Məhkəmə qərarları › İş №e-2-1(112)-7136/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7136/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7136/2023 07.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İ. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək, onun ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən, onun mübahisəli ünvana qeydiyyata alınmağı üçün, yaşayış sahəsinə köçməyə əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və şəxsiyyəti təsdiq edən sənədlərlə istənilən “Asan xidmət” mərkəzlərinə müraciət edə bilər. Yuxarıda qeyd olunan sənədlər təqdim edilmədikdə onun göstərilən ünvana qeydiyyata alınmağı qanuna müvafiq deyildir. Məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu göstərilmişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., H.Seyidzadə küçəsi, ev 21 ünvanında yerləşən 47 saylı, 1 otaqlı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaq vəzifəsinin cavabdeh Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-7136/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əsl cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi (bundan sonra – Cavabdeh) ilə əvəz edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o xx.xx.1940-cı ildə keçmiş Ermənistan SSR-nin Krasnoselo rayonunda anadan olmuş, 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı milli düşmənçilik zəminində etnik təmizləmə həyata keçirilərkən ailə üzvləri ilə birlikdə Azərbaycana gəlmişdir. Bakıda müvəqqəti məskunlaşdıqdan sonra özünə və ailə üzvlərinə mənzil axtararkən ölkədən getmək istəyən və bu səbəbdən mənzilini satan ermənilərdən biri ilə tanış olmuşdur. Onun adı Xaçumyan Tamara idi. Həmin şəxs Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, H.Seyidzadə küçəsi, ev 21 ünvanda yerləşən 47 saylı mənzilini satırdı. Mənzil 1 otaqdan ibarət idi və yaşayış sahəsi 16,7 kv.m təşkil edirdi. O, həmin şəxslə razılaşaraq mənzili almışdır. Mənzilin giriş qapısının açarları ilə birlikdə mənzilə dair orderin əsli də ona verilmişdir. Mənzili aldıqdan sonra o ailə üzvləri ilə birlikdə köçüb həmin mənzildə yaşayır. Artıq 35-ci ildir ki, o, fasiləsiz və etirazsız olaraq həmin mənzildə ailə üzvləri ilə birlikdə yaşayır və ev təsərrüfatını idarə edir. Mənzilin bütün kommunal xidmət haqları onun tərəfindən ödənilir. Mənzilin cari və əsaslı təmirini də bu illər ərzində o həyata keçirmişdir. Mənzildən yalnız təyinatı üzrə, yəni yaşayış sahəsi kimi istifadə etmiş və heç vaxt yaşayış sahəsi üçün müəyyən edilən tələbləri pozmamışdır. Həmin mənzilin onun faktiki istifadəsində olması, orada ailə üzvləri ilə yaşamağı həmin ərazi üzrə müvafiq mənzil-istismar sahəsi tərəfindən verilən arayışla da təsdiqini tapır. Bütün bunlara baxmayaraq, o, həmin evdə bu günə qədər qeydiyyatsız yaşayır. Həmin mənzilə daimi qeydiyyata düşmək üçün cavabdeh təşkilata etdiyi müraciət nəticəsiz qalmışdır. Belə ki, cavabdeh təşkilat tərəfindən onun müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubu ilə imtina verilmiş və bildirilmişdir ki, müvafiq məhkəməyə müraciət edə bilər. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəməyə göndərdiyi məktubunda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia iddiaçının mübahisəli ünvana qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İddiaçı hazırda qeydiyyata alınması ilə bağlı müraciət etdiyi mənzilə dair yuxarıda istinad olunan sənədlərdən hər hansı birini təqdim etməmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin, İddiaçı adına hazırda Azərbaycan Respublikası üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçının qeydiyyata alınmasını xahiş etdiyi əmlak daşınmaz əmlakı dövlət reyestrində qeydə alınmamış, iddiaçının həmin əmlaka dair hər hansı bir hüququnun olması iş materialları ilə öz təsdiqini tapmamışdır. Həmin mənzilə dair Tamara Xaçumyanın adına verilmiş xx.xx.1975-ci il tarixli orderin əslinin iddiaçıda olması, habelə həmin mənzildə fasiləsiz yaşamasına gəldikdə, bu hallar özlüyündə iddiaçının həmin mənzilə dair hüququnun yaranması barədə nəticəyə gəlmək üçün əsas deyil. Beləliklə, göstərilənlərə əsasən müəyyən olur ki, iddiaçı yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün istinad edilən Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən hər hansı birinə malik deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları həmin Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İş materiallarından müəyyən olunur ki, cavabdeh orqan məhz göstərilən normaya əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin təqdim edilməsinin zəruri olduğunu bildirməklə müraciətin təmin olunmasından imtina etmişdir. Məhkəmə yuxarıda istinad olunan normalara əsasən bu imtinanı qanuna uyğun hesab edir və belə nəticəyə gəlir ki, iddiaçı qeydə alınmasını tələb etdiyi evə dair Qanunun 5-ci maddəsində nəzərdə tutulan mülkiyyət və ya qanuni istifadə hüquqlarını təsdiq edən sənədi və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməməklə aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar