Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7051/2025 11.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-1/2-M-213/2025 nömrəli məktub ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş SOCAR “Sosial İnkişaf İdarəsi”nin iddiaçıya dair 20 dekabr 2024-cü il tarixli 14-2-10/2-M- 18-1/2024 nömrəli arayışlarında 1983-1998-ci illər arasındakı dövr ərzində “Azərdənizneftinşaat” trestinin Mənzil Kommunal Kontorunda qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə elektriklə və ya qazla qaynaq aparıb-aparmadığı barədə hər hansı məlumat qeyd olunmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Təqdim edilmiş sənədlərdə qeyd olunmuş məlumatlara əsasən, ümumi iş stajı 25 ildən az (19 il 4 ay 17 gün (xx.xx.1980- xx.xx.1982-ci il, xx.xx.1982- xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra 2 il 3 ay)) təşkil edir, güzəştli iş stajı isə müəyyən etmək mümkün deyildir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20425,75 manat təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsi və xx.xx.2022-ci il tarixdən iddiaçının almalı olduğu pensiya məbləğinin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı “Azərdənizneftinşaat” trestinin Mənzil Kommunal Kontorunda xx.xx.1983-cü il tarixli, 66/k saylı əmr ilə qaynaqçı peşəsinə işə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixli, 5/k saylı əmrə əsasən qaynaqçı işindən öz xahişi ilə azad olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarına uyğun olaraq qaynaqçı peşəsi zərəli işlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci “Ümumi peşələr” bölməsinə əsasən qaynaqçı (qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları) kimi zərərli işə görə 14 il, 5 ay, 26 gün əmək stajı vardır. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə əmək pensiya hüququ xx.xx.2022-ci il tarixdən yaranmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdehə müraciət etmiş və 25 dekabr 2024-cü il tarixdə ərizəsi cavabdehə təqdim edilmişdir. Müraciətinə qoşma kimi təqdim etdiyi arayışlarda işlədiyi vəzifə və sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarına əsasən konkret olaraq göstərilmiş, həmçinin həmin vəzifəninin mahiyyəti konkret olaraq izah edilmişdir. Bununla belə əmək stajının, iş yerinin, vəzifənin, ümumilikdə əmək pensiyasının müəyyən olunmasının hüquqi əsası, kök sənəd əmək kitabçasıdır. Lakin zəruri sənədlərlə birlikdə müraciət etməsinə baxmayaraq xx.xx.2025-ci il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi təqdim edilən sənədlərdə əl ilə elektriklə və ya qazla qaynaq aparıb- aparmamağı barədə hər hansı məlumat qeyd edilmədiyi bildirilmişdir. Təqdim etdiyi arayışda göstərilmişdir ki, 1983-1998-ci illərdə “Azərdənizneftinşaat” trestinin Mənzil Kontorunda çalışdığı “qaynaqçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında” (“35.Ümumi peşələr” bölməsində: qaz qaynaqçıları, əl ilə qaynaq aparan elektrik qaynaqçıları) nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.1983-cü il tarixli ali təhsil haqqında diplomunda da iddiaçının ixtisası elektrik qaynaqçısı kimi təsbit edilmişdir. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalınin əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ümumi əsaslarla pensiya təyin olunan şəxslərə aiddir. Əsas şərt AR NK-nin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarında göstərilən zərərli istehsalatlarda, peşələrdə, vəzifələrdə və göstəricilərin birində minimum 12,5 il sığorta stajına malik olmasıdır ki, iddiaçıda bu sığorta stajı 14 il, 5 ay, 26 gündür. Güzəştli şərtlərlə pensiya təyinatı üçün ikinci şərt isə sığortaolunanın “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində göstərilən şərtlər daxilində yaş həddinə çatmasıdır ki, iddiaçının 60 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə görə Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İddiaçının güzəştli şərtlərlə pensiya stajı bu qanun qüvvəyə minənə qədər (xx.xx.2006-cı il) 1983-1998-ci illərdə yaranmışdır və ona pensiya təyin olunarkən istinad edilən qanunun 27.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Nəticə etibarı ilə cavabdehin həmin hala, yəni pensiya kapitalına münasibətdə imtinası da tamamilə əsassızdır. Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, iş materiallarından və iddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, hüquqi marağı ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, 60 yaşı xx.xx.2022-ci il tarixdə tamamlanmış və müvafiq şərtdi ödəmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR “Sosial İnkişaf İdarəsi’’nin 20 dekabr 2024-cü il tarixli 14-2-10/2-M-18-1/2024 nömrəli arayışında 1983- 1998-ci illər arasındakı dövr ərzində “Azərdənizneftinşaat” trestinin Mənzil Kommunal Kontorunda qaynaqçı peşəsində işlədiyi qeyd olunsa da, sözügedən arayışda qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə elektriklə və ya qazla qaynaq aparıb-aparmadığı barədə hər hansı məlumat qeyd olunmamışdır. İddiaçının işlədiyi qaynaqçı vəzifəsi müvafiq Siyahıda nəzərdə tutulmuş qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20425,75 manat təşkil edir. İddiaçı ümumi iş stajı 25 ildən az (19 il 4 ay 17 gün (xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövrlər və xx.xx.2006-cı il tarixdən sonra 2 il 3 ay daxil olmaqla)) olmaqla mövcud tələblərə cavab vermir. Cavabdehin 10 iyul 2025-ci il tarixli məhkəməyə təqdim etdiyi etiraza əlavədə isə qeyd etmişdir ki, müvafiq iş üzrə 5 may 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikasının Ucar rayonu İcra Hakimiyyəti başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 fevral 2025-ci il tarixli 5-80-20/2- 26/2025 nömrəli arayışı təqdim edilmişdir. Həmin arayışın məzmunundan görünür ki, X1 2000-ci il tarixindən vəfat etdiyi 16 noyabr 2012-ci il tarixinədək oğlu İddiaçı tərəfindən himayə və qayğı göstərmiş, müalicə və müayinə xərcləri qarşılanmışdır. İddiaçının hazırki halda müvafiq arayışı təqdim etməkdə hüquqi marağı ahıl atasına qulluq etdiyini iddia etdiyi illərin ümumi stajına daxil edilməsindən ibarətdir. İddiaçının iddiasında olduğu qulluq dövrünün onun ümumi stajına daxil edilməsi ilə bağlı təqdim etdiyi sənəd əmək pensiyalarının təyin olunması zamanı sığorta stajının hesablanması qaydalarını tənzimləyən qanunvericilik normalarının tələblərinə cavab vermir. İddiaçının vəfat etmiş atasına qulluq etdiyi dövrün onun ümumi stajına daxil edilməsi üçün ilk növbədə bunu təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcudluğu əsas şərtdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi məcburetmə haqqında hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmiş, inzibati orqan bu müraciəti təmin etməkdən imtina etmiş, iddiaçı imtina məktubunu aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddiaçının ona pensiya təyin edilməsini xahiş etdiyi xx.xx.2022-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeydinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2022 - 30 iyun 2023-cü il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır. Beləliklə, qanunvericiliyin istinad olunan normalarından görünür ki, xx.xx.2022-ci il tarixdə aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilərdi:
1. 60 yaşının tamam olması;
2. azı 25 il sığorta stajına malik olması;
3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; İş materiallarından görünür ki, göstərilən tələblər iddiaçı tərəfindən ödənilmir. İ tələb üzrə: Belə ki, işdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İİ tələb üzrə: İşdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1980xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. B №668564 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1982-ci ildə Bakı şəhəri 11 nömrəli orta şəhər texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1983-cü ildə elektrik qaynaqçısı peşəsi üzrə texniki məktəbin tam kursunu bitirmişdir. İddiaçıya məxsus xx.xx.1983-cü il tarixli ******* nömrəli əmək kitabçasından görünür ki, o, xx.xx.1983-xx.xx.1998-ci illərdə “Azərdənizneftinşaat” trestinin Mənzil Kommunal Kontorunda qaynaqçı peşəsində, xx.xx.2020-xx.xx.2022-ci illərdə "xxxx" MMC-də mexahik və mühəndis vəzifələrində işləmişdir. SOCAR-ın xx.xx.2024-cü il tarixli, 14-2/2-M-4187-1/2024 nömrəli arxiv arayışından görünür ki, SOCAR-ın Mərkəzi Arxivində saxlaınlan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı iş stajı aşağıdakı kimidir: - xx.xx.1983-cü ildə “Azərdənizneftinşaat” trestinin Mənzil Kommunal Kontoruna 4-cü dərəcəli qaynaqçı peşəsinə işə qəbul edilmişdir. - xx.xx.1983-cü ildə qaynaqçı cari təmir qrupundan əsaslı təmir qrupuna keçirilmişdir. - 03.11.1989-cu ildə 4-cü dərəcəli qazqaynaqçısına 5-ci dərəcə verilmişdir (şəxsi vərəqədə və əmək haqqı cədvəlində peşəsi qaynaqçı olaraq göstərilmişdir). - xx.xx.1998-ci ildə qaynaqçı Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. Məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək iş stajı ilə bağlı qeyd edir ki, həmin dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... İstinad olunan normaların tələblərini və yuxarıda adı çəkilən sənədləri nəzərə aldıqda, məlum olur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 17 il 1 ay 20 gün ümumi iş stajı olmuşdur. xx.xx.2006-cı il tarixdən sonrakı dövrə aid staja gəldikdə, məhkəmə qeyd edir ki, ƏPQ-nin 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İşdən görünür ki, iddiaçının xx.xx.2006-cı ildən sonra 2 il 2 ay 14 gün sığorta stajı vardır Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 19 il 4 ay 4 gün ümumi iş stajı mövcud olmuşdur, hansı ki, qanunvericiliklə tələb olunan müddətdən azdır. Deməli, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci şərti, ümumi sığorta stajı tələbini ödəmir. İddia ərizəsindən və məhkəmə iclasında iddiaçı tərəfin verdiyi izahatdan görünür ki o, 2000-2012-ci illərdə ahıl şəxs olan atası, 1924-cü il təvəllüdlü X1 qulluq etdiyi müddətin də ümumi sığorta stajına daxil edilməklə pensiya təyin edilməsini xahiş edir. İddiaçının təqdim etdiyi Ucar rayonu İcra Hakimiyyəti Başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 fevral 2025-ci il tarixli, 5-80-20/2-26/2025 nömrəli arayışdan görünür ki, Ucar rayon Bərgüşad kənd sakini olmuş X2 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. 2000-ci ildən vəfat etdiyi anadək yəni xx.xx.2012-ci il tarixdək ona oğlu İddiaçı himayə və qayğı göstərmişdir. Həmin illiərdə ahıl yaşlı Nəsrəddin Məhərrəmovun bütün müalicə və müayinəsi oğlu İddiaçı tərəfindən qarşılanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, ƏPQ-nin 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir) müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə və ya əlilliyi olan uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən: -bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:
1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;
3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; İşdən görünür ki, idiaçının qulluq etdiyi şəxs vəfat etmiş, Qaydanın 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə olan halda məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçının atasına qulluq etdiyi 2000-2012-ci illərin sığorta stajı kimi qəbul edilməsi üçün qanuni qüvvəyə minmiş qərarı təqdim edilməlidir. Hazırkı halda belə bir qərar təqdim edilmədiyindən, həmin dövrlər iddiaçının ümumi sığorta stajına daxil edilə bilməz. Bu isə o nəticəyə gəlmək üçün əsasdır ki, iddiaçının xx.xx.2022-ci il tarixədək ümumi iş stajı 25 ildən az olduğundan, onun hazırkı məzmunda tələbi təmin edilməməlidir (iddiaçı ikinci tələbi ödəmədiyindən üçüncü tələbə qiymət verilmə zərurəti aradan qalxır). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona 60 yaşdan pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova