Məhkəmə qərarları › İş №e-2-1(112)-6946/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6946/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6946/2024 11.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X4 və X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı MMC cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə və Dövlət Vergi Xidmətinə qarşı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən İddiaçı MMC barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli **********403600 nömrəli vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cavabdehlər sırasından çıxarılmışdır.

3. Tələb onunla əsaslandırılmışdır ki, “İNTER A GROUP" MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi 2022-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçı MMC faktiki olaraq ixtisaslaşdırılmış tikintiquraşdırma işləri ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. "İNTER A GROUP” MMC-də sonuncu dəfə 06-26 dekabr tarixlərində Dövlət Vergi Xidmətinin X3 üzrə Nəzarət Baş İdarəsi tərəfindən müvafiq olaraq operativ vergi nəzarəti tədbirləri həyata keçirilmiş müəssisənin hər hansı riskli, əmtəəsiz əməliyyatları, anbarlarında heç bir çeşid fərqi müəyyən edilməmişdir. Müəssisə tərəfindən cari vergi hesabatları vaxtında verilmiş və dövlət büdcəsinə ödənilmişdir. Lakin bütün yuxarıdakılara baxmayaraq xx.xx.2024-cü il tarixdə № **********403600 saylı vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar çıxarılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, şəxsin riskli vergi ödəyicisi hesab edilməsi vergi qanunvericiliyi ilə müəyyən edilmiş məhrumiyyətlərin yaranmasına səbəb olur. Belə ki, bunun nəticəsində müəssisə öz öhdəliklərini yerinə yetirə bilmir, işgüzar nüfuzunu itirir. Belə ki, müəssisə tərəfindən verilən elektron qaimələr iş görülən digər şirkətlərin xərclərində nəzərə alınmır ki, o şirkətlər artıq gələcəkdə bizim şirkət ilə əməkdaşlıqdan imtina edirlər. “İNTER A GROUP" MMC-nin təsərrüfat obyekti, ofisi 42 nəfər işçisi, xeyli sayda texnikası və lisenziyalı fəaliyyət razılığı vardır. Bütün bunlar vergi orqanı tərəfindən nəzərə alınmamış və qərəzli, reallıqdan uzaq bir qərar qəbul edilmişdir.

4. Cavabdehin xx.xx.2024-cü il tarixli **********734200 nömrəli iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, bildiririk ki, İddiaçı MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı təqdimetmə əməliyyatlarının əmtəəsiz olduğu müəyyən edilmişdir. Bununla bağlı olaraq ödəyiciyə xx.xx.2023-cü il tarixli **********309400 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə **********403600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. Bununla əlaqədar, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək, iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2024-cü il tarixli **********403600 nömrəli qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur.

5. Cavabdehin xx.xx.2024-cü il tarixli **********978000 nömrəli iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, ki, işin faktiki halları ilə bağlı bildiririk ki, vergi ödəyicisinin fəaliyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndinə uyğun olub-olmamasını müəyyən etmək məqsədi ilə iddiaçının qeydiyyata alınmış təsərrüfat subyektlərində monitorinqlər keçirilmişdir. Belə ki, araşdırma zamanı İddiaçı (VÖEN: **********) AZ5011, ünvan 1 ünvanında “Anbar” adı ilə xx.xx.2023-cü il tarixdə vergi orqanında **********-29001 kodla qeydiyyata alınmış təsərrüfat subyektində faktiki fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Səlahiyyətli nümayəndənin araşdırmada iştirak etməsi məqsədilə Cəmiyyətə məxsus vergi uçot baza məlumatlarındakı mobil nömrəyə (***-***-**-**) dəfələrlə zəng edilsə də əlaqə saxlamaq mümkün olmamışdır. İcarədar "xxxx" ASC-nin (VÖEN: **********) nümayəndəsi X1 iştirakı ilə obyektə baxış keçirilmiş, anbarda mal qalığının olmadığı müəyyən edilmişdir (foto şəkillər məktuba əlavə olunur). Həmçinin, xx.xx.2023-cü il tarixində İddiaçı digər Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi ev. Sədərək TM-ə gedən yolun şimal qərbi ünvanında yerləşən **********-11001 kodlu təsərrüfat subyektində vergi ödəyicisi ilə əlaqə yaratmaq mümkün olmadığından, icarədar "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi İlham adlı şəxslə (***-***-**-**) əlaqə saxlanılaraq obyektin yeri və vergi ödəyicisinin fəaliyyəti dəqiqləşdirilərək, yerində müşahidə aparılmışdır. Danışıq zamanı vergi ödəyicisi ilə aktiv icarə müqaviləsinin olduğunu, lakin MMC-nin nümayəndəsinin əlaqə nömrəsini bilmədiyini bildirmişdir. Baza məlumatlarına əsasən, təqdim olunmuş icrarə müqaviləsində T5-3 nömrəli anbarın iddiaçıya icarə verildiyi müəyyən edilmişdir. Müşahidə zamanı, həmin anbarın qapısının qismən bağlı olduğu və qapının boşluqlarından baxış zamanı anbarda malın olmadığı müəyyən edilmişdir (fotoşəkillər əlavə olunur). Son olaraq bildiririk ki, iddiaçının malların (iş və ya xidmətlərin) təqdim edilməsi üzrə dövriyyəsi yoxlanılarkən, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15788992,12 manat dəyərində mal aldığı aşkar olunmuş, bank hesablarına əsas məbləğ mədaxil olunmadan, ƏDV olaraq, 2441319.0 manat ƏDV ödənildiyi müəyyən olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilmiş xx.xx.2023-cü il tarixli yoxlama zamanı iddiaçının obyektinin yeri dəqiqləşdirilərək, Karvansaray ticarət mərkəzində daxilində müşayiət olundu. Karvansaray ticarət mərkəzi tərəfindən vergi ödəyicisinin faktiki olaraq, icarədə olmadığını, aralarında olan müqaviləyə xitam verildiyi bildirildi. Tək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə deyil, həmçinin iddiaçının digər subyektlərlə bağlı əməliyyatlar, dövriyyələr və siyahılar təhlil olunaraq cədvəldə qoşmada əlavə olunur. Yekun olaraq, İddiaçı MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə fəaliyyəti üzrə keçirilmiş monitorinqlər zamanı təqdimetmə əməliyyatlarının əmtəəsiz olduğu müəyyən edilmişdir. Bununla bağlı olaraq ödəyiciyə xx.xx.2023-cü il tarixli **********309400 nömrəli "Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə xx.xx.2024-cü il tarixli **********403600 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir.

6. Cavabdeh iddiaya xx.xx.2024-cü il tarixli **********300500 nömrəli yazılı etiraza olan əlavədə bildirmişdir ki, iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə xx.xx.2024-cü il **********734200 nömrəli, xx.xx.2024-cü il tarixli **********978000 nömrəli etirazlar təqdim olunmuşdur. Hazırkı etiraza əlavə ilə aşağıdakı məlumatı məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edirik. Belə ki, İddiaçı MMC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və digər subyektlərdən əldə etdiyi mallar alış etdiyi ödəyicilərin alışından müəyyən olunmuşdur (Excel cədvəl qoşmada əlavə olunur).

7. İddiaçı MMC xx.xx.2022-ci il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərir.

8. xx.xx.2023-cü il tarixli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********0224 nömrəli qərara əsasən, İddiaçı MMC-yə aid Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən anbarda operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır.

9. xx.xx.2023-cü il tarixli keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 100302 nömrəli aktda İddiaçı MMC-yə aid Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən anbarda xx.xx.2023-cü il tarix – xx.xx.2023-cü il tarix aralığında idxal olunmuş və ölkədaxili alınmış mallardan 216.677.04 manat dəyərində olan malların 18 faiz ƏDV-si tətbiq etmədən 255.673.01 manata e-qaimə təsdiq etmədən satılması faktı aşkar olunduğu qeyd edilmişdir.

10. xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı MMC-yə aid Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, Sədərək TM-ə gedən yolun şimal qərbində yerləşən **********-11001 kodlu təsərrüfat subyektində vergi ödəyicisi ilə əlaqə yaratmaq mümkün olmadığından, icarədar "xxxx" MMC-nin (VÖEN: **********) nümayəndəsi İlham adlı şəxslə (***-***-**-**) əlaqə saxlanılaraq obyektin yeri və vergi ödəyicisinin fəaliyyəti dəqiqləşdirilərək, yerində müşahidə aparılmışdır. Danışıq zamanı vergi ödəyicisi ilə aktiv icarə müqaviləsinin olduğunu, lakin MMC-nin nümayəndəsinin əlaqə nömrəsini bilmədiyini bildirmişdir. Baza məlumatlarına əsasən, təqdim olunmuş icarə müqaviləsində T5-3 nömrəli anbarın İddiaçı MMC-yə icarə verildiyi müəyyən edilmişdir. Müşahidə zamanı, həmin anbarın qapısının qismən bağlı olduğu və qapının boşluqlarından baxış zamanı anbarda malın olmadığı müəyyən edilmişdir.

11. İddiaçı MMC-nin rəhbəri F.Mustafayevin vergi orqanına verdiyi izahatında qeyd etmişdir ki, həmin mallardan 64158,66 manat dəyərində olan mallar 18 faiz ƏDV tətbiq edilməklə 75.707,22 manat görülmüş işlərin tərkibinə daxil edilmişdir və həmin mallara aid eqaimə təqdim edilmişdir. Lakin vergi orqanına təqdim etdiyi Forma-2-də öz əksini tapmamışdır. Malların qalan hissəsi 152.513,88 manat dəyərində olan mallara ƏDV-si tətbiq edilməklə 179.965,79 manata satılmışdır və həmin mallara dair e-qaimə operativ vergi nəzarətinin keçirdiyi gün tərəfimizdən təqdim edilmişdir.

12. xx.xx.2024-cü il tarixli vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********403600 nömrəli qərarına əsasən İddiaçı (**********) ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı tərəfinizdən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Riskli vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər təqdim edildiyi təqdirdə vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin tələblərini rəhbər tutaraq, vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilsin və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.

13. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

14. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdilər.

II. İddianın növü və mümkünlüyü

15. İddia tələbi xx.xx.2024-cü il tarixli vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********403600 nömrəli qərarın ləğv edilməsidir, mübahisələndirmə növündə iddiadır.

16. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər;

18. Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

19. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

20. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

22. Məhkəmə qeyd edir ki, meyarların 2.1.2-ci bəndi iddiaçının fəaliyyətinə tətbiq edilərək riskli əməliyyat kimi, vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə-fakturalarda əmtəəsiz əməliyyatlar aşkar edilməsi qeyd edilmişdir.

23. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarında normada qeyd edilən hallar müəyyən edilmir.

24. Belə ki, cavabdeh qərarını onunla əsaslandırmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxilməxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq(lar) aşkar edilməsi və qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı vergi odəyicisi tərəfindən təqdim olunmuş e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir.

25. İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsaslandırılmamış, sadəcə qanunvericiliyin normaları sadalanmaqla vergi ödəyicisini riskli vergi ödəyicisi hesab etmişdir. Qərarın qəbulu zamanı, həmçinin iş məhkəmə icraatında olduğu dövr ərzində cavabdeh özünün qəbul etdiyi qərarı əsaslandıra bilməmişdir. Bunu təsdiq edən cavabdehin xx.xx.2024-cü il tarixli iddiaya dair etirazıdır. Cavabdeh orqan yalnız xx.xx.2024-cü il tarixli iddiaya dair etirazı və ona əlavə ilə qərarı əsaslandırmağa çalışmışdır.

26. Xüsusi olaraq qeyd edilməlidir ki, cavabdeh tərəfindən hər hansı izahatlar alınmamış, heç kim dindirilməmiş, şahidlər çağırılmamışdır. Yəni, cavabdeh öz işini qərar qəbul etməklə bitmiş hesab etmişdir ki, bu da “İnzibati icraat haqqında” Qanunun tələblərinə ziddir.

27. Belə ki, yuxarıda qeyd olunan Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

28. Həmin Qanunda inzibati icraata həsr olunmuş ayrıca bir 4-cü fəsil mövcuddur ki, cavabdeh tərəfindən həmin fəslin heç bir müddəasına əməl edilməmiş, eyni zamanda İPM-in 14.1-ci maddəsində üzərinə qoyulmuş sübut etmə vəzifəsi yerinə yetirilməmişdir.

29. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdeh ilk etirazında qeyd etdiyi kimi mübahisənin yaranmasının səbəbi İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixdə fəaliyyəti üzrə keçirilmiş OVN tədbiri zamanı təqdimetmə əməliyyatlarının əmtəəsiz olduğunun müəyyən edilməsidir. Bununla bağlı olaraq ödəyiciyə xx.xx.2023-cü il tarixli **********309400 nömrəli “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmiş, daha sonra iddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə xx.xx.2024-cü il tarixli **********403600 nömrəli qərar qəbul edilmişdir.

30. Cavabdehin xx.xx.2023-cü il tarixli DVX seriyalı 100302 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüftdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktına əsasən iddiaçının təsərrüfat subyektində operativ nəzarət zamanı 18% ƏDV tətbiq etməklə 255673,01 manat dəyərində olan malların eqaimə təqdim edilmədən satılması faktı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 25567,3 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

31. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi zamanı əsas kimi götürülmüş operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilən aktda iddiaçının malların elektron qaimə-faktura olmadan malların təqdim edildiyi göstərilmişdir. Belə olan təqdirdə malların olması aşkardı, burada əmtəəsiz əməliyyatdan bəhs edilə bilməz.

32. Cavabdeh daha sonra təqdim etdiyi etirazında qeyd etmişdir ki, araşdırma zamanı İddiaçı “Anbar” adı ilə qeydiyyata alınmış təsərrüfat subyektində faktiki fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. İcarədar "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə obyektə baxış keçirilmiş, anbarda mal qalığının olmadığı müəyyən edilmişdir. Həmçinin, icarədar "xxxx" MMC-nin nümayəndəsi İlham adlı şəxslə əlaqə saxlanılaraq obyektin yeri və vergi ödəyicisinin fəaliyyəti dəqiqləşdirilərək, yerində müşahidə aparılmışdır. Danışıq zamanı vergi ödəyicisi ilə aktiv icarə müqaviləsinin olduğunu, lakin MMC-nin nümayəndəsinin əlaqə nömrəsini bilmədiyini bildirmişdir. Baza məlumatlarına əsasən, təqdim olunmuş icrarə müqaviləsində T5-3 nömrəli anbarın iddiaçıya icarə verildiyi müəyyən edilmişdir. Müşahidə zamanı, həmin anbarın qapısının qismən bağlı olduğu və qapının boşluqlarından baxış zamanı anbarda malın olmadığı müəyyən edilmişdir.

33. Məhkəmə qeyd edir ki, vergi orqanı ancaq qeyd edilən vətəndaşların izahatları ilə kifayətlənmiş, iddiaçının təqdim etdiyi onunla müxtəlif şirkətlər arasında bağlanan xidməti, podrat, subpodrat müqavilələri, iddiaçının təqdim etdiyi elektron qaimələri nəzərə almamışdır.

34. Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

35. Həmçinin cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mal aldığı aşkar olunmuş, bank hesablarına əsas məbləğ mədaxil olunmadan, ƏDV ödənildiyi müəyyən olunmuşdur.

36. Məhkəmə qeyd edir ki, cavabdehin bu dəlili də əsassızdır. Mal alışı zamanı əsas məbləğ ödənilmədən ƏDV məbləğinin ödənilməsi qeyri-qanuni hərəkət deyildir, eyni zamanda həmin əsasla vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi vergi qanunvericiliyində nəzərdə tutlmamışdır. Cavabdehin etirazında qeyd olunan dəlil mübahisələndirilən qərarın qəbul edilməsi üçün hüquqi əsas ola bilməz.

37. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-(102)-35/2024 nömrəli qərarında qeyd edilmişdir ki, “26. Aşağı instansiya məhkəmələri haqlı qeyd etmişlər ki, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec olmayaraq ƏDV-nin məbləği ödənilməlidir. Vergi ödəyicisinə malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə maliyyə sanksiyası tətbiq edilir, eyni zamanda, malların dəyəri ödənilmədən ƏDV məbləği ödənildiyi halda əvəzləşdirməyə yol verilmir. Qanunvericilikdə əksini tapmış bu cür tənzimləmə əsas məbləğlə, ƏDV məbləğinin ayrı-ayrı dövrlərdə ödənilməsinin mümkün olması nəticəsinə gəlməyə əsas verir. Qanunvericiliyə əsasən, ƏDV məbləğinin əsas məbləğlə eyni vaxtda (gec olmadan) ödənilməsi vergi ödəyicisini maliyyə sanksiyasından azad etsə də, qanunvericilik əsas məbləğ ödənilmədən ƏDV-nin ödənilməsinə hər hansı məhdudiyyət də qoymur. ƏDV məbləğinin əsas məbləğdən əvvəl ödənilməsi vergi ödəyicisinə yalnız əvəzləşdirməyə imkan vermir ki, əməliyyatların baş tutduğu vaxt qüvvədə olan Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı, təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt hesab edilir. Ödəmə dedikdə isə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin, yəni əsas məbləğin ödənilməsi vaxtı nəzərdə tutulur və təqdim olunmuş mallara (işlər və xidmətlər) görə ƏDV-nin hesablanması, həmin malların (işlər və xidmətlər) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir.

27. Beləliklə, hazırkı iş üzrə iddiaçının təqdim olunmuş mallara (işlər, xidmətlər) görə elektron qaimə-fakturalara əsasən əsas məbləğ ödənilmədən, yalnız ƏDV məbləğlərinin onun ƏDV hesabına ödənilməsi işin tərəflər arasında mübahisələndirilməyən hallarına aid olduğundan, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı əsas məbləğ ödənilməyən əməliyyatlara görə ƏDV bəyan etmədiyinə görə vergi məsuliyyətinə cəlb edilə bilməz. Əsas məbləğin ödənilməməsi, yuxarıda da qeyd edildiyi kimi, vergi ödəyicisi üçün ƏDV vergisini bəyan etmək vəzifəsi yaratmadığı kimi, vergi orqanına hazırkı halda, həmin əməliyyatın baş verdiyi dövr üzrə vergi hesablamağa da əsas vermir.

28. Həmçinin qeyd edilməlidir ki, VM-nin 166.7-ci maddəsinin 05 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əsasən, 166-cı maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulurdu. Sözügedən qanun dəyişikliyindən ( xx.xx.2024-cü il tarixdən qüvvəyə minib) sonra isə ödəmə dedikdə, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur.

29. Göründüyü kimi, qanunvericilikdə xx.xx.2024-cü il tarixdən qüvvəyə minən dəyişiklik edilənədək, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri ödənilmədiyi halda, yalnız ƏDV məbləğinin ödənilməsini, vergi ödəyici üçün ƏDV məbləğini bəyan etmək öhdəliyi yaratmasına dair norma nəzərdə tutmamışdır.”

38. Məhkəmə xüsusi ilə qeyd edərək bildirir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində qeyd edilmişdir ki, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə xx.xx.2000-ci tarixli, 393 nömrəli Fərmanın 1.7-ci bəndinə əsasən “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. Beləliklə riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydası və şərtləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmədiyi üçün cavabdeh vergi orqanının hərəkəti qanunsuzdur və qəbul edilmiş qərarın ləğvi üçün əsasdır.

39. Vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları (xidmətləri) satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməlidir. Sözügedən normanın malın (xidmətlərin) alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2208/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2- 1(102)-2233/2023 nömrəli xx.xx.2024-cü il tarixli 2-1(102)-480/2024 nömrəli, xx.xx.2024cü il tarixli 2-1(102)-64/2024 nömrəli xx.xx.2024-cü il tarixli 2-1(102)-305/2024 nömrəli qərarları).

40. Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə tərəflər üçün əlçatan və bəlli olmuşdur.

41. Məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tətbiqi zamanı qərarın hərfi təfsirinə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır.

42. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməyən vergi ödəyicilərinin müvafiq risk amilləri nəzərə alınmaqla riskli vergi ödəyicisi olaraq qeydiyyata alınması vergidən yayınma hallarının qarşısının alınması, nəticədə isə vergi inzibatçılığının inkişaf etdirilməsi məqsədi ilə müəyyənləşdirilmişdir.

43. Məhkəmə hesab edir ki, qeyd edilən Qaydaların 2.1.2-ci bəndinə əsasən aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə və ya vergi ödəyicisi qeyd edilən halı ağlabatan şəkildə əsaslandıra bilmədikdə vergi ödəyicisi üçün məsuliyyət yarada bilər.

44. Satışında olmasına baxmayaraq, anbarında mal qalığının olmadığı və ya icarədarın vergi ödəyicisinin nömrəsinin bilməməsi avtomatik olaraq ödəyicinin əmtəəsiz əməliyyat aparmasını şərtləndirə bilməz. Odur ki, nəticə etibarilə, ödəyici riskli vergi ödəyicisi hesab edilə bilməz. Bu zaman vergi orqanı tərəfindən araşdırılmalı olan hal, ehtimallar əsasında (vergi ödəyicisinin əleyhinə gəlinən qənaətlə) deyil, qarşılıqlı yoxlama və ya vergi nəzarəti tədbirləri nəticəsində (operativ vergi nəzarəti) həmin əmtəə və ya xidmətin həqiqətən təqdim edilmiş olmasını yoxlamaqdır.

45. Artıq yuxarıda qeyd edildiyi kimi, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ödəyici tərəfindən aparılan əməliyyatların əmtəəsiz olmasına dair şübhə yoxdur.

46. Odur ki, iddiaçının əmtəəsiz əməliyyat apardığını və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən iddiaçının riskli vergi ödəyicisi hesab olunmasını əsaslandıran hər hansı dəlil təqdim edilməmişdir.

47. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin inzibati aktı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, iddia tələbi təmin olunmalı, cavabdehin xx.xx.2024-cü il tarixli vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə **********403600 nömrəli qərarı ləğv edilməlidir.

48. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

49. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********403600 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar