Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6976/2023 28.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsi üzərində hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Xəzər rayonu, Türkan bağ massivində yerləşən 20 saylı, 0,06 hektar bağ sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, “Turac” bağçılıq yoldaşlığın İdarə heyətinin 3 sentyabr 2005-ci il tarixli, 2 nömrəli qərarına əsasən İddiaçı mərhum atası X4 20 saylı, 0,06 hektar torpaq sahəsi ayrılmışdır. İddiaçı bağ torpaq sahəsinə hüquqların qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi məqsədilə xx.xx.2021-ci il tarixində AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDKR-in Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş və arxivdə məlumatların aşkar edilməməsi səbəbi ilə çıxarış verilməsində imtina vermişdir. İddiaçının atası Hidayət Abbasov xx.xx.2005-ci il tarixdə “Turac” bağçılıq yoldaşlığına üzv qəbul edilmiş və Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 20 nömrəli 0,06 hektar bağ sahəsi onun istifadəsinə verilmişdir. O, həmin vaxtdan sözügedən bağ sahəsindən istifadə etmiş və qanunvericilikdə təsbit olunan vergiləri ödəmişdir. Bağ sahəsinin ona ayrılması barədə “Turac” bağçılıq yoldaşlığın İdarə heyətinin xx.xx.2005-ci il tarixli iclasında 2 saylı qərar (protokol) qəbul etmişdir. Həmin qərarda da bu məsələ ilə bağlı aşkar şəkildə göstərilmişdir ki, iclasın gündəliyində bağçılıq yoldaşlıq birliyinin üzvlüyünə qəbul olunmaq istəyən X3 ərizəsinə baxılmışdır. Bununla da, 20 saylı bağ sahəsi iddiaçının mərhum atası X4 verilmiş və o bağçılıq yoldaşlığının siyahısına daxil edilmişdir. Lakin cavabdeh “Turac” bağçılıq təsərüffatına dair sənədlərin arxivdə aşkar edilmədiyi bildirilmişdir. Bağçılıq yoldaşlığı təsərrüfatının üzvlərinin arxivə təqdim olunmuş siyahısında iddiaçının atasının adının naməlum səbəblərdən aşkar olunmaması iddiaçının iradəsindən asılı olan hal deyil və bağ sahəsinə hüquqların qeydiyyata alınmamasına əsas vermir. Həmçinin, cavabdehin rəsmi formada verdiyi cavabda ziddiyyətli məqamlar mövcuddur. Belə ki, “Turac” bağçılıq yoldaşlıq birliyinin digər üzvü 05 aprel 2000-ci il tarixli qərarı ilə X6 25 nömrəli bağ sahəsinin qeydiyyata alınması ilə bağlı eyni sənədlərlə eyni quruma müraciət olunaraq xx.xx.2019-cu il tarixdə çıxarışın alınması mümkün olmuşdur, lakin hazırki iş üzrə iddiaçının müraciəti təmin edilməmiş və həmin bağçılıq yoldaşlığa münasibətdə arxivdə hər hansı sənədin aşkar olunmadığı bildirilmişdir. Cavabdehin eyni predmet üzrə iki fərqli yanaşması aşkar şəkildə gözə çarpır və nəticədə vətəndaşın hüquqları pozulur. 2019-cu ildə arxivdə olan sənədlərin 2022-ci ildə aşkar edilə bilinməməsi absurd haldır və həqiqətə uyğun deyildir. Bununla bağlı da, yəni vətəndaşın müraciətinin mahiyyəti üzrə baxılması və araşdırılması ilə bağlı cavabdehə təkrar xx.xx.2022-ci il tarixində müraciət edilmiş, lakin mahiyyəti üzrə cavab alınmamışdır. İşin sadalanan faktiki hallarından görünür ki, cavabdehin imtina üçün qeyd etdiyi dəlillər əsassız olmaqla iddiaçının qanunla nəzərdə tutulmuş hüquq və mənafelərini pozmuşdur. Beləliklə, iddiaçının sözügedən torpaq sahəsinə dair çıxarış almaq üçün rəsmi müraciəti barədə bir nəticə hasil olmadığına görə o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində (etirazında) bildirmişdir ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “20” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində “Turac” bağçılıq-yoldaşlıq təsərrüfatına dair məlumat mövcud deyil. Bu səbəblərdən ərizənin icrası cavabdeh orqan tərəfindən mümkün olmamışdır. Bu barədə vətəndaşa **********22 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh tərəf yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Xəzər rayonu, Türkan bağ massivində yerləşən 20 saylı, 0,06 hektardan ibarət bağ sahəsi üzərində hüququn X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 20 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən “20” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ********** nömrəli təkrar müraciətinə baxılmış, ona idarənin arxivində “Turac" bağçılıq-yoldaşlıq təsərrüfatına dair məlumat mövcud olmadığından xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi barədə **********22 nömrəli bildiriş verildiyi qeyd edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, X3 adına “Turac” bağçılıq-yoldaşlıq birliyi nəzdində Türkan üzümçülük sovxozu ərazisində 0.06 ha torpaq sahəsi olan 20 nömrəli bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd (həmçinin ərizə ilə təqdim olunan torpaq sahəsinin sxemi, 2 saylı protokoldan çıxarış və xx.xx.2005-ci il tarixli akt) İdarənin arxivində aşkar olunmamışdır. -“Turac” bağçılıq yoldaşlığının hesabına torpaq sahəsinin verilməsinə dair xx.xx.2005-ci il tarixli aktdan görünür ki, Abşeron XDS İcraiyyə komitəsi tərəfindən 02 iyul 1989-cu il tarixli, 149 №-li torpaqdan istifadə üçün Dövlət aktı ilə Azərquşçuluq sənaye birliyinin “Turac” bağçılıq yoldaşlığı üçün Abşeron rayonunun Türkan üzümçülük sovxozunun ərazisində 3.5 ha torpaq sahəsi ayrılmışdır. “Turac” bağçılıq yoldaşlığın idarə heyətinin 2 №-li qərarına əsasən X7 bağçılıq-bostançılıq və bağ evinin tikintisi üçün verilən 20 №-li 0.06 hektar torpaq sahəsi yer üzərində ara nişanları ilə ayrılaraq daimi istifadə üçün təhkim edilmişdir. Ayrılmış sahənin sxemi aktda göstərilmişdir. -“Turac” bağçılıq-yoldaşlığının İdarə heyətinin xx.xx.2005-ci il tarixli, 2 saylı protokolundan çıxarışdan görünür ki, “Turac” bağçılıq yoldaşlığının İdarə heyəti Bakı şəhəri, N.Tusi küçəsi, ev 31, mənzil 160-da yaşayan X3 “Turac” bağçılığına üzv qəbul olunması və torpaq sahəsi ayrılmasına dair ərizəni müzakirə edərək qərara almışdır ki, Bakı şəhəri, N.Tusi küçəsi, ev 31, mənzil 160-da yaşayan X3 ərizəsinə əsasən “Turac” bağçılıq-yoldaşlığına üzv qəbul olunsun, yoldaşlığın 20 saylı torpaq sahəsindən istifadə etmək hüququ verilsin və ona daimi istifadə üçün ayrılsın. -xx.xx.2021-ci il tarixli, 208418 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan ünvanlanmış məktubun surətindən görünür ki, X2 miras qalmış əmlaklarla bağlı 92/2022 nömrə ilə vərəsəlik işi açılmış və iddiaçı miras qoyanın yeganə vərəsəsi kimi tanınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş məktubdan görünür ki, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 20 saylı bağ sahəsinə dair digər şəxslərin müraciəti daxil olmamışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş məktubdan görünür ki, Türkan üzümçülük sovxozu ərazisində Azərquşçuluqsənaye Birliyinin “Turac” bağçılıq yoldaşlıq birliyinə dair sənədlər (üzvlərin siyahısı, yerləşmə sxemi, qərar, ayrıc aktı, protokol, üzvlük kitabçaları və s.) 1 saylı Bakı Ərazi İdarəsinin arxivinə təhvil verilməmişdir. Həmçinin bildirilmişdir ki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubunda “Turac” bağçılıq-yoldaşlığının arxiv sənədlərinin, o cümlədən xx.xx.2005-ci il tarixli, 2 saylı qərarının (protokol) Filiala təhvil verilmədiyi bildirilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 02 iyul 1989-cu il tarixli, 149 nömrəli qərarı ilə “Azərquşçuluqsənaye” Birliyinin “Turac” bağçılıq yoldaşlığı üçün Abşeron rayonunun Türkan üzümçülük sovxozunun ərazisində 3.5 ha torpaq sahəsi ayrılmışdır. “Turac” bağçılıq yoldaşlığın İdarə heyətinin xx.xx.2005-ci il tarixli iclasının protokolundan çıxarışa əsasən iddiaçıya bağçılıq yoldaşlığın üzvü kimi 20 nömrəli torpaq sahəsi ayrılmış, torpaq sahəsinin verilməsinə aid aktla 20 nömrəli torpaq sahəsinin sxemi tərtib edilməklə torpaq sahəsi naturada ayrılaraq iddiaçıya verilmişdir. İddiaçı qeyd olunan sənədlərə istinadən sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh DƏDKR-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtinasının qanunauyğun olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən etmişdir. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaolunan 20 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər istinad olunan Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, iddiaçı iddia etdiyi bağ sahəsinə dair “Turac” bağçılıq yoldaşlığı üzvlərin iclasının protokolundan çıxarışı, bağçılıq-yoldaşlığın hesabına torpaq sahəsinin verilməsinə dair aktı və torpaq sahəsinin sxemini cavabdehə təqdim etmişdir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə bildirir ki, “Turac” bağçılıqyoldaşlığa dair arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının iradəsindən asılı olan hal deyildir, ona görə də bu məsələ onun ziyanına şərh edilə bilməz. Digər tərəfdən, cavabdeh “Turac” bağçılıq yoldaşlığın arxiv sənədlərinin aşkar edilmədiyinə istinad etdiyi halda iddiaçının təqdim etdiyi sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsindəki tələblərə uyğun olmamasını hansı qaydada müəyyən etdiyinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, işdəki sənədlərdən müəyyən olunur ki, bağçılıq yoldaşlığın üzvlərinin xx.xx.2005-ci il tarixli protokolundan çıxarışı ilə iddiaçıya “Turac” bağçılıq yoldaşlığının üzvü kimi 20 saylı torpaq sahəsi ayrılmışdır.Bununla yanaşı bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin bağ sahəsinə digər şəxsin müraciəti qeydə alınmamışdır. Belə olan halda, iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin həqiqətə uyğun olmadığı müəyyən edilmədiyindən və cavabdeh tərəfindən həmin sənədlərin mötəbərliyini şübhə altına sala bilən əsaslı dəlil təqdim edilmədiyindən, məhkəmə iddiaçının ona Türkan qəsəbəsindəki 20 saylı bağ sahəsinin ayrılması barədə təqdim etdiyi sənədləri mötəbər sübut kimi qiymətləndirir. Bundan başqa məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi də pozulmuşdur. Belə ki, cavabdeh inzibati orqanın oxşar hal üzrə “Turac” bağçılıq yoldaşlığında bağ sahəsinin dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı praktikası artıq mövcuddur. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan və onun verilməsi üçün əsas olmuş sənədlərdən görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 02 iyul 1989-cu i tarixli, 149 nömrəli qərarı, torpaq sahəsinin verilməsinə dair aktı, bağçılıq-yoldaşlığın idarə heyətinin xx.xx.2001-ci il tarixli protokolundan çıxarış və bağçılıq yoldaşlığın üzvünə torpaq sahəsi verilməsi barədə eyni tarixli akt əsas götürülməklə “Turac” bağçılıq yoldaşlığındakı 25 saylı torpaq sahəsi X5 adına dövlət qeydiyyatına alınmışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” vardır. Cavabdehin imtinası qanunaziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində (keçmiş Türkan üzümçülük sovxozunun ərazisində) İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsi olan 20 saylı bağ sahəsi üzərində hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə ona çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Xəzər rayonu, Türkan bağ massivində yerləşən 20 saylı, 0,06 hektardan ibarət bağ sahəsi üzərində hüququn X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №e-2-1(112)-6976/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6976/2023
28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver