Məhkəmə qərarları › İş №e-2-1(112)-7031/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-7031/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-7031/2025 18.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 mart 2006-cı il tarixindən mülkiyyətində olan Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4/35 saylı sahəsi 0,12 ha olan torpaq sahəsinin üzərinə düşən X11 (0,02 ha), daha sonra isə X5 (0,10 ha) verilmiş “Torpaq sahəsinin plan və ölçüsü”-dəki yerləşmə göstəriciləri və planı (sxemi) hissələrində uyğunsuz olduğundan etibarsız hesab edilməsi, həmin şəxslərin hüquqlarının qeydiyyatında yerləşmə göstəriciləri və ünvanında müvafiq düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı fərdi ev tikintisi üçün 22 mart 2006-cı il tarixdə 9 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlamaqla Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 4/35 saylı 0,12 ha torpaq sahəsi almışdır. Həmin sahə AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi reyestr kitabı 12935 JN- 14699D kod 00306016 xx.xx.2004-cü il tarixli Şəhadətnaməyə əsasən iddiaçıya satan şəxsin mülkiyyətində olmuşdur. Alqı-satqıdan sonra iddiaçıya o dövrdə müvafiq icra hakimiyyəti orqanı olan AR DTXK-si (Torpaq Komitəsi) tərəfindən JN-29488D, KOD 00306016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Sahəni əldə edən zaman sahə ona naturada təhvil verilmiş və mütəxəssislər yerində nəzarət qaydasında ölçmə işləri aparmaqla adına yenidən texniki sənədlər işlənilməklə Şəhadətnamə verilmişdir. Mərzlənməyən, hasarlanmayan yerə Şəhadətnamə verilməmişdir. Torpaq sahəsi həmin tarixdən fasiləsiz sahibliyində və istifadəsindədir. Qeyd olunan Şəhadətnamə mülkiyyət sənədi olmaqla onun əsasında xx.xx.2023-cü il tarixdə Çıxarış almışdır. Lakin torpaq sahəsinin yerləşməsini göstərən “Torpaq sahəsinin planölçüsünü” almaq istədikdə cavabdeh haqsız olaraq bundan imtina etmişdir. Cavabdeh imtina məktubunda göstərmişdir ki, ona məxsus sahə şəhadətnamədə göstərilən yerdən aralı sahədə yerləşmişdir və guya başqa şəxslərin yeri iddiaçının faktiki olan yeri ilə üstüstə düşür. Məhkəmənin e-2-2-1(112)-2324/2024 saylı 06 mart 2024 il tarixli Qərarı ilə iddia tələbi təmin olunmuş, ona Torpaq sahəsinin plan ölçüsünün verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə zamanı da cavabdeh yazılı Etiraz verərək (yenə də Şəhadətnaməmin nömrəsini yanlış olaraq JN24449D göstərməklə) bildirmişdir ki, iddiaçının sahəsi onun deyil, yəni həqiqətdə iddiaçının yeri 30-35 metr aralıda yerləşir. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sənədlərdən və məhkəmədə nümayəndəsinin bildirdiyinə görə, onun yeri X6 (0,10 ha - 10 sot) və X8 (0,02 ha - 2 sot) yerində yerləşir. Həmin şəxslərdən C.M.Mürvətov ilk dəfə 08 iyun 2006-cı il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla X2 0,12 ha tam almış, daha sonra C.M.Mürvətov 0,02 ha hissəsin X1. R.R.Dadaşovaya isə Şəhadətnamə 17 iyun 2005 il tarixdə verilmişdir. Deməli, iddiaçı almışdır xx.xx.2004-cü il tarixli Şəhadətnaməyə əsasən mülkiyyətçidən, C.M.Mürvətov isə xx.xx.2005il tarixli Şəhadətnaməyə əsasən mülkiyyətçidən. İddiaçı Alqı-Satqı müqaviləsi bağlamışdır 22 mart 2006-cı il tarixdə, C.M.Mürvətov isə 08 iyun 2006-cı il tarixdə. Torpaq sahəsi yerində yoxlanılmaqla ona naturada təhvil verilmişdir. İddiaçı dərhal hasarın hördürüb darvaza quraşdırmışdır. C.M.Mürvətov isə 2023-cü ildə ortaya çıxaraq gəlib “yer mənimdir” demişdir. Cavabdeh olan Reyestr xidməti də anlaşılmayan mövqe tutmuşdur. Bundan başqa, hər iki Şəhadətnamədə “Qonşu torpaqlar” adlanan səhifədə qonşu sahələrə nisbətdə yerləşmə göstərilmişdir. İddiaçının Şəhadətnaməsində yerinin yanında 14699D nömrəli yer yerləşdiyi göstərilmişdir. Yəni, 2004-cü ildə artıq bu yerin qonşusu var idi. Həqiqətən də qonşu yerin sahibi Ruslan o vaxtdan bağına sahiblik edir. C.M.Mürvətovun sahəni aldığı şəxsin (R.Dadaşovanın) Şəhadətnaməsində (2005 il) qonşu yer mövcud deyil. Ona görə ki, faktiki bu yerə aid deyil. Əks halda 2004-cü ildə olan qonşu yer göstərilərdi. Bundan əlavə, hər iki şəhadətnamədə sxem göstərilmişdir. Həmin sxemi həm yerində öyrəndikdə (yeni yollar çəkilsə də hələ sovetdən bu günə qədər dəyişilməyən yollar, yolayrıcı və s.) eləcədə Google Earth illər üzrə görüntüsünü öyrəndikdə, görünür ki, iddiaçının sahəsi ona naturada elə həmin yerdə ayrılmış və naturada təhvil verilmiş yerdə yerləşir. Digər Şəhadətnamənin sxemində yerləşmə kənardadır. C.M.Mürvətov 08 fevral 2024-cü il tarixdə X9 ilə alqı-satqı müqaviləsi bağlamış, sonuncu da 14 mart 2024-cı il tarixdə həyat yoldaşı X4 adına keçirmiş və eyni koordinatlı Torpaq sahəsinin plan və ölçüsü verilmişdir. Sonuncu mülkiyyətçi kimi qeydə alınmış X7 (ailə üzvləri ilə) idiaçının sahəsinə daxil olmuş, orada tikinti işləri aparmağa başlamışdır. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, müvafiq iddia tələbi ilə bağlı iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi, onun mümkün sayılaraq, mahiuyyəti üzrə baxılmasını və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının hazırkı tələbi X10 (0,02 ha), daha sonra isə X5 (0,10 ha) verilmiş “Torpaq sahəsinin plan və ölçüsü”nün etibarsız hesab edilməsi və torpoaq sahəsinin yerləşmə göstəriciləri və ünvanında müvafiq düzəlişin edilməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan bu iddia öhdəliyin icrası haqqında iddiadır (çünki torpaq sahəsinin planı və ölçüsü inzibati akt olmamaqla, texniki sənəddir) ki, yuxarıda qeyd olunduğu kimi bu iddalar üzrə digər mümkünlük şərtləri ilə yanaşı tələb olunan şərtlərdən biri də ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət edilməsidir. Belə ki, öhdəliyin icrası haqqında iddiaların qaldırılması zamanı məhkəməyə müraciət edilməmişdən öncə cavabdeh inzibati orqana eyni tələblə müraciət edilməsinə dair şərtin qoyulmasında məqsəd inzibati icraatın məhkəməyədək inzibati orqanın özü tərəfindən həyata keçirilməsi zərurəti ilə əlaqədardır. Çünki məhkəmə inzibati orqanı əvəz edən, onun əvəzinə inzibati icraat aparan orqan deyildir. Məhkəmənin vəzifəsi inzibati orqan tərəfindən aparılmış inzibati icraatın, onun nəticəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə qiymət vermək və ya inzibati orqanın hərəkətsizliyi halında aparılmamış inzibati icraat nəticəsində şəxslərin pozulmuş hüquqlarının təmin edilməsindən ibarətdir. Buna görə də öhdəliyin icrasına dair iddialarda ilkin müraciətlə əlaqədar mümkünlük şərtlərinin yoxlanılması zamanı qiymətləndirilməli olan məsələ iddiaçının məhkəməyə müraciət edənədək pozulduğunu hesab etdiyi hüququnun bərpası ilə bağlı hər hansı bir hərəkət edib-etməməsi, başqa sözlə, inzibati orqanı pozulmuş hüququ ilə bağlı məlumatlandırıb-məlumatlandırmaması, eləcə də pozuntunun aradan qaldırmasını tələb edib-etməməsidir. Lakin iş materiallarından iddiaçının hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmur. Belə ki, iddiaçı nə cavabdehə etdiyi müraciət ərizəsi və onun çatdırılması barədə sənədi, nə də cavabdehin müraciətə cavab məktubunu iş materiallarına əlavə etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının müvafiq tələblə rəsmi qaydada İdarəyə müraciət etmədiyini bildirmiş, iddiaçının nümayəndəsi də bu halı qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələbə cavab vermir, buna görə də iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar