Məhkəmə qərarları › İş №e-2-1(112)-7010/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7010/2025

18.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7010/2025 18.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı komissiya qərarına əsasən mənzil növbəsində dayanmış, sonradan mənzil verilmişdir. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciətinə qanunsuz olaraq imtina verilmişdir. Mənzilin yerləşdiyi bina əlil və şəhid ailələri üçün tikilmiş, layihə smeta sənədləri təsdiqlənmiş, tikintisinə icazə verilmiş, təyinatı üzrə əlil və şəhid ailələrinə, o cümlədən iddiaçıya da mənzil təhvil verilmişdir. Oxşar işlər üzrə məhkəmə qərarları əsasında iddialar təmin edilmişdir. Cavabdehin etirazı: Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 130 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Bundan əlavə, Yasamal r, C.Cabbarlı küçəsi 4 saylı evi iddiaçının adına qeydiyyata alınmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 130 nömrəli Sərəncamında qeyd olunmuşdur ki: - Azərbaycan Respublikası,Əmək və Əhalinin və Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 1 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə 08 hoyabr 2010-cu il tarixli.11/7-143 saylı əmrlə yaradılmış komissiyanın qərarlarına əsasən Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış müharibə əlilləri. Şəhid ailələri, 20 yanvar hadisələri əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərin bölgü siyahısi və yuxarıda qeyd olunan qərarlardan çıxarışları nəzərə alaraq; 1.Aşağıda adları çəkilən Qarabağ müharibəsi əlilləri, Şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri, BVM-si əlilləri ve Çernobl hadisələri əlillərinə ayrılmış məzillərə dair onlarla kirayə müqavilələri bağlansın. -İddiaçı, ailə tərkibi 9 nəfər,Əsəd Əhmədov küçəsi, ev 31 a, mənzil 50, -3 otaq, ümümi sahəsi 99,75 kvm..yaşayış sahəsi 53,35 kv m. İmtina məktubunda qeyd olunur ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 130 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Bundan əlavə, Yasamal r, C.Cabbarlı küçəsi 4 saylı evi iddiaçının adına qeydiyyata alınmışdır. Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, iddiaçı 2012-ci ildən həmin ünvanda qeydiyyatdadır və yaşayır. Çıxarışdan və mənzilə dair arxiv qovluğunda olan sənədlərdən görünür ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi hal hazırda Gasymov Rovhan adlı şəxsin mülkiyyətindədir. Həmin mənzil iddiaçı tərəfindən Qasımov Rövşənə bağışlanılmışdır. Həmin mənzil iddiaçıya yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam və sərəncama uyğun olaraq bağlanılmış müqavilə əsasında əvəzsiz mülkiyyətinə mülkiyyətə verilmişdir. Sərəncam əsasında həmin mənzil icra hakimiyyəti orqanının balansından çıxarılmış, şəxsi mənzil fonduna keçirilmişdir. Ərizələrdən görünür ki, X3 və X2 mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq vermişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh idd “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə 23 may 2012-ci il tarixli sərəncam əsasında mənzil növbəsində olmuş şəxs kimi iddiaçıya ayrılmış mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb-alınmaması ilə əlaqədardır. Məhkəmə, bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, yerli icra hakimiyyəti orqanlarının sərəncamın hüquqmüəyyənedici sənəd olma xüsusiyyəti mövcud olsa da, hazırkı halda yerli icra hakimiyyəti orqanının istinad edilən sərəncamının iddiaçıya münasibətdə mülkiyyət hüququ yaratması istisna edilir. Məhkəmə bununla əlaqədar olaraq ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 7-ci maddəsinin konkret tələbindən görünür ki, dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. İş materiallarında olan ünvan 2 ünvanda yerləşən yaşayış sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərdən isə görünür ki, mənzil iddiaçıya yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam və sərəncama uyğun olaraq bağlanılmış müqavilə əsasında əvəzsiz mülkiyyətinə mülkiyyətə verilmişdir. Sərəncam əsasında həmin mənzil icra hakimiyyəti orqanının mənzil fondunun balansından çıxarılmış, şəxsi mənzil fonduna keçirilmişdir. Göründüyü kimi, yerli icra hakimiyyəti orqanının mənzil fondunun balansından çıxarılmaqla mənzil iddiaçının adına bir dəfə özəlləşdirilmişdir ki, normanın konkret tələbi mənzillərin əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilməsi ilə əlaqədar olduğundan, dövlət hesabına növbəti dəfə mənzilin əvəzsiz özəlləşdirilməsinin mümkünlüyündən söhbət gedə bilməz. Digər tərəfdən, hətta başqa mənzilin əvəzsiz özəlləşdirilməsi həyata keçirilməsəydi belə, hazırkı halda hər bir halda yuxarıda istinad edilən Qanunun tələblərinə uyğun olaraq bütün sənədlər cavabdehə təqdim edilməmişdir. Belə ki, sərəncamdan görünür ki, iddiaçıya ailə tərkibi 9 nəfər nəzərə alınmaqla mənzil, ümümi sahəsi 99,75 kvm olmaqla 3 otaq formasında ayrılmışdır. Yuxarıda adıçəkilən Qanunun tələbindən isə görünür ki, mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsinin təqdim edilməli olması mütləqdir. Qeyd olunmalıdır ki, mənzil ayrılarkən necə ki 9 nəfər ailə tərkibi sayı nəzərə alınmaqla ona müvafiq ölçüdə mənzil ayrılır, həmin sahənin ölçüsünə müvafiq olaraq həmin mənzilə hüququ olan digər ailə üzvlərinin iddiaçının özəlləşmənin həyata keçirilməsi ilə əlaqədar razılığının olması mütləqdir. Məhkəmə araşdırması zamanı isə müəyyən edilir ki, bütün istifadəçilərin, ailə üzvlərinin razılıq ərizələri tam təqdim edilməmiş, inzibati məhkəmə icraatı zamanı həmin ərizələrin təqdim edilməsi üçün müddət iddiaçıya verilsə də, həmin şərtin realizəsi həyata keçirilməmişdir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, ailə tərkibi 9 göstərməklə, ona uyğun olaraq dövlətin güzəştli ölçüdə mənzil verməsi, digər ailə üzvlərinin yaşamaq hüququnun realizəsinə xidmət edir. Həmin hüquq isə yuxarıda istinad edilən Qanunun tələbinə əsasən mənzilin kimin adına özəlləşdirilməsinə razılıq vermək və etiraz etmək hüququnu da ehtiva edir ki, nə qədər ki, bütün ailə üzvlərinin razılığı yoxdur, özəlləşmənin iddiaçının adına həyata keçirilməsindən hər bir halda söhbət gedə bilməz. Odur ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar