Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6850/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı Bakı şəhəri, Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən 31 A saylı evin 77 saylı mənzilinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Müharibə əlilləri, şəhid ailələri, Çernobıl hadisələri əlilləri və 20 Yanvar hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 130 saylı sərəncamı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 1 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə 08 noyabr 2010-cu il tarixli, 11/7-143 saylı əmrlə yaradılmış komissiyanın qərarlarına əsasən Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsində dayanmış müharibə əlilləri, Şahid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərin bölgü siyahısı və yuxarıda qeyd olunan qərarlardan çıxarışlar nəzərə alınaraq iddiaçıya hazırda yaşadığı ünvan 2 ünvanında yerləşən 77 saylı mənzil verilmişdir. Qeyd edilən bina əlil və şəhid ailələri üçün tikilmiş, layihə smeta sənədləri xx.xx.2008-ci ildə təsdiqlənmiş, xx.xx.2008-ci ildən tikintisinə icazə verilmişdir. Bina tikildikdən dərhal sonra mənzilləri təyinatı üzrə əlil və şəhid ailələrinə, o cümlədən də, iddiaçıya təhvil verilmişdir. İddiaçı həmin mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində öz adına qeydə alınması, həmçinin müvafiq çıxarışın və texniki pasportun verilməsi üçün cavabdehə yazılı müraciət etsə də, cavabdeh tərəfindən ona imtina məktubu verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, analoji iş üzrə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli e-2-1(112)-10564/2022 saylı qərarı mövcuddur. Həmin qərardan da müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri F.Ələkbərovun 11/10-195 saylı, xx.xx.2011-ci il tarixli əmri ilə təsdiq edilmiş Dövlət qəbul komissiaysının “inşası başa çatmış öbyektin istismara qəbul olunması barədə Akta əsasən Bakı şəhəri Y asamal rayonunda əlil və şəhid ailələri üçün 9 mərtəbəli 81 mənzilli yaşayış evi istismara qəbul edilmişdir. Yaşayış evinin layihəsmeta sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2008-ci il tarixli, 11/7-268 saylı əmri ilə təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “ünvan 3 ünvanda şəhid ailələri üçün inşa edilmiş yaşayış binasının balansa qəbul edilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 226 saylı sərəncamına əsasən qeyd olunan yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına qəbul ediməklə vahid texniki istismar normalarına uyğun xidmətin təşkili istiqamətində müvafiq təşkilati tədbirləri həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 3 ünvanda tikilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir... İddiaçı imtinanı qanunsuz və əsassız hesab edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 130 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, 5v saylı evin, 8 saylı mənzili qanunvericiliyin tələblərinə uyğun olaraq X1 adına xx.xx.1998-ci il tarixdə qeydiyyata alındığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalniz bir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 nömrəli forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11, 11.1, 23-cü maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin və xx.xx.2024-cü il tarixli **********75 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 23 may 2012-ci il tarixli, 130 nömrəli Sərəncamının arxiv surətindən görünür ki, Azərbaycan Respublikası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 4 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə Nazirlikdə 08 noyabr 2010-cu il tarixli, 11/7-143 saylı əmrlə yaradılmış komissiyanın qərarlarına əsasən Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış müharibə əlilləri, Şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobıl hadisələri əlillərinə ayrılımış mənzillərin bölgü siyahısi və yuxarıda qeyd olunan qərarlardan çıxarışları nəzərə alaraq aşağıda adları çəkilən Qarabağ müharibəsi əlilləri, Şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri, BVMsi əlilləri və Çernobıl hadisələri əlillərinə ayrılmış mənzillərə dair onlarla kirayə müqavilələri bağlansın: X6, ailə tərkibi 5 nəfər, Əsəd Əhmədov küçəsi, ev 31 a, mənzil 77, -3 otaq ümumi sahəsi 99,75 kvm., yaşayış sahəs 53,35 kvm. S.F.Baxşəliyev mənzil növbəsindən çıxarılsın. Sərəncamda adları qeyd olunan vətəndaşlara verilmiş mənzillərin müvafiq qaydada sənədləşdirilməsi ərazi üzrə 19 saylı MKİS-nə tapşırılsın. Bu sərəncamda adları keçən vətəndaşların onlara verilmiş mənzillərə qeydiyyata alınması payon Polis idarəsindən xahiş edilsin. -Bakı şəhəri Yasamal RİHB-nin “hərbi qulluqçuların xidməti mənzillərinə daimi order verilməsi haqqında” xx.xx.1998-ci il tarixli, 315 saylı sərəncamından çıxarışdan görünür ki, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi və hərbi qulluqçular rayon icra hakimiyyətinə müraciət edərək, onların xidməti mənzillərinə daimi order verilməsini xahiş etmişdir. Mənzil Məcəlləsinin 105-ci maddəsini və qeyd edilənləri nəzərə alaraq: 1.Adları aşağıda göstərilən hərbi qulluqçuların xidməti mənzillərinə daimi order verilsin: X6. -xx.xx.1998-ci il tarixli, 031302 nömrəli orderdən görünür ki, X4 üç nəfər ailə üzvü ilə Bakı şəhəri, B.Bağırova küçəsində yerləşən 5 V saylı evdən 2 otaqlı, 27,2 kv.metr sahəsi olan mənzil 8 nömrəli mənzil verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, H.Məcidov küçəsi, ev 5 V, mənzil 8 X1 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-10564/2022 nömrəli qərarından görünür ki, iddiaçı X5 iddiası təmin edilmiş və Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 31A saylı evin 35 saylı mənzilinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 31A, mənzil 35 (Yeni qaydalarla: AZ 1070, ünvan 5 ünvanında yerləşən mənzil üzərində xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-1(112)-10564/2022 nömrəli qərarının təsviri hissəsindən görünür ki: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 11/10-195 saylı, xx.xx.2011-ci il tarixli əmri ilə təsdiq edilmiş Dövlət qəbul komissiaysının “inşası başa çatmış öbyektin istismara qəbul olunması barədə akt”a əsasən Bakı şəhəri Yasamal rayonunda əlil və şəhid ailələri üçün 9 mərtəbəli 81 mənzilli yaşayış evi istismara qəbul edilmişdir. Yaşayış evinin layihə-smeta sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2008-ci il tarixli, 11/7-268 saylı əmri ilə təsdiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “ünvan 3 ünvanda şəhid ailələri üçün inşa edilmiş yaşayış binasının balansa qəbul edilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 226 saylı sərəncamına əsasən qeyd olunan yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına qəbul ediməklə vahid texniki istismar normalarına uyğun xidmətin təşkili istiqamətində müvafiq təşkilati tədbirləri həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 3 ünvanda tikilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Həmin Qanundan: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin hallarından müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon İcra hakimiyyəti Başçısının 23 may 2012-ci il tarixli, 130 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində 81 mənzilli yaşayış binası inşa olunmuş, mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə Nazirlikdə 08 noyabr 2010-cu il tarixli, 11/7-143 saylı əmrlə yaradılmış komissiyanın qərarlarına əsasən Yasamal Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış müharibə əlilləri, Şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobıl hadisələri əlillərinə ayrılmış mənzillərin bölgü siyahısına uyğun olaraq həmin binadan 77 nömrəli mənzil 5 nəfər ailə üzvü nəzərə alınmaqla iddiaçıya verilmiş, və o, mənzil növbəsindən çıxarılmışdır. Məhkəmə hesab edir ki, mənzil üzərində hüquqların yaranması əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.1ci maddəsi çıxış edir. Belə ki, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 130 nömrəli Sərəncamına əsasən müəyyən olunur ki, qeyd edilən yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə məhz Yasamal rayonunda Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobıl hadisələri əlilləri üçün inşa edilmişdir. Odur ki, binanın inşa edilməsinin məqsədi məhz qeyd edilən kateqoriyadan olan şəxslərin mənzil ehtiyacının təmin edilməsi ilə bağlı olmuş və dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Həmin mənzillərin müvəqqəti olaraq verilməsinə dair sərəncamda hər hansı qeyd yoxdur. Həmin sərəncam ləğv edilməmiş və ya geri çağırılmamışdır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olan halda, hazırkı iddia tələbi üzrə iddiaçının mənzilin onun mülkiyyətinə verilməsinə dair qanuni gözləntisi yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, 5v saylı evin, 8 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının adına xx.xx.1998-ci il tarixdə qeydiyyata alınması səbəbindən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilməsinə dair dəlili hazırkı işin hallarına uyğun deyil. Ona görə də, hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. Bu baxımdan həmin mənzilin qeydiyyata alınmasına münasibətdə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi tətbiq olunmalı və Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 130 nömrəli sərəncamı istinad olunmuş maddədə nəzərdə tutulmuş əsas qismində qəbul edilməlidir. Məhkəmə həm də nəzərə alır ki, qeyd edilən binadakı mənzillərin analoji sənədlər əsasında ilkin hüquqi qeydiyyata alınmasına dair məhkəmə aktları mövcuddur və həmin qərarlar əsasında da hüquqların dövlət qeydiyyatı aparılmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozulması hesab edilə bilər. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdehin imtinası qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə də, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 130 nömrəli, 23 may 2012-ci il tarixli sərəncamı ilə Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində yerləşən Əsəd Əhmədov küçəsində inşa edilmiş 31 A saylı evin 77 saylı mənzili üzərində iddiaçı X2 mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindəki 31A nömrəli evin 77 saylı mənzili üzərində İddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-6850/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6850/2024
02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver