Məhkəmə qərarları › İş №e-2-1(112)-6912/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6912/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6912/2024 18.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yüklülüyün ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı MMC cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən mənzil üzərində vaxtilə lizinq alan X1 xeyrinə edilmiş yüklülüyün ləğv edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iddiaçının nümayəndəsinin ərizəsi əsasında iddia tələbi kimi “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış ilə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzil üzərində X1 xeyrinə edilmiş yüklülüyün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X6 arasında xx.xx.2016-cı ildə bağlanan D040 saylı lizinq müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən mənzil lizinqalan X4 lizinqə verilmişdir. Həmçinin daşınmaz əmlak lizinqalanın xeyrinə lizinqlə yüklü edilmişdir (Lizinq obyekti lizinqalanın və lizinqverənin hər ikisinin ərizəsi əsasında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 xeyrinə yüklü edilmişdir). X17 tərəfindən lizinq ödənişlərinin həyata keçirilməməsi ilə əlaqədar olaraq tərəflər arasında məhkəmə mübahisələri yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 128/2021 saylı qətnaməsi ilə “İddiaçı MMC ilə cavabdeh X6 arasında bağlanmış D040 saylı xx.xx.2016-cı tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin X6 tərəfindən boşaldılaraq İddiaçınə təhvil verilməsi” qət edilmişdir. Həmin qətnamə AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-325/2022 saylı yekun qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qətnamə icraya yönəldilmiş və mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilmişdir. Buna baxmayaraq həmin mənzil üzərində lizinq alan X1 xeyrinə vaxtilə edilmiş lizinq yüklülüyü hələ də ləğv edilməmişdir. İddiaçı MMC tərəfindən 0644/23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin üzərində X1 xeyrinə vaxtilə edilmiş yüklülüyün ləğv edilməsi xahiş olunmuşdur. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********36 №-li cavab məktubu ilə yüklülüyün götürülməsindən imtina olunmuş, səbəb kimi isə məhkəmə qərarı ilə lizinqin dövlət qeydiyyatının ləğv edilməsinə dair öhdəliyin qoyulmaması göstərilmişdir (ərizə və imtina məktubunun surəti əlavə olunur). Hesab edir ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş bu imtina tamamilə əsassız olmaqla göstərilən məhkəmə qərarlarının icrasını təmin etmir. Belə ki, İsgəndərova Sevdanın xeyrinə edilmiş yüklülüyün əsasını məhz onunla (lizinqalanla) İddiaçı MMC (lizinqverən) arasında bağlanmış daxili lizinq müqaviləsi təşkil edirdi. Odur ki, müqavilənin ləğvi eyni zamanda həmin yüklülüyün də ləğv edilməsi deməkdir. Yəni, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-128/2021 saylı qətnaməsi lizinqin dövlət qeydiyyatının ləğv edilməsi üçün də əsas qismində çıxış edir. Başqa sözlə desək, əmlak üzərindəki yüklülüyün ləğvi ilə bağlı hər hansı ayrıca bir məhkəmə qərarına ehtiyac yoxdur. Həmçinin, indiyənədək məhz lizinq müqavilələrinin ləğvinə dair məhkəmə qərarları əsasında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan əmlaklar üzərindəki yüklülüklər ləğv edilmişdir. Lakin hal-hazırda cavabdeh orqan tərəfindən məhz yüklülüyün ləğvi barədə məhkəmə qərarının tələb edilməsinin səbəbləri bizə aydın deyildir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən imtina cavabı verildikdən sonra tərəfindən Xətai Rayon Məhkəməsinə müraciət edilərək mənzil üzərindəki yüklülüyün ləğv edilməsi barədə qərardadın qəbul edilməsi xahiş olunmuşdur. Lakin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(011)-1507/2019 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina olunmuş və bildirilmişdir ki: “Belə olan halda məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsi inzibati orqan olmaqla, ərizədə göstərilən mübahisə üzrə qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirdiyindən və İddiaçı MMC-yə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etdiyindən, hazırki ərizə, müvafiq inzibati məhkəməyə verilməli olduğu halda, ümumi məhkəməyə verildiyindən onun icraata qəbul edilərək baxılması mümkün deyil və ona görə də ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir” (Həmin qərardadda belə müqavilənin ləğvinin yüklülyün ləğvi üçün də əsas olduğu məhkəmə tərəfindən qeyd edilmişdir). Mənzil üzərində əsassız olaraq yüklülüyün qalması İddiaçı MMC-nin həmin əmlaka dair mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Xüsusilə də, nəzərə almaq lazımdır ki, banklardan alınan kredit vəsaitləri hesabına kommersiya fəaliyyəti ilə məşğul olan Şirkət üçün məhkəmə qərarlarının vaxtında icra edilməməsi, mülkiyyətində olan əmlaka dair sərbəst şəkildə sərəncam vermək imkanının əsassız olaraq məhdudlaşdırılması ona Ərizəni imzalayan şəxs haqqında məlumat: xeyli miqdarda maddi ziyanın vurulmasına səbəb olur.

4. İddiaçının müraciətinə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı MMC-yə ünvanlandığı xx.xx.2023-cü il tarixli **********36 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, müraciətə əlavə olunan məhkəmə qərarı ilə lizinqin Dövlət qeydiyyatının ləğv edilməsinə dair öhdəlik qoyulmamışdır.

5. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, müraciətə əlavə olunan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-128/2021 saylı qətnaməsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. D040 nömrəli xx.xx.2016-cı il tarixli daxili lizinq müqaviləsinə əsasən, Lizinq verən İddiaçı ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakı satıcıdan əldə etməyi və Lizinq alan X5 istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.

7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzil lizinq növü üzrə X5 xeyrinə hüquq yüklü edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 128/2021 nömrəli qətnaməsinə əsasən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı 10 may 2019-cu il tarixli qətnaməsinin “D040 saylı xx.xx.2016-cı il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin X6 tərəfindən boşaldılaraq İddiaçınə təhvil verilməsi və X10 həmin mənzilə istifadə hüququnun itirilməsi” hissələrində dəyişdirilmədən saxlanılmış, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı 19 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-325/22 nömrəli qərarı ilə birinci iş üzrə cavabdeh X6 və ikinci iş üzrə iddiaçı X2 birgə verdikləri kassasiya şikayəti təmin edilməməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

II. İddianın növü və mümkünlüyü

7. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

9. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

10. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

13. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 4 ünvanında yerləşən mənzil lizinq növü üzrə X5 xeyrinə hüquq yüklü edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-128/2021 nömrəli qətnaməsinə əsasən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı 10 may 2019-cu il tarixli qətnaməsinin “D040 saylı xx.xx.2016-cı il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzilin X6 tərəfindən boşaldılaraq İddiaçınə təhvil verilməsi və X10 həmin mənzilə istifadə hüququnun itirilməsi” hissələrində dəyişdirilmədən saxlanılmış, Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı 19 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-325/22 nömrəli qərarı ilə birinci iş üzrə cavabdeh X6 və ikinci iş üzrə iddiaçı X2 birgə verdikləri kassasiya şikayəti təmin edilməməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-128/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə öz qanuni qüvvəsini almışdır.

14. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-128/2021 nömrəli qətnaməsi ilə idarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamasını əsas gətirərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir.

15. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

16. Göründüyü kimi, X5 xeyrinə edilmiş yüklülüyün əsasını İddiaçı MMC ilə aralarında bağlanmış daxili lizinq müqaviləsi təşkil etmişdir. Yüklülüyün aparılmasına əsas olmuş daxili lizinq müqaviləsi isə məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Bu barədə qanuni qüvvəsini almış məhkəmə qərarında cavabdehin üzərinə hər hansı bir öhdəlik qoyulmasına zərurət yoxdur.

17. Məhkəmə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı məcburilik, preyudisiallıq, icraedilənlik, hüquqimüəyyənlik əlamətlərinə malikdir.

18. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni quvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir.

19. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir.

20. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir.

21. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. MPM-ə görə də qanuni qüvvəyə minmiş məhkəmə aktları məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Onların icra olunmaması müvafiq məsuliyyətə səbəb olur. (“X3 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli Qərar).

22. Konstitusiya Məhkəməsinin Plenumu İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. (İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli işi).

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.4-cü maddələrinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.

24. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların xitam verilməsi əsaslarından biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı təsbit edilmişdir. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qərarı Azərbaycan Dövləti adından çıxarılır və bütün Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir.

25. Məhkəmə cavabdehin imtinasının əsası kimi istinad etdiyi hal, yəni iş üzrə qəbul edilmiş məhkəmə qərarında cavabdeh idarənin üzərinə hər hansı bir öhəliyin qoyulmaması barədə dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həmin qərarda cavabdeh idarənin üzərinə hər hansı bir öhdəliyinin qoyulub-qoyulmamasından asılı olmayaraq cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edilmiş hüququ qeydə almalıdır.

26. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunun güddüyü məqsədə mütənasib deyil. Odur ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

28. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışı ilə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, giriş C-də olan 32 saylı mənzil üzərində X1 xeyrinə edilmiş yüklülüyün ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar