Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7120/2025 04.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi ilə, iddiаçının İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 04 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cu ildə pensiya təyin olunarkən hesablanmış stajına, dövlət qulluğu stajını dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə bərpa edilərək daxil edilməsi və ondan irəli gələn pensiya məbləğində vəsaiti bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Şahlar Gəray oğlu barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2025ci il tarixli, 3-17-1/3-3-696/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən cavabdehə təqdim edilmiş iddiaçıya dair ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 22 il 8 ay 19 gün xidmət müddətinə görə (təqvimi xidmət illəri 20 il 8 ay 19 gün, ali təhsil müddəti 2 il) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən, 30 dekabr 2023-cü il tarixdən 2158,32 manat (2024-cü il üzrə indekləşdirmə nəzərə alınmaqla 2400,05 manat) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və 2025 il yanvar ayına qədər ödənilmişdir. Lakin, yanvar ayından ona cavabdeh tərəfindən rəsmi bildiriş göndərilərək pensiyanın məbləği qeyri-qanuni azaldılmış və mərkəzə məlumat üçün dəvət edilmişdir. Cavabdeh inzibati orqan onun ərizəsinə cavab olaraq bildirmişdir ki, “Hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına uyğun hesablanır. Həmin Qərarda hərbi qulluqçuların və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərin xidmət illərinin hesablanması zamanı dövlət qulluğu stajının nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil.” Cavabdeh inzibatı orqan bilməyərək və ya qəsdən vətəndaşın hüquqlarını pozur. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İş materiallarına əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmək - Mərkəz Filiala təqdim edilmiş İddiaçı dair ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 22 il 8 ay 19 gün xidmət müddətinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 01 yanvar 2024-cu ıl tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 30 dekabr 2023-cü il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq yenidən hesablanır. Aparılan araşdırma ilə əlaqədar, müvafiq məlumatların dəqiqləşdirilməsi uçun Dövlət Gömrük Komitəsinə sorğu verilmişdir. Cavab olaraq sözügedən Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən iddiaçının xidmət ilinin 20 il 7 ay 12 gün (təqvimi xidmət illəri 18 il 7 ay 12 gün, ali təhsil müddəti) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmişdir. Bununla əlaqədar İddiaçı vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı “İnzibatı icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən barəsində inzibati icraat başlanmışdır Həmin inzibatı icraatır gedişində pensiya hüququna yenidən baxılması zamanı artıq pensiya məbfəğınır ödənildiyi müəyyən edilmişdir. Belə ki, iddiaçıya vaxtilə qanunvericiliklə müəyyən edilmiş hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilməsi üçün xidmət keçdiyi sonuncu qurum tərəfindən göndərilmiş məlumat vərəqində göstərilmiş xidmət illəri düzgün hesablanmamışdır. Qeyd edilənlərə əsasən, iddiaçıya vaxtilə təyin edilmiş sabiq hərbi qulluqçu (xusus rütbəli şəxs) kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması ilə bağlı nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün 29 dekabr 2024-cü ıl tarixli 3-17-1/2-1-323772/2024 nömrəli məktub göndərilməklə 17 yanvar 2025-ci il tarixinədək Mərkəzi Filiala gəlməyi xahiş edilmişdir İddiaçı 14 yanvar 2025-ci il tarixdə Mərkəzi Filiala gəlmiş və ona pensiyası ilə bağlı qanunvericiliyin tələbləri üzrə bütün məlumatlar ətraflı izah olunaraq tərtib edilmiş, akt onun tərəfindən imzalanmışdır. Bundan sonra, ona ödənilən əmək pensiyasının 20 il 7 ay 12 gün xidmət müddətinə əsasən 14.01 2025-cı it tarixli 3-17-1/3-3-696/2025 nömrəli qərarla yenidən hesablanaraq 1996,5 manata (2024-cü il tarixi uzrə indeksləşdirmə nəzərə alınmaqla 2219.61 manat) azaldılıb Həmçinin, 30 dekabr 2023-cü il tarixdən yenidən hesablanaraq ona 2175,74 manat məbləğində artıq ödənilmiş pul vəsaiti müəyyən edilmişdir. İlk öncə, dövlət qulluğu stajının hərbi xidmət stajı ilə birləşdirilərək pensiya təyin edilməsinin mümkünlüyü məsələsi “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənib. Belə ki, həmin Qanunun 9.5.2-ci və 9.5.3-cu maddələrinə əsasən hərbi xidmətdən yaşa, xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış, buraxıldığı günə 30 təqvim ili və daha çox ümumi is stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslərə hərbi qulluqçu kimi əmək pensiyası təyin edilir. Göründüyü kimi 15 il hərbi xidmət müddəti olan şəxslərin hərbi xidmətə qəbul edilməzdən əvvəlki mülki iş stajı o cümlədən dövlət qulluğu stajı da əmək pensiyası təyin edilərkən nəzərə alınır və həmin iş stajlarına görə əlavə faizlər hesablanır Deməli, pensiyanın müəyyən edilməsi mülki iş stajının o cümlədən dövlət qulluğu stajının hərbi xidmət illərinə birləşdirilməsi DGK-nın sözügedən məlumat vərəqlərində tərtib etdiyi kimi Qanunun 9.5.1ci maddəsi üzrə deyil 9.5.2-ci və 9.5.3-cü maddələri uzrə təyinat zamanı tətbiq olunur. Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası hüquqlarının yaranması əsasları bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi "Əmək pesiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında tdovlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən, xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xususı rütbəli şəxslərdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar 1.0.4-cu maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı ıl 22 dekabr tarixli 499 nömrəli Fərmanının 2.4-cu bəndinə əsasən Qanunun 1.0 4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Dövlət Gömrük Komitəsi də nəzərdə tutulur Qanunun 9 5-ci maddəsinin 01 yanvar 2024 ,u ıl tarixədək quwədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq, aşağıdakı hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa gorə əmək pensiyası huququ vardır -hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular (9.5.1 -ci maddə); -hərbi xidmətdən yaşa görə buraxılmış. 25 təqvim ilı və daha çox ümumi ış stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9 5.2-ci maddə). -hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 vo daha çox yaşı. 25 təqvim ılt və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər (9.5.3-cü maddə). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-cı ıl tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları na 3-cü hissəsinə əsasən, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq huququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən Fonda ötürülür. Müvafiq məlumat vərəqinə uyğun olaraq, pensiya təyin edilməsi üçün sözügedən sənəddə xidmət etmiş şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar göstərilir. Göründüyü kimi, şəxsin hərbi qulluqçu kimi pensiya hüququnun olub-olmamasının, xidmət illərinin və təminat xərcliyinin müəyyənləşdirilməsi onun xidmət keçdiyi orqanın öhdəliyidir. Buna görə də pensiyanın təyin edilməsi üçün Fonda yalnız məlumat vərəqi göndərilir, həmin məlumat vərəqində göstərilmiş məlumatların (xidmət illəri və s.) hansı qaydada hesablanmasına dair hər hansı sənəd təqdim odilmir. Beləliklə, məlumat vərəqindəki məlumatların qanunauyğunluğuna görə məsuliyyəti xidmət keçilən qurum daşıyır. Hərbi qulluqçulara və onlara bərabər tutulan xüsusi rütbəli şəxslərə pensiyanın təyin edilməsi üçün xidmət illəri “Zabit heyətinə mənsub şəxslərə gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar və vergi orqanlarının ois vo sıravi heyətinə mənsub şəxslərə vo onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına uyğun hesablanır Qərarın adından göründüyü kimi, gömrük orqanlarının əməkdaşlarına hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün onların xidmət illəri sözügedən Qərarla müəyyən edilir. Həmin Qərarda xidmət illərinin hesablanması zamanı şəxslərin dövlət qulluqçusu kimi işlədiyi müddətin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. “Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununa uyğun olaraq Nazirlər Kabinetinin xx.xx.2024-cu il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri əmək pensiyaçılarının deyil, işləməkdə olan şəxslərin qulluq illərinin hesablanmasını tənzimləyir Buna gorə də sözügedən Qayda və şərtlərə əsasən, gömrük orqanlarının xüsusi rütbəli əməkdaşlarının əmək pensiyasının hesablanması üçün xidmət illəri müəyyən edilərkən onların dövlət qulluqçusu kımı fəaliyyət müddətlərinin nəzərə alınması və buna uyğun məlumat vərəqi göndərilməsi qanunvericiliyə ziddir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiаçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17- 1/3-3-696/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, xidmət illərinin dəqiqləşdirilməsi ilə əlaqədar iddiaçının pensiya məbləği 2400,05 manatdan 2219,61 manata azaldılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Cavabdehin dəlillərindən görünür ki,iddiaçıya dair ***-**** nömrəli məlumat vərəqində qeyd edilən 22 il 8 ay 19 gün xidmət müddətinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 01 yanvar 2024-cu ıl tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 30 dekabr 2023-cü il tarixdən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Sonradan Komitə tərəfindən təqdim edilmiş məlumatlara əsasən iddiaçının xidmət ilinin 20 il 7 ay 12 gün (təqvimi xidmət illəri 18 il 7 ay 12 gün, ali təhsil müddəti) hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi, qalan dövrünün isə dövlət qulluqçusu kimi fəaliyyət müddətinin olduğu müəyyən edilmişdir. İddiaçıya ödənilən əmək pensiyası 20 il 7 ay 12 gün xidmət müddətinə əsasən xx.xx.2025-cı it tarixli 3-17-1/3-3-696/2025 nömrəli qərarla yenidən hesablanaraq 1996,5 manata (2024-cü il tarixi uzrə indeksləşdirmə nəzərə alınmaqla 2219.61 manat) azaldılmışdır. Hazırda iddiaçı həmin qərarı mübahisələndirir. Məhkəmə qeyd edir ki, analoji mübahisə ilə bağlı Bakı İnzibati Məhkəməsinin icraatında olan digər iddia tələbinə baxılması zamanı Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hərbi qulluqçulara, xüsusi rütbəli şəxslərə və dövlət qulluqçularına pensiya təyin edilərkən onların xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ““Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair” xx.xx.2026-cı il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsinə dair tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi Nazirlər Kabinetinə tövsiyə edilməlidir. Belə təkmilləşdirilmə həyata keçirilərkən pensiya təyin edilməsi üçün dövlət qulluğu stajı və dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin, o cümlədən hərbi xidmət müddətlərinin müəyyən əmsallar əsasında qarşılıqlı tanınmasının (müxtəlif orqanlarda xidmətin xüsusiyyətləri nəzərə alınmaqla) mümkünlüyü məsələsi nəzərdən keçirilə bilər.Oxşar mövqe konstitusiya işi üzrə təqdim edilmiş Azərbaycan Respublikası Milli Məclisi Aparatının, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yazılı mülahizələrində də əks olunmuşdur.Müvafiq təkmilləşdirilmə aparılanadək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə məsələlər həll edilərkən əmək pensiyaları və dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə yanaşı, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq normaları da rəhbər tutulmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, müvafiq işlər üzrə inzibati icraat zamanı etimad hüququnun qorunması prinsipi də nəzərə alınmalıdır. Bu baxımdan, güzəştli şərtlərlə pensiya təyin edilmiş hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə bağlı məsələ etimadın qorunması prinsipi əsasında qiymətləndirilməlidir. Belə ki, həmin şəxslər məhz dövlət orqanlarının qərarlarına və hərəkətlərinə etimad etmiş, bir dövlət orqanı məlumat vərəqini göndərmiş, digəri isə məlumat vərəqində hər hansı qanunsuzluq olmadığını qəbul edərək pensiya təyinatı aparmaqla müəyyən müddət ödəmələri həyata keçirmişdir. Nəzərə alınmalıdır ki, inzibati orqanların sözügedən hərəkətləri səbəbindən şəxslər pensiyaya çıxmaq kimi həlledici qərarı qəbul etmiş, həyatlarını tamamilə fərqli istiqamətdə planlaşdırmış, eləcə də onların əvvəlki işlərinə bərpası mümkünsüz vəziyyətə gəlmişdir. ... Göstərilənlərlə yanaşı Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nın 4 və 5-ci hissələrinə uyğun olaraq bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. İş materiallarından göründüyü iddiaçıya dair ***-**** nömrəli məlumat vərəqi əsasında iddiaçıya xx.xx.2023-cü il tarixdə pensiya təyin edilmişdir. Cavabdeh orqanın məlumat vərəqini əldə etdikdən sonra yuxarıda göstərilmiş müddətlər daxilində onu yoxlamaq və uyğunsuzluqlarla bağlı imtina etmək səlahiyyəti olduğu halda həmin tarixdə pensiya təyinatını həyata keçirmiş, lakin 1 ildən sonra yenidən hesablama apararaq şəxs barədə əlverişsiz inzibati akt qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, iddiaya etirazında və şikayətlərində istinad etdiyi halların məhz mübahisələndirilən qərarı qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasını bildirməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, pensiya təyin edildikdən sonra pensiya təyinatını həyata keçirən orqan sonradan apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığını aşkar etdikdə, bununla bağlı şəxsin pensiya işində pensiya təyin olunmasına əsas olan hər hansı sübutun mötəbərliyini şübhə altına aldığı təqdirdə “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər. Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)- 3135/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında (üç ulduzla işarələnmiş qərar) ifadə edilmiş hüquqi mövqe ondan ibarət olmuşdur ki, ... inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. ... inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Şahlar Gəray oğlu barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-696/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Şahlar Gəray oğlu barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-696/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Quliyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-7120/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7120/2025
04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver