,38 manat ola bilcəyi halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 12 962,50 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “sair ixtisaslaşdırılmış tikinti işləri”ndən ibarət olduğu, vergi orqanında uçota alınmış təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı iddiaçı tərəfindən 2022-ci il ərzində 78401,39 manat dəyərində elektron qaimə-fakturaların təqdim edilməsinə baxmayaraq, 2022-ci il üçün gəlir vergisi bəyannaməsinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, 2022-ci il üçün 15 575,88 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********618700 nömrəli Qərar qəbul olunmuşdur. Daha sonra iddiaçı tərəfindən 11,08.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün cari gəlir vergisi bəyannaməsi təqdim edilərək “Hesabat dövrünün sonuna” sütununda 0,0 manat məbləğ qeyd edilərək Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75% güzəşt hüququndan istifadə edilməklə 3 937,20 manat gəlir vergisi hesablanmasına baxmayaraq, mövcud kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 11 638,68 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********121000 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Vergi ödəyicisi tərəfindən həmin qərardan inzibati qaydada şikayət verilmiş və vergi orqanının 1 dekabr 2023-cü il tarixli **********590300 nömrəli qərarı ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmişdir. İddiaçı vergi orqanına təqdim etdiyi izahatında usta kimi fəaliyyət göstərdiyini, təqdim edilmiş elektron qaimə-fakturalar üzrə əldə edilmiş pulların təmir işlərinə görə əldə edilmiş pullardan ibarət olduğunu, işlərin görülməsində cəlb edilmiş işçilərin 1 və ya 2 gün işlədiklərini, belə olan halda tərəfindən sosial hesablamaların aparıla bilmədiyini, bank hesabına şirkətlərdən 78400,0 manat məbləğində pul köçürüldüyünü, həmin pul vəsaitlərinin alınması üzrə bank tərəfindən 1,5 % xidmət haqqı tutulduğunu, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş 2022-ci ilin gəlir vergisi bəyannaməsinin Hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 1226.3-cü (Xammal və materiallar) sətrində göstərilmiş 39 200 manat xərc məbləğinin mağazalardan alınmış malların dəyəri olduğunu, həmin malların pərakəndə satış yerlərindən alındığını, həmin malların alınması üçün elektron qaimə-faktura əldə edilməsinin lazım olduğunu bilmədiyi üçün malların sənədsiz alındığını, qeyd edilən 39200 manat məbləğində malların şveller, list metal, boya, profil, zamok, petlə, elektrod və.s kimi mallardan ibarət olduğunu, qeyd edilən malların alışı ilə bağlı bazar tərəfindən verilmiş qəbzlərin və çeklərin olduğunu, malları Buzovnada yerləşən metal satışı mağazasından aldığını, vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatların riskli əməliyyatlar hesab edilməsi və bu barədə xx.xx.2023-cü il tarixli **********938400 nömrəli məktubun göndərilməsindən xəbərinin olmadığını, Bakı Abadlığın təmir etdiyi həyətlərdə darvazaların tərəfindən yığıldığını, boruların isə faktiki olaraq təqdim edilmədiyini, borular üzrə elektron qaimə-fakturaların təqdim edildiyini, lakin həmin iş görülmədiyini və onunla bağlı pulların alınmadığını, hazırlanmış darvazaların malmaterialının özü tərəfindən alındığını, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.30-cu maddəsi ilə tanış olmadığını bildirmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilən Gəlir vergisi bəyannaməsində 3 937,20 manat gəlir vergisi bəyan edildiyi müəyyən edilmişdir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixindən yenidən dəqiqləşdirirmiş Gəlir vergisi bəyannaməsi təqdim edilmiş və bəyannamədə 75 faiz güzəşt çıxarılaraq, xərc məbləği artırılmış və 65334,49 manat xərc məbləği bəyan edilmişdir. 65334,49 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş, qeyd olunan kənarlaşmanın aradan qaldırılması barədə iddiaçıya xx.xx.2023-cü il tarixli **********729600 nömrəli məktub göndərilmişdir. Lakin iddiaçı tərəfindən mövcud kənarlaşma aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə 12 962,50 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********052600 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçının Nazirlər Kabinetinin 55 saylı Qərarının tətbiqinə münasibətdə bildirilir ki, vergi ödəyicisi tərəfindən gəlir və xərclərin uçotu aparılmayaraq şərti rentabellik tətbiq etməklə özünə xərc hesablaması qanunvericilikdə nəzərdə tutulmamışdır. İnzibati orqan tərəfindən isə bu cür hesablama tətbiq edilərkən vergi ödəyicisinin fəaliyyəti hərtərəfli təhlil edilməklə qərar qəbul edilir. Əgər vergi orqanı tərəfindən həmin normanın tətbiq edilməsi məcburi xarakter daşısa idi, vergi ödəyiciləri tərəfindən malların alış-satışına dair düzgün vergi uçotu aparmağa gərək olmazdı. Vergi ödəyiciləri hər bir halda həmin normanın tətbiq ediləcəyini bildikləri üçün artmaqda davam edən vergidənyayınma halları baş verərdi, bu isə birbaşa dövlət büdcəsinə daxilolmaların əhəmiyyətli dərəcədə azalması şəklində özünü göstərmiş olardı. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il № 1033-VİQD Qanuna əsasən Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu maddələri 2024-cü ilin yanvarın 1dən Vergi Məcəlləsindən çıxarılmışdır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirdi ki, iddiaçı usta kimi fəaliyyət göstərir. Bu səbəbdən onun öz xərclərini müəyyən etməsi qeyri-mümkündür. Vergi orqanı iddiaçıya vergi hesablayarkən rentabellik norması tətbiq etməmiş, ümumi gəlirdən vergi hesablamışdır. Bu səbəbdən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1980-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2022-ci il üçün gəlir vergisi bəyannaməsinin “malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir” qrafasında 78401,39 manat, “malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclər” qrafasında 65334,49 manat, “vergiyə cəlb oluna gəlir” qrafasında 13066,90 manat, “ödənilməli gəlir vergisi” qrafasında 2613,38 manat göstərilmişdir. 2022-ci il üçün digər gəlir vergisi bəyannaməsinin “malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir” qrafasında 78401,39 manat, “malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə xərclər” qrafasında 522 manat, “vergiyə cəlb oluna gəlir” qrafasında 77879,39 manat, “ödənilməli gəlir vergisi” qrafasında 15575,88 manat göstərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda iddiaçıdan kameral vergi yoxlaması keçirilməsi üçün sənədlər tələb edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla iddiaçıya 15575,88 manat vergi və sığorta haqqı hesablanmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla iddiaçı riskli vergi ödəyicisi hesabe dilmiş və riskli vergi ödəyiciliəri siyahısına daxil edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğvini xahiş edir. Həmin qərarla iddiaçıya əlavə vergi məbləği hesablanmış və iddiaçının hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər (95). Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir (96.1.). Vergiyə cəlb olunan gəlir, konkret dövrdə Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə edilən ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkilən və gəlirdən çıxılan məbləğ arasındakı fərqdir (96.2). Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyrisahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir (99.1.). Sahibkarlıq fəaliyyətindən gəlirə o cümlədən aşağıdakılar aiddir: sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir; sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanmasına razılıq verilməsinə görə alınan gəlir; 99.2.3. əsas vəsaitlərin təqdim edilməsindən alınan və bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilən məbləğlər; bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir (99.2.). Bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı qaydada tutulur: vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi. İşdən göründüyü kimi iddiaçı 2022-ci il üçün gəlir vergisi bəyannaməsində gəlirini 78401,39 manat göstərmiş, lakin xərclərində bir sıra uyğunsuzluqlar olmuşdur. İddiaçı bunu usta fəaliyyəti ilə məşğul olması, tikinti materiallarını aldığı mağazalardan qaimə tələb etməyin zəruri olduğunu bilməməsi və bu kimi məsələlərlə əlaqələndirmişdir. Cavabdeh isə həmin məbləğdən yalnız ikinci gəlir vergisi bəyannaməsində göstərilmiş 522 manat xərci çıxaraq vergiyə cəlb olunmalı gəliri 77879,39 manat qəbul etmiş və iddiaçıya 15575,88 manat gəlir vergisi hesablamışdır. İPM-də göstərilir ki, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər (1.2.). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində gösətrilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı qərar iddiaçının 2022-ci il üçün hesabat dövrü ilə bağlı qəbul edildiyindən iddiaçıya Vergi Məcəlləsinin həmin dövrdə qüvvədə olan müddəaları tətbiq edilə bilər. Belə ki, Vergi Məcəlləsinin 2024-cü ilin yanvarın birindən qüvvədən düşmüş 67.14cü maddəsində göstərilirdi ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yenə Məcəllənin həmin dövrə qədər qüvvədə olmuş 83.9-cu maddəsində göstərilirdi ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6-cı bəndində göstərilmişdir ki, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : (100 + R) x R burada: M1 vergi ödəyicinin mənfəəti; G1 vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R şərti rentabellik normasıdır. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında: M1 = X1 : 100 x R burada: M1 vergi ödəyicisinin mənfəəti; X1 vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər; Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Göründüyü kimi cavabdeh tərəfndən iddiaçıya gəlir vergisi hesablanarkən onun xərcləri müəyyən edilmirsə, vergi şərti rentabellik norması tətbiq edilməklə, yuxarıda qeyd edilən üsulların biri ilə hesablanmalı idi. Lakin, cavabdeh bunu nəzərə almayaraq iddiaçının bütün gəlirinə vergi hesablamışdır ki, bu qanuni hesab edilə bilməz. Cavabdehin etirazında Vergi Məcəlləsinin 67.14-cü, 83.9-cu maddələrinin 2024-cü ilin yanvarın 1-dən Məcəllədən çıxarıldığı qeyd edilmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının Vergi borcu 2022-ci il üçün hesablandığından və həmin vaxt Məcəllənin qeyd edilən normaları qüvvədə olduğundan iddiaçıya münasibətdə tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi (hal-hazırda Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi) tərəfindən qəbul edilmiş **********052600 saylı, 24 yanvar 2024-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6833/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6833/2024
04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver