Məhkəmə qərarları › İş №e-2-1(112)-6858/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6858/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6858/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçıların nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinə (3-ü şəxs: X3) qarşı “sərəncamın və çıxarışın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçılar) Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Komunal Təsərrüfatı Departamentinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin Ağasadıx Gəraybəyli küçəsi, ev 41, mənzil 23-ə dair kirayə müqaviləsinin bağlanması barədə 16 sentyabr 2014-cü il tarixli, 82 saylı sərəncamının, habelə, həmin mənzil üzərində X1 mülkiyyət hüququna dair dövlət reyestrində qeydin (çıxarışın) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin Bakı şəhəri, Ağasadıx Gəraybəyli küçəsi, 41 saylı evin 23 saylı mənzilinə Tərlan Qafarovun adına icarə müqaviləsinin bağlanması barədə 16 sentyabr 2014-cü il tarixli 82 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 1984-cü ildə iş yerindən İddiaçı1 verilib və hər iki iddiaçı uşaqları ilə birgə həmin vaxtdan qeydiyyata düşərək o mənzildə yaşayıblar. 2020-ci ildən başlayaraq həmin binanın sökülməsi bəhanəsi ilə iddiaçılar oradan çıxarılıb. Sonradan onlara məlum olub ki, həmin mənzil o mənzillə heç bir əlaqəsi olmayan X1 adına mənzil fondu evlərinin özəlləşdirilməsi qaydasında özəlləşib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmiş sorğuya verilən cavabdan məlum olur ki, cavabdeh təşkilatın 16 sentyabr 2014-cü il tarixli 82 saylı sərəncamına əsasən, Ağasadıx Gəraybəyli küçəsi, ev 41, mənzil 23-ə Tərlan Qafarovun adına icarə müqaviləsinin bağlanmasına göstəriş verilib. Sərəncamda 1990-cı ilin orderinə istinad edilib. Halbuki, həmin order başqa binaya verilib. Orda binanın 41A olması göstərilib, mənzilin nömrəsi isə qeyd edilməyib. Bundan sonra Forma 2 arayışı verilib, özəlləşmə də həmin sərəncam və sənədlər əsasında aparılıb. Forma 2 arayışı da saxtalaşdırılaraq, orada iddiaçıların adları qeyd olunmayıb. Halbuki, iddiaçılar 1984-cü ildən həmin mənzildə daimi yaşayış yeri üzrə qeydiyyata alınaraq yaşamışlar. Göründüyü kimi cavabdeh təşkilatın 16 sentyabr 2014-cü il tarixli 82 saylı sərəncamı qanunsuzdur və ləğv edilməlidir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, 3-cü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında iddianın mümkünlük məsələsi müzakirə edilmişdir. İddiaçıların nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddiaçılar əvvələr ünvan 1 ünvanında yaşayıblar. Təxminən 2020-ci ildə onlara bildirilib ki, bina söküləcək və onlar həmin mənzili tərk ediblər. Lakin, sonradan mənzilə dair digər şəxsin adına çıxarış verildiyini bilmiş və həmin çıxarışın ləğvi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldırmışlar. Həmin işə baxılarkən 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hazırda mübahisələndirilən sərəncam məhkəməyə təqdim edilmişdir. İddiaçı həmin iddia ərizəsini geri götürmüş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə gec müraciət olunmasına səbəb isə iddiaçı ilə danışıqların aparılması və sənədlərin hazırlanmasına müəyyən vaxt sərf edilməsi olmuşdur. Qeyd edilənlərə əsasən nümayəndə iddianın mümkün hesab edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirdi ki, iddiaçıların həmin mənzildə yaşamaları həqiqətə uyğun deyildir. Onlar hər hansı səbəbdən mənzilə qeydiyyata düşə bilərlər. Lakin, həmin mənzildə yaşamaları sübuta yetirilmir. Bu isə o deməkdir ki, iddiaçıların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Bu səbəbdən iddia mümkün sayılmamalıdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçı Bakı şəhəri, Ağasadıx Gəraybəyli küçəsi, 41 saylı evin 23 saylı mənzilinə T.Y.Qafarovun adına icarə müqaviləsinin bağlanması barədə 16 sentyabr 2014-cü il tarixli 82 saylı sərəncamının ləğvini tələb edir. Yəni, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır. İPM-də göstərilmişdir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır (2.2.1). Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər (32.1). Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər (38.1). İstinad edilən hüquq normalarının tələblərinə görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Bu şərtlər mübahisələndirmə haqqında iddia növünə də aiddir. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olubolmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Belə olan halda, məhkəmə hazırkı iddianın xüsusi mümkünlük şərtini – iddia verilməsi müddətinə əməl edilib-edilməməsini yoxlamalı və bu məqsədlə, mübahisələndirilən sərəncam barəsində iddiaçının nə vaxtdan məlumatlı olmasını müəyyən etməlidir. Göründüyü kimi iddiaçılar cavabdehin xx.xx.2014-cü il tarixli sərəncamının verilməsindən təxminən 10 il sonra həmin sərəncamı mübahisələndirmişlər. İddiaçıların nümayəndəsi iddiaçıların ünvan 1-də təxminən 2020-ci ilə kimi yaşadıqlarını və bundan sonra mənzili tərk etdiklərini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçılar 2020-ci ilə qədər həmin mənzildə yaşadıqları halda mənzillə bağlı 2014-cü ildə verilmiş sərəncamdan məlumatsız olmaları məntiqli və inandırıcı görünmür. İddiaçıların nümayəndəsi əvvəlcə mənzillə bağlı üçüncü şəxsin adına verilmiş çıxarışı mübahisələndirdiklərini və həmin işin gedişatı zamanı cavabdehin qeyd edilən sərəncamından məlumatlı olduqlarını və bundan sonra həmin iddianı geri götürərək hazırkı iddianı qaldırdıqlarını bildirmişdir. Məhkəmə qeyd edir ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iddiaçıların Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi barədə iddiası və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2024cü il tarixində daxil olmuşdur. Hesab edilərsə ki, həqiqətən iddiaçılar mübahisələndirilən sərəncam barədə həmin işin gedişatı zamanı məlumatlı olmuşlar, belə olan halda xx.xx.2023-cü il tarixli qərardadın qəbulundan 30 gün keçənədək iddia ərizəsini məhkəməyə göndərməli və ya təqdim etməli idilər. Lakin, iddiaçılar qeyd edilən prosessual müddəti də ötürmüşlər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Komunal Təsərrüfatı Departamentinə qarşı 16 sentyabr 2014-cü il tarixli, 82 saylı sərəncamın ləğv edilməsi barədə iddiaları mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar