Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-6953/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “daşınmaz əmlak barədə təsərrüfatbaşı uçot kitabından çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak barədə təsərrüfatbaşı uçot kitabından çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu il tarixli Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X1 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının qərarı ilə iddiaçının vəfat etmiş atasına – X6 Zabrat qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi üzərində hüququn mərhuma məxsus olması barədə arayışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən dartıcı yarımstansiyanın ətrafında olan torpaq sahəsinin mərhum X5 adına dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Bundan sonra müvafiq iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdi. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 11321/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1086/2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-11321/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1691/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-1086/2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1691/2023 saylı qərarında kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının istinad etdiyi Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X3 və Həmkarlar İttifaqı Komitəsinin birgə iclasının 18 mart 1999-cu il tarixli qərarında qeyd edilən torpaq sahəsinin mərhum atasının mülkiyyətinə, sahibliyinə, istifadəsinə, icarəsinə verilməsi və ya ona ayrılması barədə hər hansı xüsusat qeyd edilməmiş, sadəcə olaraq, torpaq sahəsinin mərhumun adına ayrılmasına razılıq verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinin iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsinə dair cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Belə ki, mərhum X5 mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın ona məxsus olması barədə müvafiq arayışın verilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (müqavilə və digər əsaslar), habelə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş qanuni əsaslar olmadığından iddia tələbi əsassızdır. Bundan sonra iddiaçı Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat Qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə müraciət edərək 1 yanvar 2001-ci il tarixinədək qəsəbə inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına aparılmış uçotun sənədlərindən çıxarışın verilməsini xahiş etdi. Müraciətinə xx.xx.2024-cü il tarixli, 5-18- 10/2-0624/2024 saylı məktubla cavab olaraq bildirilmişdir ki, nümayəndəliyində saxlanılan fərdi qeydiyyat vərəqəsində X5 ünvan 1 ünvanında qeydiyyatda olduğu barədə qeyd mövcuddur. Nümayəndəliyində həmin ünvanlı torpaq sahəsi və fərdi yaşayış evinə aid başqa məlumat yoxdur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 2.3-cü bəndində qeyd olunan kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5.1.6-cı bəndinə əsasən ərazidə olan yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə təsərrüfatbaşına uçot kitablarını, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısını aparmaq inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinə aid edilmişdir. Bildirir ki, torpaq sahəsi ayrıldıqdan sonra həmin torpaq sahəsində 2001-ci ilə qədər fərdi yaşayış evi inşa edilmiş və hal hazırda həmin evdə yaşayırıq. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi hüquqi marağı həmin təsərrüfatbaşı uçot kitabından çıxarışı əldə edərək qeyd olunan daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından ibarətdir.
3. Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-18-10/2-0624/2024 saylı məktubla iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, nümayəndəlikdə saxlanılan fərdi qeydiyyat vərəqəsində X5 ünvan 1 ünvanında qeydiyyatda olduğu barədə qeyd mövcuddur. Nümayəndəlikdə həmin ünvanlı torpaq sahəsi və fərdi yaşayış evinə aid başqa məlumat yoxdur.
4. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin Bakı X3 Rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsinin Birgə İclasının xx.xx.1999-cu il tarixli qərarına əsasən X2 İİ-də yerləşən dartıcı yarımstansiyanın ətrafında olan boş yerdən yaşayış binası tikmək üçün torpaq sahəsi ayrılmasına razılıq verilmişdir.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
8. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...
10. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
11. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
12. İddia ərizəsindən görünür ki, iddiaçı mərhum atasına torpaq sahəsinin ayrılmasına razılıq verilməsinə dair qərar əsasında daşınmaz əmlak barədə təsərrüfatbaşı uçot kitabından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
13. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış;
14. Məhkəmə hesab edir ki, iddiaçı yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahəsinin onun mərhum atasına ayrılmasına dair hüquqmüəyyənedici sənədin - təsərrüfatbaşına kitablardan çıxarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir ki, bu da məhkəmə tərəfindən iddiaçının belə bir iddia qaldırması üçün subyektiv hüququnun olmaması kimi qiymətləndirilir. Belə ki, qanunvericiliyin tələbindən də görünür ki, daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən – təsərrüfatbaşına kitablardan çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş sənəddir. İddiaçı isə hazırda ona mövcud qanunvericiliklə tənzimlənməyən, sözügedən qanun qüvvəyə minənədək tərtib edilməsi nəzərdə tutulan sənədin verilməsini xahiş edir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüququ yoxdur.
15. Bununla yanaşı məhkəmə qeyd edir ki, cavabdehin məhkəmə iclasında təqdim etdiyi fərdi qeydiyyat vəsiqəsinin sürətindən, həmçinin xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətinə cavabdan bəlli olur ki, nümayəndəlikdə saxlanılan fərdi qeydiyyat vərəqəsində X5 ünvan 1 ünvanında qeydiyyatda olduğu barədə qeyd mövcuddur. Nümayəndəlikdə həmin torpaq sahəsi və fərdi yaşayış evinə aid başqa məlumat yoxdur.
16. Beləliklə, iddiaçının mübahisəli torpaq sahəsinin şəxsi mülkiyyətinə verilməsi barədə hüquqmüəyyənedici sənədin verilməsini tələb etmək hüququ, cavabdeh qurumun isə ayrılmasına razılıq verilmiş torpaq sahəsinin iddiaçının mərhum atasının adına rəsmiləşdirmək və ya ayırmaq vəzifəsi (səlahiyyəti) yoxdur.
17. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddiaya baxılması mümkün deyildir.
18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva