Məhkəmə qərarları › İş №e-2-1(112)-7040/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7040/2025

22.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7040/2025 22.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs "xxxx" Şirkəti) qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtinaya dair cavabdehin xx.xx.2025-ci il tarixli, **********512800 saylı qərarının qanunsuz hesab edilməsi və "xxxx" Şirkətindən aldığı mənzil (yaşayış sahəsi) üzrə ödənilmiş 26694.92 (iyirimi altı min altı yüz doxsan dörd manat 92 qəpik) məbləğində əlavə dəyər vergisinin 30%-nin iddiaçıya qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Şirkəti hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı (FİN:xxxxxxx) 13 İyul 2022-ci il tarixdə "xxxx" Şirkəti (VÖEN:**********) ilə müqavilə imzalayaraq mənzil almışdır. Mənzilin satın alındığı tarixdə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması” ilə bağlı müraciətlərin edilməsi üçün portal istifadədə olmamışdır. "xxxx" Şirkəti portalın 2022-ci il oktyabr ayında müraciətlərə açılacağını və mənzilin ümumi dəyərinə daxil etdikləri əlavə dəyər vergisinin (ƏDV) bir hissəsini geri ala bilməyi üçün 2022-ci il oktyabr ayında açılacaq portal üzərindən müraciət hüququnun olduğunu bildirmişdir. Mənzilin ƏDV daxil olmaqla 175000 (bir yüz yetmiş beş min) manat ümumi dəyərini "xxxx" Şirkətinin bank hesabına köçürmüşdür. Daha sonra "xxxx" Şirkətinin iddiaçıya verdiyi rəsmi arayışa görə bank vasitəsilə şirkətin hesabına köçürdüyü bu vəsaitdən 26694.92 manat tutarında əlavə dəyər vergisi iddiaçının əvəzinə şirkət tərəfindən vergi orqanının müvafiq bank hesabına köçürülmüşdür. xx.xx.2022-ci il tarixdə ƏDV-ni geri almaq üçün Dövlət Vergi Xidmətinin müraciətlərin qəbulunun new.e-taxes.gov.az internet portalından mümkün olduğu barədə "xxxx" Şirkəti ona məlumat vermiş və iddiaçı xx.xx.2022-ci il tarixdə new.e-taxes.gov.az internet səhifəsinə daxil olaraq ƏDV-nin bir hissəsinin geri alınması üçün müraciət formasını dolduraraq müvafiq sənədlərin elektron versiyalarını əlavə edərək göndərmişdir. Lakin sistem tərəfindən "Tərəfinizdən qeyd olunan VÖEN-in fəaliyyət növü (növləri) bina tikintisi fəaliyyətinə uyğun deyil' mesajı almışdır və müraciəti sistem tərəfindən qəbul edilməmişdir. Bundan sonra bu barədə "xxxx" Şirkətinə müraciət etmiş və xx.xx.2022 tarixdə "xxxx" Şirkəti onun fəaliyyət sahəsinin bina tikintisi olduğunu təsdiqləmiş və təkrar müraciət etməyini məsləhət görmüşdür. "xxxx" Şirkətinin cavabından sonra müəyyən aralıqlarla dəfələrlə new.e- taxes.gov.az internet portalından ƏDV-nin müəyyən hissəsini almaq üçün müraciət formasını doldurub göndərsə də yenə də, "Tərəfinizdən qeyd olunan VÖEN-in fəaliyyət növü (növləri) bina tikintisi fəaliyyətinə uyğun deyil" mesajı almışdır. Belə olan halda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 195 qaynar xəttinə xx.xx.2022, xx.xx.2022, xx.xx.2023-cü il tarixlərdə müraciət etsə də, problem həll olunmamışdır. Portalın müraciətlərə açıldığı tarixdən etibarən 90 gün ərzində müraciəti tamamlamalı olduğunu 195 xidmətinin nəzərinə çatdırdıqda isə “Siz narahat olmayın, artıq müraciətiniz 195 xidmətində qeydiyata alınmışdır və bu məhdudiyyət sizə tətbiq olunmayacaq, çünki artıq müraciət etmiş statusuna keçmişsiniz ” cavabını almışdır. xx.xx.2023 tarixdə isə, 195 xidməti yazılı müraciət etməyi məsləhət görülmüşdür. Müraciətinə əngəl olan bu texniki problem 2 il ərzində elektron kargüzarlıq sistemi üzərindən çoxsaylı yazılı müraciətlərinə baxmayaraq aradan qaldırılmamışdır. Elektron müraciətlərə əlavə olaraq qəbul vaxtı alaraq 2 dəfə canlı görüşə getsə də, təəssüf ki, problem həll olunmamışdır. Yalnız son müraciətindən sonra xx.xx.2024 tarixdə ona vergi orqanından zəng vurularaq texniki problemin aradan qaldırıldığı bildirilmişdir və təkrar portal üzərindən müraciət etməyi xahiş olunmuşdur. Son müraciəti araşdırılmış və xx.xx.2025-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən **********512800 saylı qərar çıxarılaraq elektron kargüzarlıq sistemi üzərindən ona göndərilmişdir. Mənzilin alındığı tarixdə (13 iyul 2022) ƏDV-nin alıcı tərəfindən ayrıca ödənilməsi üçün mexanizm olmadığına görə, mənzilin tam dəyəri olan 175000 (bir yüz yetmiş beş min) manat məbləğ satıcının bank hesabına köçürülmüşdür və satıcı da həmin məbləğin 26694.92 (iyirimi altı min altı yüz doxsan dörd manat 92 qəpik) ƏDV hissəsini alıcının əvəzinə vergi orqanının müvafiq hesabına köçürmüş və bu barədə alıcıya (mənə) rəsmi yazılı arayış vermişdir. ƏDV geri qaytarılmasına dair portalı 2022-ci il oktyabr ayından müraciətlərə açılmışdır və bu tarixdən etibarən 90 gün ərzində dəfələrlə portal üzərindən müraciətlər etmiş, lakin hər dəfəsində satıcının VÖEN-i ilə əlaqədar texniki sistem xətası alınmışdır. Bu barədə vergi orqanına yazılı şəkildə çoxsaylı məktublar göndərilməsinə baxmayaraq əsası olmayan ziddiyətli izahatlar verilmiş, lakin problem aradan qaldırılmamışdır.. Cavabdeh iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və bildirmişdir ki, İddiaçı (xxxxxxx) müraciət edərək (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********585400 nömrəli) "xxxx" Şirkətindən (VÖEN:**********) 2022-ci ilin iyul ayında mənzil aldığını bildirmiş, lakin vergi uçot-baza məlumatlarına əsasən həmin dövr ərzində şirkətin beton, gips və sementdən sair məmulatların istehsalı (2369001) fəaliyyətinin olduğu müəyyən edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin xx.xx.2024-cü il tarixli **********145600 nömrəli məktubuna əsasən "xxxx" Şirkəti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 1116, X3 küçəsində xx.xx.2022-ci il tarixdə 1 ədəd 1 girişli 14 mərtəbəli və xx.xx.2022-ci il tarixdə 1 ədəd 1 girişli 14 mərtəbəli yaşayış binalarının təməl qoyması həyata keçirilmiş və hal-hazırda tikintisi başa çatdırıldığı bildirilmişdir. "xxxx" Şirkəti (VÖEN: **********) xx.xx.2022-ci il tarixdən faktiki olaraq bina tikintisi fəaliyyəti ilə məşğul olduğunu nəzərə alaraq, həmin tarixdən şirkətdən mənzil əldə etmiş vətəndaşların müraciəti üçün portalda texniki imkanın yaradılması ilə bağlı **********776600 nömrəli məktub ünvanlanmışdır. Vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə MTK ƏDV geri al ilə bağlı müraciət etmişdir, lakin aparılan araşdırmalar zamanı mənzilin tam dəyərinin satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, tələbin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan 013 nömrəli, 13 iyul 2022-ci il tarixli "AKA ŞİRKƏTİ" (sonradan "Şirkət" adlandırılacaq) və İddiaçı (sonradan "Alıcı" adlandırılacaq) arasında bağlanmış müqavilədən görünür ki, müqavilə ilə "Alıcı" tərəfindən mənzilin dəyəri (qiymətin razılaşdırılması protokolunda müəyyən olunmuş məbləğ) tam ödənildikdən sonra "AKA ŞİRKƏTİ"-nin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov 37 ünvanında inşa etdiyi binada yerləşən A bloku, 5-ci mərtəbə, 4 otaqlı, 138,55 m2 sahəsi olan 505 nömrəli mənzili pay hüququ əsasında "Alıcı" ya təhvil verilir. 01 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, S,S.Axundov 37 ünvanında yerləşən A bloku, 505 nömrəli mənzil üçün 175 000 manat ödəmişdir. "xxxx" Şirkətinin Dövlət Vergi Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 15 nömrəli məktubundan görünür ki, "xxxx" Şirkəti (VÖEN: **********) xx.xx.2006 - cı il tarixindəndən etibarən əlavə dəyər vergisi ödəyicisidir. 13 İyul 2022-ci il tarixdə İddiaçı (şəxsiyyət vəsiqəsi AA*******) "xxxx" Şirkətindən əlavə dəyər vergisi daxil olmaqla ümumi dəyəri 175000 (bir yüz yetmiş beş min) olmaqla mənzil satın almışdır. Bank vasitəsilə şirkətin hesabına köçürülmüş bu vəsaitdən 26694.92 (iyirimi altı min altı yüz doxsan dörd manat 92 qəpik) həcmində əlavə dəyər vergisi şirkət tərəfindən vergi orqanının müvafiq hesabına köçürülmüşdür. Həmçinin "xxxx" Şirkətinin xx.xx.2025-cü il tarixli arayışından görünür ki, "xxxx" şirkəti ilə vətəndaş İddiaçı arasında 13 iyul 2022 -ci il tarixdə mənzil alqı-satqısına dair 013 saylı müqavilə bağlanmışdır. Müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, alıcı "xxxx" şirkətinin ünvan 3 ünvanında inşa etdiyi yaşayış binasından aldığı mənzilin dəyərini tam ödəndikdən sonra həmin mənzilin sahibi olmaq hüququnu əldə etmiş olur. 13 iyul 2022 -ci il tarixdə tərtib edilmiş razılaşma protokoluna əsasən vətəndaş İddiaçı satılmış 4 otaqlı, sahəsi 138, 55 kv2 olan 505 saylı mənzilin dəyəri 175000 manat müəyyən edilmişdir. İddiaçı göstərilən məbləği 13 iyul 2022-ci 1 tarixdə "xxxx" şirkətinin bank hesabına ödəmişdir. "xxxx" şirkəti öz növbəsində həmin ayın ƏDV hesabatında göstərilən məbləğdən 26 694,91 AZN ayıraraq Dövlət büdcəsinə hesabat vermişdir. İşdən görünür ki, iddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********823100) "Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri- yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə” ilə cavabdehə müraciət etmiş, cavabdeh isə Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında **********512800 nömrəli, xx.xx.2025-ci il tarixli qərar ilə İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılmasını təmin etməmişdir. Qərar bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının 2 bank hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda Qaydanın 5.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və sənədləri skan edərək portala göndərir. Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə həmin Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. İddiaçı hazırda bu qərarı mübahisələndirərək, müvafiq ƏDV-nin ona geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Həmin maddənin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaya əsasən: - Bənd 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. - Bənd 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. - Bənd 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. - Bənd 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. - Bənd 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. - Bənd 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); - Bənd 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir. - Bənd 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir: 1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; - Bənd 5.1. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: - 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: - Bənd 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. - Bənd 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə. Qaydanın keçid müddəalarına görə - bənd 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: 6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə; 6.1.2. bu Qaydanın 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə. İşdən görünür ki, iddiaçı mübahisəli mənzili xx.xx.2022-ci il tarixli müqavilə əsasında "xxxx" şirkətindən əldə etmiş, xx.xx.2022-ci ildə mənzilin tam dəyəri şirkətin hesabına ödənilmişdir. İddiaçı həmin mənzilə görə ödənilmiş ƏDV-nin müvafiq hissəsinin ona geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə onun tələbini təmin etməkdən imtina edərkən:

1. yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyinə;

2. yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin satıcıya nağdsız qaydada tam şəkildə ödənildikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaratmaqla, elektron kabinet vasitəsilə müraciət edilməsinə istinad etmişdir. Məhkəmə iddiaçının ilk dəlili ilə bağlı qeyd edir ki, yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Bu hüquq birbaşa olaraq Vergi Məcəlləsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda da öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” nın 5.1.2-ci bəndində əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş ƏDV-in 30 faizini geri almaq hüququ yaranır. Məhkəmə qeyd edir ki, hər hansı hüququn, hazırkı vəziyyətdə ödənilmiş ƏDV-in 30 faizini geri almaq hüququnun realizə olunması üçün konkret zəmin olmalıdır. Belə ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında İqtisadiyyat Nazirliyinə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin edilməsi həvalə edilmişdir Fərmanın tələbinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq proqram təminatının, o cümlədən portalın yaradılması və istifadəyə verilməsindən sonra mümkündür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin rəsmi internet ünvanında (https://www.taxes.gov.az/az/post/2438) olan məlumatdan, eləcə də iş materiallarında əlavə edilmiş cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, ƏDV məbləğinin ayrıca ƏDV depozit hesabına ödənilməsini tənzimləyən elektron portal xx.xx.2022-ci il tarixdə istifadəyə verilmiş, mətbuatda xx.xx.2022-ci il tarixdə elan olunmuşdur. Qeyd edilən məlumatları rəhbər tutan məhkəmə bildirir ki, iddiaçı 2022-ci ilin iyul ayında ƏDV məbləğini ƏDV-siz məbləğlə birlikdə üçüncü şəxsin bank hesabına ödəniş edərkən elektron portal istifadəyə verilmədiyindən iddiaçının ƏDV məbləğini inzibati orqanın tələbinə uyğun ödəməsi texniki cəhətdən mümkün olmadığından, iddiaçı tərəfindən mənzilin dəyəri ödənilən zaman ƏDV məbləğinin ƏDV depozit hesabına deyil, satıcının bank hesabına ödənilməsi əsası ilə ƏDV-in 30 faizinin geri qaytarılmasından imtina etməsi qanuni hesab edilə bilməz (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1003/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı) Cavabdehin ikinci dəlilinə gəldikdə, işdən görünür ki, iddiaçı ilk dəfə xx.xx.2022-ci ildə ƏDV məbləğinin geri qaytarılması ilə bağlı cavabdehə müraciət etmiş, iddiaçının mənzil aldığı şirkətin fəaliyyət növü beton, gips və sementdən sair məmulatların istehsalı (2369001) olduğundan onun müraciəti qəbul edilməmişdir. Cavabdehin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması üzrə müraciət araşdırılır və nəticəsi barədə məlumat veriləcəkdir. Cavabdeh xx.xx.2024-cü il tarixli müraciətə cavab məktubunda isə qeyd etmişdir ki, "xxxx" Şirkətinin (VÖEN: **********) inşa etdiyi binanın təməlqoyması zamanı bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin ödəyicisi olduğundan, ƏDV-nin geri qaytarılması bu şəxslərdən əldə edilmiş yaşayış sahələrinə şamil edilmir. Göründüyü kimi, bina satıcının fəaliyyət növü fərqli olduğundan iddiaçının portal vasitəsilə müraciəti mümkün olmamış, yalnız xx.xx.2024-cü ildə portal vasitəsilə elektron müraciət etməsi mümkün olduğundan, cavabdeh də həmin müraciətə münasibətdə Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında **********512800 nömrəli, xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etməməsi onun təqsirli davranışı əsasında baş vermədiyindən, iddiaçının yalnız xx.xx.2024-cü il tarixdə elektron müraciət etməsinə texniki imkan yaradılmasını təkzib edən sübutlar cavabdeh tərəfindən təqdim edilmədiyindən bu dəlil əsaslı hesab edilə bilməz. Belə olan halda isə, aydındir ki, hazırkı halda iddiaçı tərəfindən 505 saylı mənzilin tam dəyərinin nağdsız qaydada satıcıya ödəməsi öz təsdiqini tapdığından onun cavabdehdən ƏDV-nin 30 faizinin qaytarılmasını tələb etmək hüququ mövcuddur. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********512800 nömrəli qərarı ləğv edilsin. "xxxx" Şirkəti ilə bağlanmış 13 iyul 2022-ci il tarixli 013 nömrəli müqaviləyə əsasən alınmış ünvan 4 ünvanında yerləşən 505 saylı mənzilə görə ödənilən 175000 manat pulun ƏDV hissəsinin 30 faizinin İddiaçı qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar