Məhkəmə qərarları › İş №e-2-1(112)-6837/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6837/2025

23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6837/2025 23.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçınun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 21 oktyabr 2019-cu il tarixli, 185 №-li istismara icazə sənədinə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, 1061-ci məhəllə; 2 girişli, zirzəmili, 1-ci girişi 13 (+mansarda), 2-ci girişi 15 (+mansarda) mərtəbəli (Bina 1); 2 girişli, zirzəmili, 1-ci mərtəbəsi q/y, 14 (+mansarda) mərtəbəli (Bina 2); 2 girişli, zirzəmili, kürsülü, 1-ci giriş 14 (+mansarda), 2-ci girişi 12 (+mansarda) mərtəbəli (Bina 3); 3 girişli, zirzəmili, 1 və 3-cü girişlər 13 (+mansarda), 2-ci girişi 12 (+mansarda) mərtəbəli (Bina 4); 3 girişli, kürsülü, 1 və 3-cü girişlər 14 (+mansarda), 2-ci girişi 13 (+mansarda) mərtəbəli (Bina 5); 2 girişli, kürsülü, 1-ci giriş 13 (+mansarda), 2-ci giriş 12 (+mansarda) mərtəbəli (Bina 6); 1 girişli, zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli q/y, 20 (+texniki) mərtəbəli (Bina 7); 3 girişli, zirzəmili, 1-ci mərtəbəsi q/y, 1 və 3-cü girişlər 17 (+texniki), 2-ci girişi 19 (+texniki) mərtəbəli (Bina 8) yaşayış binaları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq xx.xx.2019-cu il tarixindən yaşayış binasının istismarına icazə verilmişdir. xx.xx.2020-ci il tarixli Kooperativ üzvlük müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi ilə ünvan 1 ünvanında inşa etdiyi yaşayış kompleksindəki İİİ binada ümumi sahəsi 58,02 kv.m olan 1 otaqlı 39a №-li mənzilin mülkiyyətçisi İddiaçı arasında kooperativ üzvlüyünə dair müqavilə bağlanmışdır. "xxxx" Mənzil Tikinti Kooperativinin Ümumi iclasının 26 aprel 2020-ci il tarixli 12 №-li Protokolundan çıxarışa əsasən kooperativin üzvü İddiaçı ünvan 1də inşa olunmuş 2 girişi 3-cü yaşayış binasının 1-ci girişin 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 58,02 kv.m, yaşayış sahəsi 20,7 kv.m, köməkçi sahə 37,32 kv.m pay haqqı olan 39a №-li 1 otaqlı mənzil mülkiyyətinə verilmişdir. İddiaçı qeyd olunan yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “... Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 185 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində mənzillərin ümumi sayı 804 ədəd göstərilmişdir. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 39a saylı mənzilin istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçının daşınmaz əmlakının qeydiyyata alınması barədə ərizəsinin icrasından xx.xx.2024-cü il tarixli məktubla imtina etməsinin əsassız hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, məhəllə 1061 ünvanında inşa edilmiş 3 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 39a saylı mənzilin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak kimi mülkiyyət hüququ əsasında qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Mənzil Tikinti kooperativi ilə xx.xx.2020-ci ildə müqavilə bağlayaraq Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, məhəllə 1061 ünvanında inşa edilmiş 3 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 39a saylı mənzili alıb. Kooeparativ tərəfindən ona mənzilin pay haqqının tam ödənilməsi və kooperativə borcunun olmaması barədə xx.xx.2021-ci il tarixli Maliyyə arayışı da verilib. "xxxx" Mənzil Tikinti kooperativinin ümumi iclasının xx.xx.2020-ci il tarixli 12 nömrəli protokolundan çıxarışında qeyd olunub ki, “kooperativin üzvü İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev küçəsi, 1061-ci məhəllədə inşa olunmuş 2 girişli 3-cü yaşayış binasının 1-ci girişinin 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 58,02 kv.m, yaşayış sahəsi 20,7 kv.m, köməkçi sahə 37,32 kv.m pay haqqı olan 39a №-li 1 otaqlı mənzil mülkiyyətinə verilsin”. Kooperativ tərəfindən həmin mənzilin cizgiləri əks olunmuş plan sxem də tərtib olunub və iddiaçıya verilib. Kooperativ iddiaçı ilə xx.xx.2021-ci il tarixdə həmin mənzillə bağlı “Kooperativ üzvlük müqaviləsi” bağlayıb. "xxxx" Mənzil Tikinti kooperativi iddiaçıya ünvan 3 ünvanında yerləşən 3 saylı yaşayış binasında yerləşən 39a saylı mənzilin ona məxsus olması və həmin mənzilin çoxmənzilli yaşayış binası kompleksinin istismara hazırlığı barədə verilmiş 0197 saylı rəydə göstərilmiş mənzillərin ümumi sayına daxil olması barədə 23 saylı, xx.xx.2021-ci il tarixli arayış da verib. Cavabdehin imtinası əsassızdır. Belə ki, yuxarıda iddiaçının həmin mənzili qanuni əsaslarla əldə etməsi və həmin mənzilin çoxmənzilli yaşayış binası kompleksinin istismara hazırlığı barədə verilmiş 0197 saylı rəydə göstərilmiş mənzillərin ümumi sayına daxil olması barədə sübutlar qeyd olunub. Hətta həmin mənzilin qaz təchizatı barədə iddiaçı ilə “Azəriqaz” İB arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilə də bağlanıb.. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 185 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində mənzillərin ümumi sayı 804 ədəd göstərilmişdir. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 39a saylı mənzilin istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığı və mənzilin ümumi sahəsinin faktiki ölçüsünün 50.5 kv.m olduğu müəyyən edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); … 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” qanun Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, “"xxxx" Mənzil Tikinti Kooperativinin Ümumi iclasının 26 aprel 2020-ci il tarixli 12 №-li Protokolundan çıxarışa əsasən kooperativin üzvü İddiaçı ünvan 1də inşa olunmuş 2 girişi 3-cü yaşayış binasının 1-ci girişin 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 58,02 kv.m, yaşayış sahəsi 20,7 kv.m, köməkçi sahə 37,32 kv.m pay haqqı olan 39a №-li 1 otaqlı mənzil mülkiyyətinə verilmişdir. İddiaçının hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının hüququnun qeydə alınmasından imtina etmiş, imtina məktubunda iddiaçının hüququnun qeydə alınmasından imtina edilməsinə əsas olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 185 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində mənzillərin ümumi sayı 804 ədəd göstərilmişdir. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 39a saylı mənzilin istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmadığının müəyyən edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazının dəlilləri kimi istinad etdiyi hallar əsassızdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının hüquqmüəyyənedici sənədlərə malik olması işin mübahisələndirilməyən halıdır. Cavabdeh də iddiaçının təqdim etdiyi sənədləri mübahisələndirmir. Cavabdeh etirazında ərizəsində iddiaçının müracitətinin təmin olunmasından imtina kimi 2 hala istinad edir: 1) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 185 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində mənzillərin ümumi sayı 804 ədəd göstərilməsi və İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman 39a saylı mənzilin istismara icazə sənədində göstərilmiş mənzillərin ümumi say tərkibinə daxil olmaması; 2) Mənzilin ümumi sahəsinin faktiki ölçüsünün 50.5 kv.m olduğunun müəyyən edilməsi. Məhkəmə cavabdehin hər iki imtina dəlilini əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən sözügedən binanın istismara icazə sənədi və binanın işçi layihəsi tələb edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən təqdim edilmiş “Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi 1061-ci məhəllədə hündür mərtəbəli yaşayış binalarının və işgüzar mərkəzin İşçi Layihəsi” məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdi edilmiş müayinə aktında qeyd edilmişdir ki, mənzilin cizgisi binanın birtibli layihəsinə əsasən tərtib edildi. Mənzilin cizgisi təqdim olunmuş layihədə öz əksini tapsa da, “a” inisialı ümumi say tərkibində öz əksini tapmamışdır. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2021-ci il tarixli 23 №-li arayışına əsasən ünvan 1 ünvanında "xxxx" MTK-ya məxsus olan 3 saylı yaşayış binasında yerləşən 39a saylı mənzil İddiaçı məxsusdur. Sözügedən mənzil çoxmənzilli yaşayış binası kompleksinin istismara hazırlığı barədə verilmiş 0197 saylı rəydə göstərilmiş mənzillərin ümumi sayına daxildir. Göründüyü kimi, cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından da müəyyən edilir ki, iddiaçıya verilmiş mənzil binanın istismara qəbul edilmiş layihəsində öz əksini tapmışdır. Lakin həmin mənzilin nömrəsi binanın ümumi say tərkibinə daxil eidlməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, binanın layihəsinin hazırlanması, tərtib edilməsi və təsdiqlənməsi ilə bağlı məsələlər iddiaçının məsuliyyət sferasına aid olan məsələ deyil və iddiaçının müılkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas təşkil etmir. Qeyd olunan hal, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsasların müəyyən edildiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində sadalanan hallara aid deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının mənzili binanın ümumi layihəsində əksini tapdığından iddiaçının tələbi təmin edilməlidir. Cavabdehin etirazında qeyd etdiyi mənzilin ümumi sahəsinin faktiki ölçüsünün 50.5 kv.m təşkil etməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbində mənzilin sahəsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir. Mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququnu qeydə alarkən mənzilin faktiki vəziyyətinə uyğun hüquqmüəyyənedicisi və texniki sənədlər vermək cavabdehin vəzifəsidir. Göstərilən hal iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina əsası kimi qiymətləndirilə bilməz. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, X2 küçəsi, məhəllə 1061 ünvanında inşa edilmiş 3 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 39a saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar