Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7006/2025 07.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 300 kv.m. torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin “plan və ölçüsünün” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 300 kv.m. torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 31 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq torpağın həmin dövrün bazar qiymətlərinə uyğun dəyəri 1296 (min iki yüz doxsan altı) manat ödənilməklə (bələdiyyə tərəfindən buna dair əbz verilmişdir) iddiaçının mülkiyyətinə verilmişdir. Bununla bağlı bələdiyyə ilə iddiaçı arasında torpağın alqı-satqısına dair müqavilə imzalanmış, həmin sənədlərin bir nüsxəsi və torpağın situasiya planı iddiaçıya verilmişdir. Həmin torpaq sahəsi Bələdiyyənin 508 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə X4 mülkiyyətinə verilmişdir. Daha sonra iddiaçı tərəfindən Binəqədi bələdiyyəsinə qarşı Bələdiyyənin S-04 saylı xx.xx.2012-ci il tarixli aktının etibarsız hesab edilməsi Bələdiyyənin xx.xx.2006-cı il tarixli 508 saylı qərarına əsasən Binəqədi rayonu, 6-cı mikrorayon, Qərb hissədə fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X4 alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş 300 kv.m. torpaq sahəsinin vətəndaş Soltanova İddiaçı adına rəsmiləşdirilməsi (qərarın addan-ada keçirilməsi) vəzifəsinin cavabdeh Binəqədi rayonu Binəqədi bələdiyyəsinin üzərinə qoyulmasına dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2inz(81)- 1347/2012 saylı qərarı ilə iddia təmin edilmiş, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin S- 04 19 mart 2012-ci il tarixli aktı etibarsız hesab edilmiş və Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-ci il tarixli 508 saylı qərarına əsasən Binəqədi rayonu, 6-cı mikrorayon, Qərb hissədə fərdi yaşayış evinin tikintisi üçün vətəndaş X4 alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş 300 kv.m. torpaq sahəsinin vətəndaş X3 adına rəsmiləşdirilməsi (qərarın addanada keçirilməsi) vəzifəsi cavabdeh Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin üzərinə qoyulmuşdur. Daha sonra sözügedən məhkəmənin qərarı qanuni qüvvəyə minmiş, Binəqədi Bələdiyyəsi tərəfindən icra olunaraq Bələdiyyənin 4.07.2021-ci il tarixli, 31 saylı qərarı ilə torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmiş, bununla bağlı iddiaçıya torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə, Torpaq sahəsinin alqı-satqısına dair akt və torpaq sahəsinin Situasiya planı verilmişdir. Daha sonra torpaq sahəsinə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Plan-ölçünün verilməsi ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərlə rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqana müraciət edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda “torpaq sahəsini ayrılmasına dair” Binəqədi Bələdiyyəsinin 31 saylı, xx.xx.2012-ci il tarixli qərarının qanunvericiliyə uyğun olmadığı, “Bələdiyyə torpaqlarını idarə edilməsi haqqında" AR Qanunun 1-ci maddəsinə xx.xx.2007ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının açıq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilməli olduğunu" əsas gətirilərək ərizənin icrasından imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Bələdiyyə mülkiyyətində olan həmin torpaq sahəsi 29 dekabr 2006-ci il tarixli 508 saylı qərara əsasən X7 ayrılmaqla onun mülkiyyətində olmuşdur və o vaxtdan həmin torpaq sahəsi Bələdiyyənin mülkiyyətində deyil. 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2012-i il tarixli 2inz(81)-1347/2012 saylı qərar ilə isə X6 verilən hüquqmüəyyənedici sənədlər etibarsız hesab edilmiş, sadəcə sənədlərin iddiaçının adına rəsmiləşdirilməsi Binəqədi bələdiyyəsinə həvalə olunmuşdur. Yəni, X5 xx.xx.2012-ci ildə Bələdiyyə mülkiyyətindən hər hansı torpaq sahəsi ayrılmamışdır. Həmin torpaq sahəsi xx.xx.2006-cı ildən Bələdiyyənin mülkiyyətində olmamışdır. Cavabdeh inzibati orqanın istinad etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun 9.1-ci maddəsinin də məzmunundan göründüyü kimi açıq torpaq hərraclarının və müsabiqələrin keçirilməsi bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının əldə olunması üçün istifadə olunur. Sözügedən torpaq sahəsi Bələdiyyənin mülkiyyətində olmadığı üçün Bələdiyyə tərəfindən açıq torpaq hərracının və ya müsabiqənin keçirilməsi qeyri-mümkün idi. Açıq hərracların və müsabiqələrin keçirilməsi üçün qanunvericiliklə müəyyən tələblər mövcuddur. Lakin, cavabdehin imtina məktubunun məzmunundan belə başa düşülür ki, Binəqədi Bələdiyyəsi 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.20212-i il tarixli 2inz(81)-1347/2012 saylı qərarını icra etmək üçün yenidən torpaq hərracları və ya müsabiqə keçirməli, həmin müsabiqə və hərracın şərtlərini saxtalaşdırmaqla torpaq sahəsini X5 ayırmalı idi. Bu isə faktiki olaraq qanunvericiliyin pozulması və ya məhkəmə qərarının icrasından yayınmaq üçün sui-istifadə etmək cəhdi olardı. Sözügedən torpaq sahəsi mübahisəsiz olaraq təyinatı üzrə iddiaçı tərəfindən istifadə edilir və vergi, digər ödənişlər vaxtı vaxtın ödənilməklə hal-hazırda da mübahisəsiz olaraq iddiaçının qanuni mülkiyyətindədir. Bu baxımdan şəxsin hüququnun qeydiyyata alınması barədə səlahiyyətli orqanı tərəfindən verilmiş müvafiq sənədə, hazırkı mübahisəyə münasibətdə “Bələdiyyə tərəfindən verilmiş sənədlərə” əsasən imtinada istinad edilən əsaslar üzərindən hüququn yenidən qeydiyyata alınmasından, eləcə də hüquqi qüvvəsini saxlayan və bu baxımdan etibarlı olan həmin sənəd əsasında müvafiq çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də davranışını müəyyən edir. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid “Bələdiyyə tərəfindən verilmiş sənədlərin” hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi ilə bağlı hər hansı fakt yoxdur. Yəni müvafiq bələdiyyə sənədləri: hüquqi qüvvəsini saxlayır və etibarlıdır. Cavabdeh inzibati orqanın bu hərəkəti (imtinası) tamamilə qanunsuz olmaqla iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları ilə təsbit edilən əmlak və mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair Binəqədi bələdiyyəsinin 31 saylı, xx.xx.2012-ci il tarixli qərarının qanunvericiliyə uyğun olmadığı müəyyən edilmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olmaqla dövlət mülkiyyəti torpağıdır. Eləcə də, sahəyə dair təqdim edilmiş yerləşmə cizgisində dəqiq istinadlar, istinad məsafələri qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Bundan başqa sahəyə digər şəxsin (X8) müraciəti qeydə alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi, onun mümkün sayılaraq, mahiuyyəti üzrə baxılmasını və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 31 nömrəli qərarından görünür ki, 1 saylı Bakı İnzibati-iqtisadi məhkəməsinin 2inz(81)1347/2012 saylı inzibati iş üzrə xx.xx.2012-ci il tarixli qərarına əsasən Binəqədi bələdiyyəsinin S-04 saylı, xx.xx.2012-ci il tarixli aktı etibarsiz hesab edillmiş və bələdiyyənin xx.xx.2006-cı il tarixli 508 saylı qərarına əsasən Binəqədi rayonu, 6 mkr.. Qərb hissəsində fərdi yaşayış evinin tikintisi uçun vətəndaş X6 alqı-satqı yolu ilə mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsi vətəndaş X1 adına rəsmiləşdirilməsi vəzifəsi cavabdeh Binəqədi rayonu Binəqədi bələdiyyəsinə həvalə edilmişdir. Qeyd olunanlara əsasən Binəqədi bələdiyyəsinin 508 saylı, xx.xx.2006-cı il tarixli qərarı ilə, 6 mikrorayon, Qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün 300 kv.metr torpaq sahəsi alqı-satqı yolu X4 mülkiyyətinə verilmiş torpaq sahəsinin X1 adına rəsmiləşdirilməsi qərara alınmışdır. İşdən görünür ki, iddiaçı xx.xx.2021-ci ildə ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən torpaq sahəsinə çıxarış və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıının müraciətini təmin etməkdən imtina etmiş və xx.xx.2021-ci il tarixli, **********76 nömrəli məktubunda göstərmişdir ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair Binəqədi bələdiyyəsinin 31 saylı, xx.xx.2012-ci il tarixli qərarının qanunvericiliyə uyğun olmadığı müəyyən edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 22-ci bəndinə əsasən bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırıimasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirərək, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən 300 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla bu barədə çıxarışın və torpaq sahəsinin “plan və ölçüsünün” verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır (çünki hüququnun qeydə alınması və bu barədə tərtib edilən çıxarış inzibati akt kimi qiymətləndirilə bilməz) ki, yuxarıda qeyd olunduğu kimi bu iddalar üzrə digər mümkünlük şərtləri ilə yanaşı tələb olunan şərtlərdən biri də ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət edilməsidir. Belə ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Çünki məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunun aradan qaldırmasını tələb edib-etməməsidir. Lakin iş materiallarından iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Belə ki, iddiaçı 4 ilə yaxın müddət əvvəl cavabdehə etdiyi müraciət üzrə əldə edilmiş imtinanı mübahisənin məhkəməyə qədər həlli üçün etdiyi müraciətə cavab kimi məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə hesab edir ki, bu, hazırkı iddianın qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsi kimi qəbul edilə bilməz. Belə ki, öhdəliyin icrası ilə bağlı iddialarda iddia müddətinin olmaması şəxsin inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini tələb etməsinə müddətin şamil edilməməsi ilə bağlıdır. Yəni şəxs inzibati orqandan həmin hərəkətin edilməsini istənilən vaxt tələb edə bilər. Lakin bu o demək deyildir ki, şəxs inzibati orqana bu barədə etdiyi müraciəti 10 il sonra məhkəmədə mübahisələndirmək hüququna malikdir. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. İctimai münasibətlərin, ona uyğunlaşan qanunvericilik aktlarının davamlı dəyişməsi, yeni faktiki hallar və ona tətbiq edilən yeni normalar yaranmasına səbəb olur. İddiaçı 4 il əvvəl ona verilmiş imtina ilə məhkəməyə müraciət etsə də, hazırkı vaxta münasibətdə hüququn qeydə alınması tələb olunan əmlakın vəziyyəti, cavabdehin imtinasına əsas olan halların aradan qalxıb-qalxmaması məlum deyil, bu isə o deməkdir ki, iddiaçının hazırkı zamana münasibətdə mübahisəli əmlaka hüququnun qeydə alınması ilə bağlı inzibati orqan tərəfindən inzibati icraat aparılmamışdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X9 Məhkəməsi tərəfindən ifadə edilmişdir. Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin 9 Mart 1999-cu il tarixli qərarında Romanalman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı halda məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət etməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb- pozuntunun aradan qaldırmasını tələb etməsi müəyyən edilmədiyindən, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7006/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7006/2025
07.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver