Məhkəmə qərarları › İş №e-2-1(112)-6955/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6955/2024

03.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6955/2024 03.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Üçüncü şəxs X6 və üçüncü şəxs “X14” Şirkətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X7 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əsl İddiaçı Mirəqəni oğlu ilə əvəz ediləsini, iddia tələbinin isə “Bakı şəhəri, Sulutəpə qəsəbəsində istifadədə olan 394 kv.m torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və plan ölçünün verilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinə dair dəqiqləşdirmə ərizəsi icraata qəbul edilməsi və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri qaydasında cəlb edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “X14” şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri qaydada cəlb edilmələri qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsində yerləşən Bakı Mebel hissələri kombinatının bağçılıq bostançılıq təsərrüfatı ərazisində yerləşən 1200 kv.m torpaq sahəsinə dair çıxarışı, Texniki pasport, Forma 1 arayışını və Forma 2 arayışını almaq üçün iddiaçı (nümayəndəsi) tərəfindən ƏMDK yanında DƏDRX-ə müraciət olunmuşdur. Lakin, ƏMDK yanında DƏDRX tərəfindən ona torpağın ona ayrılması barədə qərarın təqdim edilməsi bildirilmişdir. Bununla bağlı sözügedən torpaq sahəsinin qərarını almaq üçün iddiaçı (nümayəndəsi) AR Dövlət Arxivinin Bakı Filialına sorğu göndərmiş və AR Dövlət Arxivinin Bakı Filialının 25 oktyabr 2023-cü il tarixli, 3-48-2F/2-H-07582/2023 nömrəli cavabı ilə ona Bakı şəhəri XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 11/625 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Bundan sonra tərəfindən yenidən ƏMDK yanında DƏDRX-ə Bakı şəhəri, Kirov rayonu, Sulutəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsində yerləşən Bakı Mebel hissələri kombinatının bağçılıq bostançılıq təsərrüfatı ərazisində yerləşən 1200kv.m torpaq sahəsinin sənədləri və AR Dövlət Arxivinin Bakı Filialının təqdim etdiyi xx.xx.1988-ci il tarixli, 11/625 saylı sözügedən torpağın qərarı ilə birlikdə sorğu göndərilmişdir. Lakin, bu dəfə də göndərdiyi sorğuya cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tatixli, 3-21-3-30/2-N03-75/02- 8/**********6 00-782 nömrəli cavabı ilə “Bakı Mebel Hissələri” bağçılıq-bostançılıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxeminin aşkar edilmədiyini qeyd etmişdir. ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tatixli, 3-21-3-30/2-N03-75/02- 8/**********6 00- 782 nömrəli məktubunda qeyd edilən sənədlər tərəfindən sorğu göndərilərkən hər biri təqdim edilmişdir. Bundan başqa ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə ilk müraciəti zamanı qeyd olunan sənədlər barədə ona heç bir məlumat verilməmiş və yalnız sözügedən torpaq sahəsinin qərarını təqdim etməyi bildirilmişdir. Həmin torpaq sahəsinin qərarını təqdim etdikdən sonra və “Bakı Mebel Hissələri” bağçılıq-bostançılıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemini təqdim etdiyi halda cavabdeh inzibati orqanın imtina məktubu əsassız və qanunsuzdur. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********82 xaric olma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Bakı Mebel Hissələri” kombinatı bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi İdarənin arxiv qovluğunda aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin torpaq sahəsindən 110 m kənarda fəaliyyətsiz neft quyusunun məlumatı mövcuddur. Torpaq sahəsinə dair təqdim edilən yerləşmə cizgisi aydın oxunaqlı olmadığından torpaq sahəsinin dəqiq istinad məsafələri və perimetrik ölçülərinin və sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsü 600 kv.m qeyd edilsə də, faktiki 394 kv.m olduğu məlum olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş etiraza əlavə onunla əsaslandırılmışdır ki, təqdim olunmuş sənədlər digər fiziki şəxsin adınadır və iddiaçının adına qeyd edilən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda etibarnamə üçüncü şəxslər qarşısında təmsilçilik üçün etibar edən tərəfindən verilmiş vəkalət sənədi olmaqla sözügedən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsas deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Üçüncü şəxslərin etirazı. X14” şirkəti tərəfindən verilmiş iddia tələbinə dair yazılı münasibətdən görünür ki, Şirkətin aidiyyəti əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilərkən həmin ərazinin plan-xəritə və torpaq sahəsinin topoqrafik plandan çıxarışın təqdim olunmuş surəti hazırlanmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, 394 kv.m kimi göstərilən torpaq sahəsi “X13 haqqında” sazişə və “X10”nə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş kontrakt sahəsinin hüquqları daxilində, UTM WGS 84 koordinat sistemində göstərilən koordinatlar daxilində yerləşir. 1. 393097.1828 4474964.2642 2. 393087.2414 4474974.9567 3. 393106.7239 4474993.6498 4. ********** 4474982.9571. “X14” şirkəti Bakı sözügedən torpaq sahəsinin bu və ya digər halda başqa məqsədlər üçün istifadə olunmasına və özgəninkiləşdirilməsinə etiraz edir. İddia tələbinin rədd olunmasını xahiş etmişdir. SOCAR tərəfindən verilmiş iddia tələbinə dair yazılı münasibətdən görünür ki, torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X13 haqqında” Sazişə əsasən “X14” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Bu səbəbdə, həmçinin qanunvericiliyin tələblərinə əsasən, eləcədə istihsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Qeyd olunanlara əsasən SOCAR iddia tələbinin rədd edilməsi xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhəri X8 İcraiyyə Komitəsinin “Kollektiv bağların layihələndirilməsinə icazə haqqında” 11/625 nömrəli, xx.xx.1988-ci il tarixli qərarından görünür ki, ərazidə kolkoz bağlarının salınması üçün rayon sovetlərinin icra komitələri yanında işçi komissiyalarının baxdığı materiallara əsasən Bakı Mebel hissələri kombinatı bağçılıq-yoldaşlıq təsərrüfatının 106 üzvünə torpaq sahəsinin ayrılması qərara alınmışdır. (sözügedən sənədin təsdiq olunmuş surəti Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə təqdim edilmişdir). Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Hökməli qəsəbəsinin şimal-şərq hisəsində yerləşir və hüquqmüəyyənedici sənəd üzrə 600.0 kv.m., faktiki olaraq 394.0 kv.m-dir. Torpaq sahəsi bir tərəfdən qonşu sahənin sərhəddi olan mişar daş hasarla, iki tərəfdən şərti, bir tərəfdən hasar təməli qazılaraq sərhədlənmişdir.İcazəsiz tikili yoxdur. Torpaq sahəsinin giriş-çıxış yolu sərbəstdir. Torpaq sahəsinin yerləşməsinə dair təqdim edilmiş cizgi pozuntulu olduğun dəqiq istinad məsafələri, perimetrik ölçülər və sahənin qeyd olunduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi Sulu-Təpə bağ massivində yerləşir, hüquqmüəyyənedici sənəd üzrə 1000.0 kv.m., faktiki olaraq 179.0 kv.m-dir. Vətəndaşın nümayəndəsi idarədən 150 kv.m torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmişdir. Göstərilən sahənin 3 tərəfi hasar 1 tərəfi (yol) isə şərtidir. Sahədə ev bünövrəsi var. İdarəyə təqdim edilmiş protokol qərarında torpaq sahəsinin sahəsi 1000.0 kv.m göstərilmiş, lakin bağın nömrəsi göstərilməmişdir. Digər 850 kv.m torpaq sahəsinin harada yerləşməsi barədə vətəndaşın (nümayəndəsinin) məlumatı yoxdur. Bağ sahəsinin yerləşməsinə elektron baza məlumatlarına əsasən baxılması məqsədəuyğundur. Məlumat üçün, vətəndaş İddiaçı əvvəlki müraciətində başqa torpaq sahəsini göstərmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş RX seriyalı ******* nömrəli “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “BMHK” b/y-nın 23A saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Hökməli qəsəbəsinin şimal-şərq hisəsində yerləşir və hüquqmüəyyənedici sənəd üzrə 600.0 kv.m., faktiki olaraq 394.0 kv.m-dir. Torpaq sahəsi bir tərəfdən qonşu sahənin sərhəddi olan mişar daş hasarla, iki tərəfdən şərti, bir tərəfdən hasar təməli qazılaraq sərhədlənmişdir.İcazəsiz tikili yoxdur. Torpaq sahəsinin giriş-çıxış yolu sərbəstdir. Torpaq sahəsinin yerləşməsinə dair təqdim edilmiş cizgi pozuntulu olduğun dəqiq istinad məsafələri, perimetrik ölçülər və sahənin qeyd olunduğunu müəyyənləşdirmək mümkün olmamışdır İmtina məktubundan görünür ki, idarənin arxiv qovluğundan “Bakı Mebel Hissəlləri” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı və bölgü sxemi aşkar olunmamışdır. Bundan başqa, təqdim edilən sənədlərdə bağın nömrəsi qeyd olunmamışdır. Bu səbəbdən ərizəsinin icrası tərəflərindən mümkün deyildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X15 Kombinatının bağçılıq yoldaşlıq üzvlərinin siyahısı, bölgü sxemi və surəti sorğuya əlavə edilmiş protokoldan çıxarış arxiv qovluğunda aşkar edilməmişdir. Bakı Mebel Hissələri Kombinatını bağçılıq yoldaşlığına aid sənədlərin, müayinə aktının və koordinat cədvəlinin, həmçinin elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin ətrafında **********03 reyestr nömrəli 23A saylı bağ sahəsinin ilkin qeydiyyata alınmasına əsas olmuş sədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, vahid elektron baza məlumatlarına əsəsən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində yerləşir (Binəqədi Oyl). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün aşağıdaki halları əsas gətirir:

1. Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxeminin idarənin arxiv qovluğunda aşkar edilməməsi;

2. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OİL) istifadəsinə verilmiş ərazidə yerləşməsi;

3. Torpaq sahəsindən 110 m kənarda fəaliyyətsiz neft quyusunun olması;

4. Yerləşmə cizgisində istinad məsafələri və perimetrik ölçülərinin dəqiq olmaması;

5. Torpaq sahəsinin faktiki ölçüsünün az olmasıdır. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halın əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Bağ sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 №-li Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin Siyahının 1.4-cü bəndinə əsasən rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə mülkiyyət hüququnu qeydiyyata alınması üçün sənəddir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı ilə əhatə olunur. Məhkəmə cavabdehin birinci imtina əsası ilə bağlı bildirir ki, hər nə qədər də cavabdeh bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxeminin idarənin arxiv qovluğunda aşkar edilmədiyin istinad etsə də, həmin hal hazırki iddianın təminini istisna etmir. İlk növbədə ona görə ki, siyahının aşkar olunmaması iddiaçının məsuliyyət sferasına aid olmayan və onun təqsiri nəticəsində meydana gələn hal deyil. Digər tərəfdən isə həmin sənədlər arxivdə aşkar olunmasa da, Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 11/625 saylı xx.xx.1988-ci il tarixli qərarı və Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin Əmək kollektivi şurası ilə birgə protokolu iddiaçının torpaq sahəsinin üzərində hüquqlarının yarandığına dəlalə edir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 11/625 saylı xx.xx.1988-ci il tarixli qərarına əsasən Azərbaycan SSR, Bakı şəhər, Kirov rayonu, SuluTəpə qəsəbəsi, Hökməlinin şimal-şərq hissəsindən (indiki Çiçək qəsəbəsi) Bakı Mebel Hissələri Kombinatının işçiləri üçün 6,4 hektarlıq, 106 nəfərlik bağçılıq sahəsi ayrılmışdır. Daha sonra Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin Əmək kollektivi şurasının 06 iyun 1989-cu il tarixli protokolu X2 torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi iddiaçının istifadəsində olan torpaq sahəsi həm XDS İK-in, həm də XDS İK-in qərarının icrası nəticəsində əmək kollektivi şurasının qərarı ilə həyata keçirilmişdir ki, həmin sənədlər hüquqmüəyyənedici sənədlər qismində çıxış edir. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədlərin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxeminin aşkar olunmaması ilə bağlı cavabdehin irəli sürdüyü əsaslar formal xarakter daşıyır. Cavabdeh iddia olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşdiyini iddia edir. Məhkəmə qeyd edir ki, mövcud inzibati məhkəmə təcrübəsində bu növ imtina əsaslarında məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə ekspertizasının təyin edilməsi, mütəxəssis rəyinin alınması və yerində baxış kimi müvafiq üsullar seçərək torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşib-yerləşmədiyini müəyyən edir. Buna baxmayaraq hazırki mübahisə üzrə bu növ istiqamətlər üzrə hər hansı araşdırmanın aparılmasına zərurət olmamışdır. Belə ki, torpaq sahəsi 1989-cu ildən iddiaçıya ayrılmışdır. Nəzərə alınmalıdır ki, Respublikanın neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 200 saylı xx.xx.1992-ci il Fərmanı ilə ''Azərineft'' Dövlət Konserninin və ''Azərnefkimya'' İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmış, bundan sonra Azərbaycan Respublikası Prezidentinin 328 saylı 26 fevral 1993-cü il tarixli Sərəncamı ilə ARDNŞ-in yeni idarəetmə strukturu təsdiq edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddiaçının torpaq sahəsinə gözlənilən mülkiyyət hüquqları yarandığı vaxtdan sonra yaranmışdır ki, buda ümumiyyətlə torpaq sahəsinin həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilən torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi halını istisna edir. Başqa sözlə desək, mübahisəli iddia olunan torpaq sahəsi hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilən torpaq sahələrinin hüdudları daxilində yerləşibyerləşməməsindən asılı olmayaraq, həmin torpaq sahəsinə dair iddiaçının hüquqları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yaranmasından daha əvvələ aid olmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 №-li Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Fərmandan da göründüyü kimi, əgər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmirdirsə bu zaman vətəndaşın Siyahıda nəzərdə tutulmuş sənədlərə malik olması, onun həmin daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyata alınması üçün əsas verir. Bununla da Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli daşınmaz əmlaka dair hüquqları 1989-cu ildən etibarən yarandığından və həmin dövrdə həmin torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsi istisna olunduğundan (həmin vaxtda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmamışdır), iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının daha əvvəl yaranması təkzib olunmaz bir haldır. Cavabdehin digər imtina əsası iddia olunan torpaq sahəsinin Saziş hüdudları daxilində və ləğv edilmiş neft quyusunun mühafizə zonası daxilində yerləşməsi ilə bağlıdır. Lakin torpaq sahəsinin ləğv olunmuş neft-qaz quyusunun mühafizə zonasında yerləşməsi istənilən halda vətəndaşın mülkiyyət hüquqlarının reallaşdırılmasına maneə yarada bilməz. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin maddənin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunun əlavəsindən görünür ki, neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri təhlükə potensiallı istehsal obyektlərinin sırasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə görə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi (hazırki halda ləğv olunmuş quyular) obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə qədər minimum məsafə 75 m olmalıdır. Normaların məzmunundan göründüyü kimi, təhlükə potensiallı istehsal obyektlər sırasına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməklə istifadə oluna bilər. Bundan başqa qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə hesab edir ki, eyni statusda olan şəxsə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 11/625 saylı xx.xx.1988-ci il tarixli qərarı və Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin Əmək kollektivi şurası ilə birgə protokoluna əsasən həmin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olan X1 torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2020-cı il tarixli, 2-1(103)- 542/2020 nömrəli qərarı ilə Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin 11/625 saylı xx.xx.1988-ci il tarixli qərarı və Bakı Mebel Hissələri Kombinatının Həmkarlar Komitəsinin Əmək kollektivi şurası ilə birgə protokoluna əsasən həmin bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olan X3 torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Göründüyü kimi oxşar sənədlər əsasında eyni bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin ayrılan torpaq sahələri üzərində hüquqları qeydiyyata alındığı halda, iddiaçıya fərqli yanaşmanın tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə və bərabərlik məfhumu baxımından uyğun deyil. Eyni zamanda, sxemdə istinad və məsaflərin qeyd edilməməsinə münasibətdə də cavabdehin imtinası məhkəmə tərəfindən qanuni və əsaslı hesab edilmir. Belə ki, yerləşmə cizgisində istinad və məsafələrin qeyd edilməməsi iddiaçının təqsir sferasından kənar olmaqla, aidiyyəti torpaq ayırmanı həyata keçirən qurumun səlahiyyətləri daxilində olan məsələdir. Adıçəkilən yerləşmə cizgisi iddiaçı tərəfindən tərtib edilməmiş, tərtibetmə zamanı da iddiaçının iştirakı olmamışdır, bununla bağlı iddiaçının spesifik sahə üzrə məlumatı da olmamışdır ki, həmin hallar nəzərə alınmaqla imtinanın göstərilən dəlili də məhkəmə tərəfindən əsassız hesab edilməlidir. Cavabdehin imtina əsası kimi istinad etdiyi son dəlilə münasibətdə Məhkəmə qeyd edir ki, torpaq sahəsinin faktiki ölçüsünün sənəddə göstərilən ölçüdən az olması, torpaq sahəsinin faktiki olaraq artırılmadığını, əksinə daha az olduğunu göstərir. Həmçinin, iddiaçının özü də iddia tələbini dəqiqləşdirərək mülkiyyət hüquqlarının məhz torpaq sahəsinin faktiki ölçüsünə münasibətdə qeydiyyata alınmasını arzuladığından, cavabdehin imtina əsasını aradan qaldırır. Eyni zamanda Məhkəmə qeyd edir ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifəsidir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirildiyi zaman, eyni zamanda cavabdeh tərəfindən həmin torpaq sahəsinə münasibətdə plan-ölçünün verilməsi də təmin olunmalıdır. Həmçinin, qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1984/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il qərarında qeyd edilmişdir ki, , mübahisəli torpaq sahəsi 2005-ci il tarixdə saziş əsasında ‘‘X14” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edildiyi halda, həmin sahə iddiaçıya bundan daha əvvəl – 2000-ci il tarixdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1088 nömrəli sərəncamı əsasında ayrılmışdır. Belə olan halda, həmin torpaq sahəsinin hazırda neft şirkətinin kontrakt sahəsinə düşməsi həmin sahə üzərində iddiaçının mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına maneə təşkil etməməlidir. iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 31 iyul 2000-ci il tarixli, 1088 nömrəli sərəncamına əsaslanır. həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. 2-1(102)-1608/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında, 2- 1(102)-263/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarında, da oxşar mövqedən çıxış edilmişdir. 2-1(102)-1548/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardaddan isə görünür ki, cavabdeh ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş nəzarətdə olan ərazilərə düşdüyünə istinadən müraciətin təmin edilməsindən imtina etmiş, iddianın təmininə dair apellyasiya instansiya məhkəməsinin qərarından üçüncü şəxs “X14” Şirkət tərəfindən verilmiş kassasiya şikayəti vahid məhkəmə təcrübəsi nəzərə alınmaqla qeyri mümkün hesab edilmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sulutəpə qəsəbəsində istifadədə olan 394 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınması, həmin torpaq sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar