Məhkəmə qərarları › İş №e-2-1(112)-6935/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6935/2025

04.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6935/2025 04.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Zeynalov Emı̇ n Əlı̇ bala oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi və s tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi və s barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən 13 iyul 2025-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verilmişdir. Məhkəmənin hüquqi yardımına uyğun olaraq iddia tələbinə dəqiqləşmə verilərək cavabdehin 20 dekabr 2024-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi, cavabdehin 08 dekabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və 01 dekabr 2024-cü il tarixdən iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə uyğun əlilliyin təyin edilməsini cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, onun orqanizm funksiyalarının pozulması faizi 35 faiz kimi müəyyən edilib, həmin sənəddə onu əmək qabiliyyətsiz kimi qiymətləndirirlər. 3cü qrup əlillik varsa, şəxsin əmək qabiliyyətsiz kimi qiymətləndirilməsi göstərir ki, müayinələr şəffaf, obyektiv və düzgün aparılmamışdır. İddiaçının əlilliyi 21 noyabr 2022-ci il tarixdən 3-cü qrup kimi təyin edilmiş, əlillik dərəcəsi düzgün müəyyən edilməmişdir. Ona əlillik 1-cı qrup və müddətsiz təyin edilməli idi. Cavabdehin etirazı Etirazda qeyd edilir ki, iddiaçının əlillik vəziyyətinə baxılmış və 28 noyabr 2024-cü il tarixli göndəriş əsasında Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiya, psixotik daxil olmalar, intihar fikirləri ilə, miopiya və vətəndaşın orqanizm funksiyalarının 2 il müddətinə 35 faiz pozulduğu müəyyən edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Respublika Psixiatriya Xəstəxanasının 07 aprel 2025-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçı yarım-stasionar rejimdə müalicə olmuşdur və hal-hazırda müalicəsi davam edir. Diaqnoz- Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiya, psixotik daxil olmalar, intihar fikirləri ilə əlaqədardır. Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Həmin qətnamədə istinad edilən Respublika Psixatriya Komissiyasının rəyində qeyd edilir ki, iddiaçının diaqnozu Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiya, psixotik daxil olmalar, intihar fikirləri ilə əlaqədardır. Ekspertiza Mərkəzinin rəyində isə qeyd edilir ki, öz hərəkətlərinin mənasını dərk etmək və onları şuurlu surətdə idarə etmək iqtidarında deyil, fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Əlillik altsistemindən çıxarışdan və ona əlavə edilmiş göndərişlərdən görünür ki, iddiaçıya 21 noyabr 2022-ci il tarixdə 2 il müddətinə F43.1 diaqnozu əsasında OFP yekun faizi kimi 35 faiz əsası ilə əlillik təyinatı aparılmışdır. Təkrar olaraq da 28 noyabr 2024-cü il tarixli göndəriş əsasında 2 il müddətinə F07 əsas diaqnozu ilə əlillik təyinatı OFP yekun faizi kimi 35 faiz əsası ilə təyin edilmişdir. 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması ilə əlaqədar iddiaçı barədə qərar qəbul edilmişdir. 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iddiaçının əyani müayinəsi əsasında 7.6.2.1. meyarı üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 18 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, iddiaçı öz hərəkətlərinin mənasını dərk etmək və onları şuurlu surətdə idarə etmək iqtidarında deyil, fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Üzvi şəxsiyyət pozuntusu, posttravmatik stress pozuntusu intihar fikirləri diaqnozu onda müəyyən edilir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin: Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular-F06 üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 postensefalit sindromu -F07.1 postkontuzion sindrom -F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları -F07.8 Qiymətləndirmə Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60 faiz və 2 il məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 65-80 faiz və 2 il İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya təkrar təyin edilmiş əlilliyin orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin düzgün müəyyən edilib-edilməməsi ilə əlaqədardır. Doğrudur iddiaçı iddia tələbində əlilliyin təyinatının düzgün olmamasını İ qrup əlillik təyinatı və müddətsiz əlilliyin müəyyən edilməsi ilə əlaqələndirsə də, məhkəmə araşdırması zamanı məhkəmənin hüquqi yardımına uyğun olaraq iddia tələbi dəqiqləşdirilmiş və cavabdehin aparmış olduğu əlillik təyinatına dair mübahisənin mahiyyəti nəzərə alınmışdır. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı hazırkı halda ona təyin edilmiş əlillik təyinatının orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin düzgün müəyyən edilmədiyini, ona əmək qabiliyyətsizliyi nəzərə alınmaqla 3-cü dərəcə, yəni 35- 60 faiz üzrə yox, İİ qrup, yəni 61-80 faiz üzrə əlilliyin təyin edilməli olduğu qənaətindədir. Cavabdeh isə İİİ qrupa uyğun, yəni 35 faiz dərəcə əsas götürülməklə əlillik təyinatının aparılmasında hər hansı pozuntu halının mövcud olmamasına istinad edir ki, məhkəmə hesab edir ki, cavabdehin həmin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçıya əlillik təyinatına əsas olmuş diaqnoz F07.0 kodu üzrə göstərilən xəstəlik, yəni üzvi mənşəli şəxsiyyət pozuntusudur ki, 7.6.2.-ci bənd məhz həmin xəstəlik üzrə əlillik təyinatını mümkün edir. Lakin, nəzərə alınmalıdır ki, həmin xəstəliyin mövcudluğu hər bir halda əlillik təyinatının üçün əsas hesab edilmir. Belə ki, 7.6.2.1. və 7.6.2.2.-ci bənddə nəzərdə tutulmuş halların mövcudluğu ilə birlikdə adıçəkilən xəstəlik də birgə mövcud olduğu halda əlillik təyinatının həyata keçirilməsi mümkündür. Nəzərə alınmalıdır ki, 7.6.2.1-ci yarımbənddə göstərilən hallar, yəni üzvü mənşəli şəxsiyyət pozuntusu ilə birgə əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) halı mövcud olduğu halda şəxsə məhz orqanizmin funksiyalarının 35-60 faiz pozulması və 2 il müddətinə əlillik təyinatı aparıla bilər. Cavabdeh də məhz həmin hala istinadla iddiaçının əlilliyini 35 faiz pozulma, yəni İİİ qrupa uyğun əlilliyə aid etmiş və ona 2 il müddətinə həmin xüsusiyyət üzrə əlillik təyin etmişdir. Lakin, cavabdeh nəzərə almamışdır ki, 7.6.2.2-ci yarımbənddə olan halların üzvü mənşəli şəxsiyyət pozuntusu ilə birlikdə olması, yəni həmin diaqnoz ilə yanaşı, məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti mövcud olduğu halda, bu zaman orqanizmin funksiyalarının 61-80 faiz pozulması üzrə, yəni İİ qrup üzrə 2 il müddətinə əlillik təyinatı aparılmalıdır. Yarımbəndin tələbindən də göründüyü kimi adıçəkilən yarımbənddə olan hallardan hər hansı birinin olması göstərilən pozuntu faizinə uyğun əlillik təyinatının aparılmasına əsasdır. İş materiallarında olan 07 aprel 2025-ci il tarixli Respublika Psixiatriya Xəstəxanasının məktubundan, eləcə də rayon məhkəməsinin icraatında olmuş mülki iş üzrə həmin xəstəxananın 13 fevral 2024-cü il tarixli rəyində isə iddiaçıda tez-tez baş verən dekompensasiya halı, psixotik daxil olma hallarına istinad edilsə də, iddiaçının həmin hallarla bağlı psixi vəziyyəti nəzərə alınmamış, 7.6.2.2-ci yarımbənddə həmin halların üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyindən əziyyət çəkən şəxsə olmasının məhz orqanizmin funksiyalarının 61-80 faiz pozulması üzrə əsas verməsi nəzərə alınmamışdır. Halbuki, həmin yarımbəndin tələbindən görünür ki, tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq) əlillik təyinatının məhz 2 qrupa uyğun, yəni orqanizmin funksiyalarının 61-80 faiz pozulması üzrə əlillik təyinatına əsas yaradır ki, göndərişdə diaqnozun mətnində həmin dekompensasiya və psixotik daxil olma halı, qeyd edilsə də, eləcə də göndərişdə həkim müayinəsinin nəticələri qrafasında da öz əksini tapsa da, laborator müayinətlərin nəticələri üzrə də göndərişdə həmin hallara istinad edilsə də, heç bir əsaslı səbəb olmadan əlilik göstərilən tələblər pozulmaqla 01 dekabr 2024-cü il tarixdən təkrar təyin edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, əlilliyin qrupunun düzgün təyin edilməməsi iddiaçı barəsində mübahisələndirilən hissədə qərarlar qanunsuz və əsassızdır və təkrar əlillik təyinatı 01 dekabr 2024-cü il tarixdən 35 faiz pozuntu ilə yox, İİ qrupa yəni, 61-80 faiz pozuntu nəzərə alınmaqla təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İddiaçı əlilliyinin müəyyən edilməsinə dair 20 dekabr 2024-cü il tarixli qərarı iddiaçıya aid hissədə və 08 dekabr 2024cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 01 dekabr 2024-cü il tarixdən i Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Orqanizmin funksiyalarının pozulması faizi 61-80- faizə (2-ci dərəcə əlilliyə) uyğun əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar