Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6903/2024 15.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi" barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası küçəsi, 168 saylı fərdi yaşayış evinin 242 kv.metr (həyətyanı və tikintialtı) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası küçəsi, 168 saylı fərdi yaşayış evinin yerləşdiyi 200,4 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və vahid əmlaka dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1983-cü ildə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport tərtib edilmişdir. Həmin sənədə əsasən müəyyən olunur ki, Daş Karxanası küçəsindəki 168 saylı evin həyətyanı və tikintialtı torpaq sahəsi 242 kv.m təşkil edir. Dəfələrlə evin həyətyanı və tikintialtı torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılması barədə aidiyyəti üzrə daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edilmişdir. Lakin hər dəfə imtina cavabı verilmişdir. Qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-1001/2023 saylı qərarı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən icra edilərək, bu barədə xx.xx.2023-cü ildə iddiaçının adına dövlət reyestrindən çıxarış verilmişdir. Həmin evin texniki pasportunda da torpaq sahəsinin 0,0242 ha olması qeyd edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı icra edildikdən sonra fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət formasının dəyişdirilməsinə dair ərizənin icrasına qanunamüvafiq qaydada baxılacağı qeyd edilsə də, ərizəyə baxılmamışdır. Sonrakı müddətdə xx.xx.2023-cü il tarixli ərizə və ona əlavə edilmiş sənədlərlə cavabdeh inzibati orqana müraciət edilmiş, sənədlər cavabdeh tərəfindən qəbul edilmiş, ərizə idarədə ********** nömrəsi ilə qeydiyyata alınsa da, hər hansı formada cavab verilməmişdir. Cavabdehin hərəkətsizliyini qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** daxilolma nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********44 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair sənədlərin əsli ilə “ASAN xidmət” Mərkəzlərinə müraciət ediləcəyi təqdirdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacağına dair iddiaçıya cavab məktubu göndərilmişdir. Belə ki, İdarə qeyd olunan məsələ ilə bağlı inzibati aktın qəbulundan imtina etməmiş və ya hər hansı hərəkətsizlik nümayiş etdirməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, **********42 nömrəli imtina məktubunda göstərilmişdir ki, göstərilən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-1001/2023 saylı qərarı ilə iddia təmin edilmiş, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı icra edildikdən sonra fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin mülkiyyət formasının dəyişdirilməsinə dair ərizəsinin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. - Azərbaycan SSR Kommunal-Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid 1983-cü il tarixli pasportundan görünür ki, ünvan 4 ünvanında 200,4 kv. metr torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi X1 məxsus olmuşdur. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-1001/2023 saylı qərarı ilə iddia təmin edilmiş, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 4.2. Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mahiyyət etibarı ilə torpaq sahəsi üzərində mülkiyyət hüququna dair dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən, cavabdeh göstərilən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməməsinə istinad etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 1.11-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar da hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Qeyd olunmalıdır ki, Bakı şəhəri və respublikanın digər yaşayış məntəqələrində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi və əhaliyə kommunal xidmətin yaxşılaşdırılması məqsədilə “Bakı şəhərində mənzil-kommunal təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 140 saylı 28 aprel 1984-cü il tarixli qərarına müvafiq olaraq Kommunal Təsərrüfatı Nazirliyinin Bakı şəhərində yerləşən təşkilatları, o cümlədən Bakı şəhər texniki İnventarlaşdırma Bürosu eksperiment şəklində birbaşa Bakı şəhər İcraiyyə Komitəsinin tabeliyinə verilmişdir. 1987-ci ildən başlayaraq yerli kommunal təsərrüfatı orqanlarının tərkibində toplanmış arxiv materiallarının bazasında rayonlararası texniki inventarlaşdırma büroları yaradılmağa başlamışdır. Hazırki işdə iddiaçının iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, İddiaçı adına rəsmiləşdirilməsini tələb etdiyi torpaq sahəsi ona Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi qərardakı hüquqi mövqeyinə görə zərərçəkənlərin fərdi yaşayış evinə dair texniki pasportları mülkiyyət hüququnu təsdiq edən mötəbər sənəd hesab edilmişdir: 1983-cü il Mənzil Məcəlləsinin 10.3-cü maddəsində aşağıdakılar bildirilir: “SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyinə uyğun olaraq vətəndaşların xüsusi mülkiyyətdə yaşayış evi (evin bir hissəsi) ola bilər.” SSRİ Mərkəzi Statistika İdarəsinin 1985-ci il 15 iyul tarixli 380 nömrəli əmri ilə təsdiq edilmiş Mənzil Fondunun Qeydiyyatı Qaydaları haqqında 1985-ci il Təlimatın 2-ci maddəsində yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən sənədlərin siyahısı müəyyən edilir. Təlimat 2.1-ci maddədə mülkiyyət hüququnun birinci dərəcəli sübut kimi çıxış edən sənədlər göstərilir. 2.2-ci maddədə bildirilmişdir ki, birinci dərəcəli sübut itirildikdə, mülkiyyət dolayısı ilə digər sənədlər, o cümlədən aşağıdakılar vasitəsilə göstərilə bilər: “texniki inventarizasiya sənədləri, bu sənədlərdə mülkiyyətçinin yaşayış evinə hüququnu təsdiq edən qanuni sənədin mövcud olması birbaşa bildirildikdə”. Göründüyü kimi, iddiaçıya “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”u verən orqan - Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu həmin dövrdə səlahiyyətli orqan olmuşdur. Belə olan halda iddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 439 saylı xx.xx.2015-ci il tarixli Fərmanının 1.11-ci bəndinə əsasən cavabdeh inzibati orqandan tələb etməkdə haqlı olmuşdur. Həmçinin mübahisəyə dair iş üzrə materiallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-1001/2023 saylı qərarı ilə iddia təmin edilmiş, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmışdır. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə bağlı qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1001/2023 saylı qərarı ilə müəyyən olunmuş hallara dair həmin qərarın hazırkı mübahisəyə münasibətdə preyudisial əhəmiyyətə malik olduğu da nəzərə alınmalıdır. Bundan başqa, həm də nəzərə almaq lazımdır ki, iddiaçıya aid torpaq sahəsinə texpasportun verilməsi səlahiyyətinə malik olan və bu sahədə dövlətin funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmişdir və həmin sənədlərdə qeyd olunmuş məlumatların həqiqiliyinin və mötəbərliyinin təmin olunması onun məsuliyyət sferasına aid edilməlidir. Bununla bağlı həmçinin nəzərə alınmalıdır ki, şəxsin dövlət orqanı tərəfindən qəbul olunmuş qərarın qanunauyğunluğuna və məzmununa apriori inancı (qərarın qanunsuz olduğunu kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi hallar istisna olmaqla) həmin orqanların publik idarəçilik fəaliyyətinin qanunçuluq prinsipinə tabe olmasına əsaslanır və onun üçün neqativ nəticələrə səbəb ola bilməz. Bu baxımdan şəxsin hüququnun qeydiyyata alınması barədə səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvafiq sənədə, hazırkı mübahisəyə münasibətdə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a əsasən imtinada və şikayətdə istinad edilən əsaslar üzərindən hüququn yenidən qeydiyyata alınmasından, eləcə də hüquqi qüvvəsini saxlayan və bu baxımdan etibarlı olan həmin sənəd əsasında müvafiq çıxarışın verilməsindən (və ya şəhadətnamənin yeni nümunəli sənəd olan çıxarışla əvəz olunmasından) imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Belə ki, bu qərarda istinad olunan normaya görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmçinin 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün həmin normada əsas qismində təsbit edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların mənasına və təfsirinə görə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malik olduğu da nəzərə alınmalıdır. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan sənədin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Digər tərəfdən, yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən həmin sənəd həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də (xüsusilə də onun Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi olduğu nəzərə alındıqda) davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni sənəd öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bu mənada məhkəmə xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları əlahiddə olaraq, bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” əsasında torpağa müvafiq çıxarışın verilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə cavabdehin imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası küçəsi, 168 saylı fərdi yaşayış evinin yerləşdiyi 200,4 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və vahid əmlaka dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi, Daş Karxanası küçəsi, 168 saylı fərdi yaşayış evinin yerləşdiyi 200,4 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və vahid əmlaka dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7
Hakim Mehriban Qarayeva