Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-6991/2024 21.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 82 nömrəli sərəncamı əsasında fərdi yaşayış evi tikintisi üçün iddiaçıya ayrılmışdır. Ondan əvvəl həmin 0,06 ha torpaq sahəsi də daxil olmaqla 5 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 176 saylı, xx.xx.1999-cu il tarixli sərəncamı ilə “Rəşad-R” kiçik müəssisəsinə ayrılmışdır. 2000-ci ilin ortalarında həmin sahədən 0,06 ha hissəsi “Rəşad-R” kiçik müəssisəsindən ona verilmişdir. Sahənin mərzləri yerində müəyyən edilib iddiaçıya təhvil verilmişdir. Daha sonra da torpaq sahəsinin adına rəsmiləşdirilməsi üçün Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısına müraciət etmişdir. Müraciət İcra Hakimiyyətində xx.xx.2000-ci il tarixdə qəbul edilmiş, müsbət həllinə razılıq verilmiş və bununla bağlı sərəncamın hazırlanmasına göstəriş verilmişdir. Sərəncamı alandan sonra həmin torpaq sahəsi hasara alınmış, giriş-çıxış darvazası qoyulmuşdur. Artıq 24 ildir ki, torpaq sahəsi iddiaçının istifadə və sahibliyindədir. İddiaçı əvvəllər həmin torpaq sahəsində tikdirdiyi 1 mərtəbəli evi söküb, yerində yeni ev tikmək üçün yerli icra hakimiyyətinə müraciət edəndə, torpaq sahəsinin çıxarışı tələb edildi. Bu baxımdan qeyd olunan ünvanda 0,06 ha torpaq sahəsinə yaranmış hüququn qeydə alınması üçün aidiyyəti üzrə cavabdehə müraciət etmiş, cavabdeh imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** daxilolma nömrəli ərizə ilə idarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********38 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, xx.xx.2001-ci il tarixindən sonra fərdi yaşayış evi tikmək məqsədi üçün torpaq sahəsinin ayrılması, addan-ada keçirilməsi, yerli icra hakimiyyəti orqanlarının səlayyihətləri xaricindədir. Həmçinin torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd edilməmişdir. Torpaq sahəsi digər sahə ilə bir hasar daxilindədir. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçı tərəf ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmşdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 01-7/2442 nömrəli məktubu nəzərə alınaraq, “Rəşad-R” kiçik müəssisəsinə Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin cənub hissəsində kənd təsərrüfatı məhsullarının əkini və tədarükü üçün 5 ha torpaq sahəsi ayrılmışdır. Sərəncamda göstərilmişdir ki, ayrılmış ərazidə əsaslı tikinti işlərinin görülməsi qadağandır. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 82 saylı, xx.xx.2001-ci il tarixli Sərəncamına əsasən Xocasən qəsəbəsinin Sulu Təpə yaşayış massivində “Rəşad-R” kiçik müəssisəsinə məxsus olan ərazinin 600,0 kv.metr hissəsi fərdi yaşayış evi tikmək üçün iddiaçının adına keçirilmişdir. Sərəncama əlavə edilmiş “Rəşad-R” kiçik müəssisəsinin direktoru tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış ərizədə “Rəşad-R” kiçik müəssisəsinə ayrılmış ərazidən iddiaçıya torpaq sahəsi ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 600 kv.metr, faktiki 606 kv.metrdir. Torpaq sahəsi digər sahə ilə bir hasar daxilindədir, ara sərhədləri şərti və mişar daş hasarla sərhədlənib. Torpaq sahəsi üzərində bir ədəd tikili mövcuddur. Torpaq sahəsinin giriş-çıxışı sərbəstdir. Torpaq sahəsinin yerləşməsi ilə bağlı təqdim edilmiş cizgidə dəqiq istinad məsafələri qeyd olunmayıb. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının 15 avqust 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri İHB-nın 1999-cu ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7-ci bəndində “yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” daşınmaz əmlak üzərində hüquqların əldə edilməsinə əsas olan sənəd kimi nəzərdə tutulmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin cənub hissəsində 5 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının əkini və tədarükü üçün “Rəşad-R” kiçik müəssisəsinə ayrılmışdır. Sonradan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 82 saylı, xx.xx.2001-ci il tarixli Sərəncamı ilə həmin ərazinin 600 kv.metr hissəsi fərdi yaşayış evi tikmək üçün iddiaçının adına keçirilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını istəyir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlak üzərində hüquqların yaranmasına əsas olmuş sənəndlərin siyahısı öz əksini tapmışdır. Eyni zamanda həmin Qanun qüvvəyə minənə qədər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin də daşınmaz əmlak üzərində hüquqların yaranması üçün əsas olduğu təsbit edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda “yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar” qeyd edilmişdir. Qeyd edilən normaların məzmunundan görünür ki, yerli icra hakimiyyəti orqanlarının tikinti məqsədi ilə torpaq sahəsi ayırmaq səlahiyyəti xx.xx.2001-ci ilədək mövcud olmuşdur. Lakin, iddiaçıya torpaq sahəsi ayrılması barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamı xx.xx.2001-ci ildə verilmişdir ki, həmin vaxt yerli icra hakimiyyəti orqanlarının belə bir sərəncam vermək səlahiyyəti olmamışdır. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 176 saylı sərəncamı ilə “Rəşad-R” kiçik müəssisəsinə torpaq sahəsi kənd təsərrüfatı məhsullarının əkini və tədarükü üçün ayrılmış və ərazidə tikinti işlərinin aparılması qadağan edilmişdir. Lakin, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə iddiaçıya həmin ərazidə tikinti işlərinə icazə verilmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-6991/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-6991/2024
21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver