Məhkəmə qərarları › İş №e-2-1(112)-6906/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6906/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6906/2025 13.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 adına verilmiş AZ-İ 252039 nömrəli ölüm haqqında şəhadətnamədə “atasının adı” qrafasında yazılmış “Məmi” adının “Mömin” adına düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı babası X5 1890-cı ildə Bakıda doğulmuşdur. 29 aprel 1990-cı ildə Bakıda ölmüşdür. X3 ölüm haqqında şəhadətnaməsi Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmişdir və həmin şəhadətnamədə ata adı “Mömin” yox,“Məmi” kimi qeyd olunmuşdur. İddiaçı xx xxxx 1951-ci il tarixdə doğulmuş və uşaq vaxtından bu günədək Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 38 nömrəli fərdi yaşayış evində yaşayır. Həmin evə dair hüquqmüəyyənedici sənəd olan 1968-ci ilin iyul ayında verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” İddiaçı babası X3 adına verilmişdir. Hal-hazırda X3 vərəsələrinin dairəsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən müəyyən olunmuşdur. Belə ki, Aslanov Musanın vərəsəsi sayıla biləcək şəxslərdən həyatda olanlar nəvələri: İddiaçı, qardaşı X4 və bacısı X1r. İddiaçı yaşadığı həmin evə dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almaq istəyərkən bəzi maneələr aşkar edilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın alınması üçün 01 oktyabr 2024-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və cavab məktubunda bildirilmişdir ki, təqdim edilən texniki pasportda hüquq sahibinin ata adı “Mömin” kimi, notariat ofisinin məktubunda isə “Məmi” kimi qeyd olunduğundan uyğunsuzluq mövcud olmuşdur. Buna da səbəb odur ki, Bakı şəhəri, 14 saylı notariat ofisi tərəfindən verilən məktubda ata adı ölüm haqqında şəhadətnamədə yazılan ata adı ilə eyni olmuşdur, yəni“Mömin” yox,“Məmi” olmuşdur. Bununla əlaqədar olaraq, X3 ölüm haqqında şəhadətnaməsini verən Nəsimi rayon qeydiyyat şöbəsinə müraciət edilmiş və cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılarkən X3 doğumu haqqında hər hansı məlumat aşkar edilməmişdir, “X7”nun adına verilmiş ölüm haqqında şəhadətnamədə ata adının “Məmi”dən “Mömin”ə düzəliş edilməsi üçün kifayət qədər əsas yoxdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tələbində ölüm haqqında şəhadətnamədə düzəliş edilməsini xahiş etsə də, bu tələb mahiyyət etibarilə ölüm haqqında akt qeydinə dəyişiklik edilməsidir. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin 24 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1959-cu ildə tərtib edilmiş 72 saylı doğum haqqında bərpa akt qeydində ata “X5” qeyd edildiyi halda, Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1990-cı ildə tərtib edilmiş 570 saylı ölüm haqqında akt qeydində ölən şəxs “X7” yazılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”:

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda.

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.

5. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

Azərbaycan Respublikası Ailə Məcəlləsi: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçının Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinin 24 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1959-cu ildə tərtib edilmiş iddiaçının atasına aid 72 saylı doğum haqqında bərpa akt qeydində ata “X5” qeyd edildiyi halda, Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1990-cı ildə tərtib edilmiş 570 saylı ölüm haqqında akt qeydində ölən şəxs “X7” yazılmışdır. İş materiallarından görünür ki, iddiaçının babası X5 olmaqla, iddiaçının atasının doğum haqqında bərpa akt qeydində atası düzgün olaraq “X5” qeyd edilmişdir. Daha əvvəlki hansısa sənəddə həmin şəxsin “X7” kimi göstərildiyi müəyyən edilmir. Belə olan halda, iddiaçının babasının ölüm haqqında akt qeydində “X7” qeyd edilməsinin əsası olmamışdır. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri nəzərə alındıqda həmin hal ölüm haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas kimi qəbul edilməlidir. Belə ki, həmin sənədləri tədqiq etdikdə aydın olur ki, akt qeydindəki mübahisə predmeti olan məlumat texniki səhv olaraq qeyd edilmişdir. Başqa sözlə, ölüm haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcuddur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, cavabdeh inzibati orqanın iddiaçının “ölüm haqqında akt qeydində dəyişiklik edilməsi” barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Odur ki, iddia təmin еdilməli, Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən X3 adına tərtib edilmiş, 570 saylı, xx.xx.1990-cı il tarixli ölüm haqqında akt qeydində ata adının “Məmi”dən “Mömin”ə düzəliş edilməsi öhdəliyi Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən X3 adına tərtib edilmiş, 570 saylı, xx.xx.1990-cı il tarixli ölüm haqqında akt qeydində ata adının “Məmi”dən “Mömin”ə düzəliş edilməsi öhdəliyi Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar