Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7080/2025 23.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh inzibati orqanın üzərinə onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmağından imtina edilməsi ilə bağlı inzibati aktın ləğv edilməsi, eləcə də onun yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmağı ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh orqan üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh tərəfindən onun, 2023-cü il sentyabrında Qarabağda mövcud qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş “Anti-terror əməliyyatları”nın iştirakçısı və qazisi İddiaçı hüquqları kobud surətdə pozulmuş, bu da iddia ərizəsi ilə məhkəməyə müraciət etməyimi şərtləndirmişdir. Aşağıda qeyd olunan işin faktiki halları cavabdeh inzibati orqan tərəfindən, həqiqətən də, inzibati icraatın prinsiplərinin kobud surətdə pozulduğunu, işin hallarının tam və hərtərəfli araşdırılmadan, əsassız formada mənim yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmağımdan imtina edilməsi barədə qanunsuz Qərar qəbul edildiyini təsdiq etməkdədir. İddiaçı xx.xx.2005-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuşam. 2022-ci ildə “Nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası üzrə əyani təhsilalma formasında Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kollecinə qəbul olmuşdur. Həmin kollecdə birinci ilini müvəffəqiyyətlə başa vurduqdan sonra 2023-cü ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Həmin ilin sentyabr ayında Qarabağdakı qondarma erməni hərbi birləşmələrinə qarşı keçirilmiş lokal xarakterli “Antiterror əməliyyatları”-nda aktiv surətdə iştirak etmişdir. Belə ki, həmin əməliyyatlar zamanı Ağdam, Ağdərə istiqamətində döyüşərək Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, konstitusion quruluşunun müdafiəsi uğrunda yaralanmışdır. Aldığı yaralarla əlaqədar Ağdaş Rayon Mərkəzi Xəstəxanasında, daha sonra aldığım xəsarətlərin ağırlaşması ilə əlaqədar Müdafiə Nazirliyinin Hərbi Xəstəxanasında yatmışdır. 2024-cü ilin aprel ayında hərbi xidmətə yararsız kimi təxris edilmişdir. Daha sonra əlilliyinin müəyyən olunması üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Həmin müraciətinə uyğun olaraq Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzində əyani müayinə olunmuş və müayinənin nəticəsinə uyğun olaraq əlilliyim təsdiq olunmuşdur. 2022-ci ildən etibarən faktiki yaşayış yeri Bakı şəhəri olmuşdur. Yaşayış yeri haqqında AR qanunvericiliyinin tələblərinə uyğun formada yaşayış yeri üzrə qeydiyyatı 2024-cü ilin sentyabrında Biləsuvar rayonu Dəvrişli kəndindən ünvan 1 ünvanına uyğun olaraq dəyişdirilmişdir. Hazırda yaşayış yeri üzrə sonuncu qeyd olunan ünvanda qeydiyyatdadır. Daha sonra o, AR Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında 25 yanvar 2021-ci il tarixli, 2449 nömrəli Sərəncamından xəbərdar olmuş, sosial-iqtisadi şəraitini yaxşılaşdırmaq, qanunvericilikdə təsbit olunmuş hüquqlarımdan istifadə etmək məqsədilə yerli icra hakimiyyəti orqanında yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmağım üçün müraciət etmişdim. Lakin Bakı Şəhəri Cavabdeh işin hallarını tam və hərtərəfli formada araşdırmadan AR Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad etməklə mənum yaşayıış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmağı ilə bağlı müraciətinə təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Xətai rayon İcra Hakimiyyəti iddia tələbi ilə razı deyil. Belə ki, İddiaçı iddia ərizəsində yaşayış yeri üzrə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə alınması vəzifəsinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsini xahiş etmişdir. Araşdırma zamanı, İddiaçı xx.xx.2024-cü il tarixdən vətəndaş X9 məxsus ümumi sahəsi 80.90 kv.m olan Xətai rayonu, N.Tusi küçəsində yerləşən 49D nömrəli evin, 99 saylı mənzilinə daimi qeydiyyata düşməklə mənzil şəraitini süni sürətdə pisləşdirdiyi müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Eyni zamanda bildiririk ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 17-ci bəndinin 3-cü hissəsinə əsasən mənzilə ehtiyyacı olan hesab edilmiş vətəndaşlar, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyyacı olanların uçotuna bu şərtlə götürürlər ki, son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və bunu pasport qeydiyyatı təsdiq etsin. Yuxarıda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya istemindən əldə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli “Əlillik haqqında arayış”da göstərilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə müayinə olunmuş və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyününü, müstəqilliyinin, və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədardır. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zodolonmalər, Partlayış travması (20.09.23). Keçirilmiş sol aşağı ətrafın güllə yaralanmasından sonrakı vəziyyət, baldır səviyyəsində sinirlərin travması. Postravmatik N.Peronens, İncik sinirinin neyropətiyası. Sol aşağı ətrafın distal monoplegiyası, pəncə İflici, stepaj. Yerişin pozulması. Üzvi mənşəli labil pozuntu. Koqnitiv funksiyaların enməsi ilə. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əməmk və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli “Sosial müavinət və təqaüd haqqında arayış”-da göstərilmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdən müavinət qrupu: orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs, müavinət növü: hərbi xidmət dövründə xəstələnmə olmaqla, 150.0 manat, xx.xx.2024-cü il tarixdən müavinət qrupu: orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs, müavinətin növü: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla 150.0 manat, xx.xx.2024-cü il tarixdən müavinət qrupu: orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs, müavinətin növü: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olmaqla 330.0 manat sosial müavinət məbləği təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Xətai rayon Xətai Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 03/Q1460 nömrəli Aayışda göstərilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan X1 ondan otrü ki, ona və ailə uzvu olan X2 Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmayıb. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın dövlət reyestrindən Arayışda göstərilmişdir ki, İddiaçı adına Respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı Asan Xidmət X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/09/S/107911-24 nömrəli arayışda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumat aşkar edilmişdir: 1) Atası: X6, 2) X4. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-11416/2025 nömrəli məktubunda göstərilmişdir ki, X3 adına Biləsuvar rayonu, Dərvişli kəndində yerləşən 3.6897 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN : 69 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X3 adına Biləsuvar rayonu, Dərvişli kəndində yerləşən 0.2 ha yaşayış məntəqələrinin torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN:39A torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. Sorğuda qeyd olunan digər şəxslərin adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-7180/2025 nömrəli məktubunda göstərilmişdir ki, qeyd etdiyiniz Baki şəhəri, ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilməmişdir. Göstərilən məlumatlara uyğun Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2942Q, ev 49D, giriş 2,mənzil 99 (Yeni qaydalarla : ünvan 4 ünvanında xx.xx.2005-ci il təvəllüdlü İddiaçı, xx.xx.1976-cı il təvəllüdlü X4, xx.xx.2004-cü il təvəllüdlü X12 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-7699 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Biləsuvar rayonu, Dərvişli kəndində. xx.xx.2022-ci il tarixdən hazırki vaxtadək ünvan 5 ünvanında qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-13471/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, məhəllə 2942Q, ev 49D, giriş 2, mənzil 99 (yeni qaydalarla: AZ1126, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 80.9 kv.m olan **********47-05301-093136 reyestr nömrəli mənzil xx.xx.2024-cü il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 4593 nömrəli reyestr kitabıın 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı Texniki Kolleci tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 92 nömrəli Arayışdan görünür ki, İddiaçı Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecini “nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası üzrə 2022/2023-cü tədris ilində qəbul olmuşdur. Hazırda İİ kurs, 164 saylı qrupda əyani formada təhsil alır. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinin bağlanması bildirişlərindən görünür ki, İddiaçı adına Niaqara restoranında ofisiant vəzifəsində müddətsiz əmək müqaviləsi (əlaə iş yeri) bağlanmış, işə başlama tarixi xx.xx.2022-ci ildir. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinin bağlanması bildirişlərindən görünür ki, İddiaçı adına Kənan şadlıq sarayında ofisiant vəzifəsində müddətsiz əmək müqaviləsi bağlanmış (əss iş yeri), işə başlama tarixi xx.xx.2022-ci ildir. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, araşdırma zamanı sizin xx.xx.2024-cü il tarixdən vətəndaş X9 məxsus ümumi sahəsi 80.90 kv.m olan Xətai rayonu, N.Tusi küçəsində yerləşən 49D nömrəli evin 99 saylı mənzilinə daimi qeydiyyata düşməklə mənzil şəraitinizi süni sürətdə pisləşdirdiyiniz müəyyən edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol verilmiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən 5 ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilərlər. Yuxanda qeyd olunanlara və qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq Sizin xahişinizi təmin etmək imkanımız xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar xx.xx.2025-ci il tarixədək üçüncü dərəcə əlildir. İddiaçı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, məhəllə 2942Q, ev 49D, giriş 2,mənzil 99 (Yeni qaydalarla : ünvan 4 ünvanında qeydiyyatda olmaqla, dami qeydiyyatda olduğu Xətai rayon İcra Hakimiyyətinə yaşayış yeri üzrə uçota alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan iddiaçının qeydiyyata alınma ilə bağlı məlumatı əsas götürüərək Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad edərək müraciətin təminindən imtina etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtinası ilə razılaşmır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə mьəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçılarına dövlət mənzil fondunun yaşayış və qeyriyaşayış sahələrinin saxlanılması və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. -51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. -51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. -51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. -51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. ““Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. İşin hallarından görünür ki, cavabdeh iddiaçının mənzil növbəliyinə qəbuldan imtina edərkən onun xx.xx.2024-cü il tarixdən Xətai rayonu, N.Tusi küçəsində yerləşən 49D nömrəli evin 99 saylı mənzilinə daimi qeydiyyata düşərək mənzil şəraitini süni sürətdə pisləşdirdiyi əsas götürməklə Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinadən müraciətin təminindənən imtina etmişdir. Belə ki, Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ şəxsin özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirdiyi halda mümkündür. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin təqdim etiyi məlumata görə İddiaçı xx.xx.2022ci il tarixdən hazırki vaxtadək ünvan 5 ünvanında qeydiyyatda olsa da qeydiyyatda olduğu ünvan vətəndaş X9 mülkiyyət hüququ üzrə məxsusdur. İddiaçının qeydiyyatda olduğu mənzil özünün və ya ailə üzvlərinin mülkiyyətində olmadığı, yalnız həmin ünvanda qeydiyyatda qalması iddiaçının həmin mənzilə əmlak hüququnun olması hesab edilmədiyindən və müraciət etdiyi tarixə qədər mülkiyyətində olan hər hansı yaşayış sahəsini özgəninkiləşdirmədiyindən, bu hal onun sosial müdafiəyə ehtiyac olma meyarına təsir etmir və Mənzil Məcəlləsinin 52-ci maddəsinin təsiri altına düşmür. Halbuki, iş materiallarından görünür ki, iddiaçının pasport qeydiyyatı 2022-ci ildən Bakı şəhəri olsa da Bakı şəhəri ərazisində daimi yaşaması müəyyən olunur. Belə ki, iş üzrə təqdim olunmuş sübutlarla müəyyən olunur ki, iddiaçı Bakı şəhərində əmək müqavilələri ilə işləmiş, anası ilə bərabər ünvan 5 ünvanında qeydiyyatdadır. İddiaçı Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecini “nəqliyyat vasitələrinin texniki istismarı” ixtisası üzrə 2022/2023-cü tədris ilində qəbul olmuş, ahzırda da İİ kurs, 164 saylı qrupda əyani formada təhsil alır. Hazırkı halda iddiaçının adına respublika ərazisində hər hansı əmlaka olan hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Beləliklə, iddiaçının Bakı şəhəri ərazisində faktiki və daimi yaşadığı sübut olunduğundan onun Bakı şəhərində qeydiyyatda olduğu ünvan üzrə əlilliyinin qüvvədə olduğu müddətdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması mümkündür. Cavabdeh daimi yaşama ilə bağlı işin yuxarıda qeyd edilən hallarını, eləcə də Mənzil Məcəlləsinin 51.3-cü maddəsinin tələbinə uyğun olaraq -qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşların uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, həm də digər yer üzrə verə bilmə hüququnun mövcudluğunu nəzərə almadan iddiaçını Bakı şəhərində qeydiyyatda olduğu rayon üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota almaqdan imtina etməkdə haqlı olmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İİİ dərəcə müharibə əlili İddiaçı mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü İddiaçı mənzil növbəsinə götürülməsi barədə sərəncamın verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-7080/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7080/2025
23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver