Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6897/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsinə dair yerləşmə cizgisinin (planın) verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Suraxanı Rayon İcra Hakimiyyətinin (bundan sonra cavabdeh) 25 fevral 1997-ci il tarixli 218 nömrəli sərəncamı əsasında vətəndaş İddiaçı (bundan sonra iddiaçı) fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, Kirov küçəsi, 5 nömrəli evin qarşısındakı sahədə 400.0 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq verilmiş Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur: “Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 400,0 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsinə köməklik göstərilməsi haqqında ərizənizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyindən müraciətinizin müsbət həlli səlahiyyətlərimiz xaricindədir.” "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair" Tələblərin 2.2 saylı bəndinə əsasən ona məxsus, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi 10 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxanda qeyd olunan torpaq sahəsi və fərdi yaşayış evi elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyini bildirir və qeydiyyata alınmasına etiraz etmirlər. Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 218 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə ayrılmış 400 kv.m torpaq sahəsinə vizual baxış keçirilmiş, təyinatı üzrə istifadə edildiyi və 100 kv.m-ə yaxın əlavə torpaq sahəsinin olduğu müəyyən edilmişdir (torpaq sahəsinin fotoşəkilləri və situasiya planı əlavə olunur). İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Suraxanı rayon İcra Hakimiyyəti başçısının 25 fevral 1997-ci il tarixli 218 saylı Sərəncamına əsasən ona ayrılmış 0,04 ha torpaq sahəsinin cizgisinin (planının) mövcud vəziyyətdə hazırlanması və ona təqdim edilməsinin bir öhdəlik kimi cavabdeh Suraxanı rayon İcra hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacının olduğunu nəzərə alan Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı özünün 26 fevral 1997-ci il tarixli 218 saylı Sərəncamına əsasən rayonun Qaraçuxur qəsəbəsi, Kirov küçəsindəki (indiki Cəlal Qurbanov küçəsi) 5 nömrəli evin qarşısındakı sahədə fərdi yaşayış evinin tikintisi üçün ailəsinə 0,04 ha torpaq sahəsi ayırmışdır. Ayrılmış torpaq sahəsi həmin vaxtlar İcra Hakimiyyətinin əməkdaşları tərəfindən yerində ölçülərək ona göstərilmişdir. Bu zaman hər hansı bir sənəd tərtib edilməmişdir. Bundan sonra göstərilmiş sahədə mənzilin tikintisinə başlamış və qısa bir müddətdə mənzili tikərək köçüb həmin mənzildə yaşamağa başlamışlar. Təqribən 20 ildən çoxdur ki, fasiləsiz olaraq, həmin mənzildə yaşayırlar. Mənzil bütün kommunal şəraitlə təmin olunubdur. Yaşayış üçün tam normal şərait mövcuddur. O səbəbdən, əvvəlcə qanuni istifadəsində olan torpaq sahəsinə hüquqların dövlət qeydiyyatından keçirilməsi üçün 2023-cü ilin əvvəllərində şifahi surətdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Sənədlərini qəbul etməkdən imtina etdilər ki, torpaq sahəsinin cizgisi olmalıdır. İzah etdilər ki, həmin cizgini İcra Hakimiyyəti verir. Bu cavabdan sonra, ona ayrılmış torpaq sahəsinin cizgisinin verilməsi üçün rəsmi qaydada Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyəti müraciətinə verdiyi xx.xx.2023-cü il tarixli cavabda göstərmişdir ki, bu xidmət sifarişçinin hesabına Əmlak Məslələri Dövlət Xidməti tərəfindən həyata keçirilir. O səbəbdən, yenə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciətlər etmişdir. Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavabı ilə yenidən ona imtina olundu. Düşünürdü ki, yəqin müraciətin mahiyyəti düzgün başa düşülməyib. Belə ki, cavabda göstərilirdi ki, ona aid torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən müraciətinin icrası mümkün olmamışdır. Baxmayaraq ki, o, torpaq sahəsinin qeydiyyata alınması üçün zəruri olan ilkin sənədlərin hazırlanmasını xahiş etmişdir. Müraciətinə mahiyyəti üzrə cavab verilmədiyindən, məcbur olub, nümayəndə vasitəsi ilə təkrarən, detallı surətdə nə istədiyini göstərməklə yenidən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Təkrar müraciətinə idarədən verilmiş xx.xx.2024-cü il tarixli cavabda göstərilmişdir ki, bu müraciətlə bağlı ona xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Yəni, imtina olunubdur. 2024-cü ilin dekabr ayında nümayəndəsi vasitəsi ilə yenidən Suraxanı RİH-nə müraciət etmişdi. Müraciətə cavab verilmədiyindən, 20 dekabr 2024-cü ildə təkrar müraciətdən sonra, 29 dekabr 2024-cü ildə xx.xx.2024-cü il tarixli cavabı aldı ki, yerqruluşu işlərinin görülməsi onların səlahiyyətlərinə aid deyil və şifahi surətdə bildirdilər ki, ərizə baxılması üçün İcra hakimiyyətinin tabeçiliyində olan Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərilmişdir. Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən aldıqları xx.xx.2025-ci il tarixli cavabda da, bildirilir ki, “qaldırdığınız məsələnin həlli Suraxanı İHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin səlahiyyətləri xaricindədir”. Hesab edir ki, verilmiş cavablar tam qanunsuz və əsassızdır. Belə ki, yuxarıda da göstərdiyi kimi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 26 fevral 1997-ci il tarixli 218 saylı Sərəncamına əsasən ayrılmış və ona təhvil verilmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı münasibət təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin cizgisinin mövcud vəziyyətdə hazırlanması və iddiaçıya təqdim edilməsi” tələbinə dair iddianın mümkün sayılmaması bardə qərar qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: 4.16.3. müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; 4.16.6. torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilən zaman Azərbaycan Respublikasının Ali Sovetinin 9 noyabr 1991-ci il tarixli, 255-Xİİ nömrəli Qərarı ilə təsdiq edilmiş Torpaq Məcəlləsi qüvvədə olmuşdur. Həmin Torpaq Məcəlləsi: Maddə 14. müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Maddə 22. torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq; Maddə 29. müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Maddə 57. Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi Yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 83.1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmənin əsaslandırması: İstinad edilən qanunvericilik normalarından göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilə bilən torpaq sahələri yalnız dövlət ehtiyat fondu torpaqlarına aid ola bilər və bu qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. Torpaq sahəsi ayrılarkən yerquluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi isə onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçıya naturada təhvil verilsə də, hazırda həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən cizgi mövcud deyil. Belə ki, Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəmənin sorğusuna cavab olaraq Suraxanı Rayon İcra Hakimiyyətinin 25 fevral 1997ci il tarixli 218 nömrəli sərəncamının surəti məhkəməyə təqdim edilsə də, plan-ölçü sxemi (yerləşmə cizgisi) təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025ci il tarixli məktubda göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 400.0 kv.m olsa da, faktiki olaraq hasardaxili 640.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Torpaq sahəsindən 5.0-8.0 metr aralı məsafələrdən elektrik hava xətti keçir. Faktiki olaraq göstərilən 640.0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur. XY
1. 413246.858 4473042.608
2. 413216.957 4473043.607
3. 413219.772 4473068.221
4. 413249.638 4473060.092 Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Həmçinin torpaq sahəsindən hasarboyu 425 mm və 40 mm-lik orta açıq qaz xətti keçir. Sözügedən əraziyə digər fiziki şəxs müraciəti qeydə alınmamışdır. Bundan əlavə torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Məhkəmə cavabdehin torpaq sahəsinin yerləşmə cizgisinin verilməsinin onun səlahiyyətlərinə aid olmaması barədə dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının tələb etdiyi sənədin tərtib edilməsi torpaq ayırma prosedurunun ayrılmaz tərkib hissəsidir və torpaq ayırma prosedurunun sonunda həmin sənədin sərəncamla birlikdə iddiaçıya, eləcə də arxivə təqdim olunması cavabdehin məsuliyyət sferasına aid olmuşdur. Bu qayda cizginin tərtib və təsdiq olunmasına da şamil edilir. Bu zaman həm də nəzərə alınmalıdır ki, torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə görə, torpaq ayırma sənədlərinin tamlığının təmin olunması da cavabdehin öhdəliyinə aid edilmişdir. Odur ki, sərəncamın və ya onun tərkib hissəsi olan sənədlərin icra hakimiyyətinin arxivində aşkar edilməməsi, habelə hazırda qüvvədə olan qanunvericiliyin tələbi baxımından onun həmin səlahiyyətə malik olub-olmaması cavabdehi mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş öhdəliyin icrasından azad etmir. Digər tərəfdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsindən 5.0-8.0 metr aralı məsafələrdən elektrik hava xətti və hasarboyu 425 mm və 40 mm-lik orta açıq qaz xətti keçir. Bununla bağlı qeyd edilməlidir ki, ayrılmalı olan torpağa dair plan-cizginin verilməsi həmin sərəncamı qəbul edən cavabdehin qanunvericiliklə üzərinə düşən öhdəliyi olduğundan həmin torpaq sahəsindən 5.0-8.0 metr aralı məsafələrdən elektrik hava xətti və hasarboyu 425 mm və 40 mm-lik orta açıq qaz xəttinin keçməsi hazırkı halda cizginin verilməsindən imtina üçün əsas ola bilməz. Belə olan halda iddiaçıya ayrılmış torpaq sahəsinə cizginin verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin 25 fevral 1997-ci il tarixli 218 nömrəli sərəncamı (inzibati akt) qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığına, ləğv edilmədiyinə, dəyişdirilmədiyinə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyinə görə iddiaçıya qanuni əsaslarla ayrılmış torpağa dair sənədin verilməsindən cavabdehin imtinası əsassızdır, iddiaçı iddia tələbində haqlıdır və onun iddiası təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Suraxanı Rayon İcra Hakimiyyətinin 25 fevral 1997-ci il tarixli 218 nömrəli sərəncamı ilə İddiaçı Qaraçuxur qəsəbəsi, Kirov küçəsi, 5 nömrəli evin qarşısındakı sahədə ayrılmış 400.0 kv.m. torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) hazırlanması və verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva