Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-7148/2025 15.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin 2024-cü ilin yanvar ayından pensiyasının 881 manat azaldılmasının qanunsuz hesab edilməsi və 2003-cü ildən başlamaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya sabiq hakim kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Hazırda indeksləşdirilməklə birlikdə 3631,52 manat pensiya alır. Apardığı müşahidələr nəticəsində məlum olmuşdur ki, pensiyası düzgün hesablanmamışdır. Belə ki, heç vaxt məhkəmə sədri işləməyən və hakimlik stajı ondan az olan sabiq hakim yoldaşları ondan qat-qat çox pensiya alırlar. Ona pensiya “Məhkəmələr və hakimlər haqqında Qanunun pensiyaya çıxdığı 2000-ci ildə qüvvədə olduğu dövrə təsadüf etdiyindən 80% hesablanmaqla təyin olunmalıdır. Hazırda birinci instansiya məhkəməsinin sədrinin maaşı 5000 manat, hakimin maaşı isə 3800 manatdır. Bu hesabla hazırda onun pensiyası təqribən indeksləşmə aparılmadan orta hesabla aşağıdaklı qaydada hesablanmalıdır. 5000*80%=4000, 3800*80%=3040 manat 3040+4000=7040 manat 7040:2=3520 manat təşkil etməli idi. Bu pensiyasının minimum məbləğini təşkil etməli idi. 3520 *30%=3717 AZN. İndeksləşmələr nəzərə alınmaqla xx.xx.2023-cü ildə təyin olunmuş 4147,06 manat pensiya təyin olunması ilə razılaşmaq olardı. Bu məbləğə 10.8% indeksləşməni də əlavə etdikdə pensiyanın üstünə 447,88 manat əlavə edilməli idi. Yəni 2024-cü ildə ona ödənilməli pensiyanın məbləği 4594.94 manat təşkil etməli idi. Lakin xx.xx.2024-cü ildə razılığı soruşulmadan pensiya 3265 manata endirilmişdir. İndeksasiya nəzərə alınmaqla ayda 3631.52 manat ödənilmişdir. Bu hesabla 2024-cü ildə 4594,94-3631,52=963.42x12=11560.04 manat pensiya kəsirlə ödənilmişdir. Əmək pensiyaları haqqında qanunun 39-cu maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Pensiyasının yenidən hesablanması barədə cavabdehə ünvanladığı xx.xx.2024 və xx.xx.2025-ci il tarixli ərizələrinə cavab verilməmişdir. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, hakim kimi əmək pensiyasının yenidən hesablanması xahiş etmişdir. Onun hakim kimi əmək pensiyası düzgün hesablandığından müraciəti müsbət həll etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, iddiaçıya Fondun Nəsimi rayon şöbəsi tərəfindən sabiq hakim kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixdən iddiaçının vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2311,05 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin 346,66 manat və səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavənin 577,76 manat olmaqla orta aylıq əmək haqqının 3235,47 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 7 il 2 ay 16 gün hakim kimi iş stajınına uyğun olaraq orta aylıq əmək haqqının (3235,47 manat) 80 faizi-2588,38 manat məbləğində müəyyən edilmişdir. Sözügedən kateqoriyadan olan şəxslərin əmək pensiyalarında artımlar Qanunun 29-cu maddəsinə 1 yanvar 2023-cü il tarixdən tətbiq olunan dəyişikliyə görə əmək pensiyalarının indeksləşdirilməsi yolu ilə aparılır. Maddi yardımın 1 yanvar 2023-cü il tarixdən pensiyanın tərkibinə daxil edilməsi, eyni zamanda həm qeyd olunan tarixdən, həm də növbəti dəfə 1 yanvar 2024-cü ii tarixdən indeksləşdirilmə ilə əlaqədar iddiaçının əmək pensiyası 3631,52 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Maddi yardım üzrə xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üçün ona ödənilməli olan 486,24 manat pul vəsaiti hesablanıb. Həmin 486,24 manat pul vəsaiti 2023-cü ilin aprel ayında ödənilib. İddiaçı ona təyin edilmiş hakim kimi əlilliyə görə pensiyanın düzgün hesablanmadığını iddia etsə də, pensiyanın hansı əsasla və hansı hissədə düzgün hesablanmadığını əsaslandıra bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə oxşar məzmunda izahat verərək həmçinin bildirdi ki, o, hakim kimi fəaliyyət göstərdiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən bir müddət əvəzçilik qaydasında hakim kimi fəaliyyət göstərib. Bu dövr isə onun hakimlik stajına əlavə edilməyib. Halbuki həmin dövr də onun stajına əlavə edilməli idi. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmunun uyğun izahat verərək həmçinin bildirdi ki, iddiaçının əmək pensiyası azaldılmayıb. Sadəcə ona ödənilməli olan məbləğlər hissə-hissə aylıq pensiya məbləğinin üzərinə əlavə edilməklə ona ödənilib və bitib. Bundan sonra isə iddiaçı onun əmək pensiyasının azaldıldığını güman edib. Qeyd edilənlərə əsasən nümayəndə iddiaçının əmək pensiyası aiddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. 083039 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, iddiaçıya Fondun Nəsimi rayon şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdən sabiq hakim kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək kitabçasına əsasən o, xx.xx.1982-ci il tarixdə məhkəmənin kargüzarı vəzifəsinə təyin edilmiş, xx.xx.1983-cü il tarixdə tutduğu vəzifədən azad edilmiş, məhkəmənin iclas katibi vəzifəsinə keçirilmişdir. xx.xx.1983-cü il tarixdə Naxçıvan şəhər Xalq məhkəməsinə məhkəmənin iclas katibi vəzifəsinə təyin edilmişdir. xx.xx.1989-cu il tarixdə Naxçıvan şəhər məhkəməsinin hakiminin əvəzçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1993-cü il tarixdə Naxçıvan MR X6 31 may 1993-cü il tarixli 42-Xİİ saylı Fərmanı ilə Naxçıvan şəhər məhkəməsinin Xalq hakimi seçildiyindən, Xalq hakimi kimi işə başlamışdır. xx.xx.2002-ci ildən səlahiyyət müddəti bitdiyindən tutduğu vəzifədən azad edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, vəzifə maaşının artımı ilə əlaqədar iddiaçının pensiyası yenidən hesablanmış və 2243 manatdan 2588,36 manata çatdırılmışdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 13 iyun 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Ədliyyə Nazirliyinin Mərkəzi arxivində saxlanılan maliyyə sənədlərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı hakim işlədiyi Naxçıvan Şəhər Məhkəməsinin işçilərinin əməkhaqqı üzrə ödəniş cədvəlləri Ədliyyə Nazirliyinin Mərkəzi arxivinə təhvil verilməmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin 21 iyun 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, 2018-ci ilədək rayon (şəhər) məhkəmələrinin maliyyələşməsinə dair bütün maliyyə sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təhvil verildiyindən İddiaçı aid heç bir maliyyə sənədi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində aşkar edilməmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 11 iyul 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı iş yeri, işə qəbul və işdən azad olma, əvəzçilik qaydasında olan staj dövrü, hansı illər üzrə əmək haqqı alması barədə məlumatlar qeyd olunmadığından sorğunun cavablandırılmasında çətinliklər yaradır. Qeyd edilənləri nəzərə alaraq İddiaçı iş yeri, işə qəbul və işdən azad olma və digər zəruri məlumatları dəqiqləşdirilərək Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə yenidən müraciət edilməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən surəti məhkəməyə təqdim edilmiş Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iddiaçıya ünvanlanmış 01 iyul 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Naxçıvan MSSR X7 Heyətinin 25 iyul 1990-cı il tarixli, 759-Xİ nömrəli Fərmanı ilə Naxçıvan şəhər xalq hakimi vəzifəsi iddiaçıya həvalə edilmişdir. Sözügedən Fərmanın təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. İddiaçının pensiya işinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 63 nömrəli, 08 fevral 2007-ci il tarixli arayışına əsasən Həsənov X2 Muxtar Respublikası X6 31 may 1993-cü il tarixli, 42-Xİİ nömrəli Fərmanı və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 16 iyun 1993-cü il tarixli, 32 nömrəli Əmri ilə Naxçıvan şəhər Xalq Məhkəməsinin sədri vəzifəsinə təyin edilmişdir. H.X.X5 Respublikası X6 16 sentyabr 1996-cı il tarixli 126/01-S nömrəli Fərmanı və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin 17 sentyabr 1996-cı il tarixli, 49 nömrəli Əmri ilə Naxçıvan şəhər Məhkəməsinin sədri vəzifəsindən azad edilmişdir. İddiaçının müraciətinə əsasən cavabdehin xx.xx.2025-ci il tarixli imtina məktubunda iddiaya yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində 2024-cü ilin yanvar ayından pensiyasının 881 manat azaldılmasının qanunsuz hesab edilməsi və 2003-cü ildən başlamaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1 -dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarından göründüyü kimi iddiaçıya xx.xx.1998-ci il tarixindən sabiq hakim kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda onun pensiyasının düzgün hesablanmadığını bildirir. Onun iddiasının əsas dəlilləri ümumən aşağıdakılara əsaslanır: 1. Onun pensiyası hesablanarkən hal-hazırda onun vəzifəsinə bərabər vəzifədə çalışan hakimlərin aldığı təminatlar nəzərə alınmayıb. 2. Onun hakim kimi fəaliyyət göstərdiyi bütün dövr (əvəzçi hakim kimi işlədiyi dövr) hakimlik stajına daxil edilməyib. 3. 2024-cü ilin yanvar ayından onun əmək pensiyası azaldılıb. Məhkəmə bu dəlillərin hər birinə ayrıca münasibət bildirməyi zəruri hesab edir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsində göstərilmişdir ki, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: Ali Məhkəmənin sədrinə 3550 manat həcmində; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin sədrlərinə ali məhkəmə sədrinin vəzifə maaşının 90 faizi həcmində; ağır cinayətlər məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin, hərbi məhkəmələrin, inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin sədrlərinə Ali Məhkəmə sədrinin vəzifə maaşının 80 faizi həcmində; digər məhkəmələrin sədrlərinə Ali məhkəmə sədrinin vəzifə maaşının 70 faizi həcmində; bütün məhkəmələrin sədr müavinlərə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 90 faizi həcmində; Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və apellyasiya məhkəmələrinin kollegiya sədrlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşının 85 faizi həcmində; bütün məhkəmələrin hakimlərinə müvafiq məhkəmə sədrinin vəzifə maaşlarının 80 faizi həcmində müəyyən edilir. Hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. Həmin Qanunun 109-cu maddəsində göstərilir ki, hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunda göstərilmişdir ki, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir (20.1.4.). Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir (20.7.). Göründüyü kimi hakim vəzifəsində çalışmış şəxslərə əmək pensiyasının təyin edilməsi zamanı onların aldıqları əmək haqqının müəyyən faizləri formasında qulluq stajına görə əlavələr təyin edilməsi Qanunla nəzərdə tutulmuşdur. Cavabdeh öz etirazında qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən iddiaçının vaxtilə işlədiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 2311,05 manat, hakimlik stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 346,66 manat və səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 577,76 manat olmaqla orta aylıq əmək haqqı 3235,47 manat təşkil etmişdir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçının pensiyası 7 il 2 ay 16 gün hakim kimi iş stajınına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi məbləğində, yəni 2588,38 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hakim vəzifəsində işlədiyi dövrdə hakimlərin aldıqları maddi təminatlarla, hazırkı dövrdə aldıqları maddi təminatlar arasında fərq mövcuddur. İddiaçı hal-hazırda fəaliyyətdə olan hakimlərin maddi təminatları nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının həmin dövr üzrə maddi təminatlarının tam olaraq nədən ibarət olmasının araşdırılması üçün müxtəlif dövlət orqanlarına sorğular verilsə də, qeyd edilən məsələni dəqiqləşdirmək mümkün olmamışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, əmək pensiyasının düzgün hesablanmadığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən və məhkəmə tərəfindən işin hallarının araşdırılması vəzifəsinə əməl olunduğundan iddiaçının əmək pensiyasının hesablanması zamanı bütün təminatların nəzərə alınmaması ilə bağlı iddia ərizəsinin dəlili öz təsdiqini tapmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Bu baxımdan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə müvafiq olaraq, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İddianın digər bir dəlili iddiaçının hakimi əvəz etdiyi dövr üzrə stajının ona pensiya təyin edilməsi zamanı nəzərə alınmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci bəndinə əsasən seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli və hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. “Məhkəmələr və hakimlər haqqında” Qanunda göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər (93). Hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsahibə əsasında seçilirlər. İmtahanlar və müsahibə Hakimlərin Seçki Komitəsi tərəfindən təşkil edilir. İmtahanların və müsahibənin nəticələri Hakimlərin Seçki Komitəsi tərəfindən qiymətləndirilir. Hakimlərin Seçki Komitəsi bu işə özünün formalaşdırdığı ad hoc komissiyanı cəlb edə bilər. Hakimlərin Seçki Komitəsi imtahanlardan və müsahibədən müvəffəqiyyətlə keçmiş namizədləri topladıqları ballara uyğun sıralayır. Namizədlərin qiymətləndirilməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunur. Məhkəmə-Hüquq Şurası namizədlərin vakant hakim vəzifələrinin sayına müvafiq olaraq hakim vəzifəsinə təyin edilmələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdimat verir. Bu Qanunun 96-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş qiymətləndirmə nəticəsində səlahiyyətləri uzadılmamış şəxslər 5 il müddətində hakim vəzifəsinə namizədlərin seçilməsi üçün imtahanlarda və müsahibədə iştirak edə bilməzlər. Vakant hakim vəzifələrinə namizədlərin seçilməsi qaydaları Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən edilir (93-3.). Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin İ hissəsinin tələblərinə cavab verən, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər bu Qanunun 93-3-cü maddəsində nəzərdə tutulmuş prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilə bilərlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş qaydada yüksək hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında (qurumlarında) iş stajı, habelə hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddəti onların hakimlik stajına hesablanır. Hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq ədliyyə orqanlarında inzibati vəzifəyə və ya prokurorluq işçisi kimi prokurorluğa qulluğa qəbul edilmiş şəxslər Məhkəmə-Hüquq Şurasında müsahibədən keçirilməklə, bu Qanunun 94-cü maddəsi ilə müəyyən edilmiş qaydada yenidən hakim vəzifəsinə təyin edilə bilərlər (93-4). Göründüyü kimi qeyd edilən Qanunvericilikdə hakim vəzifəsinə təyin edilmənin müvafiq prosedurları müəyyən edilmişdir ki, həmin prosedurlar arasında hakim əvəzçisi kimi təyin edilmə nəzərdə tutulmamışdır. Məhkəmə iddiaçının hakim kimi əvəzçilik qaydasında işlədiyi müddətin onun hakim kimi iş stajına daxil edilib-edilməməsi istiqamətində müvafiq araşdırma aparmış, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mərkəzi arxivinə, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə sorğular göndərərək, iddiaçının əməkhaqqı üzrə ödəniş cədvəllərini tələb etmişdir. Lakin bununla bağlı hər hansı məlumat və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Səbəb olaraq, iddiaçıya aid sənədlərin arxivə təhvil verilmədiyi və ya mövcud olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hakim əvəzçisi işlədiyi dövrün onun hakimlik stajına hesablanmalı olması ilə bağlı iddiaçının dəlili də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddia həmin hissədə də təmin edilə bilməz. İddiaçının pensiya məbləğinin azaldılması ilə bağlı iddiaçının dəlillərinə gəldikdə isə müəyyən edilmişdir ki, iddiaçının pensiyası cavabdeh tərəfindən azaldılmamışdır. Sadəcə maddi yardımın 01 yanvar 2023-cü il tarixdən pensiyanın tərkibinə daxil edilməsi ilə bağlı iddiaçıya əlavə ödənilməli olan məbləğ hesablanmış və hissə-hissə iddiaçının hesabına ödənilmişdir. Həmin ödənişin dayandırılmasından sonra iddiaçı pensiya məbləğinin azaldılması qənaətinə gəlmişdir. Bunun əksi olaraq, cavabdeh tərəfindən aparılmış hesablamalar qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmiş və bu baxımdan hər hansı hüquqi ziddiyyət aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi həm hüquqi baxımdan əsaslı, həm də faktiki sübutlarla təsdiqlənmişdir. Bunun əksinə olaraq, iddiaçının mövqeyi yalnız formal mülahizələr ilə əsaslanmışdır ki, bu hal onun tələbinin tutarlı arqumentlər ilə sübut olunmadığını göstərir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış hesablamalar düzgün olmuş, iddiaçı öz tələbini mötəbər dəlillər ilə sübut edə bilməmişdir. Odur ki, hazırkı iddia əsassızdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-7148/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-7148/2025
15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver