Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6943/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 28 dekabr 2004-cü il tarixli, 261 saylı sərəncamı ilə Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi məqsədilə ayrılmış 1200 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin 28 dekabr 2004-cü il tarixli 261 saylı qərarı ilə iddiaçıya Bakı şəhəri, Əzizbəyov rayonu Buzovna qəsəbəsində 1200 kv.m ölçüdə ev tikmək məqsədilə torpaq satılmışdır. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Belə ki, cavabdehin 19 dekabr 2024cü il tarixli imtina məktubunda qeyd edir ki, “tərəfinizdən təqdim edilmiş torpaqların alqısatqısına dair akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamış, torpaq sahəsinin yerləşməsinin müəyyən etməyə imkan verən sənəddə bələdiyyənin sərəncamına istinad edilməmişdir. Bundan əlavə torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdehə müraciət edərkən ərizəsinə torpağın dəyərinin ödənilməsinə dair qəbz, bələdiyyənin qərarı, alqı-satqı aktı, torpağın yerləşmə sxemi əlavə edilmişdir. Lakin buna baxmayaraq cavabdeh qanunsuz olaraq mülkiyyət hüquqlarımın qeydə alınmasından imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqlarına aid olmaqla, faktiki 1535 kv.m təşkil edir. Təqdim edilmiş cizgidə qeyd olunan perimatrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında fərq müvcuddur. Torpaq sahəsi yüksək gərginlikli mühafizə zonasında yerləşir. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa oxşar izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 28 dekabr 2004-cü il tarixli 261 saylı sərəncamı və digər sənədlər Azərbaycan Respublikası Dövlət Arxivi Bakı Filialına verildiyindən qeyd edilmiş sənədlərin təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2025-ci il tarixli məktubla məhkəmə sorğusuna cavab məktubu ilə məhkəməyə göndərilmiş Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 28 dekabr 2004-cü il tarixli, 261 saylı sərəncamı ilə müəyyən edilir ki, həmin sərəncamla Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün 1200 kv.m torpaq sahəsi alqı-satqı qaydasında iddiaçıya ayrılmışdır. Həmin sərəncama əlavə edilmiş “Torpaqların alqı-satqısına dair” akta əsasən Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 28 dekabr 2004-cü il tarixli, 261 saylı sərəncamına əsasən 1200 kv.metr torpaq sahəsi iddiaçıya satılmış və iddiaçı tərəfindən bələdiyyənin hesabına 4 800 000 manat haqq ödənilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinə dair daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, koordinat göstəricilərinin əks olunduğu sənəd, həmin torpaq sahəsi ilə qonşuluqda yerləşən və üzərində vətəndaşların mülkiyyət hüquqlarının qeydə alındığı torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və onların verilməsinə əsas olan sənədlər məhkəməyə göndərilmişdir. Həmin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktından müəyyən edilir ki, İddiaçı hüquqlarının qeydə alınması üçün müraciət etdiyi Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 1200 kv.m, faktiki olaraq isə 1535 kv.m (335 kv.m artıqdır) təşkil edir. Cavabdehin 14 iyul 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi sənəd üzrə 1200 kv.m olsa da, faktiki olaraq hasardaxili 1535 kv.m təşkil edir (335 kv.m artıqdır). Torpaq sahəsinin üzərində tikili yoxdur. Sahəyə dair cizgidə torpaq sahəsinin perimetrik ölçüləri və konfiqurasiyası ilə faktiki vəziyyət arasında fərq mövcuddur. Cizgidə yerləşməyə dair istinad məsafəsi qeyd edilməmişdir. Sahənin cənub sərhəddi boyu 7 m məsafədən yüksək gərginlikli (6 kVt-lıq) elektrik xətti keçir. Əlavə 335 kv.m olan torpaq sahəsinə giriş-çıxış sənəd üzrə ayırılmış 1200 kv.m torpaq sahəsinin daxilindədir. Göstərilən torpaq sahəsinin koordinatlarını əks etdirən sxem rəyə əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyət torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Sahənin qeydiyyatı və hər hansı üst-üstə düşmə ilə bağlı bazada məlumat yoxdur. Göstərilən torpaq sahəsinin qonşuluğunda qeydiyyatdan keçmiş **********98-10301 və **********24 reyestr nömrəli sahələr mövcuddur. Cavabdehin 08 avqust 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubu ilə **********24, **********98-103, **********71 və **********73 reyestr nömrəli çıxarışlar və onların verilməsinə əsas olan sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Həmin məktubda göstərilmişdir ki, sorğuda qeyd olunan torpaq sahələri iddiaçının qeyd etdiyi torpaq sahəsindən 50 metr, 82 metr, 181 metr və 202 metr məsafələrdə yerləşir. Məhkəmə iddiaçının nümayəndəsi izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşdən görünür ki, iddiaçı Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 28 dekabr 2004-cü il tarixli 261 saylı sərəncamına əsasən alqı-satqı yolu ilə ayrılan 1200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdehin imtinasının əsasını aşağıdakılar təşkil etmişdir: 1) yerləşmə cizgisində bələdiyyə qərarına istinad edilməmişdir; 2) torpaq sahəsi dövlət mülkiyyətində olmaqla faktiki olaraq 1535 kv.m təşkil edir; 3) cizgidə qeyd olunan periamatrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında fərq mövcuddur; 4) torpaq sahəsi YGEX-nin mühafizə zonasına düşür. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Məhkəmə sorğusu əsasında iddiaçının torpaq sahələri ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən ərazilərdə bir neçə şəxsə Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin sərəncamları ilə torpaq sahələri ayrılmış və həmin sərəncamlar əsasında həmin şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışlar verilmişdir. İddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. İddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. İddiaçıya ayrılmış torpaq sahəsinin elektrik xətinin mühafizə zonasında yerləşməsi ilə bağlı qeyd edilməlidir ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh həmin əsasla iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdirsə, iddiaçıya torpaq sahəsi ayrılan vaxt artıq həmin ərazidə yüksək gərginlikli elektrik xəttinin mövcud olmasını sübuta yetirməlidir. Lakin, iddiaçı bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdeh həmin torpaq sahəsinin dövlət mülkiyyətində olduğunu bildirsə də, həmin sahənin hansı qurumun balansında olması barədə məlumatsız olduğunu bildirmiş və əsaslandığı halı sübuta yetirə bilməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin etirazında göstərilmiş dəlilləri əsassız hesab edir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnu pozaraq eyni faktiki hallara dair fərqli imtina vermişdir. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən ayrıayrı şəxslərə məxsus torpaq sahələrinə dair mülkiyyət hüququ ilə bağlı çıxarışlar verildiyi halda iddiaçıya onun istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin təmin olunmasından imtina etməklə cavabdeh inzibati orqan onun bərabərlik hüququnu pozmuşdur. Beləliklə, məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 28 dekabr 2004-cü il tarixli 261 saylı sərəncamı ilə iddiaçıya ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 1200 kv.metr torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sədrinin 28 dekabr 2004-cü il tarixli, 261 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 1200 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6943/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6943/2025
11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver