Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6952/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti zəruri cəlb etmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti zəruri cəlb etmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Dəmir Yolu X1 Birliyinin xx.xx.1998-ci il tarixli, 138 saylı Qərarına əsasən ona ayrılmış Biləcəri Stansiyası ərazisində Biləcəri Enerji təchizatı distansiyası ərazisində yerləşən dəmir yolunun 2645 km, pk-0-03m pk 0-28 m-ə kimi olan ərazidə 0.12 ha bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Dövlət Dəmiryolu X1 Birliyinin xx.xx.1998-ci il tarixli, 138 saylı Qərarına əsasən ona ayrılmış Biləcəri Stansiyası ərazisində Biləcəri Enerji təchizatı distansiyası ərazisində yerləşən dəmir yolunun 2645 km, pk-0-03m pk 0-28 m-ə kimi olan ərazidə 0.12 ha bağ sahəsi verilmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi qaydada müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Stansiyası ərazisində Biləcəri Enerji təchizatı distansiyası ərazisində yerləşən dəmir yolunun 2645 km, pk-0-03m pk 0-28 m-ə kimi olan ərazidə 0.12 ha (bağ sahəsi) torpaq sahəsinə onun hüququnun qeydiyyata alınmasına dair çıxarış verilməsini xahiş etmişdir. Lakin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-ci il tarxili məktubunda göstərir ki, qeyd olunan ünvanda torpaq sahəsinə dair “Daşınmaz Əmlakın dövlət Reyestri haqqında” Azərbaycan Resublikasının Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikasının Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın dövlər reyestri haqqında qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısın”da nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1-ci maddəsinin tələbinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə daxil olmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxslərə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. Üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən iddia olunan torpaq sahəsinə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı öz torpaq sahəsinin yerini dəqiq bilmir. İddia olunan torpaq sahəsi iddiaçı tərəfindən hasarlanmamış, sadəcə ümumi açıq ərazidən müəyyən bir hissənin ona ayrıldığını vurğulamışdır.İddiaçı tərəfindən şərti olaraq göstərilmiş torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsi dəmiryolu xəttinin mühafizə zonasında yerləşir və sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır.Həmçinin bildiririk ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi "xxxx" QSC-yə verilmiş yerquruluşu planının hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma normalarının 3.5-ci maddəsinə əsasən yalnız şəhər və qəsəbələrdə yaşayış tikililəri dəmir yolunun kənar yolunun oxundan eni 100 metrdən az olmayan sanitariyamühafizə zonası ilə ayrılmalıdır. Dəmir yollarının dərinliyi 4 metrdən az olmayan qazma yataqlarda yerləşdirildiyi və ya səsdən xüsusi mühafizə tədbirləri həyata keçirildiyi zaman sanitariya-mühafizə zonasının eni 50 metrə qədər azaldıla bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında verdiyi izahatında iddianı müdafiə edərək və iddiaya uyğun izahat verərək məhkəmədən, iddianın təmin olunmasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Dövlət Dəmir Yolu X1 Birliyi tərəfindən iddiaçıya ünvanlanmış 138 №-li, xx.xx.1998-ci il tarixli arayışda göstərilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1973-cü il tarixli, № 270 saylı qərarı və yol idarəsinin müdirinin 29 № li xx.xx.1979cu il tarixli əmri nəzərə alınmaqla işçi qaydasında iddiaçıya Biləcəri stansiyası təhkim zolağı hüdudlarında əsaslı tikintiyə icazə verilmədən 2645 km, pk-0-03m pk 0-28 m-ə kimi olan ərazidə bostançılıq məqsədi ilə 0.12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçının hazırki müraciətinə əsasən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********55 №-li cavab məktubunda bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinə əsasən ona hüquqi yardım göstərilərək, qeyd olunan iradlar aradan qaldırılacağı təqdirdə müraciətinə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. Məhkəmənin müvafiq sorğularına əsasən: "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 13-1/2-2562/2024 №li cavab məktubunda göstərilmişdir ki, İddiaçı Azərbaycan Dövlət Dəmir Yolunun X1 Birliyi tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı ADY-də məlumat aşkar edilməmişdir. Qeyd edilən torpaq sahəsinin yerləşdiyi ərazidəki torpaqlar nəqliyyat təyinatlı olmaqla dövlət mülkiyyətində və ADY-nin daimi istifadəsindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”na əsasən təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunacağı təqdirdə, ADY tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********02 saylı cavab məktubunda qeyd olunmuşdur ki, idarənin arxivində İddiaçı adına Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri stansiyası üvanının qeydiyyatı barədə məlumat aşkar olunmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən şərti olaraq göstərilmiş torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsi dəmiryolu xəttinin mühafizə zonasında yerləşir və sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır. Eyni zamanda göstərilən torpaq sahəsi "xxxx" QSC-yə verilmiş yerquruluşu planının hüdudları daxilində yerləşir. Sözügedən sahənin və bitişik qonşuların qeydiyyatı barədə elektron bazada məlumat yoxdur. Məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixdə tərtib olunmuş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən torpaq sahəsinə iddiaçı ilə birgə torpaq sahəsinin yerləşdiyi ünvanda olmuşlar. İddiaçı ümumi açıq ərazi göstərərək, özünə aid sahənin dəqiq harada yerləşməsini bilmədiyini bildirərək, vizual olaraq ətrafda (açıq ərazidə) ona aid 0,12 ha torpaq sahəsinin olduğunu demişdir. Tətbiq edilən hüquq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar.
Məhkəmənin mövqeyi:
Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Azərbaycan Dövlət Dəmir Yolu X1 Birliyinin xx.xx.1998-ci il tarixli, 138 saylı Qərarına əsasən ona ayrılmış Biləcəri Stansiyası ərazisində Biləcəri Enerji təchizatı distansiyası ərazisində yerləşən dəmir yolunun 2645 km, pk-0-03m pk 0-28 m-ə kimi olan ərazidə 0.12 ha bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. İlkin olaraq qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısı (XDS qərarı, qeydiyyat vəsiqələri, mənzili tikinti kooperativinin qərarı və s) dəqiq müəyyən edilib ki, həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Nəzərə alınmalıdır ki, bu əsaslardan biri də rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları təşkil edir.Doğrudur ki, həmin qərarların mövcudluğu vətəndaşın mənzil üzərində mülkiyyət hüquqlarının yaranması üçün əsasdır. Bu zaman nəzərə alınmalıdır ki, həmin qərarın təkcə mövcudluğu deyil, həmçinin faktiki olaraq daşıdığı mahiyyət də önəmlidir. Misal olaraq rayon xalq deputatları sovetləri icraiyyə komitələsi tərəfindən iki qərar qəbul olunub: 1) yaşayış sahəsinin vətəndaşın istifadəsinə (mülkiyyətinə) verilməsi; 2) yaşayış sahəsinin vətəndaşın müvəqqəti istifadəsinə verilməsi. Məhkəmə qeyd edir ki, göstərilən hər iki halda şəxsin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün dəyərləndirmə fərqli olaraq qiymətləndirilir. Belə ki, 2-ci qəbul edilmiş qərar 1-ci qəbul edilmiş qərardan fərqli olaraq “müvəqqəti” ifadəsi ilə xarakterizə olunur. Yəni, vaxtı ilə səlahiyyətli olan orqan tərəfindən yaşayış sahəsi həmişəlik deyil, müəyyən bir müddətə şəxsə verilmişdir. Bu səbəbdən də həmin qərar ilə şəxsin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını reallaşdımaq hüquqi aspektdən cəhətdən qeyri mümkündür. Bəhs edilən qanunvericiliyin müddəalarını hazırki iddiaya tətbiq etməzdən əvvəl, məhkəmə iddiaçıların hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi “Azərbaycan SSR Nazirlər Soveti” tərəfindən verilmiş qərar üzrə hüquqi qiymətləndirmə aparır. Odur ki, iddiaçı tərəfidə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaq iddiasında olarkən Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1973-cü il tarixli, № 270 saylı qərarına istinad etmişdir. Məhkəmə tərəfindən həmin qərarın mövcudluğu ilə bağlı araşdırma aparılmış və sözügedən qərarın Dövlət Arxivinin Bakı filialında saxlanıldığı müəyyən olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, həmin qərarın mövcudluğu hazırki iddia üzrə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənəd hesab olunmur. Çünki, həmin qərardan da göründüyü kimi qərarın əsas mahiyyəti xidməti torpaq sahəsi hüququ olan işçilərin kateqoriyalarının siyahısı təsdiq edilmişdir. Belə ki, həmin qərar ilə xidməti torpaq sahəsi hüququ olan işçilərin kateqoriyalarının siyahısı təsdiq edilmiş və həmin qərar əsasında isə yol idarəsinin müdirinin 29 № li xx.xx.1979-cu il tarixli əmri ilə iddiaçıya Biləcəri stansiyası təhkim zolağı hüdudlarında bostançılıq məqsədi ilə 0.12 ha torpaq sahəsi ayrılmışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Dəmir Yolu X1 Birliyi tərəfindən ünvanlanmış iddiaçıya ünvanlanmış N-138 №-li, xx.xx.1998-ci il tarixli arayışda göstərilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 13 avqust 1973-cü il tarixli, № 270 saylı qərarı və yol idarəsinin müdirinin 29 № li xx.xx.1979-cu il tarixli əmri nəzərə alınmaqla işçi qaydasında iddiaçıya Biləcəri stansiyası təhkim zolağı hüdudlarında əsaslı tikintiyə icazə verilmədən 2645 km, pk-0-03m pk 0-28 m-ə kimi olan ərazidə bostançılıq məqsədi ilə 0.12 ha torpaq sahəsinin ayrılmışdır. Bu konteksdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”na istinadən qeyd etməyi zəruri hesab edir ki, dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Belə ki, iddiaçı Biləcəri Stansiyası ərazisində Biləcəri Enerji təchizatı distansiyası ərazisində yerləşən dəmir yolunun 2645 km, pk-0-03m pk 0-28 m-ə kimi olan ərazidə 0.12 ha bağ sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələbi ilə müraciət etmişdir ki, məhkəmə hesab edir ki, həmin müraciətin təminini istisna edən faktiki şərt, hazırkı halda həmin əmlaklarla bağlı hüquqmüəyyənedici sənədlərin mövcud olmaması öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsi iddiaçının istifadəsində deyil və məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sözügedən sahənin və bitişik qonşuların qeydiyyatı barədə elektron bazada məlumat yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsinin tələbindən də aydın olunur ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktların mövcudluğu mütləqdir. Qeyd olunan maddədən də göründüyü kimi dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilir. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, sözügedən yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. İddiaçılar tərəfindən təqdim edilən sənədlərin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınması üçün əsas olması isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti zəruri cəlb etmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “bağ torpaq sahəsi evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi” barədə iddia tələbi təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev