Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7147/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ I. Mübahisənin predmeti
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “iddiaçılar İddiaçı1 mülkiyyətinə verilmiş sahəsi 5200 kv.m olan və İddiaçı2 mülkiyyətinə verilmiş sahəsi 3400 kv.m olan torpaq sahələrinə müvafiq olaraq mülkiyyət hüquqlarının qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi2 barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən və ümumi sahəsi 5200 kv.m (beş min iki yüz kvadrat) olan torpaq sahəsi Bakı Şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” 24 avqust 2007- ci il tarixli 62 saylı qərarı və müvafiq olaraq eyni tarixli 62 saylı müqavilə nömrəsi ilə İddiaçı1 mülkiyyətinə verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən və ümumi sahəsi 3400 kv.m (üç min dörd yüz kvadrat) olan torpaq sahəsi Bakı Şəhəri Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” 24 avqust 2007- ci il tarixli 63 saylı qərarı və müvafiq olaraq eyni tarixli 63 saylı müqavilə nömrəsi ilə İddiaçı2 mülkiyyətinə verilmişdir. Yuxarıda qeyd olunan və uzun müddətdir ki, iddiaçıların mülkiyyətinə verilmiş və hal-hazırda onların mülkiyyətində olan torpaq sahələrinə mülkiyyət hüququnun qeydə alınması zərurəti yaranmışdır. Azərbaycan Respublikasında mülkiyyət hüququ mütləq hüquqdur. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Lakin mülkiyyətçinin xüsusi mülkiyyətində olan daşınmaz əmlakı əhatə edən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaması və ya qeydə alınmasından imtina edilməsi onun hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Nəticə etibarilə xüsusi mülkiyyətçinin subyektiv hüquqlarının maneəsiz həyata keçirilməsinə birbaşa və ya dolayı yolla əngəl törədir. Azərbaycan Respublikasında mülkiyyət hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər.
3. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, X1 X2 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənin icrası mümkün olmamışdır.Torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənədlərdə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səlahiyyətli qurum tərəfindən təsdiqlənməmişdir. İddia ərizəsində ayrı-ayrı iki torpaq sahəsinin qeydiyyata alınmasını qeyd etsə də, İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, faktiki olaraq iki torpaq sahəsi bir hasar daxilindədir, təqdim edilmiş cizgidə perimetrik ölçülər olmadığından hasardaxili sahədə 5200 kv.m və 3400 kv.m torpaq sahələrinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyətində olmaqla Ləhiş bağ massivi ərazisidir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçıların iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddiaçılar cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar.
4. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахmışdır.
5. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.
İİİ. Tədqiq edilmiş sənədlər Bakı şəhər Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” 24 avqust 2007-ci il tarixli 62 saylı Qərarına əsasən, Kürdəxanı qəsəbəsi, Şimal qərb hissəsində yerləşən 5200 kv.m (beş min iki yüz kvadrat metr) torpaq sahəsini sənədləşdirmək üçün, Torpaq məcəlləsinin 54-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilməsi, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı1 mülkiyyətinə verilməsi qərara alınmışdır. Sabunçu rayon Kürdəxanı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin “Alqı satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 62 nömrəli, 24 avqust 2007-ci il tarixli müqaviləyə əsasən, bir tərəfdən, Sabunçu rayon Kürdəxanı bələdiyyəsi, bundan belə “Satan” deyiləcək Sabunçu rayon Kürdəxanı bələdiyyə sədri, digər tərəfdən, bundan belə “Alan” deyiləcək İddiaçı1 olmaqla, “satan” mülkiyyətindəki torpaq sahəsini (Kürdəxanı qəsəbəsi Şimal qərb zonasında 5200 kv.m (beş min iki yüz kvadrat metr) Sabunçu rayon Kürdəxanı bələdiyyəsinin ümumi iclasının xx.xx.2007-ci il tarixli, 13 saylı protokolunun qərarına əsasən təyinatı üzrə tikinti məqsədi ilə “Alıcı”ya təhvil verir, “alıcı” təklif edilən sahəni qəbul edir. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin Şimal hissəsində İddiaçı1 məxsus 5200 kv.m torpaq sahəsinin cizgi sxemi Kürdəxanı bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Bakı şəhər Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” 24 avqust 2007-ci il tarixli, 63 saylı Qərarına əsasən, Kürdəxanı qəsəbəsi, Şimal qərb hissəsində yerləşən 3400 kv.m (beş min iki yüz kvadrat müç min dörd yüz kvadrat metr) torpaq sahəsini sənədləşdirmək üçün, Torpaq məcəlləsinin 54-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqı-satqı yolu ilə) sənədləşdirilməsi, Yevlax şəhəri, M.Hüseynzadə 41 ünvanında qeydiyyatda olan İddiaçı2 mülkiyyətinə verilməsi qərara alınmışdır. “Sabunçu rayon Kürdəxanı bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin alqı satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 63 nömrəli 24 avqust 2007-ci il tarixli müqaviləyə əsasən, bir tərəfdən, Sabunçu rayon Kürdəxanı bələdiyyəsi, bundan belə “Satan” deyiləcək Sabunçu rayon Kürdəxanı bələdiyyə sədri, digər tərəfdən, bundan belə “Alan” deyiləcək İddiaçı1 olmaqla, “satan” mülkiyyətindəki torpaq sahəsini (Kürdəxanı qəsəbəsi Şimal qərb zonasında 3400 kv.m (üç min dörd yüz kvadrat metr) Sabunçu rayon Kürdəxanı bələdiyyəsinin ümumi iclasının xx.xx.2007-ci il tarixli, 13 saylı protokolunun qərarına əsasən təyinatı üzrə tikinti məqsədi ilə “Alıcı”ya təhvil verir, “alıcı” təklif edilən sahəni qəbul edir. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin Şimal hissəsində İddiaçı2 məxsus 3400 kv.m torpaq sahəsinin cizgi sxemi Kürdəxanı bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-S-0081-8/2025 **********14 nömrəli məktubunda qeyd edilmişdir ki, X1 X2 Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələri barədə məlumat mövcud olmadığından ərizənin icrası mümkün olmamışdır. Bundan başqa, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənədlərdə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamış və cizgi səahiyyətli qurum tərəfindən təsdiqlənməmişdir. xx.xx.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd edilmişdir ki, torpaq sahəsinin sərhədləri və qonşuluqları - torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır, 2 tərəf qonşu 2 tərəf yol, tikili mövcuddur, sözügedən 0.52 ha və 0.34 ha torpaq sahələri bir hasar daxilindədir, təqdim edilmiş sxemlərdə perimetrik ölçü olmadığından hasardaxili sahədə 5200.0 kv.m-i və 3400.0 kv.m yerləşməsini müəyyənləşdirmək mümkün olmamışdır.
ƏSASLANDİRMA HİSSƏ
İV. Məhkəmənin mövqeyi
7. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən: - 4.0. torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. - 6.1. bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
8.Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Torpaq Məcəlləsinə görə, torpaq münasibətləri - dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir; torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.
9. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən:
- 55. müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrinin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollar fiziki və hüquqi şəxslərin torpaq sahəsi üzərində hüquqlarının yaranmasının əsaslarından hesab olunur. - 65. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. - 66. 1.dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.2.Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. - 67. torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 68. torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
10. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən
1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir.
11. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
- 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;”
15. İşin faktiki hallarına əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahələrinin ayrılması barədə Bakı şəhər Sabunçu rayon Kürdəxanı Bələdiyyəsinin 24 avqust 2007-ci il tarixli 62 və 63 nömrəli Qərarları mövcuddur. Göründüyü kimi iddiaçılara torpaq sahələri bələdiyyənin qərarları ilə verilmişdir. İnzibati orqanı Bakı şəhər Sabunçu rayon Kürdəxanı bələdiyyəsinin sözügedən qərarları (inzibati akt) hal-hazırda da qüvvədədir.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. 17.Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Halbuki iddiaçıların adlarına torpaqların ayrılmasına dair inzibati aktlar qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
20. Cavabdeh sözügedən torpaq sahələrinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın olmamasını qeyd etsə də, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə müvafiq sübutları təqdim etməmişdir. İnzibati iş materiallarında olan sənədlər ilə mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus yaşayış məntəqələrinin torpaqlarına aid ərazidə yerləşməməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Bundan əlavə məhkəmə tərəfindən mübahisəli ünvanda yerində müayinə keçirilmiş və mübahisəli torpaq sahəsinin 2 tərəfdən qonşularla, 2 tərəfdən isə yol ilə əhatələndiyi, ətrafında yaşayış evlərinin mövcud olması və torpaq sahəsi hasara alınaraq tikilinin mövcud olması müəyyən edilmişdir. Əlavə olaraq məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan tərəfindən şəxsin müraciətindən imtinası onların hüquqi əsaslarına və müvafiq qanunvericiliyə uyğun olmalıdır. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Bundan başqa hazırkı mübahisəyə münasibətdə onu da nəzərə almaq lazımdır ki, qeyd edilən torpaq sahələri heç bir fiziki və ya hüquqi şəxsin adına qeydiyyata alınmayıb, yəni müvafiq qeydiyyat hər hansı şəxsin hüquqlarını və qanunla qorunan maraqlarını pozmur. Odur ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaması, məhkəmə tərəfindən iddiaçıların qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirilir
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
24. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı1 mülkiyyətinə verilmiş sahəsi 5200 kv.m olan və İddiaçı2 mülkiyyətinə verilmiş sahəsi 3400 kv.m olan torpaq sahələrinə müvafiq olaraq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışların verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
26. İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı1 mülkiyyətinə verilmiş sahəsi 5200 kv.m olan və İddiaçı2 mülkiyyətinə verilmiş sahəsi 3400 kv.m olan torpaq sahələrinə müvafiq olaraq mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışların verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova