Məhkəmə qərarları › İş №e-2-1(112)-702/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-702/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-702/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və s.” tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 25 oktyabr 2022-ci il tarixli əmək müqavilələrinin ləğv edilməsi barədə əmrinin ləğv edilməsi, Xidmətin əsasında yaradılmış Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsində analoji vəzifəyə təyin olunması, 25 oktyabr 2022-ci il tarixdən analoji vəzifəyə təyin olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və 2500 manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 25 oktyabr 2022-ci il tarixli 97 k nömrəli əmrin iddiaçıya aid hissədə ləğv edilməsini, cavabdehdə iddiaçının analoji vəzifəyə bərpa edilməsi və 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunanadək ödənilməmiş orta aylıq əmək haqqının ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2003-cü il tarixdən 2011-ci il tarixədək Avtonəqliyyat Servis departamentdə çalışmış, 2011-ci ildən Fərman əsasında Dövlət Avtomobil Nəqliyyat Xidməti yaradılmış, 25 oktyabr 2022-ci il tarixədək həmin Xidmətdə işləmişdir. Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən Xidmətin və tabeliyində olan bir-sıra qurumların əsasında cavabdeh inzibati orqan yaradılmış, qurumların əmlakının Agentliyin balansına keçirilməsi qərara alınmışdır. Göründüyü kimi Agentlik publik hüquqi şəxs formasında Xidmətin hüquqi varisi qismində çıxış edir. Hüquqi varis isə qanunsuz əmr qəbul edərək onun işdən azad edilməsini həyata keçirmişdir. Belə ki, Agentlik 25 oktyabr 2022-ci il tarixdə xəbərdarlıq məktubu tərtib etmiş, həmin tarixli əmrlə də dövlət orqanının ləğvi əsası ilə onu işdən azad etmişdir. Halbuki, dövlət orqanın ləğvi həyata keçirilməmiş, Agentlik Xidmətin hüquqi varisi qismində çıxış etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Agentlik publik hüquqi şəxsdir və dövlət orqanı olan Xidmətin hüquqi varisi hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin digər bir Fərmanında “Dövlət Dəniz və Liman Agentliyi” əsasında yaradılmış müəssisələrin hüquqi varisi elan edilsə də, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi isə əsasında yaradılmış müəssisələrin hüquqi varisi qismində tanınmamışdır. Agentliyin mülkiyyətində hər hansı əmlak olmamış, balansda olan əmlak dövlət mülkiyyətində olan əmlakdır. Bundan əlavə, iddia müddəti də iddiaçı tərəfindən ötürülməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, cavabdehin hüquqi statusu da mübahisənin inzibati mübahisə olması ilə bağlı vəziyyəti dəyişmir. Belə ki, hazırkı inzibati mübahisə publik hüquqi şəxsə münasibətdə işə bərpa ilə əlaqədardır ki, məhkəmə xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin mahiyyəti dövlət qulluqçusu statusundan irəli gələn hüquq və mənafelərin reallaşdırılması ilə əlaqədardır ki, həmin hal isə publiklik xarakteri daşımaqla mübahisənin inzibati mübahisə olmasına dəlalət edir və publik hüquqi şəxsə işə dövlət qulluqçusu statusu olmadan bərpanın mülki icraat qaydasında baxılmalı olmasına dair halı istisna edir. Nəzərə alınmalıdır ki, yuxarı instansiya məhkəmələri tərəfindən də iddianın mümkün sayılmaması barədə qərardadlara qiymət verilərkən mübahisənin inzibati mübahisə olması barədə oxşar işlərdə mövqe nümayiş etdirilmiş, iddiaçının dövlət qulluqçusu statusundan irəli gələn əmək hüququnu realizə etmə barədə iddiası inzibati qaydada verilməli olan iddia qismində dəyərləndirilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.1-ci maddəsində nəzərdə tutulan mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia növü ilə bağlı işlər üzrə qanunvericilik vətəndaşa inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması ilə bağlı, eləcə də işə bərpa, ödənilməmiş əmək haqqının ödənilməsi və s barədə müraciət etmək hüququ vermişdir ki, bu tələbə inzibati aktın mübahisələndirilməsi zamanı baxılması mümkündür. Eyni zamanda, prosessual qənaət prinsipləri baxımından da həmin formada tələbin qoyulması məqsədəuyğundur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2354/2021 saylı, xx.xx.2021-ci il tarixli; 2-1(102)- 2177/2021 saylı, xx.xx.2021-ci il tarixli; 2-1(102)-301/2021 saylı, xx.xx.2021-ci il tarixli və 2-1(102)-953/2021 saylı xx.xx.2021-ci il tarixli qərarlar iddiaçının xeyrinə nəticələnməsə də, həmin məhkəmə qərarlarından görünür ki, iddiaçıların əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi tələblərinə bir iddiada baxılmışdır. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin bərpası ilə bağlı məhkəmə qərardadı ilə də ötürülmüş iddia müddəti bərpa edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi mümkünlük şərtlərini ödədiyindən, iddia tələbi mümkün sayılmalıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan: 25 oktyabr 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçıya xəbərdarlıq məktubunun tərtib edildiyi tarixdən dövlət qulluğuna dövlət orqanının ləğvi əsası ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Mübahisələndirilən 25 oktyabr 2022-ci il tarixli əmrdən görünür ki, Sərnişin daşımalarının tənzimlənməsi sektorunun böyük məsləhətçisi 1-ci dərəcə dövlət qulluqçusu olan iddiaçının dövlə qulluğuna dövlət orqanının ləğvi ilə əlaqədar xitam verilmişdir. Əmək kitabçasının surətindən görünür ki, iddiaçının əmək müaviləsinə dövlət orqanının ləğvi əsası ilə 25 oktyab 2022-ci il tarixdən xitam verilmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin məktubundan görünür ki, X3 Nəqliyyatı Xidmətinin əsasında yaradılmışdır. Nazirliyin 21 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, A.Rzayev 14 sentyabr 2022-ci il tarixdən X2 sədri vəzifəsinə təyin edilmişdir. 18 oktyabr 2022-ci il tarixli Nazirliyin əmrindən görünür ki, Agentliyin işçilərinin say həddi 411 ştat vahididir. Bakı Apellyasiya Məhkəməsinin oxşar iş üzrə 28 sentyabr 2023-cü il tarixli qərardadında iddianın mümkün sayılmaması barədə qərardadının ləğv edilməsinə dair qərardadında qeyd edilmişdir ki, Xidmətin və onun tabeliyində olan müəssisələrin əsasında Agentlik yaradılmış, burada ləğv edilmə baş verməmiş, çevrilmə nəticəsində Xidmət və onun müəssiələri əsasında Agentlik yaradılmışdır ki, həmin qurumlarının hər ikisinin rəhbəri eyni şəxs olmuşdur. Xidmətin 24 oktyabr 2022-ci il tarixli əmrindən görünür ki, Agentliyin yaradılması ilə əlaqədar zəruri işlərin görülməsi üçün Komissiya yaradılmışdır. 18 oktyabr 2022-ci il tarixli əmrdən görünür ki, A.Rzayev 3 ay müddətinə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə əvəzçilik üzrə təyin edilmişdir. Ali Məhkəmənin 02 fevral 2024-cü il tarixli 2-1(102)-625/2024 saylı iş üzrə qəbul etdiyi qərardan görünür ki, iddianın mümkün sayılmaması barədə qərardad ləğv edilmiş, iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qeyd olunmalıdır ki, “Dövlət qulluğu haqqında” Qanunun: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.4. dövlət orqanı – Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; 4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: 4.1.11. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün layiqli həyat səviyyəsinin təmin edilməsi; 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: 21.1.1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər; 21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük; 23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.2. dövlət orqanı ləğv edildikdə; “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın:

1. Bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir.

2. Dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər, öz razılığı əsasında, ləğv edilən dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə (şəxsin əvvəllər qulluq keçdiyi vəzifənin tutulması şərtlərinə uyğun olan vəzifəyə) təyin edilməlidirlər. Dövlət orqanının rəhbəri yeni dövlət orqanının əsasnaməsinin və ştat cədvəlinin təsdiq edildiyi gündən 10 iş günü müddətində həmin şəxsləri analoji vakant vəzifəyə təyin etməli və bu barədə Azərbaycan Respublikasının X4 məlumat verməlidir. “Publik hüquqi şəxslər haqqında” Qanunun: 2.1. Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur. 2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. 4.1. Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. 4.4. Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Qüvvədən düşmüş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti haqqında Əsasnamə”nin:

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (bundan sonra - Xidmət) avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

8. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 8.1. avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin işlənib hazırlanmasında və bu sahədə normativ hüquqi tənzimləmənin həyata keçirilməsində iştirak edir; 8.2. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının inkişafı sahəsində tədbirlər görür; 8.3. beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı subyektləri tərəfindən beynəlxalq norma və qaydalara, habelə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına riayət olunmasına nəzarət edir; 8.4. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edir; 8.5. avtomobil nəqliyyatı ilə daşımaların vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görür; 8.6. qanunvericilikdə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. İİİ. Xidmətin vəzifələri

9. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 9.1. avtomobil nəqliyyatı sahəsində dövlət siyasətinin və tənzimləməsinin işlənib hazırlanmasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təkliflər vermək, bu sahədə nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək; 9.2. avtomobil nəqliyyatı sahəsində proqramlara (tədbirlərə) və normativ hüquqi aktlara dair təkliflər (layihələr) hazırlayıb Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim etmək, qəbul (təsdiq) olunduqdan sonra onların həyata keçirilməsini təmin etmək; 9.3. avtomobil nəqliyyatının subyektləri tərəfindən beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət olunmasına nəzarət etmək; 9.4. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən vergi ödəyicilərinə məxsus avtonəqliyyat vasitələrinin qanunvericilikdə müəyyən olunmuş qaydada müvafiq fərqləndirmə nişanları ilə təmin etmək və bu sahədə aidiyyəti dövlət orqanı ilə birlikdə müvafiq normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət etmək; 9.5. avtomobil nəqliyyatı sahəsində mövcud normativ hüquqi aktlar, texniki qaydalar və təlimatlar əsasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görmək; 9.6. beynəlxalq sərnişin və yük avtomobil daşımaları sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarının yerinə yetirilməsini təmin etmək; 9.6-1. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunu uçota almaq;[6] 9.7. Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini həyata keçirmək və bu sahədə müvafiq tələblərə və şərtlərə əməl olunmasına nəzarət etmək; 9.8. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları üzrə marşrut şəbəkəsini, marşrutların sxemini, həmin marşrutlarda istifadə olunacaq avtonəqliyyat vasitələrinin hərəkət cədvəlini, növünü və onlara dair tələbləri müəyyən etmək; 9.9. dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıları müsabiqə qaydasında cəlb etmək və müsabiqənin qalibləri ilə müvafiq müqavilə bağlamaq; 9.10. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən daşıyıcılara qanunvericilikdə nəzərdə tutulmuş qaydada onların müraciəti əsasında xüsusi razılıq (lisenziya) verilməsi üçün müvafiq tədbirlər görmək, avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımalarının müvafiq növünə verilmiş xüsusi razılıq (lisenziya) şərtlərinə hüquqi şəxslərin və fərdi sahibkarların əməl etməsinə nəzarət etmək, xüsusi razılığın (lisenziyanın) ləğv edilməsi və ya qüvvəsinin dayandırılması (bərpası) barədə qanunvericiliyə uyğun qərarların qəbul edilməsi ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təkliflər vermək; 9.11. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinəsi, sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələri, o cümlədən rübdə bir dəfə həmin avtonəqliyyat vasitələrinin texniki yoxlanılmasını təşkil etmək, həmçinin bu sahədə nəzarəti həyata keçirmək; 9.12. avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına əməl olunmasına, sərnişin və yük avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda sərnişinlərin icbari sığortalanmasına, habelə mövcud tariflərə uyğun gediş haqlarının tətbiqi qaydalarına riayət olunmasına nəzarət etmək; 9.13. qanunvericilikdə müəyyən edilmiş qaydada taksi minik avtomobilləri ilə sərnişin daşınması qaydalarına əməl olunmasına nəzarət etmək; 9.14. müəyyən olunmuş qaydada avtobus və taksi minik avtomobili dayanacaqlarının, həmçinin avtovağzalların (avtostansiyaların) pasportlaşdırılmasını həyata keçirmək və avtovağzalların (avtostansiyaların) göstərdikləri xidmətlərin səviyyəsinin onlara verilmiş pasportda müəyyən olunan kateqoriyalara uyğunluğuna nəzarət etmək; 9.15. avtomobil nəqliyyatı sahəsində normativ hüquqi aktların, texniki norma və qaydaların tələbləri pozulduğu hallarda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək; 9.16. Xidmətin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə qəbul olunmuş normativ hüquqi aktların və sahə standartlarının icrasını təmin etmək və onlara riayət olunmasına nəzarət etmək; 9.17. avtomobil nəqliyyatı infrastrukturu obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki təmir stansiyalarının (sahələrinin), yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına müəyyən olunmuş qaydada rəy bildirmək;[7] 9.18. avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki təmir sahələrinin, stansiyalarının fəaliyyətinin avtomobil nəqliyyatı və yol hərəkəti haqqında qanunvericilikdə müəyyən olunmuş tələblərə uyğunluğunu səlahiyyəti daxilində yoxlamaq;[8] 9.19. müəyyən olunmuş qaydada avtomobil nəqliyyatı sahəsində ətraf mühitin qorunmasına dair təkliflər vermək; 9.20. qanun pozuntularına yol vermiş şəxslərin əməllərində cinayət məsuliyyəti yaradan hallar olduqda, materialları hüquq mühafizə orqanlarına göndərmək; 9.21. qanunvericilikdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq, təqsirkar şəxslərə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirləri tətbiq etmək; 9.22. avtomobil nəqliyyatının səfərbərlik hazırlığının lazımi səviyyədə saxlanmasını təmin etmək üçün zəruri tədbirlər görmək; 9.23. Xidmətin fəaliyyətinin təşkili ilə bağlı ayrılan büdcə vəsaitindən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; 9.24. tabeliyindəki qurumların fəaliyyətinin əlaqələndirilməsi və təkmilləşdirilməsi istiqamətində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təkliflər vermək və tədbirlər görmək; 9.25. Xidmətin yerli qurumlarının və tabeliyindəki digər qurumların fəaliyyətinə nəzarət etmək, onların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təkliflər vermək; 9.26. Xidmətin sərəncamındakı dövlət əmlakını və maliyyə vəsaitlərini qanunvericilikdə müəyyən olunmuş qaydada idarə etmək; 9.27. Xidmətin fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatların və digər məxfi informasiyanın qorunub saxlanmasını təmin etmək; 9.28. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericilikdə müəyyən edilmiş qaydada tədbirlər görmək; 9.29. Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1463 nömrəli, 11 oktyabr 2021-ci il tarixli Fərmanının:

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs yaradılsın. 3.1. Agentlik avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir; “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnamə”inin: 1.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) avtomobil nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahə) tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. 1.4. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. 2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.1.1. müvafiq sahə üzrə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək və bu siyasətin həyata keçirilməsini təmin etmək; 2.1.2. müvafiq sahədə tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək; 2.1.3. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin etmək; 2.1.4. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini təmin etmək və bu sahədə nəzarəti həyata keçirmək; 2.1.5. rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunmasında, habelə tənzimlənməsində və idarə olunmasında iştirak etmək; 2.1.6. müvafiq sahənin inkişafını təmin etmək; 2.1.7. bu Nizamnamə ilə müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək. 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.1. müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, strategiyaların və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 3.1.2. müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək; 3.1.3. dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üzrə fəaliyyətini əlaqələndirmək; 3.1.4. aidiyyəti dövlət orqanı (qurumu) ilə birlikdə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən vergi ödəyicilərinə məxsus avtonəqliyyat vasitələrinə fərqlənmə nişanlarının tətbiqi ilə əlaqədar müvafiq normativ hüquqi aktların tələblərinə riayət olunmasına nəzarət etmək; 3.1.5. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə tənzimlənən və Agentliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək; 3.1.6. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq fəaliyyət növlərinə icazə, onların dublikatlarını və əlavələrini vermək, həmin icazələri yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ya ləğv etmək, habelə icazə şərtlərinə riayət olunmasına nəzarəti həyata keçirmək;[2] 3.1.7. Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazə sisteminin tətbiqini və bu sahədə nəzarəti həyata keçirmək; 3.1.8. beynəlxalq avtomobil daşımaları sahəsində icazə blanklarının mübadiləsi üzrə kvotaların müəyyən edilməsi ilə əlaqədar Nazirliyə təkliflər vermək, habelə icazə blanklarının mübadiləsini və uçotunu aparmaq; 3.1.9. xarici ölkələrin birdəfəlik “İcazə” blankı, Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik və qısamüddətli icazələri (jurnalları) və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr ilə müəyyən edilən icazələrin operatorlar arasında bölgüsünü və uçotunu aparmaq; 3.1.10. Azərbaycan Respublikasının avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarını xarici ölkələrin birdəfəlik “İcazə” blankı, Beynəlxalq Nəqliyyat Forumunun çoxtərəfli illik və qısamüddətli icazələri (jurnalları) və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələr ilə müəyyən edilən icazələrlə təmin etmək; 3.1.11. Azərbaycan Respublikasında dövlət qeydiyyatında olan avtonəqliyyat vasitələrini kvota üzrə mübadilə edilən xarici ölkələrin birdəfəlik “İcazə” blankı ilə operativ qaydada təmin etmək üçün xarici dövlətlərin aidiyyəti orqanları (qurumları) ilə əməkdaşlıq çərçivəsində müvafiq tədbirlər görmək; 3.1.12. avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorlarının uçotunu aparmaq; 3.1.13. Azərbaycan Respublikasının ərazisində (gömrük sərhəd buraxılış məntəqələri istisna olmaqla) xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə həyata keçirilən beynəlxalq avtomobil daşımalarına nəzarət etmək; 3.1.14. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşıma xidmətlərinin təşkil edilməsi üçün tədbirlər görmək; 3.1.15. avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları üzrə marşrutu Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla, marşrutların sxemini, həmin marşrutlarda istifadə olunacaq avtonəqliyyat vasitələrinin hərəkət cədvəlini, növünü və onlara dair tələbləri müəyyən etmək; 3.1.16. dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarının yerinə yetirilməsinə daşıyıcıları müsabiqə qaydasında cəlb etmək, müsabiqənin qalibləri ilə müvafiq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə bağlamaq və müqavilə şərtlərinə əməl olunmasına nəzarət etmək; 3.1.17. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq daşıma marşrutlarının pasportunu hazırlamaq və onları daşıyıcılara təqdim etmək; 3.1.18. müntəzəm sərnişindaşıma xidmətləri yerinə yetirən avtobusların fəaliyyətini tənzimləmək məqsədilə mərkəzləşdirilmiş dispetçer xidməti yaratmaq və onun fəaliyyətini təşkil etmək; 3.1.19. müntəzəm sərnişin daşımalarında gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminin yaradılması və idarə olunması ilə bağlı tədbirlər görmək; 3.1.20. rəqəmsal taxoqraf kartları üzrə milli sistemin fəaliyyətinin təmin olunmasında, habelə tənzimlənməsində və idarə olunmasında iştirak etmək; 3.1.21. beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını həyata keçirən daşıyıcıların, belə daşımaları yerinə yetirən sürücülərin, taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən xidmət mərkəzlərinin (servis emalatxanalarının) texniki heyətinin və sürücülərin iş və istirahət rejiminə nəzarəti həyata keçirən dövlət orqanı əməkdaşlarının rəqəmsal taxoqraf kartları ilə təmin edilməsi üçün tədbirlər görmək; 3.1.22. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil nəqliyyatı parklarının, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək;[3] 3.1.23. avtovağzalların (avtostansiyaların) göstərdikləri xidmətlərin səviyyəsinin onlara verilmiş pasportda müəyyən olunan kateqoriyalara uyğunluğuna nəzarət etmək, avtovağzalın (avtostansiyanın) pasportla müəyyən olunmuş kateqoriyasını dəyişmək; 3.1.24. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinəsi, sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələrin təyin edilməsi məqsədilə tədbirlər görmək, həmçinin bu sahədə nəzarəti həyata keçirmək; 3.1.25. avtomobil nəqliyyatının infrastruktur obyektində (ümumi istifadədə olan avtomobil yolları istisna olmaqla) beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər tərəfindən iş və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;[4] 3.1.26. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq, yerüstü nəqliyyatın hərəkəti ilə bağlı Nazirliyə təkliflər vermək; 3.1.27. avtomobil nəqliyyatı ilə ölkədaxili daşımalar bazarının qorunması, daşımalar bazarında azad rəqabət mühitinin inkişaf etdirilməsi üçün tədbirlər görmək; 3.1.28. müvafiq sahədə ətraf mühitin mühafizəsinə dair təkliflər vermək; 3.1.29. müvafiq sahədə peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsini təşkil etmək; 3.1.30. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində təhsil alanlar istisna olmaqla, avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, həmçinin avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq, habelə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), eləcə də beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair proqramlar üzrə hazırlıq və yenidən hazırlıq keçmələrini təşkil etmək və həyata keçirmək; 3.1.31. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər (sertifikatlar, şəhadətnamələr və s.) vermək, müvafiq məsələlərə münasibət bildirmək; 3.1.32. müvafiq sahədə fəaliyyət göstərən subyektlər tərəfindən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına əməl olunmasına, sərnişin və yük daşımalarının təhlükəsiz təşkilinə, habelə gediş haqlarının mövcud tariflərə uyğun ödənilməsinə nəzarət etmək; 3.1.33. avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki təmir sahələrinin, stansiyalarının fəaliyyətinin avtomobil nəqliyyatı və yol hərəkəti haqqında qanunvericilikdə müəyyən olunmuş tələblərə uyğunluğunu səlahiyyəti daxilində yoxlamaq; 3.1.34. taxoqrafların quraşdırılması, yoxlanılması, təmiri, sınağı, kalibrlənməsi və onlara texniki xidmət göstərilməsi ilə bağlı işləri yerinə yetirən və akkreditasiya attestatı olan xidmət mərkəzlərini (servis emalatxanalarını) registrdə qeydiyyata almaq və onların fəaliyyətinin “Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi”nin tələblərinə və Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının müddəalarına uyğunluğuna nəzarət etmək; 3.1.35. daşıyıcılar tərəfindən nəqliyyat vasitələrinin enerji istehlakının azaldılması, əhalinin ümumi istifadədə olan nəqliyyatdan istifadəsinin stimullaşdırılması, şəhər ərazisində piyada infrastrukturunun (piyada zonalarının, yollarının, keçidlərinin və s.) yaradılması barədə təkliflər vermək; 3.1.36. yol işlərinin xarakterindən və davametmə müddətindən asılı olaraq onların başlanmasına razılıq vermək; 3.1.37. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək; 3.1.38. Agentliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək; 3.1.39. kargüzarlığın aparılması işini və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək; 3.1.40. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək; 3.1.41. balansında olan dövlət əmlakını və maliyyə vəsaitlərini idarə etmək, onlardan səmərəli istifadə etmək; 3.1.42. Agentliyin əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək; 3.1.43. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək; 3.1.44. Agentliyin struktur bölmələrinin fəaliyyətinə nəzarət etmək, onların madditexniki bazasının yaxşılaşdırılması istiqamətində tədbirlər görmək; 3.1.45. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək; 3.1.46. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş, açıqlanmalı olan ictimai informasiyanın həmin internet saytında yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək; 3.1.47. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək; 3.1.48. qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək; 3.1.49. bu Nizamnamə ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək. İşin göstərilən faktiki hallarından da göründüyü kimi iddiaçı Xidmətin dövlət qulluqçusu statusunda olan əməkdaşı kimi 25 oktyabr 2022-ci il tarixə qədər əmək fəaliyyətini icra etmiş, həmin tarixli əmrlə dövlət orqanı kimi Xidmətin ləğvi ilə əlaqədar yeni yaradılmış Agentliyin onun hüquqi varisi hesab edilməməsi cavabdeh tərəfindən əsas götürülməklə onun dövlət qulluğuna xitam verməklə Agentlikdə analoji vəzifəyə bərpası həyata keçirilməmişdir. İddia tələbindən, iddiaçının müxtəlif inzibati orqanlara, eləcə də məhkəməyə ünvanlanmış müraciətlərindən göründüyü kimi iddiaçı yeni yaranmış hüquqi şəxsin Xidmətin əsasında yaranmasına istinad edərək faktiki eyni fəaliyyət istiqamətlərinə uyğun vəzifə və səlahiyyətlərə malik Agentlikdə analoji vəzifəyə bərpa edilməli olmasında iddialıdır. Cavabdeh isə qeyd edir ki, Agentlik publik hüquqi şəxs olmaqla Xidmətin əsasında yaranmış dövlət orqanı hesab edilmədiyindən və Xidmətin dövlət orqanı kimi ləğvi də həyata keçirildiyindən həmin publik hüquqi şəxsdə analoji vəzifəyə iddiaçının bərpa edilməsi kimi hər hansı öhdəlik müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisənin həlli baxımından dövlət qulluqçusu, dövlət qulluğunun həyata keçirilməsi barədə prinsip, dövlət qulluqçularının təminatı, dövlət orqanı, publik hüquqi şəxs kimi anlayışların məzmun baxımından qiymətləndirilməsinə zərurət vardır. Yuxarıda adıçəkilən normaların tələbindən də göründüyü kimi dövlət orqanı dedikdə Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı başa düşülür. Həmin anlayışın hazırkı mübahisə üzrə əsas mahiyyəti məhkəmə hesab edir ki, onunla bağlıdır ki, dövlət orqanı dövlətin qanunvericiliklə təsbit edilmiş məqsədini və funksiyalarını həyata keçirən dövlət təsisatıdır. Publik hüquqi şəxs isə dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilat hesab edilir. Cavabdehin imtinasının mahiyyəti onunla bağlıdır ki, dövlət orqanının ləğvi ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxs yalnız dövlət orqanının bazasında yaradılmış yeni dövlət orqanında analoji vakant vəzifəyə təyin edilmək hüququna malikdir. Yaradılmış publik hüquqi şəxs isə dövlət orqanı deyil və ümumiyyətlə adıçəkilən dövlət orqanının hüquqi varisi hesab edilmir. Məhkəmə cavabdehin həmin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, həmin mövqe “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın tələblərinə formal baxımından uyğun görünsə belə (belə ki, həmin Qaydalarda publik hüquqi şəxs terminindən istifadə edilməmiş, dövlət orqanı anlayışından istifadə edilmişdir) iddiaçı və cavabdeh arasında yaranmış münasibət tənzimlənərkən Qaydanın məzmunu, qəbul edilmə məqsədləri, tənzimlədiyi münasibət üzrə tənzimləmə xüsusiyyətləri nəzərə alınmamışdır. Nəzərə alınmalıdır ki, “Normativ hüquqi aktlar haqqında” Qanunun: 8.0. Normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 8.0.4. mütənasiblik; 8.0.8. insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət; 8.0.9. ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi. 25.1. Normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır. 25.2. Normativ hüquqi aktın normaları ifadə edilərkən həm həddindən artıq ümumiləşdirilmiş, həm də həddindən artıq təfərrüatlı ifadələrə, eləcə də eyni məsələ ilə bağlı normativ göstərişlərin təkrarlanmasına və onların çoxluğuna yol verilməməlidir. 25.3. Normativ hüquqi aktın (onun struktur elementinin) adı yığcam olmalı, aydın ifadə edilməli və həmin aktın (struktur elementinin) əsas mahiyyətini əks etdirməlidir. 50.0. Normativ hüquqi aktın layihəsinə dair ümumi tələblər aşağıdakılardır: 50.0.2. normativ hüquqi aktın normalarının normativ hüquqi aktın məqsəd və vəzifələrinə uyğunluğu; 66.3. Normativ hüquqi aktın hüquqi tənzimləmənin həqiqi tələblərinə uyğun gələn aydın məqsədləri və prioritetləri olmalıdır. Normativ hüquqi aktın qəbul edilməsi üçün obyektiv məqsədəuyğunluğun olmamasına, məsələnin zərurətdən artıq tənzimlənməsinə, normativ hüquqi aktın normalarının həmin aktın bəyan edilmiş məqsədləri ilə ziddiyyət təşkil etməsinə yol verilmir. Adıçəkilən maddi hüquq normalarının sadalanmasında məqsəd “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası-nın qəbulu məqsədlərinin nəzərə alınmalı olması ilə əlaqədardır. Belə ki, həmin Qayda, Qaydanın özündə göstərildiyi ki, dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi ilə əlaqədardır. Adıçəkilən maddənin tələbindən isə göründüyü kimi dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçularına üstünlük verilir. Şübhə doğurmur ki, dövlət qulluqçuları üçün spesifik qaydada nəzərdə tutulmuş həmin təminat dövlətin məqsədini və funksiyalarını faktiki icrasını həyata keçirən şəxslərin həm əmək hüquqlarının müdafiəsi üçün müəyyən edilmiş, eyni zamanda dövlətin məqsədini və funksiyalarını faktiki icrasını həyata keçirən həmin şəxslərdən dövlət orqanı ləğv edilsə belə yeni yaradılmış dövlət orqanında uyğun məqsəd və funksiyaların icrası zamanı cəlb edilməsi məqsədi daşıyır. Həmin qarşılıqlı yanaşma həmin dövlət qulluqçusunun əmək hüququnun spesifik müdaifəsi, həmçinin dövlətin məqsəd və funksiyalarının ayrı-ayrı dövlət qurumlarında faktiki icra etməsinə əlavə resurs və zaman tətbiq etmədən dövlət tərəfindən sahə üzrə formalaşmış kadrların cəlb edilməsi əlamətinə malikdir. Göründüyü kimi qeyd olunan təminat şəxsi, ictimai və dövlət məqsədləri daşıyır. Lakin, cavabdeh iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi barədə nəticəsinə gələrkən, yeni yaradılmış publik hüquqi şəxsin Xidmətlə uyğun məqsəd və funksiyaları daşımasını, uyğun fəaliyyət istiqamətlərinə malik olmasını, publik hüquqi şəxsin də dövlət orqanı kimi ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olmasını nəzərə almamış, dövlət qulluğu haqqında qanunvericiliklə təsbit edilən prinsiplərə, dövlət orqanını həyata keçirilməli olduğu vəzifə və səlahiyyətlərə, dövlət qulluqçuları üçün spesifik müəyyən edilmiş təminatlara uyğun hərəkət etməmiş, Qaydanın mahiyyəti baxımından dövlət orqanı ilə publik hüquqi şəxs anlayışları arasında fərqə münasibətdə formal yanaşma həyata keçirərək iddiaçının əmək qanunvericiliyin və dövlət qulluqçularının bərabərliyi baxımından əmək hüququnun pozuntusuna yol vermişdir. Yuxarıda adıçəkilən müddəaların tələbindən də göründüyü kimi Xidmət avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı olmuşdur. Agentlik isə avtomobil nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahə) tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. Göründüyü kimi hər iki dövlət qurumu mahiyyət etibarı ilə avtomobil nəqliyyatı sahəsində tənzimləni, həmin xidmət sahəsində ehtiyacın təmin edilməsini, müvafiq sahə üzrə qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarəti həyata keçirir. İddiaçı da öz ixtisas və vəzifəsinə uyğun uzun müddət ərzində işlədiyi sahə üzrə fəaliyyətinin publik hüquqi şəxsdə davam etdirilməsini arzulayır. Məhkəmə də hesab edir ki, publik hüquqi şəxs dövlət orqanı olmasa belə, dövlət qurumudur və dövlətin yuxarıda adıçəkilən fəaliyyət istiqaməti üzrə fəaliyyət göstərməkdədir. Yuxarıda adıçəkilən Qaydanın qəbul edildiyi dövrdə anlayış olaraq qanunvericilikdə publik hüquqi şəxs anlayışının mövcud olmaması, sonradan yaranmış zərurətlə əlaqədar publik hüquqi şəxslərin, eləcə də ləğv edilmiş dövlət orqanlarının əsasında publik hüquqi şəxslərin, həmçinin də cavabdehin yaranması məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının ziyanına dəyişməməklə onun əmək hüququnun pozulmasına səbəb ola bilməz. Beləliklə, cavabdeh Xidmətin əsasında yaranmış dövlət orqanı olmasa belə, Xidmətin əsasında yaranmış dövlət qurumudur. Məhkəmə hesab edir ki, Qaydanın dövlət orqanının ləğv edildikdən sonra onun əsasında yaradılmış qurumda dövlət qulluqçularının vəzifə tutmaqda üstünlük hüququnun realizə məqsədləri baxımından cavabdehin publik hüquqi şəxsin dövlət orqanı hesab edilməməsi barədə mövqeyi isə formal hesab edilməklə istər publik hüquqi şəxslərin yaranma zərurətinə, istər dövlət qulluqçularının təminat hüququn realizə edilməsi ilə bağlı dövlətin qanunvericiliklə müəyyən edilmiş vəzifələrinə uyğun hesab edilməməlidir. Məhkəmə hesab edir ki, dövlət orqanı ləğv edildikdən sonra onun əsasında eyni vəzifə və səlahiyyətləri icra edən publik hüquqi şəxs formasında qurumun yaradılma zərurəti, yeni yaranmış dövlət qurumu üçün dövlət qulluqçusu statusunu itirmiş şəxslərin əmək hüquqlarının pozuntusunun qarşısının alınması barədə götürülmüş vəzifənin icrasını istisna etmir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, dövlət orqanı ləğv edilsə belə, qəbul edilən əmr ləğv edilmiş dövlət orqanının adından verilmiş, ləğvetmə komissiyası Nazirlər Kabineti tərəfindən yox, ləğv edilmiş dövlət orqanının adından Xidmətin sədri olmuş, əmr qəbul edilərkən isə X2 sədri olmuş şəxs tərəfindən verilmiş, yaradılmış komissiya 24 oktyabr 2022-ci il tarixli komissiyanın yaradılması barədə əmrdən də göründüyü kimi yuxarıda adıçəkilən Qaydanın tələblərindən və digər hüquqi aktların tələblərindən irəli gələn məsələlərin həll edilməsinə göstəriş versə də, yeni yaradılmış Xidmətlə eyni vəzifə və səlahiyyətlərini həyata keçirən hüquqi şəxsə iddiaçının işə bərpasını həyata keçirmək əvəzinə digər əmək müqaviləsinə xitam verildikdən sonra ehtiyat kadrlar siyahısına daxil edilməsinə yönələn tədbirlərin həyata keçirilməsi ilə kifayətlənmişdir. Qeyd olunmalıdır ki, mübahisələndirilən işdən azad edilmə barədə əmrin mübahisələndirilən hissədə, ümumiyyətlə ləğv edilmiş Xidmətin adından qəbul edilməsi ilə bağlı iddianın inzibati aktın etibarsızlığına yönəlmiş dəlilləri, məhkəmə hesab edir ki, əmrin etibarsızlığı ilə bağlı tələb olmamasına baxmayaraq onun ləğvi ilə bağlı iddia üzrə qiymətləndirilməsi imkanını istisna etmir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Odur ki, istinad olunan dəlil məhkəmə üçün tələb inzibati aktın etibarsızlığı ilə bağlı olmasa da ləğvinin əmr qanunsuz hesab edilməklə ləğvi baxımından qiymətləndirilə bilər. Hər bir halda iddiaçıların hüquqi marağı işə bərpa ilə bağlı olduğundan məhkəmə hesab edir ki, göstərilən dəlillər əmrin mübahisələndirilən hissədə ləğv edilməsi, son nəticədə onun işə bərpa edilməsi və əmrin qəbulu ilə bağlı bütün hüquqi nəticələrin aradan qaldırılması üçün əsasdır. Bütün adıçəkilən dəlillərdən əlavə, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, Agentliyin publik hüquqi şəxs kimi dövlət qurumu olması onun işə qəbulla bağlı kommersiya və qeyri-kommersiya təyinatlı digər hüquqi şəxslərindən öz işçilərinə, eləcə də işçisi olmaq arzusunda olan şəxslərə münasibətdə fərqli tənzimləmə müəyyən edir. Təsadüfi deyildir ki, adıçəkilən fərqli yanaşma bir sıra qanunvericilik aktlarında öz əksini tapmışdır. Misal, yuxarıda adıçəkilən “Dövlət qulluğu haqqında” Qanunun 23.2-1-ci maddəsinə əsasən Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Eləcə də, “Publik hüquqi şəxslər haqqında” Qanunun 6.4-cü maddəsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda hüquqi faktların qeydiyyatı ilə bağlı xidmətləri göstərən (hüquqi hərəkətləri həyata keçirən) müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin əməkdaşları nizamnaməsində nəzərdə tutulmuş halda dövlət qulluqçularına bərabər tutulurlar. Göründüyü kimi publik hüquqi şəxsin əməkdaşları, publik hüquqi şəxsin mahiyyəti baxımından dövlət qulluqçuları ilə bərabər və ya oxşar hüquq və vəzifələrə malikdir. Qanunvericilik dövlət orqanı və publik hüquqi şəxslər arasında bir sıra münasibətlərdə, eləcə də işçiləri ilə bağlı münasibətlər üzrə formal fərqləndirmədən imtina etmişdir. Nəzərə alınmalıdır ki, publik hüquqi şəxslər inzibati orqan kimi inzibati akt qəbul etmək səlahiyyətinə malik dövlət qurumudur. “İnzibati icraat haqqında” Qanunun: 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. AR İPM-nin: Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Mövcud qanunvericiliyin tələbindən də göründüyü kimi diskresion səlahiyyət inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir ki, ən azından əməllər qanunsuz hesab edilərsə, iddiaçının davranışında qanun pozuntusu aşkar edilərsə belə ən azından həmin qanunsuzluğa uyğun olaraq cavabdehin diskresion səlahiyyətlərindən yaranmış seçim imkanının mövcudluğu məsələsinə qiymət verilə bilər. Lakin, qanunvericiliyin tərkib hissəsi olan yuxarıda göstərilən müddəalardan da göründüyü kimi Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Eləcə də, inzibati məhkəmə icraatı üzrə hüquqi dəyərləndirmə aparan məhkəməyə də səlahiyyət verilmişdir ki, diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığı yoxlanıla bilsin. Məhkəmə də iddia tələbi həddində yuxarıda müəyyən etdiyi qiymətləndirmədən əlavə də cavabdehin işə qəbul edilmə ilə bağlı diskresion səlahiyyətlərə malik olması baxımından da əlavə qiymətləndirmə etmiş, diskresion səlahiyyətlərin məqsədə uyğun şəkildə həyata keçirilib-keçirilməməsi, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul olunub-olunmaması istiqamətində də yoxlama aparmış və müəyyən etmişdir ki, dövlət orqanı ləğv edildikdən sonra həmin dövlət orqanında uzun müddətli əmək münasibətlərində olmuş şəxsləri yeni yaradılmış, həmin vəzifə və səlahiyyətlərə malik dövlət qurumunda işə qəbul edilməməsi işə götürmə diskresion səlahiyyət qismində qiymətləndirilsə belə hüquq və azadlıqların əsassız məhdudlaşdırılması ilə nəticələnmişdir. Halbuki, Nizamnaməsində göstərilmiş fəaliyyət istiqamətləri üzrə fəaliyyət göstərən publik hüquqi şəxs kimi cavabdeh dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olmaqla kommersiya və qeyri-kommersiya qurumları üçün xarakterik olmayan öhdəlik daşıyır. Bu öhdəliklərin icrası baxımından isə xidmətdə hər hansı qüsuru olmayan uzun müddətdir ki, dövlət qulluğunda çalışan, müvafiq ixtisas dərəcəsi olan iddiaçının işə götürülməməsinə münasibətdə cavabdehin diskresion səlahiyyət daşıdığı fərz edilsə belə, iddiaçıya münasibətdə işə götürülməmə barədə yanaşması məhkəmə hesab edir ki, hüquq və azadlığın yuxarıda göstərildiyi kimi əsassız məhdudlaşdırılmasından başqa bir şey deyil. Göründüyü kimi istər Qaydada nəzərdə tutulmuş üstünlük hüququnun dövlət orqanı ləğv edildikdən sonra onun əsasında yaradılmış qurumun dövlət orqanı yox, publik hüquqi şəxs olması halında, istərsə də həmin hal olmasa belə, cavabdehin işə qəbulda diskresion səlahiyyətlərdən istifadə edilməsi halında belə iddiaçının işə qəbulunun həyata keçirilməsindən cavabdehin imtinası qanunsuz və əsassız olmuş, dövlət qulluqçusu statusundan məhrum olan iddiaçı üçün əlavə mənfi hüquq və nəticələr yaratmış, dövlət qulluğunu tənzimləyən qanunvericiliklə təsbit edilmiş təminat hüququnu realizəsindən əsassız imtina edilmişdir. Əmrin iddiaçıya aid hissədə hüquqi nəticələrinin aradan qaldırılmasına yönəlmiş hissələrinə (işə bərpa, əmək haqqının ödənilməsi və s) münasibətdə məhkəmə, həmçinin aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İnzibati hüquq münasibətlərini tənzmiləyən İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirmə haqqında iddia İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən biri olmaqla, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, bu növ iddialarda qüvvədə olan qanunvericilik vətəndaşlara inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə ərizə ilə müraciət etmək hüququ vermişdir. Buna misal kimi hazırki iddia ilə mübahisələndirilən halı, yəni məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini əsas gətirmək olar. Belə ki, iddia tələbinin əsasında inzibati aktın (əmrin) ləğvi dayanır. İddiaçı həmin inzibati aktın, yəni işdən azad olunması barədə əmrin icra olunması nəticəsində meydan gəlmiş nəticənin aradan qaldırılmasını arzulayır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə əmr ləğv olunduğundan, inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması məqsədi ilə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəaları ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 5-ci maddəsinin 2-ci hissəsi. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.

300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. AR ƏM-nin 300-cü maddəsinə görə işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verərsə, əmək mübahisəsini həll edən məhkəmə işçinin iddia tələbi üzrə bütün faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə aktı çıxarır. Göründüyü kimi əmək münasibətlərini tənzimləyən qanunvericilik məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini nəzərdə tutmuşdur. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə hesab edir ki, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə iddiaçıya aid hissədə qəbul edilmiş əmr qanunsuz inzibati aktdır və onun işdən azad edilməsinə yönəldiyindən əlverişsiz inzibati aktdır. Odur ki, iddiaçıya aid hissədə ləğv edildiyindən həmin hissədə qüvvəyə mindiyi andan yaranmış bütün hüquqi nəticələr aradan qalxmalıdır. Hüquqi nəticələr isə dedikdə, iddiaçının ərizəsində qeyd etdiyi kimi əmrin ləğvindən sonra işə bərpa olunması, bərpa olunduğu tarixdən məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının tam həcmdə ödənilməsini, həmçinin həmin hüquqi nəticələrin bitkin siyahısı olmayan digər nəticələr başa düşülür. istər tələb göstərilən hissədə təmin edilməli, eləcə də digər əmrin göstərilən hissədə ləğvinə əsasən başqa hüquqi nəticələr də aradan cavabdeh tərəfindən qaldırılmalıdır. Məhkəmə, hesab edir ki, hazırkı tələbə bir yerdə baxılması həm prosessual qənaət, həmçinin də yeni məhkəmə mübahisələrinin yaranmaması baxımından da vacibdir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının işdən dövlət orqanının ləğvindən öncə ona xəbərdarlığın göndərilməsi ilə bağlı mövqeyində də formal yanaşmanı müşahidə etmişdir. Ümumiyyətlə şəxsin əmək müqaviləsinə xitam verilməsindən əvvəl işçinin xəbərdarlıq edilməsinin mahiyyəti onunla bağlıdır ki, şəxs barəsində işdən azad edilməsinin mənfi nəticələrinin minimuma endirilməsi təmin edilmiş olsun. Cavabdeh təqdim edilmiş xəbərdarlıq məktubundan isə görünür ki, həmin məktub əmək müqaviləsinə xitam verilməsi eyni ilə eyni tarixdə tərtib edilmiş, xəbərdarlıq məktubunu tərtib edildiyi gün də iddiaçının işdən azad edilməsi həyata keçirilmişdir ki, istər dövlət qulluqçusu, istər işçi kimi şəxsə həmin yanaşma məhkəmə tərəfindən qəbul edilməklə əmək qanunvericiliyinin pozuntusu kimi qiymətləndirilməlidir. Həmin gün veriləcəkdirsə ümumiyyətlə xəbərdarlıq məktubunun hansı zərurətdən irəli gəlməsi aydın olmamaqla iddiaçının əmək hüququnun realizəsinə formal yanaşmanın təzahürlərindən biri olmaq keyfiyyətindən kənara çıxmır. Beləliklə iddiaçının dövlət qulluqçusu statusundan irəli gələn, dövlət orqanı ləğv edildikdən sonra həmin orqanın əsasında yaranan dövlət qurumu kimi Agentlikdə daimi əmək müqaviləsi bağlanılmaqla işə qəbul edilmədə üstünlük hüququ pozulmuşdur ki, məhkəmə hesab edir ki, məhkəmə qaydasında həmin hüququn realizəsi həyata keçirilməli, iddiaçı barəsində qəbul edilmiş əmr mübahisələndirilən hissədə ləğv edilməklə, iddiaçı analoji vəzifəyə daimi əmək müqaviləsi bağlanılmaqla işə bərpa edilməli, ödənilməmiş əmək haqqının ödənilməsi təmin edilməlidir. Hər nə qədər mübahisəyə birbaşa aidiyyəti olmasa da, publik hüquqi şəxsin dövlət orqanı olmasa belə dövlət qurumu qismində qiymətləndirilməsi, müəyyən məhdudiyyətlər istisna olmaqla məhz dövlət məfhumunun mühim tərkib hissəsi qismində qiymətləndirilməs baxımından məhkəmə yeni qəbul edilmiş normativ hüquqi aktın tələbini qeyd etməyi zəruri hesab edir. “Dövlət ehtiyatları haqqında” 02 fevral 2024 tarixli Qanunun 1.1.16-ci maddəsinə əsasən dövlət qurumları – dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər başa düşülür. Göründüyü kimi publik hüquqi şəxs dövlət qurumu kateqoriyasındadır. Dövlət qurumu kimi onun dövlət orqanı kateqoriyasından ayrı nəzərdə tutulması dövlət qulluqçusu olub dövlət orqanının ləğvi ilə əlaqədar onun əsasında yeni yaradılmış dövlət orqanında işlə təmin edilən şəxslərlə, dövlət qulluqçusu olub dövlət orqanının ləğvi ilə əlaqədar onun əsasında yeni yaranmış dövlət qurumunda, həmçinin publik hüquqi şəxsdə işlə təmin edilmək istəyən keçmiş dövlət qulluqçusu arasında bərabərliyin tələblərinə zidd hərəkət etmək üçün əsas yaratmır. Nəzərə alınmalıdır ki, “Dövlət qulluğu haqqında” Qanunun 4.1.9-ci maddəsinə əssən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq mövqeyindən, yaşayış yerindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya ictimai birliklərə mənsubiyyətindən, habelə dövlət qulluqçusunun xidməti fəaliyyətinə aid olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi dövlət qulluğu ilə əlaqədar mühim prinsiplərdən biridir. Cavabdehin Qaydanın tələblərinə formal yanaşması, onun məzmunun nəzərə alınmaması isə dövlət qulluqçularının və ya həmin statusunun itirmək məcburiyyətində qalmış şəxslərin bərabərlik hüququna zidd yanaşmasından başqa bir şey deyil. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçının analoji vəzifə üzrə bərpasını mümkünsüz edən ştatın olmamasına dair sübut da məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 25 oktyabr 2022-ci il tarixli 97k nömrəli əmək müqavilələrinin ləğv edilməsi barədə əmri iddiaçı X1 aid hissədə ləğv edilsin. İddiaçının analoji vəzifəyə bərpa edilməsi və 25 oktyabr 2022-ci il tarixdən işə bərpa olunanadək məcburi işburaxmaya görə ödənilməmiş orta aylıq əmək haqqının ödənilməsi vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar