Məhkəmə qərarları › İş №e-2-1(112)-6971/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6971/2023

11.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6971/2023 11.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsininə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli **********2848 saylı qərarın ləğv edilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18 noyabr 2022-ci il tarixli **********47774 №-li qərarına əsasən fiziki şəxs İddiaçı (VÖEN **********) sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində Vergi Məcəlləsinin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tələb edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarəti həyata keçirilmiş və nəticəsi barədə 09 dekabr 2022ci il tarixli DVX seriyalı 000138 №-li akt tərtib edilmişdir. Tərtib edilmiş aktda fiziki şəxsin təsərrüfat subyektinin (obyektinin) anbar, fəaliyyət növünün isə, topdan satış, həmçinin E- QF təqdim edilməli olduğu halda, E-QF təqdim etmədən 375 090,54 manat dəyərində malların NKA vasitəsi ilə satıldığının aşkar olunduğu və aşkar olunmuş nöqsana görə Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 saylı qərarının 5.1-ci bəndinin, Vergi Məcəlləsinin 16.1.11-ci və 71-1-ci maddələrinin tələblərinin pozulduğu qeyd edilmişdir. Həmçinin tərtib olunmuş aktla Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.3-cü, 71-1-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 37 509,05 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Əsas fəaliyyətini Kənd təsərrüffatı təyinatlı gübrələrin və kimyəvi mayelərin satışı təşkil edir. Mallar əsasən idxal olunmuş mallardan ibarətdir. Həmin mallar ƏDV-dən azad olunan mallar hesab olunduğu üçün satış həyata keçirilərəkən heç bir vergidən yayınma halından söhbət gedə bilməz. Satış həm topdan həm pərakəndə qaydada həyata keçirilir. Pərakəndə satış yalnız vergi ödəyicisi olmayan şəxslərlə aparılmışdır. O, pərakəndə sastış aparmaq üçün Nəzarət Kassa aparatı almış və qanunla nəzərdə tutulmuş qaydada həmin aparatı qeydiyyata aldırmışdır. Pərakəndə qaydada satış həyata keçirilərkən müxətlif fermerlər və ya vətəndaşlar tərəfindən obyektə yaxınlaşaraq və ya tapaqro.az saytı üzərindən sifariş əsasında həyata keçirilir. Tapaqro.az saytı Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yaradılmış elektron ticarət saytıdır ki, burda müxtəlif kənd təsərrüfatı mallarının satışı həyata keçirilir. Bu isə yalnız tərəflər arasında bağlanmış müqavilə əsasında satış həyata keçirilə bilər. Sifarişçi tərəfindən pul vəsaiti bank hesablarına köçürülərək dövriyyədən yayınmamaq məqsədilə nəzarət kassa aparatına nağdız əməliyyat kimi mədaxil olunur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “Aqreqator”adlandırılacaq), direktoru X2 şəxsində, ikinci tərəfdən, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydiyyata alınmış fiziki şəxs İddiaçı (bundan sonra –“Partnyor” adlandırılacaq) şəxsində üçüncü tərəfdən, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qeydiyyata alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən "xxxx" ASC (bundan sonra-“Bank” adlandırılacaq), X1 Edilməsi Departamentinin direktoru Mahmud Mahmudov şəxsində Kənd təsərrüfatı məhsullarının və istehsal vasitələrinin elektron təchizatı (e-commerce) sahəsində bank-ekvayrinq xidmətlərinin göstərilməsinə dair 15 aprel 2022-ci il tarixli müqavilə bağlanmışdır. Bu Müqaviləniin predmetinə və 1.1 bölməsinə əsasən Aqreqator, Partnyora dövlət-özəl sektor tərəfdaşlığı prinsipi əsasında Partnyorun mallarının alıcılara təqdim edilməsini təmin edən internet mağazanın (www.tapagro.az) formalaşdırılmasını, təkminləşdirilməsini, ona texniki İT xidmətlərini göstərilməsini və internet-mağazada mal/xidmətlər barədə hədəf kütləyə internet mağaza, SMS və ya elektron kabinetlər vasitəsi ilə məlumatların çatdırılması xidmətlərini göstərir. Bağlanmış müqavilənin şərtlərinə əsasən Vergi Məcəlləsinin 13.2.62.cı maddəsinə tələblərinə uyğun olaraq 375 090,54 manat dəyərində Kənd təsərrüfatı məhsullarının və istehsal vasitələrinin elektron satışı vergi ödəyicisi olmayan şəxslərə E- QF təqdim etmədən NKA vasitəsi ilə hayata keçirilmişdir. Göründüyü kimi tərəfindən aparılmış satış zamanı vergi ödəyicisi olmayan şəxslərə elektron qaimə faktura verilməsə də, bütün əməliyyatlar nəzarət kassa aparatı vasitəsi ilə həyata keçirilmiş, yəni onun vergidən yayınma faktı olmamışdır. Buna baxmayaraq, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 27 yanvar 2023-cü il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********2848 nömrəli qərarla 37509.05 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərar Vergi Məcəlləsinin 16.1.3 və 130-cu maddəsi ilə əsaslandırılmışdır. Gəlirlərin və xərclərin uçotunu dəqiq aparmış, uçotu aparılmayan heç bir əməliyyat olmamışdır. Vergi Məcəlləsinijn 16.1.11-6-cı maddəsinə əsasən müəyyən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək Vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi Qanunverici vergi ödəyicisi üçün mal, iş və xidmətlərlə bağlı elektron qaimə-fakturanı yalnız vergi ödəyicisi kimi uçotda olan şəxslərə göndərmək vəzifəsini müəyyən etmişdir. Onun müştərilərinin əksəriyyəti isə vergi ödəyicisi kimi uçotda olmayan şəxslər, yəni ailə təsərrüfatları aparan şəxslər olmuş, o, həmin şəxslərə malı NKA vasitəsi ilə təqdim etmişdir. Lakin onun vergi ödəyicisi olan müştəriləri də olmuş, bütün vergi ödəyicilərinə E-Qaimə göndərilmişdir. Hətta “tapaqro.az” saytı üzərindən aparılan sifarişlərə də o, vergi ödəyicisi olan şəxslərə E-Qaimə göndərmiş, vergi ödəyicisi olan şəxslərlə E-Qaimə vermədən əmliyyat aparmamışdır. Yəni o, malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi qaydalarını pozmadığına görə barəsində maliyyə sanksiyası tətbiq edilməsinə dair Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş 27 yanvar 2023-cü il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********2848 nömrəli qərar əsassızdır.

3. Cavadeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, bildiririk ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********4774 nömrəli "Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarı əsasında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində xx.xx.2022-ci il tarixindən xx.xx.2022- ci il tarixinədək həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı ümumilikdə 375090,54 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək, xx.xx.2022ci il tarixli DVX seriyalı 000138 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirilməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisinin etirbanamə üzrə səlahiyyətli nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən aktın bir nüsxəsini qəbul etməkdən və onu imzalamaqdan imtina etmişdir. Yuxarıda göstərilən akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********2848 nömrəli Qərarı ilə iddiaçı barəsində 37509,05 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

4. Vergi orqanının xx.xx.2021-ci il tarixli **********4774 nömrəli qərarı ilə İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin keçirilməsi təyin edilmişdir.

5. Cavabdehin xx.xx.2022-ci il tarixli DVX seriyalı 000138 nömrəli “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüftdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” Aktına əsasən iddiaçının təsərrüfat subyektində operativ nəzarət zamanı 375090,54 manat dəyərində e-qaimə təqdim edilmədən satılması faktı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 37509,05 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.

6. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2023-cü il tarixli №**********2848 qərarına əsasən İddiaçı (Doğulduğu yer və tarix: Azərbaycan, Bakı, xx.xx.1992, Yaşayış yeri: AZ 1012, Bakı Şəhəri Yasamal Rayonu, Yeni Yasamal 2, ev.6, m.83, FİN: xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 37509.05 manat məbləğində manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

8. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

13. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

14. İş materiallarında olan sənədlə əsasən məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçıya məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində operativ vergi nəzarəti təyin edilmiş, həmin operativ vergi nəzarətinin nəticələrinə dair tərtib edilmiş akta əsasən vergi orqanı tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində pərakəndə satış qaydasında təqdim etdiyi ümumilikdə 375090,54 manat dəyərində mallar topdan satış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. Həmin akt əsasında hazırda iddiaçı tərəfindən mübahisələndirilən, iddiaçıya ümumilikdə 37509,05 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********2848 nömrəli qərar qəbul edilmişdir, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

15. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

16. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 62.1 Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.

64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 15.1.8. Vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. 15.1.9. Müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət elmək vergi ödəyicisinin hüququdur.

17. İş materiallarından göründüyü kimi cavabdehin xx.xx.2022-ci il tarixli **********4774 nömrəli qərarı ilə iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ Binəqədi şossesi 53 ünvanında “Anbar” adlı obyektində malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən ) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarət tədbiri təyin edilmişdir.

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 50.1 Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və VM-nin 50.1.1-50.1.14-cü maddələrdə nəzərdə tutulan məsələləri əhatə edən vergi nəzarəti formasıdır. 50.2 Operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar kimi aşağıdakılar göstərilmişdir: 1) vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 2) vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 3) vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 4) vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 5) vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3 Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir.

19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıda operativ vergi nəzarətin keçirilməsi üçün qanunverici tərəfindən əsas kimi göstərilən 5 haldan heç biri cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi üçün qəbul edilmiş qərarında göstərilməmişdir.

20. Məhkəmə cavabdehin operativ vergi nəzarətinin həyata keçiriıməsi barədə qərarını nəzərdən keçirərkən müəyyən etmişdir ki, həmin xx.xx.2022-ci il tarixli **********4774 nömrəli qərarda vergi orqanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbinə müvafiq olaraq yoxlamanın keçirilməsinin əsaslarını göstərməmiş, həmin qərarda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün göstərilən əsaslardan hansına görə (cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi; cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulması barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamışdır ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur.

21. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 49.2 Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 36.1. Əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmağla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olarag məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. 83.3. Vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi;50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (boşaldıldığı) yerə baxış keçirilməsi; 50.1.14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi.

24. Beləliklə Vergi Məcəlləsinin müddəalarında vergi sahəsində yoxlama kimi kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə nəzərdə tutulmuş məsələlərə əməl edibedilməməsinə vergi nəzarət forması kimi göstərilmişdir, yəni vergi ganunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamalar başa düşülməlidir.

25. Habelə yuxarıda qeyd edildiyi normalardan aydındır ki, vergi orqanına vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququ yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı verilmişdir. Operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır.

26. Belə olan halda, operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusa görə maliyyə sanksiyası tətbig edə bilər. Lakin işin faktki hallarına görə cavabdeh vergi orqanı operativ vergi nəzarət tədbiri nəticəsində iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, ümumilikdə 1 illik dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən ümumi məbləğin cəminə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası tətbiq etməklə vergi qanunvericiliyinin tələblərini pozmuşdur.

27. Məhkəmə onu da qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edilməsi zamanı əsas kimi götürülmüş operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilən aktda iddiaçının xx.xx.2022-ci il tarixdə 375090,54 manat dəyərində malların elektron qaimə-faktura olmadan malların təqdim edildiyi göstərilmişdir. Lakin vergi orqanı iddiaçı tərəfindən həmin malların həqiqətən də topdansatış qaydasında satılmasına - vergi qanunvericiliyinin pozulması halını təsdiq edən sübut və dəlilləri məhkəməyə təqdim etməmiş, belə sübutlar barədə məhkəməyə məlumat verməmişdir.

28. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 58.13. Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

29. Azərbaycan Respublikasının Prezidentinin 19 aprel 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”: 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. 4.2. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır.

30. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 13.2.62. Pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 13.2.63. Topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektronqaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;

31. Belə olan halda pərakəndə satışı topdansatışdan fərqləndirən meyar pərakəndə satışda malın alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki ilə satılması, topdansatışda isə malların alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız elektron qaimə-faktura əsasında satılmasıdır.

32. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydaların: 1.2. Elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. 1.4. Elektron qaimə-faktura yalnız vergi odəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər tərəfindən hazırlanır və təqdim edilir.

34. Göründüyü kimi topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır, malı əldə edən alıcı vergi orqanında uçotda olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə-faktura təqdim edilsin. Lakin vergi orqanı malların vergi ödəyicilərinə satıldığını ehtimal etsə də, malın kimə, hansı həcmdə və hansı qiymətə satdığını təsdiq edən sənədləri təqdim etməmişdir.

35. Cavabdeh operativ vergi nəzarətinin nəticələri haqqında aktda yalnız kassa çeklərində göstərilən məbləğlərin həcmini əsas götürməklə cavabdehin satdığı malları elektron qaimə faktura təqdim etmədən satılması (topdan satış kimi) göstərmişdir ki, bununla da yuxarıda istinad edilən normaların tələbləri pozulmuş və belə pozuntu ilə tərtib edilmiş akt əsasında mübahsələndirilən qərar qəbul edilmişdir.

36. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən malların alış (yəni son istehlak yoxsa sahibkarlıq fəaliyyəti) məqsədləri müəyyən edilməmişdir.

37. Vergi Məcəlləsinin: 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 54.0.2. Şəxs aşağıda müəyyən olunmuş hallardan ən azı biri olduqda, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz: 54.0.1. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması; 54.0.2. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması; 54.0.3. vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunu törədən fiziki şəxsin həmin əməl törədildiyi ana məsuliyyətə cəlb edilmə yaşına çatmaması; 54.0.4. vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətinin qurtarması.

38. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsində nəzərdə tutulmuş, yəni bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi kimi huquqpozuntusu hadisəsinin mövcud olması cavabdeh tərəfindən sübuta yetirilmədiyi üçün “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2848 nömrəli qərarı ləğv edilməlidir.

39. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********2848 nömrəli Qərarı ləğv edilməlidir.

40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi" barədə xx.xx.2023-cü il tarixli **********2848 saylı qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar