Məhkəmə qərarları › İş №e-2-1(112)-7048/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7048/2025

18.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7048/2025 18.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzillərin fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınması və digər” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 18 oktyabr 2022-ci il tarixli, ********** qeydiyyat və **********14-05101-093001 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin; Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 28 oktyabr 2024-cü il tarixli, ********** qeydiyyat və **********14-05101-093002 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzilin fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınması və 0,0679 ha həyətyanı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə vahid daşınmaz əşya kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaklara dair dövlət reyestrindən çıxarışda “mənzil” qeydinin çıxarılaraq əvəzinə, “fərdi yaşayış evi” qeydinin aparılması, yaşayış evinin, yardımçı tikilinin və yerləşdikləri 0,728 ha torpaq sahəsinin texniki pasportda əks etdirilməklə yenidən rəsmiləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaklara dair dövlət reyestrindən çıxarışda “mənzil” qeydinin çıxarılaraq əvəzinə, “fərdi yaşayış evi” qeydinin aparılması, fərdi yaşayış evinin yerləşdiyi 0,0728 hektar torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeyd edilməsi və həmin daşınmaz əmlaka dair texniki pasportun yenidən tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 75/6 nömrəli, 16 may 2011-ci il tarixli icarə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən, yaşayış sahəsi 24. kvadrat metr olan 2 otaqlı, 33 saylı evin (fin tipli) icarədarı X3 ölümü ilə əlaqədar xx.xx.2000-ci il tarixdə qeydiyyatdan çıxarıldığı, bundan sonra həmin evdə 1991-ci ildən pasport qeydiyyatında oğlu X1 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qızı) birlikdə yaşadığı, daha sonra vətəndaş T.N.Əlləzovun Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək mənzilin əsas icarədarının ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmasını nəzərə alaraq göstərilən yaşayış sahəsinin icarə müqaviləsini öz adına dəyişdirilməsini xahiş etdiyi və həmin evin icarədarı hesab olunduğu müəyyən olunur. 120 saylı “Dövlət və ictimai fondu evlərində yaşayış sahəsinin kirayəsi” haqqında Birtipli Müqaviləyə əsasən, kirayəyə verən Bakı şəhəri Nizami rayonu 120 saylı MKİS tərəfindən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 33 ünvanında yerləşən və ümumi sahəsi 24 kvadrat metr olan yaşayış sahəsi kirayəçi X2 (özü,arvadı, oğlu və qızı) müddətsiz istifadə üçün verilmişdir. Bundan sonra kirayəçi X4 ilə iddiaçı arasında bağlanmış 24 sentyabr 2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 33 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. 28 oktyabr 2024-cü il tarixli, ********** qeydiyyat və **********14-05101-093002 reyestr nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42.30 kvadrat metr olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Beləliklə, iddiaçının mülkiyyətində ümumisahəsi 0.0679 hektar olan torpaq sahəsində sahəsi 42.30 kvadrat metr və 24 kvadrat metr olan iki ev mövcuddur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən əmlak ilə bağlı cavabdehə müraciət etmiş və onun müraciəti cavablandırılmışdır. İddiaçının ünvan 2 ünvanında yerləşən əmlak ilə bağlı cavabdehə müraciəti daxil olmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 2 ədəd mənzil bir-biri ilə qonşudurlar, mənzillər bir mərtəbəli, dranka tipli binanın 1-ci mərtəbəsində yerləşir. Mənzilləri qarşısında və arxasında torpaq sahələri hasarlanmış və həmin sahələrdə 1 mərtəbəli yaşayış və köməkçi tikililər inşa edilmişdir. Elektron baza məlumatlarına əsasən torpaq dövlət mülkiyyəti torpağıdır. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair müvafiq siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən müayinə zamanı müəyyən olunmuşdur ki, mənzillərin ümumi sahəsi 80.8 kv.m, istifadədə olan torpaq sahəsi isə 675 kv.m təşkil edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən 1 saylı mənzillərə dair müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 33, mənzil - iddiaçının xüsusi mülkiyyətindədir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 2 iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdehin xx.xx.2025-ci il tarixli məktub ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən mənzil və Əlif Hacıyev küçəsi 33 ünvanında yerləşən 1 saylı mənzil birmərtəbəli dranka tipli binanın 1-ci mərtəbəsində yerləşir. Hər iki mənzil bir binada yerləşir və divar qonşusudur. Mənzillər arasında olan divar qonşu mənzillə müştərəkdir. Hər iki mənzilin qarşısında və arxasında olan torpaq sahələri hasarlanmış ayrı giriş-çıxışı vardır. Mənzillərə bitişik əlavə sahələr tikilmişdir. Əlavə sahələr qeydiyyatdan keçməmişdir. İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən mənzilin ümumi sahəsi 38,5 kv.m (2 otaq yaşayış sahəsi 24,1 kv.m, köməkçi sahə 14,4 kv.m) olmaqla hündürlüyü 2,7 metrdir (mənzilin ətrafında 331.5 kv.m torpaq sahəsi istifadəsindədir). Əlif Hacıyev küçəsi 33 ünvanında yerləşən 1 saylı mənzilin ümumi sahəsi isə 42,3 kv.m (2 otaq yaşayış sahəsi 18,6 kv.m, köməkçi sahə 23,7 kv.m) olmaqla hündürlüyü 3 metrdir (mənzilin ətrafında 347.5 kv.m torpaq sahəsi istifadəsindədir). Qeyd olunan torpaq sahələrində birmərtəbəli köməkçi tikililər tikilmişdir. Qeyd olunan torpaq sahələrinin koordinatları və mənzillərin yerləşməsini əks etdirən izahlı sxem rəyə əlavə olunmuşdur. Qeyd olunanlarla bağlı torpaq sahələrinin koordinatları və həmin yaşayış sahələrinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüləri, konfiqurasiyası, koordinatlarının naturada yerləşmə vəziyyətini əks etdirən izahlı sxem rəyə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən yaşayış sahələrinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4934 saylı ekspert rəyində göstərilmişdir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 33, - mənzilin yerləşdiyi torpaq sahəsi 0,037 hektar və Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 33, 1 saylı mənzilin yerləşdiyi torpaq sahəsi 0,035 hektar olmaqla ümumilikdə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0,072 hektar müəyyən edilmişdir. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 33 və Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 33, 1 saylı mənzillərin yerləşdiyi torpaq sahəsi hasar daxilində yerləşməklə faktiki vəziyyət üzrə hər hansı üst-üstə düşmə halı mövcud deyil. Həmin torpaq sahəsinin koordinatlarının digər şəxslərin qanuni istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşüb-düşməməsinın müəyyən edilməsi məsələsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyil. Qeyd olunan məsələ İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə sorğu verməklə müəyyən edilə bilər. Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 33 və Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 33, 1 saylı mənzillərin yerləşdikləri (iddiaçının faktiki istifadəsində olan) torpaq sahəsini üzrərində yerləşən mənzillər bir dam altında yerləşdiyindən həmin mənzilləri vahid əmlak kimi qəbul edildikdə fərdi yaşayış evinin xüsusiyyətlərinə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona məxsus iki mənzilin çıxarışda vahid əmlak kimi “fərdi yaşayış evi” olaraq qeyd edilməsini və onların yerləşdiyi torpaq sahəsinin texniki pasportda əks etdirilməklə yenidən rəsmiləşdirilməsini xahiş etmişdir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir (135.4.).Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir (135.9.). Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir (135.10.). Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (139.3.). Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir (139.4.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Maddə 152.1). Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (bundan sonra – Mənzil Məcəlləsi) göstərilmişdir ki, yaşayış sahələrinə aşağıdakılar aiddir: yaşayış evi, yaşayış evinin hissəsi; mənzil, mənzilin hissəsi; otaq; bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri (13.1.). Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir (13.2.). Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir (13.3.). Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir (13.4.). Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır (16). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). Hazırkı iddia tələbində iddiaçı ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaklara dair dövlət reyestrindən çıxarışda “mənzil” qeydinin çıxarılaraq əvəzinə, “fərdi yaşayış evi” qeydinin aparılması, yaşayış evinin, yardımçı tikilinin və yerləşdikləri 0,728 ha torpaq sahəsinin texniki pasportda əks etdirilməklə yenidən rəsmiləşdirilməsini xahiş edir. Cavabdehin imtinasının əsasını o təşkil edir ki, iddiaçı birinci mənzillə bağlı məhkəməyə müraciət etsə də, digər mənzillə bağlı müraciəti daxil olmamışdır. Elektron baza məlumatlarına əsasən torpaq dövlət mülkiyyəti torpağıdır. Fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair müvafiq siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Mənzillərin ümumi sahəsi 80.8 kv.m, istifadədə olan torpaq sahəsi isə 675 kv.m təşkil edir. İlk öncə qeyd edilməlidir ki, cavabdehin qeyd etdiyi əsaslar iddiaçının tələbindən imtina üçün əsas deyildir və formal xarakterə malikdir. Belə ki, sözügedən hər iki mənzilin bir dam altında yerləşməsi iş materilları ilə təsdiq edilir. Belə olan halda iddiaçının hər iki mənzilə görə cavabdehə ayrı-ayrılıqda müraciət etməli olması zəruri deyildir. Digər tərəfdən, qanunvericiliyin tələblərindən də göründüyü kimi vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İşdən müəyyən edilir ki, iddiaçının sözügedən mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı var və həmin mənzillər onun xüsusi mülkiyyətindədir. Eyni zamanda Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən müddəalarından görünür ki, yaşayış sahəsinin mənzil statusuna malik olması üçün onun çoxmənzilli binanın tərkib hissəsinə daxil olmaqla, onun ayrıca strukturca ayrıca sahəsi olmalıdır. Fərdi müəyyən edilmiş yaşayış sahəsi isə fərdi yaşayış evidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus iki mənzil eyni ünvanda bir mərtəbəli, ayrıca giriş-çıxışı olan, faktiki olaraq vahid yaşayış evi kimi istifadə edilən tikilidə yerləşir və vahid yaşayış məqsədinə xidmət edir. Bu hal uzun müddət ərzində mövcuddur və faktiki istifadə rejimi fərdi yaşayış evi rejiminə uyğundur. Həmin əmlak formal olaraq “mənzil” adlandırılsa da, mahiyyət etibarilə fərdi yaşayış evi xüsusiyyətləri daşıyır. Belə ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4934 saylı ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 33 və Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsi, ev 33, 1 saylı mənzillərin yerləşdikləri (iddiaçının faktiki istifadəsində olan) torpaq sahəsini üzrərində yerləşən mənzillər bir dam altında yerləşdiyindən həmin mənzilləri vahid əmlak kimi qəbul edildikdə fərdi yaşayış evinin xüsusiyyətlərinə uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 29-1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Göründüyü kimi sözügedən mənzillərin məhz mənzil kimi yox, fərdi yaşayış evi xüsusiyyətlərinə malik olması müvafiq ekspert rəyi ilə təsdiq olunur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İddiaçının xüsusi mülkiyyətində olan mənzillərin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, iddiaçının yaşayış sahəsinin tərkib hissəsinə çevrilməklə onun istifadəsindədir. Həmin torpaq sahəsi digər şəxslərə məxsus olan torpaq sahələri ilə üstüstə düşmür və hər hansı şəxsə məxsus olan sahə iddiaçı tərəfindən zəbt edilməmişdir. Həmçinin, mənzilin və torpağın sahəsinin nə qədər təşkil etməsi hazırkı iş üzrə mübahisə predmeti deyildir və iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmaq üçün əsas sayıla bilməz. İddiaçı tiddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizədə torpaq sahəsinin ölçüsünü 728 kv.metr kimi göstərsə də, məhkəmə bunu texniki səhv kimi qiymətləndirir və hesab edir ki, torpaq sahəsinin ekspert rəyində göstərilən ölçüsü əsas görtürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaklara dair dövlət reyestrindən çıxarışda “mənzil” qeydinin çıxarılaraq, əvəzinə “fərdi yaşayış evi” qeydinin aparılması, fərdi yaşayış evinin yerləşdiyi 0,0720 hektar torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeyd edilməsi və həmin daşınmaz əmlaka dair texniki pasportun yenidən tərtib edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaklara dair dövlət reyestrindən çıxarışda “mənzil” qeydinin çıxarılaraq əvəzinə, “fərdi yaşayış evi” qeydinin aparılması, fərdi yaşayış evinin yerləşdiyi 0,0720 hektar torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun qeyd edilməsi və həmin daşınmaz əmlaka dair texniki pasportun yenidən tərtib edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar