Məhkəmə qərarları › İş №e-2-1(112)-7033/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7033/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7033/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icarə hüquqları qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı İstehsalat Kommersiya firması cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi məhkəməyə müraciət edərək, ünvan 2 ünvanındakı icarəyə götürülmüş 1500 kv.m torpaq sahəsinə dair icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh idarəyə müraciət etmişdir. İcarəyə götürülmüş torpaq sahəsi 1500 kv.m-dir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 06 noyabr 2015-ci il tarixli 1108 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsi əsasında İddiaçı X2 icazə verilmişdir. Hal-hazırda həmin torpaq sahəsi Firmanın istifadəsindədir. Cavabdeh imtina məktubu göndərərək göstərmişdir ki, torpaq sahəsinə cizgi təqdim edilməmiş, faktiki sahə 1458 kv.m-dir, həmçinin torpaq sahəsi yolkənarı yaşıllıq cərgəsində, yaşayış kompleksinin önü abadlıq sahədə yerləşir və icarə müqaviləsinin bağlanması üçün Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunmalıdır. Belə ki, sözügedən torpaq sahəsinə dair artıq qüvvədə olan icarə müqaviləsi mövcud olduğundan yeni bir icarə müqaviləsinin bağlanmasına heç bir zərurət yoxdur. Cavabdeh idarənin imtinası qanunsuzdur və icarə hüquqlarının qeydiyyata alınmasına maneəçilik törədir. İddia verilməsinin məqsədi ayrılmış torpaq sahəsi üzərində icarə hüququnu dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlıdır.

3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edilərək, ünvan 2 ünvanında icarəyə verilmiş 1500 kv.m torpaq sahəsinin faktiki sahəyə uyğun olaraq, yəni 1458 kv.m sahəyə dair icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Bu səbəbdən naturada yerləşmə mövqeyini müəyyən etmək mümkün olmamışdır.Həmçinin torpaq sahəsi yolkənarı yaşıllıq cərgəsində, yaşıllıq kompleksinin önü abadlıq, avtodayanacaq sahəsi olmaqla dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan iddiaçının icarə müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyə olunur.xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki,torpaq sahəsinin ölçüsü sənəd üzrə 1500 kv.m qeyd edilsə də, faktiki olaraq 1458 kv.m təşkil edir.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı ilə İddiaçı İK firmasının direktoru Əliheydər Bayramov arasında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 188 saylı, xx.xx.2015-ci il tarixli, 342 saylı 14 avqust 2015-ci il tarixli sərəncamları və 13136 saylı 22 oktyabr 2015-ci il tarixli inşaat pasportu əsasında ünvan 3 ünvanda yerləşən ərazidə ayrılmış 1500 kv.m olan torpaq sahəsinə 1108 nömrəli 06 noyabr 2015-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 26 yanvar 2024-cü il tarixli 3-21-3-30/2- 3172/2024 **********72 nömrəli imtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan başqa torpaq sahəsi sənəd üzrə 1500 kv.m qeyd edilsə də, faktiki sahə 1458 kv.m təşkil edir. Həmçinin torpaq sahəsi yolkənarı yaşıllıq cərgəsində, yaşayış kompleksinin önü abadlıq, avtodayanacaq sahəsi olmaqla dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan icarə müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət olunması tövsiyyə olunur.

10. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən cavab olaraq 29 aprel 2024-cü il tarixli 3-52/2- 1819/2024 nömrəli məktuba Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 188 nömrəli sərəncamı, xx.xx.2015-ci il tarixli, 342 nömrəli sərəncamı və onların verilməsinə əsas olmuş sənədlərin təqdim edilmiş surəti, həmçinin İddiaçı X2 verilmiş xx.xx.2015-ci il tarixli, 1108 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əlavə olunmuşdur. -Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 188 nömrəli 06 may 2015-ci il tarixli sərəncamına əsasən ünvan 3 ünvanda mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçı X2 icazə verilmişdir. -Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 14 avqust 2015-ci il tarixli 342 nömrəli sərəncamına əsasən İddiaçı X1 12 avqust 2015-ci il tarixli 08 saylı müraciətini nəzərə alaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 188 saylı sərəncamı ilə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmiş ünvan 3 ünvanda özünəməxsus torpaq sahəsinə bitişik 0.15 ha torpaq sahəsi icarə əsasında eyni məqsədlə həmin firmanın istifadəsinə verilmişdir. Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66,67 və 68-ci maddələrinə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdiriyyəti sifarişçi ilə torpaq icarə müqaviləsinin bağlanmasını təmin etməli və 0.15 ha torpaq sahəsi üzərində icarə hüququ dövlət qeydiyyatına alınmalıdır. 11.Torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir.

18. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi torpaq sahəsinin icarəyə verilməsi haqqında 06 noyabr 2015-ci il tarixli, 1108 nömrəli müqaviləyə əsasən onun icarəsinə verilmiş 1500 kv.m olan torpaq sahəsinin faktiki olan 1.458 kv.m hissəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir.

19. Mübahisəyə dair işin faktiki hallarından görünür ki, iddiaçı torpaq sahəsinin icarəyə verilməsi haqqında onunla Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanılmış 06 noyabr 2015-ci il tarixli, 1108 nömrəli müqaviləni, həmçinin Bakı şəhər İcra Hakimiyyəti Başçısının 14 avqust 2015-ci il tarixli, 342 №-li Sərəncamını – hüquqmüəyyənedici sənədləri cavabdehə təqdim etmişdir. Həmin sənədlərin mötəbərliyini və həqiqiliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamışdır. Həmin sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış və ya geri çağırılmamışdır.

20. Cavabdeh həmin sənədlərin mövcudluğunu nəzərə almamış, sözügedən torpaq sahəsinə dair yerləşmə cizgisinin təqdim edilmədiyinə, torpaq sahəsinin sənəd üzrə 150 kv.m qeyd edildiyi halda, faktiki sahənin 1458 kv.m təşkil etməsini, torpaq sahəsinin yolkənarı yaşıllıq cərgəsində, yaşayış kompleksinin önü abadlıq, avtodayanacaq sahəsi olması əsası ilə imtina edilmişdir.

21. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər – torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 51.1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 51.3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Maddə 51.4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

25. Bəhs olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmənin gəldiyi nəticə odur ki, şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı müqavilənin bağlanması, həmçinin Bakı ŞİH-nin xx.xx.2015-ci il tarixli Sərəncamı torpaq sahəsinin ayrılması üzrə inzibati icraatın tərkib hissəsi kimi qəbul olunmalıdır. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması ilə bağlı hakimiyyət iradəsi məhz bununla bağlı qəbul edilmiş sərəncamda ifadə olunur. Müqavilə həmin sərəncama əsaslanır, həmin sərəncamın icrasının təmin olunması məqsədlərinə xidmət edir.

26. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində tərtib edilən müqavilə yalnız torpaq sahəsinin ayrılması ilə bağlı suveren iradəni ifadə edən inzibati aktın, yəni sərəncamın qəbul olunması və icrası məqsədlərinə xidmət edir. Mübahisəli torpaq sahəsinin ona ayrılması barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı mübahisəli torpaq sahəsinə dair müqavilənin bağlanılması ilə həmin sərəncamın məqsədlərinə nail olunmuşdur, yəni iddiaçı ilə müvafiq icra hakimiyyəti orqanı arasında mübahisəli torpaq sahəsinin icarəyə verilməsi prosesi baş tutmuşdur.

27. Həmçinin məhkəmə xüsusi olaraq qeyd edir ki, torpaq sahəsinin ayrılması barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı, hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahəsinə münasibətdə qəbul olunduğu təqdirdə belə, nəzərə almaq lazımdır ki, sərəncamında olan torpaq sahəsinin ayrılması ilə bağlı həmin orqanın səlahiyyəti ümumi xarakterli səlahiyyətdir və hətta qanunla ayrılması məhdudlaşdırılan torpaq sahələrinə belə şamil olunur. Belə ki, həmin torpaq sahələrinin ayrılması da icra hakimiyyəti orqanının torpaqayırma səlahiyyəti ilə ehtiva olunur və burada söhbət həmin orqanın səlahiyyətsizliyindən deyil, müvafiq səlahiyyətin həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunubolunmamasından gedir. Qanunsuz inzibati aktlar isə yalnız qanunla müəyyən olunmuş qaydada və şərtlər daxilində buna subyektiv hüququ olan şəxslər tərəfindən mübahisələndirilə bilər və ya buna səlahiyyəti olan orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müvafiq prinsipləri və normaları nəzərə alınmaqla ləğv edilə bilər.

28. Məhkəmə həmçinin ona diqqət çəkir ki, səlahiyyətli inzibati orqanın apardığı inzibati icraat mahiyyət etibarilə hakimiyyət iradəsinin formalaşması və həmin iradənin ifadə olunduğu inzibati aktın qəbulu məqsədlərinə xidmət edir. İnzibati icraatın gedişində yol verilmiş pozuntular icraatı aparan inzibati orqanın məsuliyyət sferasına aiddir və buna səlahiyyəti olmayan digər orqanlar, o cümlədən cavabdeh tərəfindən təftiş edilə və mübahisələndirilə bilməz.

29. Digər tərəfdən, torpaq sahəsinin icarəyə verilməsi barədə iddiaçının təqdim etdiyi müqavilədə nəzərdə tutulmuş torpaq sahəsi ilə bağlı cavabdehin gətirdiyi digər dəlillər həmin müqavilənin mötəbər olmadığı anlamına gəlmir. Bu zaman həm də cavabdeh tərəfindən həmin müqavilənin mötəbərliyini şübhə altına alan hər hansı sübutun məhkəməyə təqdim olunmadığı, cavabdehin sadəcə olaraq həmin halların olmasını iddia etməklə kifayətləndiyi də nəzərə alınmalıdır. Həmçinin iş üzrə materiallardan da həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının təkzib edilmədiyi, başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı, eləcə də həmin torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Məhkəmə tərəfindən bu xüsusatlar mübahisənin həlli baxımından nəzərə alınmaya bilməz.

30. Hazırkı mübahisəyə münasibətdə mübahisəli torpaq sahəsinin icarəyə verilməsi haqqında sözügedən müqavilənin qüvvədə olduğu nəzərə alınmalı, həmin müqavilə iddiaçının torpaq sahəsinə icarə hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır.

31. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, müvafiq icraat nəticəsində qəbul edilmiş hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə yanaşma “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqedən də irəli gəlir. İstinad olunan həmin hüquqi mövqeyə görə, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində qəbul etdikləri inzibati aktlara münasibətdə vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilər yaranmış olsun (bununla bağlı bax: “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı).

32. Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.

33. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

34. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.

35. Beləliklə, Məhkəmənin gəldiyi nəticədə odur ki, hal-hazırda səlahiyyətli olan yerli icra hakimiyyəti torpaq sahəsinin üzərində iddiaçının icarə hüququnun qeydiyyata alınması ilə bağlı Sərəncam qəbul edərək, həmçinin onunla torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlayaraq, faktiki olaraq öz səlahiyyətləri çərçivəsində iddia olunan torpağı öz iradə ifadəsi ilə iddiaçıya ayırmışdır ki, həmin sənədlər hal-hazırda öz hüquqi qüvvəsini saxladığından, onun torpaq sahəsi üzərində icarə hüquqlarının qeydiyyata alınmasına kifayət qədər mötəbər sənədlər qismində dəyərləndirilməlidir.

36. Torpaq sahəsinin yaşıllıq ərazisinə düşməsi də cavabdehin mövqeyinin əsaslı olması hesab edilmir. Belə ki, yaşıllıq ərazi olması torpaq sahəsinə hər hansı hüququn qeydiyyata alınması istisna etmir. Yaşıllıq ərazisinə zərər vurulması mülkiyyət hüququna dair iddianın predmetinə daxil deyil. Təbii haldır ki, istifadədə olan istənilən əmlakda, o cümlədən torpaq sahəsində ekoloji təhlükəsizliyin gözlənilməsi, yaşıllıq ərazisinin qorunmasına dair tələblərə hər bir şəxsin, o cümlədən iddiaçının riayət etməsi vacibdir. Həmin tələblərə riayət edilməməsi, onsuz da işin hallarından asılı olaraq inzibati, hətta cinayət məsuliyyətinə səbəb ola bilər. Lakin, məhz ərazinin yaşıllıq olması icarə hüquqlarının dövlət qeydiyyatından imtina kimi başa düşülməməlidir. Digər yanaşma, yaşıllıq ərazilərdə mövcud olan kənd evləri və torpaq sahələrinin ölkə üzrə qeydiyyatından kütləvi imtina əsası qismində qəbulunun məqbul hesab edilməsinə və daşınmaz əmlaklara dair hüquqlarının sənədləşdirilməsinə yönəlmiş tendensiyaya zidd hesab edilər.

37. Cavabdehin torpaq sahəsinin ölçüsü ilə bağlı irəli sürdüyü imtina əsasıda iddiaçının təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə aradan qalxmışdır. Belə ki, iddiaçı hazırki iddia tələbi 1.458 kv.m hissəsində icarə hüquqlarının qeydiyyatını həyata keçirmək istəyir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, həmin imtina dəlili öz faktiki əhəmiyyətini itirmişdir.

38. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ).

39. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

40. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur.

41. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir.

42. Bu baxımdan Bakı Şəhər İcra Hakimiyyəti arasında bağlanmış icarə müqaviləsinə əsasən torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun qeydiyyata alınmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırki mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

43. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

44. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. ünvan 2 ünvanında icarəyə verilmiş 1500 kv.m torpaq sahəsinin faktiki sahəyə uyğun olaraq, yəni 1458 kv.m sahəyə dair icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar