Məhkəmə qərarları › İş №e-2-1(112)-7016/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7016/2022

25.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7016/2022 25.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı “artıq ödənilmiş verginin qaytarılması üçün vergi ödəyicisinə rəyin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4714,20 manat məbləğində artıq ödəmənin və müvafiq məbləğin 0,1 faizi məbləğində faizin İddiaçı MMC-nin Bank BTB Açıq Səhimdar Cəmiyyətinin X1 AZ35BBTB******************** nömrəli hesabına köçürülməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X2 Baş İdarəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən 4.714,20 manat artıq ödənilmiş vergi məbləğinin iddiaçıya geri qaytarılması və xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün həmin məbləğin 0,1% məbləğində faizin iddiaçıya ödənilməsinə dair rəyin tərtib edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X2 Baş İdarəsi xx.xx.2020-ci il tarixli **********383100 saylı Qərarı ilə 2019-cu ilin mənfəət vergisi üzrə əsassız olaraq 4714,20 manat vergi hesablanmışdır. Həmin məbləğ vergi orqanı tərəfindən qoyulmuş sərəncamlar əsasında MMC-nin “Bank BTB” Həzi Aslanov filialındakı hesabından tutulmuşdur. Həmin qərarın ləğv edilməsi üçün İnzibati Məhkəməyə müraciət edilmiş, məhkəmə baxışı zamanı həmin Qərar vergi orqanı tərəfindən ləğv edilmişdir. İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində Ərizəni imzalayan şəxs haqqında məlumat: 4714,20 manat məbləğində artıq ödəmə yaranmışdır. Tərəfimizdən artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarilxi Ərizələr göndərilmişdir. Bütün Ərizələrimiz müxtəlif bəhanələrlə geri qaytarılmışdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, artıq ödənilmiş vergi məbləğinin qaytarılması yeni yaradılmış portal üzrə həyata keçirilir və oradakı xanalar (bank rekvizitləri hissəsi avtomatik doldurulur, müdaxilə etmək olmur) doldurulmamış ərizəni göndərmək mümkün deyildir. Buna baxmayaraq ərizələrimiz bank rekvizitləri tam doldurulmaması bəhanəsi ilə geri qaytarılır. Cavab məktubu ünvanlayaraq ərizənin çap olunmuş versiyasını (bütün zəruri xanaların doldurulmuş olduğunu göstərməklə) yollamağımıza baxmayaraq müraciətlərimiz cavablandırılmamaqda, ərizələrimizə yenidən baxılmamaqdadır. İnzibati orqanın cavab məktubu qeyri müəyyəndir. Cavab məktublarında ümumi müraciət qaydaları izah edilməklə, bank rekvizitlərinin düz yazılması qeyd edilir. Halbuki həmin hissələrə müdaxilə edilə bilmir. Məsələ tərəfimizdən izah edilsə də hər hansı nəticə əldə edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya münasibətdə bildirir ki, araşdırma nəticəsində vergi ödəyicisinin xx.xx.2022-ci il tarixli **********550900 nömrəli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması bərədə” ərizəsində bank filialının adının qeyd olunmadığı müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar iddiaçının yuxarıda qeyd edilmiş artıq ödənilmiş vəsaitlərin qaytarılması ilə bağlı müraciətinin icrası mümkün olmamışdır və bu barədə tərəfimizdən vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********046800 nömrəli məktub göndərilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının direktoru iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 87.Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması. 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. 3.2-ci bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, vergi qanunvericiliyi vergi ödəyicisi tərəfindən hər hansı səbəbə görə artıq ödənilmiş və ya vergi orqanı tərəfindən artıq tutulmuş vergi məbləğlərinin geri qaytarılması mexanizmini təsbit etmişdir. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Bu vəzifənin icrası və hüququn həyata keçirilməsi VM-nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın müddəaları ilə tənzimlənir. Hazırkı mübahisə iddiaçı MMC tərəfindən artıq ödənilmiş vergi məbləğinin və gecikdirilmiş hər gün üçün həmin məbləğin 0,1% məbləğində faizin qaytarılması barədə müvafiq rəyin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından vergilərlə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin verginin hesablanması yaxud yenidən hesablanması barədə iddiaçıya heç bir əsaslandırma olmadan sadəcə olaraq bidiriş göndərməsi yetərli sayıla bilməz və yolverilməzdir. Belə davranış şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv və lazımi inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ da tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən əmlak hüquqlarına qanunsuz müdaxilələrdən qorunmaq üçün vergi ödəyicisini səmərəli hüquqi müdafiə imkanları ilə təchiz etməkdən ibarətdir. Bununla bağlı məhkəmə vurğulayır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərdir. Bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, artıq ödənilmiş vergi borcunun qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçının dəfələrlə edilən müraciətlərinə cavabdeh tərəfindən ərizənin düzgün tərtib olunmaması, müraciətdə bank filialının adının qeyd olunmaması şəklində verilən cavablar inzibati orqan tərəfindən həmin müraciətlər üzrə lazımi icraatın və obyektiv araşdırmanın aparılmadığını, “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir. Belə ki, cavabdehin istinad etdiyi həmin hallar əslində inzibati orqanının yardım etmək vəzifəsi çərçivəsində həll olunmalı idi və cavabdeh onların aradan qaldırılmasında iddiaçıya yardım etməli idi. İstinad edilən iradlar iddiaçının müraciətinin baxılmasından imtina əsası kimi qiymətləndirilə bilməz Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçının artıq ödəmə məbləğinin qaytarılması ilə bağlı cavabdehə müraciət etdiyi xx.xx.2022-cu il tarixdə onun həqiqətən də mübahisə edilən məbləğdə (4.714,20 manat) artıq ödəməsi mövcud olmuşdur. xx.xx.2020-ci il tarixə iddiaçının artıq ödəməsinin olduğu iş üzrə materiallara əlavə olunmuş şəxsi hesab vərəqəsi ilə də təsdiq olunur Lakin nəzərə alınmalıdır ki, həmin məbləğlər ümumilikdə 2019-cu il üzrə dövrü əhatə edir ki, bu zaman həmin vəsaitin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi aydınlaşdırılmalıdır. Bu araşdırmanın aparılması yönündə məhkəmə Vergi Məcəlləsinin müddəalarına istinad edir. Belə ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə yeni məzmunda əlavə edilmiş 1.4cü maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Göründüyü kimi, vergi qanunvericiliyi vergi orqanı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququnu müəyyən müddətə məhdudlaşdırılmış və tələb etmə müddətini 5 il müəyyən etmişdir. Yuxarıda göstərilənləri işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə kimi 4.714,20 manat pul vəsaiti göstərilsə də, iddiaçı həmin artıq ödəmənin qaytarılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada xx.xx.2022-ci il tarixdə müraciət etdiyindən, ona həmin vəsait üzrə 5 illik müddəti ötməmiş ödənişlər geri qaytarılmalıdır. Məhkəmə bir daha qeyd edir ki, hazırkı iş üzrə işə əlavə edilmiş vergi ödəyicisinin şəxsi hesab vərəqəsində iddiaçının cavabdehə müraciət etdiyi tarixdə artıq ödəməsinin olduğu göstərilir və bu hal cavabdeh tərəfindən də mübahisələndirilmir. Cavabdeh hazırkı halda iddiaçının artıq ödənilmiş vergilərin qaytarılması barədə vergi orqanına təqdim etdiyi ərizədə bank filialının adının olmadığına istinad etmişdir. Məhkəmə bu hissəni yuxarda ətraflı şəkildə şərh etmiş və bu dəlilin imtina əsası qismində çıxış etmədiyi ilə bağlı mövqeyini nümayiş etdirmişdir. Beləliklə Məhkəmə hesab edir ki, iddiaçının müraciət etdiyi tarixə 4.714,20 manat artıq ödəməsi olduğundan, onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87-ci maddəsinin tələbləri baxımından artıq ödənilmiş vergiləri tələb etmək hüququna malikdir. İddia tələbinin ikinci hissəsinə münasibətdə Məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 6.1. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. Vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir. Artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsi anlayışı dedikdə müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, VM ilə başqa hallar nəzərdə tutulmuş müddətdən gec qaytarılması şəklində vergi hüququ pozuntusu başa düşülürür. Bu əməlin nəticəsi odur ki, vergi ödəyicisinə məxsus olan pul vəsaiti onun sərəncamına müəyyən edilmiş müddətdən gec daxil olur və onun həmin vəsaitə sərəncam vermək imkanı olmur. Pozuntuun subyekti məbləğlərin geri qaytarılması şəklində hərəkətsizlik kimi özünü göstərir. Bu əmələ görə vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz odənilir. Göründüyü kimi qüvvədə olan qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə vergi orqanını pul məsuliyyətinə cəlb etmiş, hər gecikdirilmiş günə görə vergi məbləğinin 0,1 faizi məbləğində faizin ödənilməsini nəzərdə tutmuşdur. Məhkəmənin qənaətinə görə iddiaçı son olaraq xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət etdiyindən və müraciət etdiyi tarixdən sonra 45 gün müddətində artıq ödənilmiş vergi məbləğinin qaytarılması cavabdeh tərəfindən təmin edilmədiyindən, vergi ödəyicisi qismində çıxış edən iddiaçı gecikdirilmiş hər gün üçün 4.714,20 manat məbləğin 0,1% məbləğində faiz borcu tələb etmək hüququna malikdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasında yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur.” Kassasiya instansiya məhkəməsinin eyni mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-38/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında da əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, artıq ödənilmiş vergi borcunun qaytarılması barədə rəy verilməsi ilə bağlı iddiaçının dəfələrlə edilən müraciətlərinə cavabdeh tərəfindən ərizənin düzgün tərtib olunmaması, vergi orqanının adının və ödəmə tarixinin düzgün göstərilməməsi şəklində verilən cavablar inzibati orqan tərəfindən həmin müraciətlər üzrə lazımi icraatın və obyektiv araşdırmanın aparılmadığını, “İnzibati icraat haqqında” Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirilmədiyini göstərir.” Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsi ona dəlalət edir ki, əgər artıq ödənilmiş vergi borcunun mövcudluğu təsdiq olunarsa, bu zaman vergi orqanı inzibati icraat mərhələsində vergi ödəyicisinə yardım etməli, formal mülahizələrə istinad etməməli və inzibati icraatı obyektiv araşdıraraq, bu istiqamətdə yardım etmək vəzifəsinin müvafiq qaydada yerinə yetirməli, vergi ödəyicisinə artıq ödənilmiş vergi məbləğinin qaytarılması ilə bağlı rəy tərtib etməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunsun. 4714,20 manat artıq ödənilmiş vergi məbləğinin iddiaçıya geri qaytarılması və xx.xx.2022-ci il tarixdən gecikdirilmiş hər gün üçün həmin məbləğin 0,1% məbləğində faizin İddiaçı MMC-yə ödənilməsinə dair rəyin tərtib edilməsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar