Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7024/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5587 saylı bağ sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsini” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli və xx.xx.2024cü il tarixli Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə məktublarının əsassız hesab edilməsi, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5587 saylı bağ sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5587 saylı bağ sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsini”ni xahiş etmişdir.
3. Məhkəmənin 23 oktyabr 2024-cü il tarixli Qərardadı ilə, iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5587 saylı bağ sahəsi iddiaçının adına ayrılmış və onun mülkiyyətındədir. Sözügedən bağ sahəsinə dair hüquqların dövlət reyestrində qeydiyyata alınıb çıxarışı alınması üçün cavabdehə müraciət edilmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, təqdim edilən Bakı Şəhər X4 İcraiyyə Komitəsinin 1/44 nömrəli, xx.xx.1990-cı il tarixli qərarının arxiv arayışında ayrılması nəzərdə tutulmuş bağ sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamışdır. Həmçinin idarənin arxiv məlumatlarına əsasən təqdim olunan orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən əraziyə dair X6 və X2 (5576 saylı torpaq sahəsi kimi) də Bakı Şəhər X4 İcraiyyə Komitəsinin 1/44 nömrəli, xx.xx.1990-cı il tarixli qərarı əsasında müraciətləri mövcud olmuşdur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman şərti göstərilən torpaq sahəsinin digər şəxslər tərəfindən hasarlanaraq istifadə edildiyi məlum olmuşdur. Məlumat üçün məhkəmənin nəzərinə çatdırırıq ki, “5587” saylı torpaq sahəsinə dair orderin ləğv olunmasının məqsədəuyğun hesab edilməsi barədə xx.xx.2006-cü il tarixli akt mövcuddur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və cavabdeh inzibati orqan imtina məktubu verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etirazda göstərilən məzmunda çıxış edərək, iddia tələbinin rədd edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-M-1198-8/2023 **********25 nömrəli “Bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsi barədə” məktubuna əsasən bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 5587 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (order) idarənin arxivində aşkar edilməmiş, həmçinin Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 1/44 nömrəli qərarı ilə 160 nömrəli bağ tikinti kooperativi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahıda İddiaçı adı göstərilmiş, lakin ayrılması nəzərdə tutulmuş bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2011-ci il tarixli, 09/33051 nömrəli məktubuna əsaəsn bildirilmişdir ki, İddiaçı adına Ləhiş qəsəbəsində bağ sahəsinin ayrılması haqqında məlumat idarənin arxivində aşkar olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-M1198/02-8/2023 **********57 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhər X4 İcraiyyə Komitəsinin 1/44 nömrəli, xx.xx.1990-cı il tarixli qərarının arxiv arayışında ayrılması nəzərdə tutulmuş bağ sahəsinin ölçüsü və nömrəsi qeyd olunmamış, həmçinin idarənin arxiv məlumatlarına əsasən təqdim olunan orderin nüsxəsi idarənin arxivində aşkar edilməmiş, Bundan əlavə, “5587” saylı torpaq sahəsinə dair orderin ləğv olunmasının məqsədəuyğun hesab edilməsi barədə xx.xx.2006-cı il tarixli akt mövcuddur. Əlavə olaraq bildirilmişdir ki, göstərilən sahəyə digər şəxsin müraciəti daxil olmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin “Fides” vəkil bürosuna ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- 46178/2023 **********78 nömrəli “məlumat və sənəd surətinin verilməsi barədə” məktubuna əsasən bildirilmişdir ki, idarənin arxivində mövcud olan xx.xx.2006-cı il tarixli akta əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən bağ sahələrinin, eləcə də “5587” saylı bağ sahəsinin, gələcəkdə zibilxanalara çevrilərək antisanitariya yaranmasının qarşısını almaq məqsədilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli sərəncamı və Azərbaycan Respublikası Torpaq məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 2-4-8-ci abzaslarının şərtlərinə uyğun olaraq bağ sahəsinə verilmiş sənədlərin ləğv olunması məqsədəuyğun hesab edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, sözügedən bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2011-ci il tarixli, 3795 nömrəli arxiv çıxarışından görünür ki, “Bağ-tikinti kooperativlərin yaradılması və bağ sahələrinin vətəndaşlara ayrılması haqqında” Bakı şəhər XDS İK-nin xx.xx.1990-cı il tarixli, 1/44 saylı qərarına əsasən(Bakışəhərsoveti icraiyyə komitəsi yanında bağlar təsərrüfatı məsələlər üzrə komissiyanın 23 mart 1990-ci il tarixli iclas protokolu), 195 nömrəli, 02 iyun 1988-ci il tarixli Azərbaycar SSR Nazirlər Sovetinin və Bakı şəhər XDS –nin 6/333 nömrəli 14 iyun 1988-ci il tarixli qərarlarına əsasən, Bakı şəhər XDS –nin icraiyyə komitəsi qərar aldı: bağ-tikinti kooperativlərin BTK №160 fərdi tərkibi təsdiq edilsin -22 nəfər; və əlavəyə uyğun olaraq bağ sahələri müəyyən edilmiş qaydada ayrılsın. Həmin Qərara 1 nömrəli Əlavəyə əsasən, 160 nömrəli bağlar tikinti kooperativi üzvlərinin Siyahısında: 19. nömrədə İddiaçı SSSR Bəstəkarlar İttifaqının üzvü göstərilmişdir. Məhkəmə sorğusu əsasında, Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 7 mart 2024-cü il tarixli, 3048-2F/2-588/2024 saylı cavab məktubuna əsasən, Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 1/44 saylı qərarının birinci və sonuncu səhifələrinin və 160 saylı Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısının təsdiq edilmiş ksero surəti 5 (beş) vərəqdən ibarət təqdim edilmişdir. Məhkəmənin “XDS-nin İcraiyyə Komitəsinin 27 mart 1990-cı il tarixli 1/44 nömrəli qərarın və həmin qərarın qəbuluna əsas olmuş sənədlərin, 160 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısı, eləcə də müayinə aktının təsdiq edilmiş surətlərinin təqdim edilməsi” barədə sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-12030/2024 **********30 nömrəli cavab məktubuna əsasən, müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlər: xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsaəsn göstərilmişdir ki, bağ sahəsinin ərazisi digər fiziki şəxslər tərəfindən 3 hissəyə bölünərək mişar daşı ilə hasarlanıb, bağ sahəsində mübahisə predmeti mövcuddur. Bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim olunmadığından (order və ya müqavilə), bağın sənəd üzrə sahəsi məlum deyil. 160 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında İddiaçı adı 19-cu sırada göstərilmişdir. 160 nömrəli BTK “Bəstəkarlar ittifaqının” Bağ sahələrinin yerləşmə sxemində 5587 nömrəli bağ sahəsi qeyd edilmişdir.
İV. Məhkəmənin mövqeyi
8. Məhkəmə iş materiallarını qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
11. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
12. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
15. İddiaçıya 5587 saylı bağ sahəsinin ayrılması faktı 160 nömrəli Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında göstərilənlərlə təsdiqlənir. Cavabdeh inzibati orqan tərəfindən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 1/44 nömrəli qərarı ilə 160 nömrəli bağ tikinti kooperativi üzvlərinin arxiv qovluğunda mövcud olan siyahıda İddiaçı adının göstərilməsi qeyd edilsə də, bağ sahəsinin ölçüsü və nömrəsi qeyd olunmaması və arxiv məlumatlarına əsasən təqdim olunan orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi səbəbindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Bundan əlavə iş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş müayinə (baxış) aktından da görünür ki , bağ sahəsinin ərazisi digər fiziki şəxslər tərəfindən 3 hissəyə bölünərək mişar daşı ilə hasarlanıb.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur. 17.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). Hazırda qeyd edilən hallar iddiaçıya münasibətdə müəyyən edilməmişdir.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etssdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Hüquqların dövlət qeydiyyatına alınması mülkiyyət hüququnun tanınması və qorunması məqsədilə həyata keçirilən bir prosesidir. Bu proses mülkiyyətin hüquqi statusunu rəsmi şəkildə təsdiqləyir və mülkiyyət sahiblərinin hüquqlarını qorumaq üçün əhəmiyyətlədir.
21. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;” “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07.03. 2016-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasını və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsini bu Fərmanın 6.1-ci bəndində nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 2020-ci ilədək təmin etsin; 2.2. dövlət əmlakının Registrində, meşə, su və digər sahəvi dövlət kadastrlarında torpaqlarla bağlı mövcud məlumatların, habelə aidiyyəti dövlət orqanları tərəfindən torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində həyata keçirilən tədbirlərin, torpaqlardan istifadənin vəziyyətinin müəyyən olunması məqsədi ilə aparılan monitorinqlərin nəticələri barədə məlumatların torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsini, həmin sistemin daşınmaz əmlakın vahid dövlət kadastrına və daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiyasını təmin etsin; 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Yuxarıda sadalanan normaların və işin faktiki hallarının birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə bağ sahəsinin ayrılmasına dair icra hakimiyyəti orqanı tərəfindən verilmiş order hüquqmüəyyənedici sənəd kimi göstərilmişdir. Belə olan halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Bu da iddiaçının hazırki iddia tələbində haqlı olduğuna əsas verir. İddiaçıya məxsus torpağın ümumi sahəsi hüquqmüəyyənedici sənədlərdə göstərilməməsi barədə cavabdehin etirazında bildirdiklərinə gəldikdə, məhkəmə qeyd edir ki,cavabdeh torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılmasını həyata keçirməlidir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə imtinası yuxarıda istinad edilən qanunvericilik normalarına və işin həqiqi hallarına zidd olduğundan, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir Məhkəmə vurğulamağı zəruri hesab edir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş həmin bağçılıq yoldaşlığı idarə heyətinin yığıncağının iddiaçıya verilmiş olduğu protokoldan çıxarış Qanunun 8.0.7-ci maddəsində göstərilən sənədə aid edildiyindən, cavabdeh inzibati orqanın formal mülahizələrə əsaslanan dəlillərə istinad etməklə qanunvericiliklə səlahiyyətlərinə və funksiyalarına aid edilmiş məsələnin həllindən imtina etməsi ilə bağlı hərəkəti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Qeyd olunan protokoldan çıxarış hal-hazırda ləğv edilməmiş və tərəflər üçün hüquqi nəticələr yaratmaqla öz hüquqi qüvvəsini saxlayır. Bu səbəbdən də həmin protokoldan çıxarış iddiaçının iddia olunan torpaq (bağ) sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının yarandığının göstəricisidir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd qüvvədədir. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbindən də göründüyü kimi İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh isə həmin maddənin tələblərini nəzərə almadan formal imtina əsası ilə çıxış etmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.s
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5587 saylı bağ sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
24. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5587 saylı bağ sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova