Məhkəmə qərarları › İş №e-2-1(112)-6902/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6902/2025

11.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6902/2025 11.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra –İddiaçı) ərizə ilə cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) müraciət edərək, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış sahəsi ünvanda yerləşən torpaq sahəsinə coğrafi mövqeyini göstərən yerləşmə cizgi aktının verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Eyni zamanda, Azərbaycan Respublikasının 25 iyun 1999-cu ıl tarıxiı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu ıl tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, "müvafiq icra hakimiyyəti orqanı'Yıın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirildiyindən müraciətin müsbət həlli səlahiyyətləri xaricindədir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 22 yanvar 1998-ci il tarixli 56 saylı Sərəncamına əsasən iddiaçıya fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində ayrılan 600 kv.m torpaq sahəsinə dair plan-cizgi verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyəti 22 yanvar 1998-ci il tarixli 56 saylı Sərəncamı ilə iddiaçıya (X4) fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində göstərilən cizgi əsasında 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi iddiaçının faktiki sahiblik və istifadəsindədir. Lakin 22 yanvar 1998-ci il tarixli 56 saylı Sərəncamda iddiaçya ayrılmış torpaq sahəsinin cizgi-planı əlavə edilməmişdir. Torpaq sahəsi bu gün də iddiaçının sahiblik və istifadəsində olması Qaraçuxur qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəliyin 24 Dekabr 2024-cü il tarixli 5-20/2-2-272/2024 saylı məktubu ilə təsdiq olunmuşdur. Cavabdeh iddia tələbinə yazılı müraciəti təqdim etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Həmin maddənin 5-ci hissəsinə əsasən isə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “aktın (cizgisinin) verilməsi tələbinə dair iddianın mümkün sayılmaması bardə qərar qəbul edilməsi Sizdən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı ona ayrılmış torpaq sahəsi ilə bağlı yerləşmə cizgisini tələb etdiyindən onun iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - Bakı şəhər Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının 56 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamından görünür ki, X3 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, göstərilmiş cizgi əsasında, 600 kv.metr torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-20/2-2-48/025 nömrəli məktubundan görünür ki, İddiaçı Suraxanı RİHB-nin 56 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə ayrılmış 600 kv.m torpaq sahəsində (situasiya planı əlavə olunur) 1999-cu ildə inşa edilmiş fərdi evdə oğlu X2 öz ailəsi ilə birlikdə yaşayır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X9 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq sahəsi 370.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi "yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi”nin hüdudları daxilindədir (Qaraçuxur İNM). Torpaq sahəsi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin inzibati ərazisi hüdudları daxilində, Sabunçu rayon İcra Hakimiyyətinə aid torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sənədlərdən məlum olur ki, iddiaçıya torpaq sahəsi xx.xx.1998-ci il tarixli 56 saylı Sərəncamla ayrılmışdır, həmin sərəncam hazırda qüvvədədir. İddiaçı hazırda torpaqayıran qurum olan cavabdehdən ona ayrılmış torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsini xahiş ediir. Məhkəmə qeyd edir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 56 saylı sərəncamının qəbul edildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (xx.xx.1991-ci il tarixli) əsasən: -maddə 7. Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. -maddə 10. Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara; -maddə 11. Torpaq bu Məcəllənin 10-cu maddəsində göstərilən məqsədlər üçün xüsusi mülkiyyətə pulsuz verilir. Bu Məcəllə qüvvəyə minənədək vətəndaşların qanuni istifadəsində olmuş həyətyanı sahə, fərdi mənzil, fərdi bağ və fərdi qaraj tikintisi üçün torpaq sahələri onların xüsusi mülkiyyətinə keçirilir. -Maddə 12. Torpaq sahələri üzərində mülkiyyət hüququnu başqasına torpaq sahəsinin yerləşdiyi rayon, şəhər xalq deputatları Sovetləri keçirir. -maddə 23. Vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpağayırma aktında göstərilir. “Torpaq islahatı haqqında” Qanunun 10-cü maddəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Eyni zamanda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Sadalanan normalardan müəyyən olunur ki, istər torpaq sahəsinin ayrıldığı zaman, istərsə də hazırda qüvvədə olan torpaq qanunvericiliyi torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını isə bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Belə olan halda, əhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya cavabdeh tərəfindən ayrıldığından həmin torpaq sahəsinin naturada təyin edilməsini təsdiq edən sənədin, yəni torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi də həmin qurumun vəzifəsi olmuşdur. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş etsə də, əslində bununla ona torpaq ayrılan zaman tərtib edilən cizginin “dublikatı”nın (surətinin) verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, nə qədər ki, cavabdeh həmin sənədi torpaq ayırma zamanı tərtib etmək vəzifəsi, iddiaçı tələb etdikdə isə onun “dulikatı”nı (surətinin) təqdim etmək vəzifəsi daşımışdır, həmin sənədin hazırda cavabdeh orqanda saxlanılmaması onu bu vəzifəsinin icrasından azad etmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçı hazırkı tələbində haqlı olmuşdur və bu səbəbdən təmin edilməlidir. Mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "Kontrakt sahəsi”nin hüdudları olan torpaq sahəsi hüdudlarında yerləşməsi barədə cavabdehin dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, bunlar yerləşmə cizgisinin tərtib edilməsinə imtina üçün əsas olmamaqla, iddiaçının torpaq sahəsinə hüququnun qeydə alınması barədə tələbi üzrə araşdırılmaqla həll edilməli olan məsələlərdir. Çünki yerləşmə cizgisi şəxsin istifadəsində olan torpaq sahəsinin naturada yerləşməsini müəyyən etməyə imkan verən, şəxsə torpaq sahəsi ayrılarkən tərtib edilməli olan texniki sənəddir və özlüyündə şəxsə hər hansı bir hüquq vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 56 nömrəli sərəncamı ilə iddiaçı Allahverdiyeva (Qurbanova) Sevinc Famlik qızına ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Qaradağ qəsəbəsində yerləşən torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsi vəzifəsi cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar