Məhkəmə qərarları › İş №e-2-1(112)-6910/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6910/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6910/2022 13.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Maraqlı şəxs) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Suraxanı Rayon Polis İdarəsinin Qeydiyyat və X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin Suraxanı Rayon Polis İdarəsinin Qeydiyyat və X5 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 16 saylı mənzil tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 29 oktyabr 2007-ci il tarixli çıxarış verilmişdir. Hal-hazırda mənzildə qeydiyyatda olan şəxs Maraqlı şəxs iddiaçının evində formal olaraq qeydiyyatdadır. O, tamam ayrı yerdə hal-hazırda yaşayır və iddiaçının mənzilinə heç bir mülkiyyət hüququ yoxdur. Onun yaşayış yeri iddiaçıya məlum deyil. Onun iddiaçıya məxsus evdə qeydiyyatda olması mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur və hər ay əlavə olaraq kommunal xidmətlərə görə əlavə pul ödəməyə məcburdur. Maraqlı şəxs ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına dair ərizə ilə Suraxanı Rayon Polis İdarəsinin Qeydiyyat və X7 müraciət etməyinə baxmayaraq bu günə kimi onlardan heç bir cavab ala bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6910/2022 nömrəli, 24 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Suraxanı Rayon Polis İdarəsinin Qeydiyyat və X12 əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi ilə əvəz edilmiş, Maraqlı şəxs hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, İddiaçı iddia tələbi Maraqlı şəxs ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildən qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdeh Suraxanı Rayon Polis İdarəsinin üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs Maraqlı şəxs məhkəməyə təqdim etdiyi etirazda bildirilmişdir ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. O, İddiaçı ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və nikahları xx.xx.2007-ci ildə Suraxanı VVADQ şöbəsində 1499 saylı qeydlə rəsmiləşdirilmişdir. Rəsmi nikahdan xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. Uşaqları hal-hazırda mübahisəli mənzildə yaşayırlar və qeydiyyatdadırlar. Sonradan ailə münasibətləri pisləşdiyindən Suraxanı Rayon Məhkəməsinin 2(010)-3190/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X10 anası X3 yanında saxlanılmış, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 175 (yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat alimentin Maraqlı şəxs tutularaq X6 ödənilməsi qət edilmişdir. Bu gün də alimenti vaxtı vaxtında ödəyir. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzildən məcburi çıxarılmış və bu günədək evə buraxılmır. Bu hal onun mənzildən sərbəst istifadə hüququnu pozur. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin alınması üçün vəsaitin böyük həcmi onun tərəfindən ödənilib. Sadəcə formallıq üçün mənzil İddiaçı adına rəsmiləşdirilmişdir. Belə ki, iddiaçının valideynlərinə pul verərək mənzil alınmasını istəmiş, lakin iddiaçının valideynləri mənzili onun adına deyil, qızları olan iddiaçının adına almışlar və bildirmişlər ki, onsuz da mehriban ailəsiniz, mənzilin Minənin adına alınmasında heç bir problem yoxdur. Mənzili aldıqdan sonra mənzilə pasport qeydiyyatına düşmüş və mənzildə ailə olaraq yaşamışlar. Lakin ailə münasibətləri artıq dözülməz həddə çatdığında mənzildən çıxarılmışdır. Halbuki o, yaşadığı mənzildə yaşamaqdan nə imtina etmiş, nə də öz istəyi ilə çıxmışdır. Mənzildə iddiaçı ilə birgə təsərrüfat apararaq yaşamışdır. Bu hal onun qeyd edilən mənzildən istifadə etməyinin və istifadə hüququnun olmasının açıq sübutudur. Mübahisə inzibati xarakterli deyil, mülki xarakterlidir. Onun mənzilə qeydiyyata düşməklə mənzildən istifadə hüququ yaranmışdır. O, uzun illər Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzildə yaşamış və bundan sonra da niyyətlidir. Sadəcə iddiaçının qanunsuz hərəkətləri səbəbindən o, qeydiyyatda olduğu mənzilə buraxılmamış və çıxarılmışdır. Bu hal onun Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan hüquq və mənafelərinin kobud pozulmasıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 096-11533-1222 nömrəli məktubunda iddia tələbi ilə bağlı məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, D yaşayış sahəsində istifadədə olan 0.03031 ha torpaq sahəsində yerləşən 25 nömrəli, 10 mərtəbəli binada 30.14 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 16 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 425 nömrəli reyestr kitabının 39520 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə, ********* qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Maraqlı şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 096-10878- 1222 nömrəli və xx.xx.2022-ci il tarixli, 096-11920-1222 nömrəli məktublarında bildirilmişdir ki, qeyd olunan şəxs haqqında Suraxanı RPİ-nin QMB-də heç bir məlumat aşkar olunmadır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubuna əlavə edilmiş AN-İ № ******* nömrəli, xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 adından X9 Bakı şəhəri, Suraxanı rayonu, “D” y/s ev 25, mənzil 16-da yerləşən, yaşayış sahəsi 30.14 kv.m. olan 2 (iki) otaqlı mənzili alıcı İddiaçı mülkiyyətinə verir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı, xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs, xx.xx.2010-cu il təvəllüdlü X13 və xx.xx.2013-cü il təvəllüdlü X10 ünvan 3 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş 176 №-li Mənzil Tikinti Kooperativi tərəfindən təsdiqlənmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1986-cı ildə anadan olmuş və hazırda Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” y/s-də yerləşən 25 №-li evin 16 №-li mənzilində yaşayır. İddiaçı nikahın pozulması haqqında şəhadətnaməyə əsasən keçmiş həyat yoldaşı Maraqlı şəxs bir ildən çox Yeni Günəşli y/s “D” bina 25, mənzil 16-da yaşamır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3190/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Maraqlı şəxs ilə cavabdeh X11 arasında 23 noyabr 2007-ci il tarixdə Suraxanı rayon VVADQ şöbəsi və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 1499 №-si ilə qeyd edilmiş nikah pozulmuş, 15 dekabr 2010-cu il təvəllüdlü X13 və 15 oktyabr 2013-cü il təvəllüdlü X4 cavabdeh X3 yanında qalması qət edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı xx.xx.2022-ci il tarixdə (poçt qəbzinə əsasən) müvafiq qaydada cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətinə cavab verməmişdir. Beləliklə, hazırkı iddia üzrə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin hallarından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/M “D” massivi, ev 25, 16 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı sözügedən mənzili xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən almış, xx.xx.2007-ci il tarixdə həmin mənzilə dair xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçının hazırkı halda ona məxsus mənzil ünvanından qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs iddiaçının keçmiş əridir. İddiaçı ilə üçüncü şəxs Maraqlı şəxs 23 noyabr 2007-ci il tarixdə nikaha daxil olmuşlar, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3190/2021 nömrəli, 17 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuşdur. Hazırkı halda iddiaçı üçüncü şəxsin sözügedən mənzilə hüququnun olmadığına, eləcə də üçüncü şəxsin həmin mənzildə yaşamadığına istinad edərək sonuncunun qeydiyyatdan çıxarılmasını inzibati məhkəmə icraatında mübahisələndirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan “istifadə hüququ” Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Bu nəticəni Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən faktiki qüvvədən düşmüş Mülki Məcəllənin 228.5-ci maddəsinə də aid etmək olar. Həmin maddədə nəzərdə tutulan “istifadə hüququ”nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı. Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir”. İddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə qeydiyyata alınsa da onunla üçüncü şəxs arasında nikah xx.xx.2007-ci ildə bağlanmış, üçüncü şəxs nikahdan sonra iddiaçının ailə üzvü (əri) kimi həmin ünvanda onunla birgə yaşamışdır. Məhkəmə hazırkı iş üzrə mülkiyyətdə olan mənzilə dair mülkiyyətçinin ailə üzvü olmuş şəxsin həmin əmlaka dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli Qərarına uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsi əsasında istifadə hüquqlarının mövcud olub-olmamasının qiymətləndirilməli olduğunu, bu məsələlərin həll edilməsinin isə mülki məhkəmə icraatının predmeti olmaqla inzibati məhkəmə icraatında baxıla bilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehə qarşı yönəlmiş qeydiyyatdan çıxarma barədə hazırkı iddia tələbi təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar