Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6875/2023 12.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı “siyahıdan çıxarılma” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********839600 nömrəli Qərarın ləğv edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “İddiaçı riskli vergi ödəyicilərinin siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********839600 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********839600 nömrəli qərarı qanunsuz və əsassız hesab edir: Mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarda səbəb olaraq göstərilmişdir ki, “cəmiyyətin icra orqanının rəhbəri olan fiziki şəxs beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olduğundan AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının” 2.1.8-ci yarımbəndinə əsasən cəmiyyət riskli vergi ödəyicisi hesab edilir. Qeyd olunanlardan aydın olduğu kimi, riskli vergi ödəyicisinin anlayışı Vergi Məcəlləsinə xx.xx.2020-ci il tarixdən daxil edilmiş, riskli vergi ödəyicisinin meyarları isə xx.xx.2020-ci il tarixdən təsdiq edilmişdir. İddiaçı şirkətin rəhbəri X1 təsisçisi və rəhbəri olduğu digər müəssisələr 2020-ci ildən əvvəlki tarixlərdə təsis edilmiş və ya rəhbər təyin edilmiş, 2020-ci ildən sonra isə adına hər hansı yeni hüquqi şəxs təsis edilməmiş və ya hər hansı hüquqi şəxsə rəhbər təyin edilməmişdir. Yəni, Məmmədov Fəxrəddin beşdən çox hüquqi şəxs təsis edən və hüquqi şəxslərin ya rəhbəri təyin edilən zaman riskli vergi ödəyicisi ilə bağlı qanunvericilikdə hər hansı norma mövcud olmamışdır. Bu isə o deməkdir ki, vergi orqanı hazırkı iş üzrə Vergi Məcəlləsinin normalarını və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların” Meyarlarını qüvvəyə minməzdən əvvəlki tarixlərdə baş vermiş münasibətlərə tətbiq edir ki, bu da qanunvericiliyin tələblərinin pozuntusu deməkdir. Belə ki, AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göründüyü kimi, vergi orqanı vergi qanunvericiliyinin müddəalarını geriyə şamil edərək iddiaçının hüquqi vəziyyətini ağırlaşdırmışdır. Halbuki, iddiaçı qanunla ona verilmiş hüququdan istifadə edərək adına beşdən artıq hüquqi şəxs təsis etmişdir ki, qanunda bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Əksinə, Məmmədov Fəxrəddin hüquqi şəxsləri müxtəlif şəxslərin adına qeydiyyatdan keçirib idarə edən şəxslərdən fərqli olaraq, bütün məsuliyyəti öz üzərinə götürərək və hər hansı əməliyyatı pərdələmədən bütün hüquqi şəxsləri öz adına qeydiyyatdan keçirmişdir.
4. Cavadeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, vergi ödəyicisi olan İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndinə əsasən (beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər) riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2023-cü il tarixli, **********839600 nömrəli Qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyətin icra orqanının rəhbəri olan X3 (FİN:1QNNX0E) xx.xx.2023-cü il tarixdə 33 (otuz üç) sayda müəssisənin fəaliyyəti passiv, 9 (doqquz) sayda müəssisənin fəaliyyəti isə aktiv olmaqla, ümumilikdə 42 sayda müəssisənin rəhbəridir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdehin iddiaçının müraciətinə olan məktubunda bildirilmişdir ki, “İddiaçı MMC-nin (VÖEN: **********) rəhbəri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndinə əsasən beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olduğu üçün riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli və **********839600 nömrəli Qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq müvafiq risk meyarını aradan qaldırmaqla yenidən müraciət etməyiniz tövsiyə olunur.”
6. Vergi orqanının xx.xx.2023-cü il tarixli **********839600 nömrəli qərarı ilə Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
7. Məhkəmənin soğrusuna cavab olaraq cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubu ilə bildirmişdir ki, vergi ödəyicisi olan İddiaçı (VÖEN. **********) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndinə əsasən (beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər) riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2023-cü il tarixli, **********839600 nömrəli Qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Cəmiyyətin icra orqanının rəhbəri olan X3 (FİN:1QNNX0E) xx.xx.2023-cü il tarixdə 33 (otuz üç) sayda müəssisənin fəaliyyəti passiv, 9 sayda müəssisənin fəaliyyəti isə aktiv olmaqla, ümumilikdə 42 sayda müəssisənin rəhbəridir.
8. X1 rəhbəri olduğu "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2013-cü il, "xxxx" MMC (aktiv) xx.xx.2015-ci il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2014-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2006-cı il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2014-cü il, "xxxx" BEYNƏLXALQ ŞİRKƏT (aktiv) xx.xx.2004-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2014-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2013-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2012-ci il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2017-ci il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2014-cü il, "xxxx" MMC (aktiv) xx.xx.2014-cü il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2012-ci il, "xxxx" MMC (ləğv prosesindədir) xx.xx.2014-cü il, "xxxx" MMC (aktiv) xx.xx.2013-cü il, "xxxx" MMC (aktiv) xx.xx.2013-cü il tarixdə təsis edilmişdir.
9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi A.Həsənova iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
12. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair mübahisələndirmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati aktın qəbulundan imtinaya qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın (onun qəbulundan imtinanın) ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
13. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Belə ki, iddia tələbi riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsindən ibarətdir, həmin qərar inzibati aktdır və hazırki iddia məcburetməyə dair iddiadır.
15. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. İddia tələbi mümkündür. Belə ki, iddia tələbi düzgün cavabdehə irəli sürülmüş, iddia müddətinə əməl edilmiş və iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
İİİ. Məhkəmənin mövqeyi
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.69. vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; 13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
18. İş materiallarında olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh orqan tərəfindən aparılmış araşdırma nəticəsində İddiaçı (VÖEN**********) müvafiq mənbəyi bəlli olan məlumatları üzrə uyğunsuzluq müəyyən edilərək riskli vergi ödəyicisi hesab olunmuş, riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və bu barədə vergi orqanı xx.xx.2023-cü il tarixli, **********839600 nömrəli Qərar qəbul etmişdir. İddiaçı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunmasına əsas cəmiyyətin icra orqanının rəhbəri olan X1 xx.xx.2023-cü il tarixə 33 sayda fəaliyyəti passiv, 9 sayda fəaliyyəti aktiv olan, ümumilikdə 42 sayda müəssisənin rəhbəri olması göstərilməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndi (beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər) rəhbər tutulmuşdur.
19. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
20. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.
64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 15.1.8. Vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. 15.1.9. Müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət elmək vergi ödəyicisinin hüququdur.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.
22. Cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.8-ci yarımbəndi əsas götürülərək, iddiaçı riskli vergi ödəyicisi hesab edilmişdir. Halbuki, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, X3 hazırda beş fəaliyyətdə olan hüquqi şəxsin ("xxxx" MMC, "xxxx" BEYNƏLXALQ ŞİRKƏT, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) icra orqanının rəhbəridir, təsisçisi olduğu digər müəssisələr isə fəaliyyəti passiv olmaqla ləğv prosesindədir. Ləğv prosesində olan müəssisələr hər hansı bir əməliyyat aparmaq səlahiyyətinə malik olmamaqla yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərirlər.
23. Göründüyü kimi İddiaçı icra orqanının rəhbəri X1 rəhbəri olduğu müəssisələrin sayı beşdən artıq olmamaqla, fəaliyyəti qanunverciliyin qeyd olunan tələbinə zidd olmamışdır.
24. Beləliklə, cavabdeh vergi orqanı bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda bunu etməməklə, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamaqla “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu, Vergi Məcəlləsinin normaları və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tələblərini kobud şəkildə pozmuşdur.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
26. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin normaları işin faktiki hallarına düzgün tətbiq edilməmiş, bununla da işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir, beləliklə, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir.
27. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
28. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva