Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6886/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iş üzrə İddiaçı birgə iddiaçı (prosessual həmiştirakçı) qismində işə cəlb edilməsini, X1 öldüyünə görə onun üçüncü şəxs qismində işə cəlb edilməsi barədə qərardadın ləğv edilməsini, ünvan 1 evin 1-ci mərtəbəsində 76,44 kv.m. sahənin "xxxx" MMC-nin payı 60 %, İddiaçı isə 40 % həcmində onların mülkiyyətinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ünvan 1 ünvanda "xxxx" QSC-nin işçiləri üçün inşa edilməyə başlanmış, lakin yarımçıq qalmış yaşayış binasının təsdiq edilmiş layihəsinə əsasən binanı tikib başa çatdırmağı öhdəsinə götürmüşdür. Tərəflərin arasında bağlanmış müqavilənin şərtlərinə görə "xxxx" MMC yarımçıq binanı öz vəsaiti hesabına tikib istismara verməli, müqabilində sifarişçi "xxxx" QSC ilə binanın yaşayış və qeyri-yaşayış sahələrini tərəflərin arasında bölməlidirlər. İşi icra və istismara nəzarət etmək məqsədilə "xxxx" MMC "xxxx" MTK-nı təsis etmişdir. Əsas və törəmə bu hüquqi şəxslərin vahid təsisçisi X1 olmuşdur. Müqavilə üzrə öhdəliklər tam icra edilmişdir. Bölgüyə əsasən "xxxx" MMC-nin bu iş üzrə iddia ərizəsində göstərilmiş 76,44 kv.m. qeyriyaşayış sahəsinin qiymətini "xxxx" MTK-ya ödəyərək, Əzizağa Hüseynov almışdır. 2018ci ildə X1 vəfat etmişdir. "xxxx" MMC-nin əmlakı ilə formalaşmış nizamnamə kapitalındakı paylar, mirasın qəbulu haqqında şəhadətnaməyə əsasən oğlu İddiaçı - 40%, qızları Natəvan Hüseynova və Mətanət Rüstəmovaya, hər birinə 30 % bölünmüş və bu paylarla "xxxx" MMC yenidən dövlət reyestrində qeydə alınmışdır. 2020-ci ilin sonunda İddiaçı MM-in 95 və 96-cı maddələrinə müvafiq üsulla paydan çıxmışdır. Bundan sonra, bacıların paylarına uyğun MMC yenidən hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Mövcud 76,44 kv.m. qeyri-yaşayış sahəsinin və "xxxx" MMC-nin daimi istifadəsindəki bir sıra daşınmaz əmlakın torpaq sahəsi və tikililər müəssisənin mülkiyyətinə qeydə alınmadığına görə İddiaçı paydan çıxarkən pay bölgüsündə nəzərə alınmayıb, amma qanunla müəyyən edilmiş istifadə və sahiblik hüququ qalmışdır. Bu səbəbdən, mübahisənin predmeti, İddiaçıla "xxxx" MMC-nin müştərək hüquqi maraqlarına toxunur və eyni hüquqi əsaslarla o, mövcud işdə birgə iddiaçı qismində çıxış etmək təşəbbüsündədir. İnzibati mübahisənin mahiyyətinə gəldikdə isə cavabdeh reyestr orqanı "xxxx" MTK-nın tərtib etdiyi hüquqmüəyyənedici sənədlərin, habelə bu kooperativin fəaliyyətinin "xxxx" MMC-yə mənsub olduğunu nəzərə almayıb. Halbuki, reystr orqanı MM-in 139-1.1.6-cı maddəsinə əsasən mübahisənin predmetini "xxxx" MMC-nin mülkiyyətinə qeydə almağa borcludur. Eyni zamanda, MM-in 139-1.1.3-cü maddəsinə müvafiq vərəsəlik hüququ ilə payı təsdiq edən sənəd, həmin payın dövlət reyestrində qeydə alınması üçün müstəqil əsasdır. MM-in 213.2-ci maddəsinə əsasən paylar müəyyən edilmiş əmlak paylı mülkiyyət kimi qeydə alınır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmiş, habelə İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçının iddiaçının elektron məhkəmə sistemində yerləşən kabinetinə hüquqi yardım məktubu göndərilmişdir. Belə ki, İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq iddia tələbinə dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili elektron sistem vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın nümayəndəsi isə hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İstinad olunan Plenum Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarda həmçinin vurğulanır ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (6.1, 6.2 və 7-ci bəndlər). Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının məqsədi onun və "xxxx" MMC-nin payları müəyyən edilməklə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 136A nömrəli evin 1-ci mərtəbəsində yerləşən 76,44 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsinə yönəlmişdir. Lakin iş materiallarında iddiaçının bu tələblə cavabdeh inzibati orqana müraciətinin olması müəyyən edilməmiş, təklif edilməsinə baxmayaraq iddiaçı tərəfindən də bu barədə məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Halbuki, iddia öhdəliyin icrası növünə aid olduğundan xüsusi mümkünlük şərti kimi əvvəlcə cavabdeh inzibati orqana müraciət edilməsi şərtinə tabedir. Bu baxımdan iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin nədə ifadə olunduğu əsaslandıra bilməmişdir Həmçinin iş materiallarında olan iddia ərizəsindən müəyyən edilmişdir ki, "xxxx" MMC cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırkı iddia üzrə mübahisə predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 136A nömrəli evin 1-ci mərtəbəsində yerləşən 76,44 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hazırda qeyd olunan inzibati iş məhkəmənin icraatındadır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbində irəli sürdüyü digər tələblər (birgə iddiaçı kimi cəlb edilmə, üçüncü şəxs qismində cəlb edilmə barədə qərardadın ləğv edilməsi) həmin icraat çərçivəsində irəli sürülməli və baxılmalı olan vəsatət xarakterli məsələlər olduğundan müstəqil iddia tələbi kimi baxıla bilməz. Odur ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hüquqların qeydiyyatı ilə bağlı cavabdehə ilkin müraciəti olmadığından, digər tələbləri isə ayrıca icraat qaydasında baxılmalı tələblər olmadığından iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququnun pozulması hesab edilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-6886/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-6886/2025
29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver