Məhkəmə qərarları › İş №e-2-1(112)-693/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-693/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-693/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə Alı oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.1998-ci il təvəllüdlü İddiaçı 14 iyun 2023-cü il tarixdən hesablanmaqla hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əlilliyinin müddətsiz müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, İddiaçı xx.xx.1998-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsi tərəfindən xx.xx.2019-cu ildə hərbi xidmətə çağırılmışdır. xx.xx.2019-xx.xx.2021-ci tarixədək Azərbaycan Respublikasınının Silahlı Qüvvələrində xidmət keçib. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasınının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində "Sol əlin İİ dərəcəli termik yanığı" xəsarətini almışdır (əsas N nömrəli hərbi hissənin təqdim etdiyi xx.xx.2021-ci il tarixli 2795 nömrəli travma haqqında arayış). Aldığı xəsarətlə əlaqədar olaraq ilk tibbi yardım döyüş meydanında göstərildikdən sonra xx.xx.2020-ci il tarixdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunmuşdur. xx.xx.2020-xx.xx.2020-ci il tarixədək İsmayıllı RMX da "Sol əlin İİ dərəcəli termik yanığı" diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur (əsas ******* nömrəli xəstəlik tarixindən çıxarış). xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2023-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərədək Respublika Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının mərkəzi hərbi həkim komissiyasının xx.xx.2023 cü il tarixli 5880 nömrəli xəstəlik haqqında şəhadətnaməsi əsasında “orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə. Gərginlik tip baş ağrısı” həmçinin, “hər iki gözün sadə miopik astiqmatizmi sağda Em və M 1,50D, solda Em və M 1,0D nəticəsində görmə itiliyinin 0.4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozu qoyularaq “hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” ifadəsi altında şəhadətləndirilmiş, “Xəstəliklər cədvəli”nin 18b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Yəni, “ümumi xəstəlikdir" hərbi-həkim komissiyası xəstəliklərin səbəbli əlaqəsi barədə qərar qəbul etmişdir (şəhadətnamənin surəti əlavə edilir). Şəhadətnamənin davamı olaraq “Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə F 62.0” diaqnozu təyin olunması göstərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” əlillik təyin olunmalı idi. Lakin 24.06.202-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlil və ya sağlamlıq imkanlarının məhdudluğu toplanılmış tibbi sənədlərə əsasən qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə imtina verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-17-4/3-3 16709/2023 nömrəli qərara əsasən İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə əyani müayinə edilmiş, ona münasibətdə diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydalarının və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra- göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Etirazda qeyd edilənlər nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul olunması xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “xx.xx.1998-ci il təvəllüdlü İddiaçı 14 iyun 2023cü il tarixdən hesablanmaqla hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” şəklində icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər və iddianın təmin olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də, müraciəti təmin edilməmişdir. İş materiallarında olan sənədlərə əsasən: N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli travma haqqında arayışdan görünür ki, əsgər İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sol əlin İİ dərəcəli termiki yanığı” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 521 nömrəli rəydən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il tarixli, 3-28/3-1- 118/2023 nömrəli “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı psixiatriya Xəstəxanasının nəznində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv olmalar və özünə xəsarət hərəkətləri ilə F 62.0. 26 may 2023-cü il tarixli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçı sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab olunmuşdur. Diaqnoz: Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressive daxilolmalar və özünə xəsarət hərəkətləri ilə. Gərginlik tip baş ağrısı. Hər iki gözün sadə miopik astiqmatizmi sağda Em və M 1,50 d, solda Em və M 1,0 d nəticəsində görmə itiliyinin 0,4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla. İnzibati icraat materiallarına əsasən: Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişindən görünür ki, iddiaçının: Əsas diaqnozu: F62.0 - “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə.” Yanaşı xəstəliklər: F43.1 – “Posttravmatik stress pozuntusu, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə”. İddiaçı əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixdə imzalanmış xx.xx.2023-cü il tarixli göndəriş əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və diaqnoz “Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə, Posttravmatik stress pozuntusu” – Səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(112)-5261/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Məhkəmə qərardadının icrası ilə əlaqədar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 4695 nömrəli məktubu ilə göndərilmiş İddiaçı haqqında olan xx.xx.2024-cü il tarixli 2778 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilmişdir ki, … İddiaçı “Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri” ilə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 62.0) müəyyən edilir. Bunu anmnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı müayinənin nəticələri (anamnestik məlumatlara görə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasınının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sol əlin İİ dərəcəli termik yanığı” xəsarətini alması, aldığı xəsarətlə əlaqədar olaraq ilk tibbi yardım döyüş meydanında göstərildikdən sonra xx.xx.2020-ci il tarixdə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunması, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək İsmayıllı RMX-da “Sol əlin İİ dərəcəli termik yanığı” diaqnozu ilə stasionar müayinə və müalicədə olması, xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılması, tərxis edildikdən sonra onda yaranmış əsəbilik, yuxu pozuntusu, daxili gərginlik, baş ağrıları, heysizlik və xüsusən yuxuda tez-tez müharibənin ölüm səhnələrini görməsi səbəbindən oyanaraq gün ərzində əsəbi və əzgin halda olması, əsəblərini cilovlaya bilməyərək onda aqressivlik biruzə verməsi səbəbi ilə əlaqədar AR SNin Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi “Posttravmatik stress pozuntusu” diaqnozu ilə stasionar müayinə və müalicədə olması, həmçinin BKH Psixiatriya bölməsində müayinə və müalicədə olduğu zaman onda “Orta (mülayim) dərəcədə ifadə olunmuş davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə, Gərginlik tip baş ağrısı” həmçinin, “hər iki gözün sadə miopik astiqmatizmi sağda Em və M 1,50D, solda Em və M 1:0D nəticəsində görmə itiliyinin 0.4-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla” diaqnozunun müəyyən edilməsi, “Xəstəliklər cədvəli”nin 18b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilməsi, 01,05.2023-cü il tarixdə AR SN-nin Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış həkim psixiatr komissiyasında SN Psixi Sağlamlıq Mərkəzinin baş direktoru t.e.d., professor Fuad İsmayılov tərəfindən müayinə olunduğu zaman onda “Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə F62.0” diaqnozunu müəyyən edilməsi, bundan başqa “Məlhəm” özəl klinikasında həkim psixiatrın təyin etdiyi müalicələri qəbul etdiyini bildirərərək aldığı müalicələrə baxmayaraq vəziyyəti ilə əlaqədar işləyə bilməməsi, həmçinin hazırki müayinə zamanı bir qədər narahat görünməsi, ünsiyyətə narazı tərzdə daxil daxil olaraq verilən suallara müvafiq cavablar verməsi, şikayətləri barəsində soruşduqda yuxu pozuntusu, daxili gərginlik, baş ağrıları, heysizlik və xüsusən tez-tez müharibənin ölüm səhnələrini görməsi səbəbindən oyanaraq gün ərzində əsəbi və əzgin halda olması, əsəblərini cilovlaya bilməyərək onda aqressivlik biruzə verməsi, ali təhsilli olmasına baxmayaraq işə düzəlmək istədikdə xəstəliklə əlaqədar imtina edilməsi, yaxud ona xəstəliyi ilə əlaqədar əlillik təyin edilməməsi səbəbindən əsəbi gərginliklər keçirməsi, yaranmış vəziyyətdə intihar barəsində düşündüyünü bildirməsi və s.) sübut edir. Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İddiaçı “Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 62.0) müəyyən edilir. İddiaçı sağalma ehtimalının nə qədər olması və göstərilən psixi pozuntunun müalicə olunaraq sağalması barəsində qoyulan suala cavab olaraq bildirmək olar ki, yoxlanılan şəxsdə onda aşkar edilmiş “Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə” diaqnozlu xəstəliyin aldığı müalicələrə baxmayaraq pozuntu əlamətlərinin təkrar biruzə verdiyi üçün həmin psixi pozuntunun dəqiq proqnozunu vermək mümkün deyildir. Məhkəmə hesab edir ki, işin yuxarıda qeyd edilən faktiki hallarına qanunvericiliyinin aşağıda göstərilən normalarının tətbiqi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra– Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra– Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1-ci bəndində “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” F62.0 diaqnozu öz əksini tapmaqdadır. İşin faktiki hallarını iş materialları ilə qarşılıqlı şəkildə təhlil edən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Bununla yanaşı qeyd edilməlidir ki, əlilliyin təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqanın fəaliyyəti diskresion səlahiyyətlər çərçivəsində həyata keçirilməkdədir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion səlahiyyətlərin təsir dairəsinə düşən qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh əlilliyin təyin edilməsindən imtinasını diaqnozun əlillik əlaməti təyin etməməsi ilə əsaslandırmışdır. Məhkəmə araşdırması və iş üzrə təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, İddiaçı “F62.0 Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə” aşkar olunur. Bu xəstəliyin patoloji vəziyyəti onda ünsiyyətə narazı tərzdə daxil daxil olaraq verilən suallara müvafiq cavablar verməsi, şikayətləri barəsində soruşduqda yuxu pozuntusu, daxili gərginlik, baş ağrıları, heysizlik və xüsusən tez-tez müharibənin ölüm səhnələrini görməsi səbəbindən oyanaraq gün ərzində əsəbi və əzgin halda olması, əsəblərini cilovlaya bilməyərək onda aqressivlik biruzə verməsi, ali təhsilli olmasına baxmayaraq işə düzəlmək istədikdə xəstəliklə əlaqədar imtina edilməsi, yaxud ona xəstəliyi ilə əlaqədar əlillik təyin edilməməsi səbəbindən əsəbi gərginliklər keçirməsi, yaranmış vəziyyətdə intihar barəsində düşündüyünü bildirməsi və s.) ilə sübut olunmuşdur. Baxmayaraq ki, iddiaçı bu xəstəlikdən əziyyət çəkərək onda olan diaqnoz əlilliyin təyininə əsas verir, cavabdeh əsassız olaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Bundan başqa Məhkəmə diqqətə çatdırır ki, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun, 1.0.10 və 1.0.11-ci bəndlərinə əsasən, psixiatriya müəssisəsi (psixonevroloji müəssisə) - psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və ya onun bölməsi; psixi pozuntu (xəstəlik) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranış forması. Həmin Qanunun 15.0 və 15.0.3-cü bəndlərinə görə, dövlət aşağıdakılara təminat verir: ... psixiatriya ekspertizasının bütün növlərinin (hərbi-həkim, tibbi-sosial və məhkəmə psixiatriya ekspertizalarının) aparılmasına, lazım olduqda fəaliyyət qabiliyyətinin müvəqqəti itirilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada məhdud fəaliyyə qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, əlilliyi müəyyən edilməsinə. Göründüyü kimi, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Bu sahədə hüquqi mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Sözügedən Qanunun 15.0-ci maddəsində dövlətin psixi pozuntu xəstəliyindən əziyyət çəkən şəxslər qarşısında olan təminatların əhatə dairəsi sadalanmışdır ki, bunlardan biri də əlilliyin müyyən edilməsidir. İş materiallarında olan müayinə rəyindən və digər sənədlərdən görünür ki, iddiaçı psixi pozuntudan əziyyət çəkən şəxsdir və o, Şəki Rayon Psixiatriya Xəstəxanasında qeydiyyatda olduğundan, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 15.0.3 cü maddəsinin tələbləri baxımından Şəki Rayon Psixiatriya Xəstəxanası psixiatriya müəssisəsi qismində çıxış edərək, onun iddiaçının həmin xəstəlikdən əziyyət çəkməsini təsdiq edən forma 088 arayışı əlilliyin təyini üçün kifayət qədər obyektiv arqument hesab olunur. Beləliklə, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir. Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, xəstəlik haqqında şəhadətnamədən görünür ki, iddiaçının yaralanmasının nəticəsi - diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Bu işin təkzib olunmaz halıdır. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir. Məhkəmə onu da bildirməyi zəruri hesab edir ki, “Əlilliyin müəyyən olunması meyarları”nda F62.0 kod altında nəzərdə tutulan xəstəlik (Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə) əsasında əlilliyin orqanizmin funksiyasının faiz göstəricisinin 35-60% yoxsa 65-80% olmasından asılı olmayaraq yalnız iki il müddətinə təyin olunması nəzərdə tutulmuşdur. Bu səbəbdən də ekspertiza mərhələsində iddiaçının orqanizmin pozulmasının faiz dərəcəsinin dəqiq müəyyən oluna bilməməsi hazırkı halda vəziyyəti iddiaçının ziyanına dəyişmir. Hər bir halda həmin diaqnoz altında olan xəstəliklər əlilliyin yalnız 2 il müddətində təyin olunmasına əsas verir. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, işə iddia tələbi çərçivəsində baxılaraq hüquqi qiymət verilməlidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə- vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia təmin edilir. İddiaçı xx.xx.1998-ci il təvəllüdlü İddiaçı göndərişin imzalandığı 14 iyun 2023-cü il tarixdən hərbi xidmətlə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar